Biz imzaları yox, əsərləri dərc edirik...

Klassiklərə qarşı aqressiya nədən yaranır? – Sorğu
1846
15 Mart 2018, 13:56
 Yeni münasibətlər formalaşanda, ölçü və dəyərlər qərarlaşanda, onlar yenidən bizim ədəbiyyatımıza, mənəviyyatımıza daxil olurlar. Son vaxtlar bəzi gənc yazarların klassiklərə – şair və yazıçılara qarşı aqressiv münasibəti cəmiyyətdə, xüsusən yaradıcı insanlar tərəfindən tənqidlə qarşılanır. Onlar gənc yazarları klassiklərə, özlərindən əvvəlki nəslə hörmətsizlikdə qanayırlar. Əlbəttə, gənclərin münasibətinə bütün zamanların problemi kimi yanaşanlar da var. "Kaspi” ənənəvi "Müzakirə”sində "Müxtəlif dövrlərdə yazıb-yaradan nəslə, xüsusən klassiklərə aqressiya nədən yaranır?” sualına cavab tapmağa çalışıb. 
 
 
 
 Gündəmə gəlmək istəyi
 Ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli hesab edir ki, klassiklərə aqressiv münasibət zaman-zaman bu və ya digər şəkildə olub: "Elə Mirzə Fətəli Axundzadənin Məhəmməd Füzuliyə münasibətinin kökündə də müəyyən mənada müasirlərin klassiklərə münasibəti əks olunub. Lakin buna bir tənqidçinin klassikə yeni yanaşması və dəyərləndirilməsi kimi yanaşılmamalıdır. Klassiklərə aqressiv münasibət isə daha çox yeni cəmiyyət quruculuğu prosesində üzə çıxır. Ötən yüzilliyin 20-30-cu illərində də müasirlərin klassiklərə münasibətində bir aqressivlik var idi. Bu gün situasiya bir qədər də qarışıqdır. Hər gün, əsasən, gənclərin bu cür bəyanatları ilə qarşılaşırıq”. Filoloq gənclərin klassiklərə aqressiyasını bir neçə səbəblə əlaqələndirir: "Gənclər klassikləri oxumayıb, ya da zəif oxuyublar; Klassiklərin qoyduğu mövzu və problemlər bugünkü gənclərə yaddır. Aradan keçən yüz illər, ədəbiyyatın mövzu və problematikasını dəyişdiyi kimi (hərçənd ədəbiyyatın bütün dövrlərdə mövzusu insan olmalıdır, lakin bu da bütün klassiklərin yaradıcılığında eyni dərəcədə olmur), ona baxış bucağını da dəyişir. Eyni problemə münasibət bugünkü insanlarda fərqli şəkildə olur. Gənclər klassikləri yaxşı oxuyub başa düşmədiklərindən və həmin mətnə bu günün gözü ilə baxıb dəyərləndirdiklərindən, pozitiv nəticə ala bilmir. Ona görə də klassiklərin yaradıcılığına dialektik yanaşa bilmirlər; Klassikləri söymək, onlara aqressiv münasibət bəsləməklə gündəmə gəlmək istəyirlər. Onlar elə başa düşürlər ki, əgər dərslikdə tutaq ki, Nizami Gəncəvi, yaxud Səməd Vurğun olmasa, onların yerində özləri ola bilər. Bəzən də özlərinə vurğunluq o dərəcədə baş verir ki, yaradıcılıqlarını onlardan üstün tuturlar. Dünya ədəbiyyatının ən yaxşı əsərlərini oxuyub bizim klassiklərlə müqayisə edir və onlara üstünlük verirlər. Ancaq dünya xalqlarının hər birinin ədəbiyyat tarixində bu kimi klassiklərin olduğunu nəzərdən qaçırırlar. Əlbəttə, bütün bunlar klassiklərə düzgün yanaşmamağın və onları düzgün dəyərləndirməməyin nəticəsidir”. B.Əhmədlinin fikrincə, zaman-zaman klassiklərə bu cür aqressiv münasibət olsa belə, onlar durduğu yerdə qalıblar, lakin onlara olan münasibət köhnəlib.
 
 
 Klassiklərin əbədi taleyi
 Tənqidçi Əsəd Cahangir hesab edir ki, klassikaya aqressiv münasibət təkcə son illərin deyil, daha öncəki illərin də münasibətidir: "Belə münasibətin kökü əslində klassiklərin öz zamanında qoyulub. Onların dövrlərində də belə yanaşmalar var idi. Nizami Gəncəvi də, Nəsimi də, Xəqani də, Füzuli də, Mücirəddin Beyləqani də, o cümlədən Molla Pənah Vaqifdən tutmuş Zakirə, Natəvana qədər, Sabir də daxil olmaqla, cəmiyyətdən bir haqsızlıq görürdülər. Onları edam cəzalarına məhkum edirdilər, gözlərini çıxarır, boyunlarını vurur, dabanlarından soyurdular. Onları Füzuli kimi maddi ehtiyac məngənəsində sıxırdılar. Ancaq klassiklər artıq tarixə qovuşduqdan sonra ikinci dəfə onlara qarşı repressiya başlandı. 19-cu əsrin ikinci yarısından etibarən belə münasibətlər ortaya çıxdı”. Tənqidçinin sözlərinə görə, əgər vaxtilə klassiklərə qarşı paxıllıq edirdilərsə və təzyiq göstərirdilərsə, indi artıq onları bəyənməyib tənqid edirlər. Belə ki, bu münasibət sovet dövründə də davam edib: " 20-ci illərdə komsomolçu şairlər meydana çıxmışdılar ki, onlar "doloy Füzuli", "doloy tar", "doloy muğam", "oxuma tar, səni dinləmir proletar" deyirdilər. Bu, kult mədəniyyəti adlanırdı. Ancaq Mikayıl Müşfiq kimi böyük istedadlar sinələrini bu axının qabağına verib "Oxu tar, oxu tar, səni kim unudar" söyləyir, "Özümüzü öyməyəli", "Füzuliyə dəyməyəli" deyirdilər. 90-cı illərdə belə bir münasibətin yeni bir dalğası yarandı. Yenə də klassiklərə qarşı təhqirlər, hücumlar, özünün üstün yeni olduğunu sübut etmək cəhdləri meydana çıxdı. Bu onu göstərir ki, klassiklərin ömrü əbədidir. Hər belə zaman dəyişəndə, yeni münasibətlər formalaşanda, ölçü və dəyərlər qərarlaşanda, onlar yenidən bizim ədəbiyyatımıza, mənəviyyatımıza daxil olurlar. Bəziləri onları təqdir, bəziləri tənqid və ya təhqir edir. İstənilən halda, bu təpkilər onu göstərir ki, onlar yaşayırlar. Təbiidir ki, bu, klassiklərin – ədəbiyyata imza atmış şəxslərin əbədi taleyidir. Bu, mənə əvvəllər qəribə gəlirdisə, indi bunu adi qarşılayıram. Klassiklər elə öz sözləri ilə həmin adamlara cavab verirlər. Yəni onların yaradıcılığı, əsərləri onlara qarşı edilən bu cılız hücumlara ən gözəl cavabdır”. Son vaxtlarda ən çox tənqid olunanlardan birinin də Səməd Vurğun olduğunu deyən Ə.Cahangir hesab edir ki, klassiklərə hücum edənlər başqa yol tapa bilməyib, özlərindən qat-qat yüksəkdə, zirvələrdə dayanan yazıçı və şairlərə daş atmaqla «Mən də varam» demək istəyirlər: "Onlar unudurlar ki, belə hay-küylə yalnız günün, ən yaxşı halda həftənin hadisəsini yaratmaq olar. Klassiklər isə nəinki günün, həftənin, ilin və ya on ilin, hətta əsrin, əsrlərin və ya min illərin hadisəsini yaradırlar. Homerin «İlliada»sı 2500 ilin hadisəsidir. Nizaminin "Xəmsə"si 1000 ilin, Füzulinin qəzəlləri 500-600 ilin hadisəsidir. Mənə elə gəlir ki, bu barədə özəl olaraq narahat olmağa o qədər də dəyməz. Gec-tez, klassiklərə daş atanlar, gerçəkdən öz yazdıqlarına inanırlarsa,  nə vaxtsa öz səhvlərini başa düşəcəklər. Yox, inanmayıb, sadəcə, oyun oynayırlarsa, onda bu oyunun mənasızlığını anlayacaqlar”.
 
 
 Köhnəni inkar etmək
 "20-ci əsr dünya ədəbiyyatında həmişə belə tendensiya olub” deyən yazıçı İlqar Fəhmi klassiklərə gənclərin münasibətinə belə aydınlıq gətirir: "Sanki o klassikanın böyüklüyünü hiss edib onlara çata bilməməkdən, o cür yarada bilməməkdən yaranan hansısa qıcıq hissi meydana çıxıb. Mən Avropada klassik musiqiyə qarşı bir aqressiya görmüşəm. Zahirən guya Motsartın, Bethovenin musiqisini sevirlər, ancaq daxildə həmin aqressiya var. Çünki özləri o cür yarada bilmirlər, elə səviyyədə keyfiyyətli musiqi ortaya qoymağı bacarmırlar. Eyni münasibət kinoda da var. Ümumiyyətlə, 20-ci əsr ədəbiyyatının tendensiyası odur ki, yeni nəsə yaratmaq istəyirsənsə, köhnəni inkar etməlisən. Əfsuslar olsun ki, bu tendensiya bəzən bizə də keçir”. İ.Fəhmi 90-cı illərin ikinci yarısından Avropada olduğu kimi bizdə də müəyyən qədər aqressiyanın müşahidə edildiyini təəssüflə bildirir: "Klassikanın dəyəri ondan ibarətdir ki, bu cür təzyiqlərdən keçə-keçə gəlib və heç nə də itirməyib. Qayaya dalğaların ləpələri çox çırpılar, ancaq qayadan bir daş da qopara bilməz – bu, məlumdur. Sovet dövrünün 20-ci illərində Füzuliyə, muğamata, qəzəliyyata nə qədər böyük maneələr vardı. «Oxuma tar, oxuma» deyənlər istənilən qədər idi. Ancaq bu sözü deyənlər indi ortalıqda yoxdur, ancaq tar da var, muğamat da. Bu baxımdan, bu cür münasibət təbiidir. Ona görə, mən belə yanaşmanı o qədər də vahiməli qəbul etmirəm. Fikrimcə, klassika müdrik dövrün bir qədər rahat dərk edəcəyi bir şeydir”. Yazıçı hesab edir ki, əksər hallarda gənclik dövründə klassikanın böyüklüyü hiss olunmur. Hətta, nihilist kimi yanaşan adamlar 40-45 yaşlarına çatandan sonra klassikanın bütün böyüklüyünü hiss edirlər: "Elələri var ki, bunu etiraf edir, elələri də var ki, dedikləri sözlərin əsiri olub dilə gətirmirlər. Amma daxillərində hamı bu böyüklüyü hiss edir. Bunun da səbəbi bütün dövrlərdə  hər bir sənətin partlayış dövrünün olması ilə bağlıdır. Bu baxımdan, kinonun, musiqinin, ədəbiyyatın da bir partlayış dövrü olur. Bu dövrdən sonra yaranan hissələr nə qədər çalışsalar da, birinciyə çata bilməzlər».
 
 
 Araşdırmaq, yazmaq, mövqe ortaya qoymaq
 "Hər hansı bir şəxsin ədəbiyyatda müəyyən stajda, müddətdə olması o demək deyil ki, yüz ildən sonra məhz zaman baxımından filankəsi klassik irsin nümayəndəsi olaraq xatırlayacaqlar. Əsla” deyən yazar Günel Eyvazlının fikrincə, klassikaya çevrilmə əsərin dəyərinə görə qiymətləndirmədir: "Məsələn, sağ olub da klassikə çevrilmək mümkündür. Bunun üçün mütləq ölməyə və illərin keçməsinə ehtiyac yoxdur”. Klassiklərə qarşı aqressiv münasibətə gəlincə, G.Eyvazlı "boş-boşuna oturub filan yazar yaxşı yazmayıb, filankəsin şeiri, yazısı, əsəri, poeması yararsızdır” deyən şəxsin bu tip reaksiyasına ciddi yanaşmağı qeyri-ciddi məsələ hesab edir: "Mən bu tip dayaz düşüncəli insanları heç vaxt görmürəm və eşitmirəm. Belələrini tirajlamaq da doğru deyil. Nihililstlər həmişə aramızda olub, olacaq da. Sadəcə, bu cür insanlara sözüm o olardı ki, enerji sərf edib yararsız sözlər danışmaqdansa, adlarını hallandırdıqları və bəyənmədikləri şəxslərin bədii nümunələrini qarşılarına qoyub təftiş etsinlər, araşdırsınlar. Bu cür çözələmələr hamımızın, ən əsası ədəbiyyatımızın xeyrinə olar. Əlbəttə, bunu etməyə hər kəsin hünəri, savadı çatmaz. Madam ki, belə araşdırma qarşısında bekar adamlar mat qalacaqlar, savadsızlıq ağrısından əziyyət çəkəcəklər, o zaman boşuna ifadələrlə beynimizi yormasınlar”. Yazarın fikrincə, hər kəsin yaradıcılığında dərin və dayaz məqamlar  ola bilər: "Bəzən yazı xətrinə də yaza bilərik. İstənilən qələm adamında qrafomanlıq təzahürləri də özünü göstərə bilir. Bu, ovqat məsələsidir. Bunu haradasa, asudə zamandan faydalı istifadə adlandıra bilərik. Amma bir neçə zəif yazıya görə, dəyərli əsərlərlə ədəbiyyatda mövqe qazanmış yazıçının imzası üzərindən xətt çəkməyə heç birimizin ixtiyarı yoxdur. Araşdırmaq, yazmaq, mövqe ortaya qoymaq olar, amma sarsaqcasına "bəyənmirəm” demək, "yaxşı yazıçı, şair deyil” söyləmək etikanın, üstəgəl, vicdanın heç bir kriteriyasına sığmır”. 
 
  Hazırladı: Təranə Məhərrəmova