Biz imzaları yox, əsərləri dərc edirik...

Koronavirus ilə mübarizə mövzusunda hekayə müsabiqəsi nələr vəd edir? - RƏYLƏR
2337
08 Aprel 2020, 18:04
 Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyi ilə birgə koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabiqəsi elan edir. 
 Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, müsabiqənin təşkilində əsas məqsəd koronavirus pandemiyasının yaratdığı bəşəri problemlərin və ölkədə bu epidemiyaya qarşı aparılan mübarizənin ədəbiyyat mövzusuna çevirməklə gələcək nəsillərə bədii formada çatdırılması, özündə sosial məsuliyyəti, epidemiyanın təhlükəsi və infeksiyadan qorunmaq barədə informasiyanı ehtiva edən əsərləri ərsəyə gətirməklə əhalinin maarifləndirilməsi və yardıcı potensialı olan hər bir kəsi müsabiqəyə cəlb etməklə mövzu baxımından yeni hekayələrin yazılmasına stimul verməkdir. Müsabiqə haqqında qələm adamlarının fikirlərini öyrəndik: 
 
 AYB-nin katibi, şair Rəşad Məcid:
 Mədəniyyət Nazirliyinin bu təşəbbüsünü çox yüksək qiymətləndirirəm. Bu təşəbbüsə Azərbaycan Yazıçılar Birliyi də qoşuldu. Artıq elanlar paylaşılıb. Sosial şəbəkələrdə mən də öz münasibətimi bildirdim. Evdə qal, hekayə yaz, qalıb ol, mükafat qazan. Koronavirus dövründə öz fədakar əməkləri ilə mübarizə aparan həkimlər, digər peşə sahibləri haqqında yazılan hekayələr olacaq müsabiqədə. Şərtlər elanda yazılıb. Yaş məhdudiyyəti olmadığı üçün bütün yazarlarımız iştirak edə biləcək. Hər kəsə uğurlar arzulayıram.
 

 
 AYB Gənclər Şurasının sədri, şair Fərid Hüseyn:
 Bu cür müsabiqələr olduqca maraqlıdır. Mədəniyyət Nazirliyinin Yazıçılar Birliyi ilə birgə keçirdiyi bu müsabiqə hesab edirəm ki, qlobal bəlanın, dünyanı bürümüş virusun Azərbaycan yazıçısının gözü ilə aydınlaşan mənzərələrini ehtiva edəcək. Nasirlər üçün çox geniş imkandır, burada həm də yazıçının vətəndaş borcu məsələsi önə gələcək. Dövlətin bir sıra sahələr kimi bədii ədəbiyyatda da bu problemin həlli məsələsini gündəmə gətirib. İştirakçılara uğurlar arzu edirəm.
 
 Yazıçı Mirmehdi Ağaoğlu:
 Müsabiqənin şərtlərində bir bölmə vardı. Həmin şərt beləydi: "Hekayələrin mövzusu tibb işçilərinin koronavirus infeksiyası ilə apardığı mübarizəni, pandemiya ilə əlaqədar həyatları risk altında olan digər peşə sahiblərinin fəaliyyətini, karantin və izolyasiya tədbirləri ilə bağlı əhalinin göstərməli olduğu sosial məsuliyyəti, dövlətimizin mövcud situasiya ilə əlaqədar həyata keçirdiyi tədbirləri, epidemiyanın yaratdığı bəşəri problemləri və digər aktual məsələləri əhatə etməlidir." Mənə elə gəlir ki, bu şərtlərə cavab verən yaxşı hekayə yazmaq çətindir. Bütün bunlara baxmayaraq, düşünürəm ki, təqdirəlayiq addımdır. Əgər bu müsabiqə nəticəsində heç olmasa bir dənə gözəl bir hekayə ortaya çıxacaqsa, nəyi pisdir, əksinə əladır. Özümə  gəldikdə  isə heç nə  deyə bilmərəm. Bilmək olmaz, bəlkə, yazdım, bəlkə  yox. O asılıdır mənim daxili istəyimdən.
 

 
 AYB-nin mətbuat katibi, şair Xəyal Rza:
 Özünütəcrid rejimindəyik, bütün insanların evdə qalması və bu virusdan qorunması, eyni zamanda özünü təcrid etməklə, özünü qorumaqla, yoluxma zəncirini qırması olduqca vacibdir. Dünyanı əsirinə çevirmiş bu böyük bəlaya qarşı səfərbər olmuş peşə sahibləri var. Həkimlər, polislər və işə çıxmağa məcbur olan bütün insanlar. Əsərin qəhrəmanları onlardır. Mədəniyyət Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi - hekayə müsabiqəsi də bu qəhrəmanların əməyinə verilən qiymətdir. Yaranacaq, yazılacaq hekayələr tarixdə qalacaq. Yüz il, min il sonra da xalqımızın bu çətin dönəmdən, bu bəladan necə qurtulduğu öyrəniləcək. Ona görə belə bir müsabiqənin elan edilməsi həm yazarlarımız, həm ədəbiyyatsevərlər tərəfindən maraqla qarşılandı. İnanıram ki, yeniliklər bununla bitməyəcək. Mədəniyyət naziri cənab Əbülfəs Qarayev də açıqlamasında yeniliklər, özünütəcrid rejimində yaradıcı insanlar üçün maraqlı layihələr düşünüldüyünü bildirmişdi.
 
 

 Yazıçı Cavid Zeynallı:
 Mövzusundan və keçirilmə səbəbindən asılı olmayaraq bütün müsabiqələri təqdir etmək lazımdır. Sənətin bu cür stimullaşdırıcı addımlara, xoşməramlı təşəbbüslərə həmişə ehtiyacı var. Ona görə də Mədəniyyət Nazirliyinin Yazıçılar Birliyi ilə birgə keçirdiyi bu hekayə müsabiqəsini yalnız təqdir etmək olar. 
 Əlbəttə, bütün müsabiqələrin, mükafat komissiyalarının gəldiyi nəticələrinin subyektiv tərəfləri olur. Bu, Nobel akademiyasının mükafatından tutmuş, orta məktəb müsabiqələrinə qədər istisnasız belədir. Amma qızıl orta var. Qərarın həqiqətə yaxınlıq tərəfi var. İnanıram ki, bu müsabiqənin münsifləri də maksimum ədalətli olacaq, daha yaxşı mətnləri seçib bu xoşməramlı təşəbbüsün ictimai rəydə, ədəbi mühitdə müsbət imicini yarada biləcəklər. Müsabiqəyə qatılacaq bütün həmkarlarımıza uğurlar arzu edirəm.