Biz imzaları yox, əsərləri dərc edirik...

Komediya cılız janr deyil – Tofiq Hacıyevin müsahibəsi
1146
17 May 2018, 09:38
  Artkaspi.az aktyor, rejissor və istedadlı ifaçı Tofiq Hacıyevlə müsahibəni təqdim edir: 
 

 
  Elə insanlar var ki, missiyaları özlərindən qabaq doğulur. Bəzən deyirlər ki, istedad sonradan qazanılmır, insan elə bu cür də doğulur. Müsahibim Tofiq Hacıyev də missiyası özündən qabaq doğulan sənətçilərdəndir. Onun öz dünyası var və o burada dünyanın xoşbəxtidir. Dostları arasında "Mister Totu” kimi tanınan Tofiq Hacıyev Bakı şəhərində anadan olub. Orta təhsilini Xətai rayonu M.Rüfət adına 269 saylı orta məktəbdə alıb. Orta məktəb illərində Xətai Rəqs ansamblında rəqs təhsili alıb və festivallarda iştirak edib. 2004-2006-cı illərdə Xətai rayon 1 saylı Teatr dərnəyinə üzv olub və burada da bir neçə tamaşada, yarışlarda iştirak edərək diplomlar qazanıb. 
  Elə həmin il Təhsil Nazirliyinin keçirtdiyi "Müəllif Şeir müsabiqəsi”ndə 1-cilik qazanıb. Bundan sonra mütəmadi olaraq Azərbaycan televiziyasında yayımlanan uşaq verilişlərində və xeyriyyə konsertlərində iştirak edib. Bakı şəhər məktəblərarası KVN çempionatında "269” komandası ilə 1-ci olub. 2006-cı ildə "İnterpapa” filmində "Söhbət” obrazını oynayıb. 2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram Rejissorluğu” fakültəsinə daxil olub.  Eurovision-2011 mahnı müsabiqəsinin milli seçim turunda Mr. Totu ləqəbi ilə iştirak edib. Eurovision-2011-də milli seçim turunda iştirak edib. 2013-cü ildə Şuşa Dövlət Musiqili Dram Teatrında çalışmağa başlayıb. 
  Ölkəmizi Bolqarıstanda Discovery İnternational Pop Festivalda təmsil edən gənc müğənni, orada "Ən yaxşı kişi səsi” və "Ən xariztmatik artist” nominasiyası üzrə qalib olub. Azərbaycanda keçirilən ilk "Səs Azərbaycan” yarışında "Görmədən dinləmələr” mərhələsində dörd münsifin dördündən də müsbət rəy alıb və 4/1 final mərhələsinə kimi yüksəlib. Azərbaycanda keçirilən Formula-1 yarışlarında səslənən könüllülər himninin söz, musiqi müəllifi və ifaçısıdır. Bu gün də "Kaspi”nin qonağıdır. 
 

 
  – Tofiq, nə zamandan hiss etdin ki, bu sənət üçün doğulmusan? 
  – Özümü tanıyandan bilirdim ki, incəsənət sahəsi üzrə addımlayacam. Orta təhsil illərində məktəbimizdə keçirilən tədbirlərdə aparıcılıq edir və mahnılar oxuyurdum. 
 
  – Bəs aktyorluq?
  – 2006-cı ildə çəkilən "İnterpapa” filmində Fərda Xudaverdiyevin oğlunu canlandırdım. 
 
  – Demək, o qazpulu yığan məmuru hər dəfə "atam evdə yoxdur” deyə aldadan siz idiniz.
  – (gülürük) Bəli, həmin uşaq mən idim. 
 
  – Adətən oğlan uşaqları incəsənət sahəsini seçəndə valideynləri tərəfindən sərt tənqidə tuş gəlir. Bəs sizdə necə oldu? 
  – Bizim ailə bu barədə çox anlayışlıdır. Valideynlərim gördülər ki, bu sənətə böyük həvəsim var. Onlar həmişə mənə dəstək olublar. Sadəcə olaraq, mən universitetə sənədlərimi verərkən qərarsız idim. Musiqi, rejissorluq və aktyorluq ixtisası arasında seçim etməli idim. Mən də rejissorluğu seçdim. Düşündüm ki, rejissorluq digər iki sənəti də idarə edə biləcək bir sənətdir. Rejissor olsam, aktyor ola bilərəm. Aktyor olsam, bu sənətdə özümü daha rahat ifadə edə bilərəm. 
 
  – Rejissor olaraq hansı işləri görmüsünüz?
  – Rejissor kimi mənim xəyalında olduğum işləri görmək indiki zəmanə üçün mümkün deyil. Onlar mənim üçün əlçatmazdır. Ancaq təcrübə üçün öz kliplərimin və digər gənc həmkarlarımın filmlərinin rejissorluğunu edirəm və  qısametrajlı filmlər çəkirəm. 
 
  – Bəs ifaçı kimi fəaliyyətiniz nə zamandan başladı?
  – Əslində, hər zaman musiqinin içində olmuşam. Əvvəllər səhnəyə çıxıb, ifaçılıq etməyə utanırdım. Dostum Unal Məmmədov "Səs Azərbaycan” yarışmasında mənim əvəzimə qeydiyyatdan keçmişdi. Mən hara getdiyimi bilmədən müsabiqənin seçimlərinə getdim və seçildim də. "Səs Azərbaycan” mənim üçün peşəkar musiqi sənətinə ilk addım oldu. 
 
  – Nə üçün xalq artisti Faiq Ağayevin komandasında olmağı seçdiniz?
  – Çünki ən yaxşı vədi Faiq Ağayev verdi. Bildirdi ki, finala qədər getmək istəyirəmsə, onu seçim. Əslində, müsabiqədən əvvəl digər münsif heyətləri barədə də düşünürdüm. Bilirdim ki, Mübariz Tağıyevin sevdiyi üslublarda ifa edirəm. Onun məni bəyənəcəyinə 100 faiz əmin idim. Manana Caparidzeni düşünmürdüm. Çünki hesab edirdim ki, onun komandası fərqli olacaq və mən onun komandasında özümə yer tapmayacam. Tünzalə Ağayeva isə tam mənim istədiyim münsif idi. Müsabiqədə mənim kimi, Tünzalə xanımı arzulayan çoxsaylı iştirakçılar var idi. Buna görə də ən doğru seçimi Faiq Ağayevlə etdim və onunla birlikdə addımladım. Öz komandamın üçüncüsü oldum. 
 
  – Müsabiqə bitib və biz sizi Faiq Ağayevin yox, Tünzalə Ağayevanın komandasında tez-tez görürük.
  – Müsabiqədən sonra Tünzalə xanımla birgə çalışdıq. O məni bekvokal olaraq öz komandasına dəvət etdi. Tünzalə xanımın konsertində onunla birlikdə çalışdıq və ondan sonra bizim əlaqələrimiz gücləndi. Yarışdan sonra Tünzalə xanım mənə çox dəstək oldu. O, öz repertuarına yalnız özünün mahnılarını və çox nadir hallarda başqa bəstəkarların musiqisini daxil edir. Ancaq sözləri və musiqisi mənə aid olan bir mahnını ifa etdi. Bu mənim üçün böyük dəstək idi. Onu da diqqətinizə çatdırım ki, öz mahnılarımı da özüm yazıram. 
 
 

  – Nə gözəl… Mahnı yazırsınız, bəstələyirsiniz, oxuyursunuz, sonra ona klip çəkirsiniz.
  – Aranjemanı da öyrənə bilsəydim, yaxşı olardı. Çalışıram ki, bacardığım qədər bütün gənc həmkarlarıma dəstək olum. Onların uğurlarına çox sevinirəm. Ən böyük arzum böyük və dünya standartlarına cavab verən komandamın olmasıdır. Düzdür, hələ ki tezdir, amma arzumdur.
 
  – İndi hansı işləri görürsünüz?
  – Aslan Növrəsli ilə "Tək sahibisən” adlı bir mahnı işləmişik. Bundan başqa "King of the night” adlı mahnı üzərində çalışmışıq və bu mahnıya klip çəkdirməyi də  düşünürük. Ümumiyyətlə keyfiyyətli bir şey ərsəyə gətirmək üçün uzun vaxt tələb olunur. Bir çox janrda özümü sınamalıyam. Tamaşaçı məni hansı janrda qəbul edirsə, o yöndə davam etmək istəyirəm. 
 
  – Siz daha çox xarici və pop mahnılar ifa edirsiniz. 
  – Özümü klassik janrda yoxladım və gördüm ki, mən bu janrda özümü tam xoşbəxt hiss etmirəm. Təbii ki, klassik musiqiləri bilməliyik. Ancaq özümü xarici mahnılarda daha çox tapıram. 
 
  – Gələcək hədəfləriniz nələrdir?
  – Özümü Azərbaycan incəsənətinin ən lazımlı, tanınan, ən yaxşılarından biri kimi görmək istəyirəm. Məqsədim bu gün üçün pul qazanmaq deyil. Belə bir istəyim olsaydı, daha gəlirli mahnılar oxuyardım. Azərbaycan incəsənətinin ən yaxşılarından olmağa çalışıram. İncəsənətin əsas fiqurlarından biri olmaq istəyirəm. 
 
  – Özünüzə klip çəkirsinizmi?
  – Çəkdiyim ilk debüt klipim "Sən gedəndən sonra” adlı mahnımdır. Bundan başqa, həmkarım  Ruslan Alışana "Bağışla” klipini çəkmişəm. Bacardığım qədər gənc həmkarlarımıza kömək edirəm. Hazırda çəkilməkdə olan kliplərimiz də var. Biz əslində özümüzə xırda bir komanda yığmışıq. Həmkar olaraq bir-birimizə dəstək göstəririk. "Səs Azərbaycan” yarışmasından sonra  onlarla birlikdə çalışırıq.
 

 
  – Müsabiqə ərəfəsində izlənilirdiniz, gündəmdəydiniz. Müsabiqə bitdikdən sonra həmin iştirakçıları çox nadir hallarda görə bilirik. Bunu sizin tənbəlliyiniz kimi qiymətləndirək, yoxsa televiziyaların biganəliyi kimi?
  – Əslində, hər ikisi. Əgər öz üzərində çalışan ifaçılar varsa, onlar mütləq şəkildə ən aşağısı orta səviyyəli reytinq verən verilişlərə dəvət alır. Məsələn, biz daha çox  Mədəniyyət, Az.TV, İctimai kanallardan dəvətlər alırıq. Onlar gənclərə çox dəstək olurlar. Əgər ifaçı çalışmayıb, mahnılar hazırlamayıbsa, bu, televiziyanın günahı deyil. Misal üçün, mən istədiyim bütün verilişlərə dəvət almışam. Hansısa bir nöqtəyə çatmaq üçün səbir etmək lazımdır. Bəlkə də bizə uyğun efirdə format yoxdur. Barmaqla sayılan verilişlər bilirəm ki, onlar bizim iştirak edə biləcəyimiz verişlərdirlər. Bizim iştirak edə biləcəyimiz formatda olan verilişlər yoxdur. Olanların da böyük reytinqi olmur və bağlanır. Hazırda keyfiyyətli iş özünü saxlaya bilmir. Çünki reytinq vermir. Reytinq verməyəndə də, sonu aydın məsələdir.
 
  – Sizi seriallarda da görmüşük.
  – Bəli, ARB-də nümayiş olunan "Əhməd hardadır?” serialında saqqal Ramizi canlandırırdım. "Soy prodakşın”la "Üç bacı” serialında tanış oldum və o serialda da epizodik bir rol oynadım. Sonra bütün serial boyu üzü görünmədən oynadıq. 
 
  – Deməyin ki, serialda o məşhur ayaqlardan biri idiniz.
  – (gülürük) Bəli, o ayağın bir cütü mənə məxsus idi. Mövsümün sonunda nəhayət ki, ustaların da üzü göründü. Mənim üçün çox maraqlı obraz idi. Hətta serialın yekun tədbirində mənə "çox aktyorların edə bilməyəcəyini, ayağı ilə edən aktyor” mükafatını verdilər. 
 
  – Və bu da sizin sonuncu aktyor ifanız oldu. 
  – Bəli, ondan sonra özümü ifaçılığa köklədim və qarşıma məqsəd qoydum.
 
  – O hansı məqsədlərdir?
  – Arzuladığım mövqedə olmaq üçün yalnız iri addımlarla getmək musiqidə mümkündür. Nə aktyorluq, nə də rejissorluq cəhətdən bu gün çox irəli gedə bilməyəcəyimi düşünürəm. Çünki bu iki sənət mənim istədiyim kimi canlı deyil. Bu gün nə qədər filmlər çəkilirsə-çəkilsin, ancaq onların səviyyəsi mənim görmək istədiyim həddə deyil. 
 
  – Bu gün yerli filmlərimiz kinoteatrlarda xarici filmlərlə rəqabətdə qalib gəlir və bu çox sevindirici haldır. 
  – Ötən həftə təqdimatı olan film elə ötən həftədə də qalır. O filmin uzağı bir həftə ömrü olur. Komediya o qədər gözəl janrdır ki, aktyor kimi çalışdığım teatrlarda komediya janrına ən çox tələbatı olan aktyorlardan biri olmuşam. Ancaq komediya bu qədər asan və cılız bir janr deyil.
 
  – Həm rejissor, həm aktyor, həm də ifaçılıqla məşğul olmusunuz. Bunlardan ən çətini hansıdır?
  – Hamısının özünə görə bir çətinliyi var. Tam səmimi deyirəm – rejissor işi elədir ki, musiqisindən tutmuş, aktyoruna kimi tamaşanın bütün məsuliyyəti onun üzərindədir. Bu, insandan böyük səbr və güc tələb edir. Mən cılız rejissorluqdan bəhs etmirəm. Aktyorun işi ona görə çətindir ki, hər dəfə bir obraz yaratmalısan və tamaşaçıları bu obrazın canlılığına inandırmalısan. Canlandırdığın obrazların hərəkətlərinə, mimikasına bələd olmalısan.  
 
  Söhbətləşdi: Xəyalə Rəis

Xəbər lenti