Artkaspi.az gənc səyahətçi Sara Rəcəblinin müsahibəsini təqdim edir:
"Heç bir ölkə Azərbaycan kimi qonaqpərvər deyil”
20 yaşı var. Yaşı qədər ölkələri səyahət edib. Məktəbdə
və universitetdə aktiv fəaliyyəti onu bütün arzularına sürətlə qovuşdurub. İstəyi,
əzmi və məqsədi ona 20 yaşında Gənc Avropa Səfiri olmağı qazandırıb. Hətta
aktiv səfirlik fəaliyyətinə görə, Avropada mükafatlandırılıb.

Müsahibimiz 20 yaşlı səyahətçi Sara Rəcəblidir.
Sara Azərbaycan Turizm və Menecment Universitetində turizm və qonaqpərvərlik
ixtisası üzrə təhsil alıb. Birinci kursdan
Mədəniyyət və Turizm Nazirliyi, Avropa İttifaqı səfirliyi, Fairmont
oteli, "Fireflies” turizm şirkətində könüllü və təcrübə proqramlarında iştirak
edib. Hazırda "Free to Travel” və "Buta Art & Sweets” layihəsinin təsisçisi,
NAYORA-nın Gənc elçilər proqramının üzvü, "EU Neighbours East” layihəsinin gənc
avropalı səfiri kimi fəaliyyət göstərir.

– Sara, 20 yaşında 18
ölkədə səfərdə olubsan. Səyahət etmək sənin üçün nə vaxtdan hobbiyə çevrilib?
– Uşaqlıqdan səyahət etmək istəyirdim, lakin beynimə
səyahətlərin çox pul tələb etdiyi yeridilmişdi. Əgər imkanlı deyilsənsə,
dünyanı kəşf edə bilməzsən. Amma universitetdə oxuyarkən maraqlandım və xaricdə
təqaüd proqramlarına müraciət etdim. Xaricdə isə aşağı büdcəli səyahətləri
araşdırırdım. İnsan bir dəfə səyahət edirsə, artıq bu tələbata çevrilir. Hər
fürsətdə səyahət etmək istəyirsən. Birinci kursda oxuyarkən Almaniyada təqaüd
proqramı qazandım. Orada gənclər 5-ci gün dərsə çantalarla gəlirdilər, dərsdən
çıxıb həftəsonu başqa ölkəyə səyahət edirdilər. 18 yaşım var idi və bu mənə təəccüblü
gəldi. Mən də tək səyahət etmək qərarına gəldim. Onlayn turlarla maraqlandım. Hətta
bir xidmət var idi ki, şəhər adı yazmaqla sizi evində qonaq edəcək insanları
tapırsan. Avstriyada və Lüksemburqda həmin xidmətdən istifadə etdim. Çünki
orada hostellərin qiyməti çox bahadır.

– 18 yaşında başqa
ölkədə tək və tanımadığınız şəxsin evində qalmaq çətin deyildi ki?
– Tək səyahətimdə çox böyük risklər etdim. Bu turu
təşkil edəndə valideynlərimə deməmişdim. 18 yaşım var idi və əmin idim ki,
valideynlərim bilsəydi, icazə verməzdi. Onlar düşünürlər ki, qarşıma manyak çıxa
bilər (gülür-A.Ə). Almaniyada onlayn şəkildə səyahəti planlaşdıranda hər dəfə
fikirləşirdim ki, bəlkə imtina edim. Sonra dedim ki, yox, bu mənim arzumdur və
mütləq getməliyəm. Bir daha belə şansım olmayacaq. Əlbəttə valideynlərim bilsəydi
ki, mən tək səyahət edirəm, icazə verməzdilər. Amma ehtiyat edirdim və
çalışırdım ki, 6-dan sonra çölə çıxmayım. 8 Avropa ölkəsini 16 günə tək gəzdim.
Hər birində 1-2 gün qaldım, ancaq gəzirdim. Çox insanlarla tanış oldum.
Almaniyaya başqa bir insan kimi qayıtdım. Tək getməsəydim, o qədər insan
tanımazdım. Rastlaşdığım bütün turistlərə Azərbaycan haqqında danışırdım. İndiyə
kimi də əlaqə saxlayıb, səfərlər haqqında məlumatlar alırıq.

– Səfərlərdə gecələməyə
yer tapmadığınız olubmu?
– Belə hadisə ilə bir dəfə rastlaşdım. Biletimi səhər
4-5 üçün götürürdüm və ucuz başa gəldiyindən kiçik aeroportlardan istifadə
edirdim. Hər dəfə də 2 saat tez gəlirdim. Hava limanının tək problemi 12-yə
kimi bağlanması idi. Gecə saat on iki olan kimi bağlanırdı və heç kimi içəri
buraxmırdılar. Elə bilirdim ki, uçuş vaxtım çatana kimi orada gözləyə bilərəm.
Amma polislər icazə vermədilər. Məni
qovdular və cibimdə də pulum az idi. Ətrafdakı otellər isə 5 ulduzlu idi. Orada
balaca kottec kimi evlər var idi. Yanvar
ayı idi. Bir-bir camaatın qapısını döyüb evlərində qalmaq istədiyimi
bildirirdim. 15 qapını döydüm, məni qovdular. Axırıncı qapını döyəndə yaşlı bir
kişi açdı və dedi ki bir şərtlə səni evimə qəbul edəcəyəm, mənimlə ingilis
dilində danışacaqsan. Təsəvvür edin, kişi tək idi. Ailəsi harasa istirahətə
getmişdi. Mənə qızının gecə paltarlarını və yemək verdi. Kişi dedi ki çox xahiş
edirəm sən mənim evimi çox tez tərk elə, çünki mənim həyat yoldaşım gəlsə, pis
başa düşəcək. (gülür-A.Ə)

– Tək səyahət etmək necə hissdir, darıxdırıcı deyil ki?
– Əvəzolunmazdır. Mən hamıya tövsiyə edərdim ki,
heç olmasa bir şəhərə tək səyahət etsinlər. Həqiqətən, inanılmaz təəssüratlar
olur . Düzdür, xüsusən qadınlar üçün çox risklidir, hər şeyə diqqət etmək
lazımdır. Amma onun təcrübəsi əvəzolunmazdır. Etdiyim risklər mənə gələcək həyatımda
da kömək etdi. Özümü həqiqətən güclü hiss edirəm və hər maneə ilə mübarizə
apara biləcəyimə inanıram.

– Mühafizəkar ailəniz
var. Bəs onları xaricdə təhsil üçün necə razı saldınız?
– Ailəmlə aramda xaricdə təhsillə bağlı çox problemlər
olub. Amma sonda mənə inanıblar. Qohumlar, qonşular onlara psixoloji və emosional
təsir göstərirlər ki, sən necə olur ki, qızını xaricə göndərirsən. Mənim istəklərim,
məqsədlərim onlar üçün qohum-qonşudan önəmlidir. Öz ailəmə buna görə təşəkkür
edirəm. Güvəni ailədə yaratmaq lazımdır. İnsanlar özlərini ölkələrində aktiv
göstərmirlərsə, başqa ölkələrdə mütləq çətinlik çəkərlər. Ailən problemlərini həll
edə bilmək qabiliyyətində olduğunu mütləq görməlidir ki, sənə də inansınlar.
– Gənclər
pulsuz və aşağı büdcəli səyahətləri necə reallaşdıra bilər?
– "Free to travel" layihəsində sosial şəbəkələrdə
bütün proqramları və ucuz səyahət imkanlarını paylaşıram. Layihəm 1 il ərzində
Avropa İttifaqının müəyyən proqramlarında da təmsil olunub. Layihə məhz maarifləndirmə
xarakteri daşıyır və heç bir qazanc yoxdur. Heç bir investisiya qoyulmadan "Facebook”da
55 ölkədən 1900-dan çox izləyici toplaya bilib. Əsas məqsəd gəncləri pulsuz və
aşağı büdcəli səyahətlərə ruhlandırmaqdır. Bu günə qədər 40 şəhərdə pulsuz səyahət
imkanları haqqında postlar paylaşılıb və 20-dən çox gəncə imkanların və
proqramların tapılmasına kömək edilib.

– Səni
hansı ölkələr daha çox təəccübləndirdi?
– Avropa ölkələri
bir-birinə çox oxşayır. İspaniya daha çox qayğıkeşdir. İsveç bizim ağlımıza çox
soyuq ölkə kimi gəlir. Amma onlar məncə, çox qonaqpərvərdirlər. Məni ən çox Mərakeş
təəccübləndirmişdi. "Klon” serialındakı kimi Mərakeş gözləyirdim. Amma çox müasirləşib və dəyişib. Mərakeşin Aqadir şəhəri Bakıya çox oxşayır. Bakının
dağüstü parkdan görüntüsünü mərakeşlilərə göstərəndə çox təəccüblənmişdilər.
– Səncə, hər
bir insanın mütləq görməsi lazım olan şəhər hansıdır?
– Barselona. Mütləq hamı ora getmlidir. Mən orada
elə bilirdim nağıllar aləmindəyəm. Elə bir formada yaradılıb ki, insan özünü nağıllarda
hiss edir. Bütün dizayn fərqlidir. Üstəlik, Azərbaycan orada çox məşhurdur. Məncə,
ən dadlı yeməklər Hindistandadır. Hər kəs Hindistan və Mərakeşin yeməklərini
dadmalıdır.

– Azərbaycanlılara
məxsus hansı xüsusiyyətlər Avropada təəccüblə qarşılanır?
– Heç bir ölkə Azərbaycan kimi qonaqpərvər deyil.
Qadına, uşaqlara, hətta hamilə qadınlara belə ictimai nəqliyyatda yer vermək
Avropada yaxşı qarşılanmır. Orada feminizm kampaniyası çox sərtdir. Bir də
restoranlarda hesabı ödəmək məsələsi fərqlidir. Bizdə əksər hallarda masada
oğlanlar varsa, mütləq hesabı onlar ödəyirlər. Amma onlarda hər kəs öz hesabını
ödəyir.
– Sonda həmyaşıdlarınıza
nə demək istərdiniz?

– Gənclərə demək istəyirəm ki, "yox” cavabı
almaqdan qorxmasınlar və mütləq bütün proqramlara müraciət etsinlər. Seçilməmək
sizin güclü-gücsüz olduğunuzu göstərmir. "Yox”dan qorxmayın və heç vaxt təslim
olmayın. Mən indiyə qədər 60-a yaxın "yox” cavabı almışam və bu, məni
qoxutmayıb. Düzdür, səyahətlərdə neqativ hallarla da rastlaşırsan. Amma mən səyahətlərin neqativlərini də sevirəm
çünki onlar mənə kritik düşünməyi də öyrədirlər. Komfort zonadan çıxmaqdan və
yeni insanları tanımaqdan qorxmayın.
Söhbətləşdi: Aygün Əziz