Biz imzaları yox, əsərləri dərc edirik...

Kor tale – Niyə belə deyirik?
1744
09 Aprel 2020, 10:53
 Artkaspi.az ədəbi dilimizdə işlədilən, ancaq mənasının dərinliyini, kökünü bilmədiyimiz ifadələri, məcazlaşan fikirləri, "qanadlı sözləri” anlamaq baxımından olduqca böyük əhəmiyyət kəsb edən Musa Adilovun "Niyə belə deyirik” kitabından bəzi parçaları təqdim edir:
 
 İfadə bir sıra xalqların dilində yayılmışdır. Qədim romalıların fikrincə insan taleyi heç bir başqa səbəbdən deyil, təsadüflərdən asılıdır. Hər bir səadət müvəqqətidir. Çünki səadət ilahəsi hesab olunan Fortuna öz qanadlı arabasında göy üzərində uçur və öz hədiyyələrini paylayır. Gənc qadın olan Fortuna (tərcümədə "səadət” deməkdir) gözləri bağlı halda təsəvvür olunur. O, heç bir yerdə dayanmır. Çox sürətlə çəkilib gedir. Odur ki, səadətə bel bağlamaq olmaz, o ötəri, keçicidir. 
 
 

 
 "Vaqif” pyesində Qacarın dilindən belə bir ifadə yayılmışdır:
 
 Deyirlər şirindir busənin dadı,
 O da kor bəxtimə qismət olmadı. 
 
 "Muğam” poemasında S.Vurğun yazmışdır:
 
 Taleyim belə kor olsun gözü,
 Bu dərdi bir şair daşıyacaqdır.
 
 M.Müşfiqin "Baba yurdu” poemasında Rübabədən bəhs edilərkən deyilir:
 
 Ala-ala bağdadının tozunu,
 Yağdırırdı kor bəxtindən şikayət.
 
 M.İbrahimovun "Kəndçi qızı” pyesində Rəşid dostu Aslana deyir: "…Ancaq Göyərçin barədə haqsızsan, o çox təmiz, və nəcib qadındır. Neyləməli, bəxti kor çıxıb”.