Biz imzaları yox, əsərləri dərc edirik...

Korona – Gərus Əbdülməlikiyanın şeiri
2375
06 Aprel 2020, 13:16
Artkaspi.az saytı Gərus Əbdülməlikiyanın şeirini təqdim edir:
 
Korona
 
Əlimi yumuram.
Maska taxmıram.
Əlcəklərimi çıxarıram
toxunmaq üçün dünyanın həqiqətinə.
 
İllər öncə
bir dostum var idi.
Dərisinin altına baxmaq üçün
ülgüc götürdü.
Və elə bir şey gördü ki,
daha qayıtmadı.
 
Həmən şeyi yazmaq istəyirəm.
 
Yəni həmişə istəmişəm!
Oturmuşam masa arxasında,
sükan arxasında,
bütün bu sözlərin arxasında.
Amma, amma, amma, amma, amma...
 
Mən bir maşın idim:
yetmiş metr tormozlanıb
uçurumun kənarında dayanan
və içdən əzilən.
 
Həmişə bir stəkan su kimi
sükut etmişəm.
Həmişə uçurumun kənarında dayanmışam.
Maşını söndürmüşəm.
Özümü söndürmüşəm.
Qayıtmışam evə.
Külümü sərmişəm mebelin üstünə.
Aparmışam yatağa.
Tökmüşəm kanalizasiya quyusuna...
 
Həmişə güllələnəndə
ordakı divarın yanına çöküb oturmuşam.
Və qırx illik bir şərabtək
içmişəm öz qanımı.
 
Qalxıram.
Paltar geyinirəm.
Və aşağı düşürəm pillələrdən.
Vulkanlar çölə çıxırlar ki,
daşları əritsinlər.
Mən çölə çıxmışam ki,
insanları.
 
Bütün bu illər boyu
əl yumamışıq məgər
hər şeydən?
Bütün bu illər boyu
ağız bağlamamışıq məgər?
Bütün bu illər boyu
anlamamışıq məgər
ki, yalnız
"zülmə riayət”dir
bizi diri saxlayan?
 
Uzağa tullayıram əlcəklərimi.
Maskanı yerə qoyuram.
Və iman gətirirəm
o peyğəmbərə ki,
başqa bir dünyaya aparır
ardınca gedənləri.
 
Fars dilindən tərcümə edən: Məhəmməd Nuri