Artkaspi.az Təranə Məhərrəmovanın "Kino və zaman”da əbədiləşən tarixi həqiqətlər" adlı yazısını təqdim edir:

«Kino öz təbiətinə görə yalnız incəsənət deyil,
eyni zamanda, həyat faktlarının və hadisələrinin tamamilə sənədləşdirilmə vasitəsidir.
Kinematoqrafiya öz əsərlərində həyat həqiqətlərini bütün konkretliyi ilə əks
etdirir və qoruyub saxlayır. Kino həyatı təsbit edərək onun təzahürlərini sənədləşdirir
və tarixi keçmişi öyrənmək, maariflənmək üçün qiymətli mənbəyə çevrilir». Bu
fikirlər Azərbaycan kino tarixini sistemli şəkildə araşdırmaqla yanaşı, davamlı
pedaqoji fəaliyyətlə də məşğul olan Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin
"Kino və zaman” adlı kitabındandır. Yeni nəşrin "Azərbaycanfilm”
kinostudiyasının keçdiyi yaradıcılıq yoluna işıq tutduğunu iddia edə bilərik. Müəllif tədqiqat obyektinə çevirdiyi
kinostudiyanın, yaranma tarixindən bu gününə qədər dövrü mərhələ-mərhələ vərəqləyir.
Müxtəlif janrlı filmləri beynəlxalq mükafatlara layiq görülən, neçə-neçə
yaradıcı və texniki nəslin çalışdığı Cəfər Cabbarlı adına «Azərbaycanfilm»
kinostudiyasının yaradıcılıq yolunda kinomuzun təşəkkülü və inkişafı, sənətkarlarımızın
axtarışları barədə nəşrdə müfəssəl məlumatlarla tanış olmaq mümkündür.

Müəllif kitabın
girişində kinonu dünənin texniki ixtirası və zəmanəsinin sənət möcüzəsi
adlandırır: «Kino sənəti əvvəlcə səssiz kinonun dar çərçivəsindən çıxmış, sonra
o səsin gəlişi ilə danışmış, daha sonra ən mürəkkəb texniki və bədii imkanlara
malik ekran sənətinə çevrilmişdir».
A.Kazımzadə uzun
və sanballı yaradıcılıq yolu keçən Azərbaycan kinematoqrafiyasını dünya kino sənətinin
ayrılmaz bir hissəsi kimi dəyərləndirir. Belə ki, sovet dövründə, kino
tariximizin yaşı 1916-cı ildən - İ.Musabəyovun povesti əsasında ekranlaşdırılan
iki seriyalı «Neft və milyonlar səltənətində» bədii filminin ekranlara
buraxılması günündən (mayın 14-dən) hesablanıb. Yalnız keçən əsrin 90-cı illərinin
ikinci yarısından sonra Azərbaycan kinosunun əsil yaşını - 1898, ölkəmizdə
xarici filmlərin ilk dəfə nümayişi (1890-cı ilin ikinci yarısı), Azərbaycan
filmlərinin ilk çəkilişi (1898-ci il mayın 31-i və iyunun 6-sı) və nümayişi
(1898-ci il iyunun 21-də, avqustun 2-də və 6-da) tarixlərini tutarlı faktlarla
müəyyənləşdirmək və sübut etmək müəllifə müyəssər olub.
«Azərbaycanfilm»
kinostudiyasının 90 illiyinə həsr olunan «Kino və zaman» kitabında Azərbaycan
kino sənətinin inkişafının əsas mərhələləri nəzərdən keçirilib. Kinostudiyada
istehsal olunan maraqlı və mühüm, ideya-bədii cəhətdən əhəmiyyətli kino əsərləri
və onların yaradıcılarından bəhs edilib. Müəllif, 1898-ci il yanvarın 8-də
«Bakinskoye Obşestvennoye Sobraniye»nin zalında «Şagirdlərə Yardım Cəmiyyətinin
xeyriyyə gecəsi keçirilərkən burada «Hərəkət edən fotoşəkillər», yəni
kinematoqrafın nümayiş etdirilməsindən söhbət açıb. Həmin il mayın 31-də
xeyriyyəçilik məqsədilə Mixail bağında (indiki Filarmoniya bağı) keçirilən xəlq
gəzintisi zamanı axşam saatlarında Bakı elmi foto dərnəyi tərəfindən filmlər
göstərilib. Bu nümayiş «Şəhər bağında xalq gəzintisi» adı altında lentə alınıb.
Həmin xronika və Bakının həyatından bəhs edən «Qatarın dəmiryol stansiyasına
daxil olması», «Qafqaz və Merkuri cəmiyyətinə məxsus gəminin limandan yola düşməsi»
və «Bazar küçəsi sübh çağı» kino süjetləri ilə birgə iyunun 21-də Bakının mərkəzində,
teatr-sirkdə, sirk tamaşasının bir əyləncəli nömrəsi kimi göstərilib: "Bu kino
süjetləri Bakıda 30 ildən artıq yaşayıb çalışmış A.M.Mişon çəkmişdi. 1898-ci il
avqustun 2-də ikinci proqram həmin teatr-sirkdə tam müstəqil şəkildə nümayiş
etdirilib. Bu proqrama Bibiheybətdə neft fontanı yanğını», «Əlahəzrət Buxara əmirinin
«Velikiy knyaz Aleksey paroxodu ilə yolasalma mərasimi», «Qafqaz rəqsi»
xronikal-sənədli və «İlişdin» bədii süjetləri daxil edilmişdi”- deyə A.Kazımzadə
qeyd edir.

Kino tarixini araşdıran
və qələmə alan müəllifin yazdığına görə, 20-ci əsrin əvvəlində Belçikalı
sahibkarlar – Firone qardaşları Zaqafqaziyada, o cümlədən Bakıda özlərinin
kirayə kontorunu açır və onların təşkil etdikləri «Filma» Səhimdar Cəmiyyəti
1915-ci ildə bir neçə bədii filmin istehsalına başlayır. Cəmiyyət burada «Neft
və milyonlar səltənətində», «Arşın mal alan», «Ayaqyalın məhəbbət», «Knyaz Dəmir
Bulat» və s. filmlər istehsal edir. «Aydın olur ki, Azərbaycanda kinonun
yaranması qanunauyğun bir hal idi. Bu vəziyyəti 19-cu əsrin sonlarında Bakıdakı
ictimai iqtisadi şərait özü yetişdirmişdi”. A.Kazımzadə qeyd edir ki, 1920-ci
il aprelin 28-də Azərbaycan Qırmızı Ordu tərəfindən işğal olunandan sonra ölkədə
kino tarixinin yeni dövrü başlanıb və kinematoqraf yeni sovet ideologiyasının
güclü təbliğat vasitəsinə çevrilib: "Azərbaycanda kino istehsalını planlı şəkildə
qaydaya salmaq və həyata keçirmək məqsədilə 1923-cü ildə Bakıda Birinci Dövlət
Kinofabrikinin açılışı oldu. Bundan sonra burada sovet ideologiyasının tələblərinə
cavab verən, sosialist realizmi yaradıcılıq metodu üzrə filmlər istehsal
olunmağa başlandı. Təbliğat və təşviqat filmlərinin istehsalı ön plana çəkildi”.
A.Kazımzadə
araşdırmasında 50-ci illərin ikinci yarısından sonra və xüsusilə 60-cı illərin
sonunda Azərbaycan kinosunda canlanma əmələ gəldiyini qeyd edir. Belə ki,
Moskvada Ali Kinematoqrafiya İnstitutunu bitirmiş bir qrup gəncin Bakı
kinostudiyasında fəaliyyəti nəticəsində milli kinomuz yeni mərhələyə qədəm
qoydu. Ötən 90 il ərzində C.Cabbarlı adına Azərbaycan kinostudiyası yüzlərlə bədii,
televiziya bədii, xronikal sənədli və elmi-kütləvi, animasiya filmi istehsal
edib.
Müəllif 70-80-ci illəri Azərbaycan kinosunun intibah
dövrü kimi xarakterizə edir: «Bu, kinomuzun həm bədii, həm də məzmun cəhətdən tədricən
yeniləşməsi, milli kinonun professional səviyyəsinin yüksəlməsi, təsvir vasitələrinin
genişlənməsi, ideoloji stereotiplərin müəyyən dərəcədə yumşalması, sosial və əxlaq
problemlərinin daha kəskin həlli ilə bağlı idi. Gənclərin, orta və yaşlı nəsildən
olan kino xadimləri ilə əməkdaşlığı milli kinomuzun peşəkar səviyyəsinin yüksəlməsinə,
milli özünəməxsusluğu ideya dərinliyi ilə fərqlənən filmlərin meydana gəlməsinə
səbəb oldu». 1990-cı ildən sonra Azərbaycanda istehsal olunan filmlərin sayının
xeyli azaldığını qeyd edən müəllif, buna baxmayaraq, real həyatı əks etdirən,
müasir estetik tələblərə cavab verən əhəmiyyətli bədii filmlər yaradıldığını da
vurğulayır: «1991-i ildə Azərbaycan müstəqillik əldə edəndən sonra cəmiyyət
qarşısında yeni vəzifələr qoyuldu. Ölkəmizdə yeni ideologiyanın, cəmiyyətin
yeni inkişaf modellərinin qurulması və digər sosial problemlər humanitar elmlərin
tədqiqat obyektinə çevrildi».
«Kino və zaman»
nəşrinin birinci fəsli «Azərbaycanın səssiz kinosu» (1920-1935) adlanır. Müəllif
Azərbaycan Xalq Cümhuriyyətinin birinci ildönümünün təntənə ilə bayram edilməsinin
lentə alınaraq «Azərbaycan müstəqilliyinin ildönümü münasibəti ilə təntənə»
qısametrajlı sənədli filminin 1919-cu il iyunun 13-də Bakının «Ekspress» və
«Rekord», bir qədər sonra «Forum» kinoteatrlarında proqramdan əlavə nümayiş
etdirilməsindən tutmuş «Almaz» bədii filminə qədər çəkilən bütün ekran əsərləri,
onların yaradıcı heyəti haqqında ətraflı məlumat verib. Nəşrdə «Azərbaycanfilm»in
kino tarixində rol oynayan kinodramaturqların, rejissorların adları, filmlərdən
şəkillər, həmçinin kinematoqrafiya işçilərinin birinci qurultayından fotolar
yer alıb. Bu sənədlər vasitəsilə kino tarixinə ətraflı ekskurs etmək mümkündür.
«Mərkəzin diqqətindən
kənarda qalmış yerli kinostudiya» adlı ikinci fəsildə ötən əsrin 30-40-cı illərində Azərbaycan kinosunda baş verən
proseslərə nəzər saldıqda, kinematoqrafiyamızın mərkəzi dairələrin diqqətindən
kənarda qaldığını və bu səbəbdən yerli kinostudiyanın fəaliyyətində nəzərəçarpacaq
dəyişikliklərin olmadığını görürük. Müəllif qeyd edir ki, bu səbəbdən kinonun vəziyyəti
istər «Bakı kinostudiyasında, istərsə də Azərbaycan KP MK-da dəfələrlə müzakirə
olunmuş, müvafiq qərarlar qəbul edilmiş, hətta kinostudiyanın rəhbərliyi bir
neçə dəfə dəyişdirilib: "Bununla belə, çəkilən filmlərin keyfiyyəti dəyişməmiş
və bu fakt respublika rəhbərliyini qəti addımlar atmağa məcbur etmişdir”.
Müəllif «Milli
kinomuza səsin gəlməsi» (1935) adlı üçüncü fəsildə 30-cu illərdə Azərbaycan
kinosu üçün 3 əlamətdar hadisəni qeyd edir. İlk səsli bədii filmin yaradılması
və səsin Azərbaycan kinosuna gəlməsi; Azərbaycanda ilk animasiya filminin
istehsalı və respublikamızda əcnəbi filmlərin Azərbaycan dilinə dublyaj
olunması işinin təşkili. Müəllif həmin illər ərzində çəkilən filmləri qeyd
edib.
A.Kazımzadə «Nəşrdə
(1941-45-ci illəri əhatə edən) «Azərbaycan kinosu müharibə illərində», «Azərbaycan
professional musiqisinin banisi Üzeyir Hacıbəylinin operettalarının ekran həlli»,
«Azərbaycan kinosu müharibədən sonrakı illərdə (1946-65-ci illər), «Azərbaycan
kinosunun yüksəliş dövrü» (1966-1989), «Müstəqillik yollarında (1990-2002), «Azərbaycan
kinosu müasir mərhələdə» (2002-2016) bölümlərdə «Azərbaycanfilm» kinostudiyasında istehsal
olunan filmlərin tarixi, yaradıcı heyəti haqqında ətraflı məlumatlar verir.
Nəşrdə həmçinin
milli kinomuzun inkişafında böyük xidmətləri olmuş görkəmli kino xadimlərinin
bir qrupunun kinomuzun yaranması və inkişaf yolları barədə xatirələri yer alıb.
Kinorejissorlardan Muxtar Dadaşov, Mikayıl Mikayılov, Ağarza Quliyev, Niyazi Bədəlov,
bəstəkar Niyazi, Xalq artisti Leyla Bədəlbəyli, İsmayıl Osmanlı, Rza Təhmasib,
Möhsün Sənaninin həyat və fəaliyyətindən bəhs edilib.
Həmçinin sovet
kinosunun görkəmli xadimlərindən kinorejissor, SSRİ Xalq Artisti Yefim Diziqan,
Lev Sverdlin, Nikolay Klyuçkov, Tatarstan yazıçısı Əbdülrəhman Minski, Bakı
kinostudiyası ilə bağlı xatirələr də qeyd edilib. Nəşrdə həmçinin kinostudiyaya
rəhbərlik etmiş Hənifə (Məmmədhənifə) Həsən oğlu Terequlov, Şamil Mahmudbəyov,
Şəmsəddin Abbasov, Rəsul Rza, Mehdi Hüseyn, Sabit Rəhman, Zəki Səfərov, Məhərrəm
Haşımov, Adil İskəndərov, Cəmil Əlibəyov, Eyvaz Borçalı, Ramiz Fətəliyev, Ziyafət
Abbasov kimi şəxsiyyətlərlə bağlı, həmçinin 2002-2011-ci illərdə kinostudiyanın
direktoru olmuş Xamis Muradov və «Azərbaycanfilm»in hazırkı direktoru Müşfiq Hətəmovun
həyat və fəaliyyəti haqqında oxuculara ətraflı məlumat verib. Müəllif müasir
kinomuzun hazırkı vəziyyətinə də ümidlə yanaşır: «Bu gün müstəqil Azərbaycanımızla
birgə möhkəm milli zəmində boy atıb inkişaf edən, ictimai həyatımızda baş verən
prosesləri gələcək nəsillər üçün, tarix üçün qoruyub saxlamağa qadir olan, gələcəyə
nikbin baxan Azərbaycan həqiqətlərini beynəlxalq audiovizual məkana inteqrasiya
edən milli kinomuz,yaratdığı sənət əsərləri ilə xalqımızın xidmətində duraraq,
dövlətimizin kino salnaməsini yaradır». Müəllif qeyd edir ki, ölkə iqtisadiyyatının
dinamik inkişafı kino sahəsində böyük uğurlara nail olmaq imkanı verir: «Kino sənətinə
artan diqqətin nəticəsidir ki, film istehsalına dövlət büdcəsindən ayrılan vəsaitin
həcmi ildən-ilə artırılır. Dövlətimizin milli kinoya göstərdiyi diqqət və qayğı
bütün kino işçilərinin üzərinə böyük məsuliyyət qoymuşdur”.
Uzun illərin və
gərgin zəhmətin bəhrəsi olan nəşr mütəxəssislər, incəsənət sahəsində təhsil
alan tələbələr və kinosevərlər üçün "Azərbaycanfilm”in tarixi ilə bağlı ilk mükəmməl
mənbədir. Vərəqlədikcə kino tariximizin bütün mərhələləri haqqında əhatəli məlumat
əldə etmək mümkündür. Nəşrin rus və ingilis dillərinə tərcümə olunması da məqsədəuyğundur.
Bu, milli kinomuz haqqında digər millətləri də geniş məlumatlandırmağa kömək edər.