artkaspi.az "Kino rejissorlarının bir dərsi" adlı reportajı təqdim edir:
Bu gün
Azərbaycan incəsənətində iri addımlarla irəliləyən sahələrdən biri də kinodur.
Elə bir dövrdəyik ki, artıq kinoteatrlarda xarici filmlərlə yanaşı, yerli
filmlərimiz də nümayiş olunur. Hətta biletlərin satış sayına görə onlarla
rəqabətə də girir. Kinonun nə qədər həssas və maraqlı bir sənət olduğu hər kəsə
bəllidir. Filmi ərsəyə gətirən əksər kadrları isə Azərbaycan Mədəniyyət və
İncəsənət Universiteti yetişdirir. Hansı ki, bu universitetdən hər il neçə-neçə
ixtisaslı aktyor, rejissor məzun olur. Biz də Azərbaycan kino sahəsi üzrə yetişən
gənclərin dərs zamanı fəaliyyətlərini izləmək üçün sözügedən universitetə yollandıq.
Bu dəfə universitet
gözümüzə tamam başqa bir görkəmdə göründü. Yeni təmirdən çıxan mədəni təhsil
ocağı göz oxşayırdı. Müasir avadanlıqlarla təmin olunmuş təhsil müəssisəsi
sanki muzeyi xatırlatdı. Zövqlə dekor edilmiş bəyaz divarlarda rəssamların əl
işləri ümumi ahəngə xüsusi bir rəng qatır. Universitetə dərs saatında daxil
olduğumuz üçün koridorlarda xüsusi bir sakitlik hökm sürürdü.

Eldar Quliyevin gənc rejissorları
Dəhlizdə xalq
artisti, tanınmış kinorejissor Eldar Quliyevlə rastlaşdıq. Asta bir templə
sinif otağına tərəf yol alan universitetin kino kafedrasının professoru
yavaş-yavaş gözdən itdi. Sonra qurumun mətbuatla əlaqələr şöbəsinin əməkdaşı
bizi mehribanlıqla qarşıladı. İstənilən dərs prosesində müşahidəçi qismində
otura biləcəyimizi söylədi. Elə az əvvəl koridorda qarşılaşdığımız Eldar
müəllimin dərsinə qonaq olmaq istədiyimizi bildirdik.
Əslində,
"Debüt” studiyasının ilk bədii rəhbəri olan Eldar müəllimin çox kaprizli xarakterə
sahib olduğunu və onun kiminləsə yaxından ünsiyyət qura biləcəyini düşünmürdüm.
Universitetin SABAH qrupundan ibarət
təşkil olunmuş "Resjissor sənəti” ixtisasının 4-cü kurs tələbələrinin dərsində
gördüklərimdən sonra bu fikirdən daşındım. Qrupun kurs rəhbəri olan Eldar
Quliyev onlara "Rejissor sənətinin əsasları” dərsini tədris edirdi.

Kiçik qara
pərdələrdən ibarət olan səhnəli otağın digər divarları da qara boya ilə boyanmışdı.
Müəllim-tələbə dialoqu, tədris üçün ən ideal bir sinif otağı idi. Təmirdən
sonra daha gözəl və səliqəli görünən bu otaqlar insanlara yenidən çalışmaq əzmi
verir...
Bu kursun
tələbələri Həsənov Şəfa, Həsənov Hüseyn, Həsənov Masər, Hüseynov Samir, Aslanlı
Nurlan da çəkəcəkləri filmlərdə hansı əsərlərdən yararlanacaqları və ya gələn
semestr təqdim edəcəkləri diplom işi üçün necə bir ssenari düşündükləri
haqqında diskussiya edirdilər. Tələbələr öz müxtəlif əl və üz hərəkətləri ilə
necə bir ssenari hazırlayacaqlarını və bu ssenarini hansı şəkildə həyata
keçirəcəklərini izah edirdilər.
Hər bir
tələbə seçdiyi əsərin ssenarisini danışandan sonra isə Eldar Quliyev onlara
eyni sualla müraciət edirdi: "Səni başa düşürəm, əsas odur ki, sən niyə bu
əsəri seçmisən? Bununla nə deməyə çalışırsan? Çəkəcəyin bu kadrla hansı mesajı
ötürmək istəyirsən. İstəyin və məqsədin nədir?”
Bu suala
öncədən hazırlıqlı olan tələbələr seçdikləri əsərlə bağlı müzakirələr aparır və
özlərinə məxsus izah verməyə çalışırdılar.
"Sabah”ın istedadlı tələbələri
Dərs prosesi
bitdikdən sonra tələbələrlə söhbət etmək və onların tələbəlik həyatı ilə bağlı
müzakirələr etmək imkanımız oldu. Bu qrupun tələbələrinin nə üçün yığma və
"Sabahın uşaqları” kimi adlandırması ilə maraqlandıq. Aydın oldu ki, SABAH ali
təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və
fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə
yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr
hazırlığının təmin edilməsi məqsədilə yaradılıb. ADMİU-nun SABAH qruplarında iki
ixtisas (aktyor sənəti və rejissor sənəti) və 3 ixtisaslaşma (kino rejissoru,
televiziya rejissoru, musiqili teatr rejissoru) üzrə 41 tələbə təhsil alır.
Onlardan ilk qrup isə hazırda qonağı olduğumuz "Rejissor sənəti” ixtisasıdır.
Qrupun yeganə
qız tələbəsi olan Şəfa deyir ki, bu qrupa daxil olmaq onlara heç də asan başa
gəlməyib. Belə ki, yalnız imtahanlardan yüksək nəticə göstərən tələblər bu
qrupda təhsil almaq imkanı qazana bilərdi: "Birinci kursda mən televiziya
rejissorluğuna daxil olmuşdum. Belə bir elanı gördükdə müraciət etdim. Bizi testlə
imtahandan keçirdilər. Sonra rejissorlarla təkbətək müsahibələr etdik. Bu
qrupda təhsil alan tələbə yoldaşlarım da başqa ixtisaslardan gəliblər”.

3 ildir ki,
qrupa dərs deyən Eldar Quliyevi tələbələri çox sevir. Deyirlər ki, onlar
müəllimlərindən kinoya aid hər şeyi öyrəniblər. Filmə necə yaxınlaşmaqdan
tutmuş, onu necə ssenariləşdirmək və lentə almağa qədər. Tələbələr
müəllimlərinin diplom işinə görə onları yormadığını və rahat şəkildə çalışa
bildiklərini deyirlər. Müəllimləri onları diplom işlərinə görə çox dağa-daşa
salmır və asan yolla hər şeyin həllini göstərir. Tələbələr deyirlər ki,
müəllimləri məsləhət verəndə, həmişə belə deyir: "Mən rejissor yetişdirmirəm,
ilk olaraq ziyalı yetişdirirəm. Rejissor olmaq o deməkdir ki, beynində
təxəyyülün nəyisə yaradanda, arxasında durasan ki, buna görə etdim”. Tələbələr
digər müəllimlərinin də onlar üçün əllərindən gələn köməkliyi etdiklərini
bildirirlər.
Şəfa Həsənova
deyir ki, incəsənət universitetinin tələbələri xüsusi sərbəstliyə və azadlığa
sahibdirlər: "Müəllimlərimiz bizə azadlıq verir. Yaradıcı insan azad olmalıdır
ki, nəsə yarada bilsin. Təsəvvürümə də gətirə bilmərəm ki, mən başqa bir universitetin
tələbəsi ola bilərəm. Çünki rahatlığa, sərbəstliyə öyrəşmişəm. Buradakı mühit
çox yaxşıdır. Müəllim tələbəyə, tələbə də müəlliminə hörmət edir”.

Onu da bildirək ki, qonağı
olduğumuz qrupun iki nümayəndəsi ötən gün ölkəmizdə keçirilən "Gənclərin IV
Film Festivalı”nda mükafata layiq görülüb.
Festival çərçivəsində
Azərbaycan, Avropa və Amerikanın bir çox filmlərinin təqdimatı, ustad dərsləri,
canlı musiqi nümunələri, eləcə də gənc Azərbaycan filmoqraflarının 40-dan çox
filmi nümayiş olunub. SABAH qrupunun IV kurs tələbəsi Masər Həsənovun
"Everest”, "Sevgi naminə” filmləri nümayiş olunub. Hüseyn Həsənovun filmi isə
1-ci yerə layiq görülüb.
Xəyalə Rəis