Biz imzaları yox, əsərləri dərc edirik...

Köhnə kitabın təzə şeirləri – Flora Xəlilzadə yazır
630
11 Oktyabr 2018, 08:45
  Artkaspi.az Əməkdar jurnalist Flora Xəlilzadənin Şair Əbülfət Mədətoğlunun "Cəzayam sevdiyim qıza” adlı şeirlər kitabı haqqında yazdığı "KÖHNƏ KİTABIN TƏZƏ ŞEİRLƏRİ" adlı məqaləsini təqdim edir: 
 
 
 

  Şair Əbülfət Mədətoğlunun "Cəzayam sevdiyim qıza” adlı yeni şeirlər kitabını oxumağa nəhayət vaxt tapdım. Amma uzun sürən bu görüşün mütaliə məqamı bir nəfəsə başa çatdı. Həmişəki kimi şair qardaşım məni yenə kövrəldə-kövrəldə heyrətləndirdi. Kitabı gec oxuduğum üçün özümü qınasam da, onsuz da bilirdim ki, Əbülfətin şeirləri yenə ruhumu titrədəcək. Nə gizlədim, məni dərdlərimlə baş-başa qoyacaq, anam gözlərimin qarşısında dayanacaq, əlim uzalı qalan yurd yerlərinin sükut içindəki harayı nəfəsimi kəsəcək. Əbülfətin şeirlərini sakit ürəklə oxuduğum yadıma gəlmir. Onun şeirlərində həmişə ruhumun çırpıntısını eşitmişəm. Bəzən də yazılı şəkildə ondan xahiş etmişəm ki, 

 Əbülfət nə olar, sən şeir yazma,
 Yazdıqca dərdlərim üzümə durur.
 Anam da cibində açar gətirdi,
 Məni dərdlərinə naçar gətirdi...

 Əbülfət neyləsin ki, qan verən yaramız sağalmayıb. Elə özü də şeirlərinin birində haqlı bir bənzətmə aparıb:
Bir köhnə kitabam, hər sətirimdə
İşığa qarışıb gözümün yaşı...

 Bax bu köhnə kitabın yeni şeirləri yenə də köhnə ahəngində ruhumu dara çəkdi:

  Nə kəndim var, nə evim,
  Hansı qapını döyüm?
  Neçə günlük qonağam -
  Nə bilim, necə deyim?!

  Gözümüz zirvəsini, əlimiz daşını, dodağımız torpağını öpə bilmədiyi yurd yerlərimiz çox uzaqda qalıb. Baxa-baxa, gözləyə-gözləyə, yana-yana çoxumuz özümüz boyda ocaq olmuşuq. Tanrı sönməkdən, kül olmaqdan qorusun. Həsrətdən əbədi susanları demirəm, çünki onların ruhları da bizimlədir. Əbülfətin sinəsini yandıran etiraflar misra-misra könlümüzə sancılır:

  Günlər, həftələr, aylar,
  Yurd dərdimi sırıyır...
  Bürünmüşəm dərdinə,
  Ta gözlərim quruyur-
  Qarabağım, Qarabağ?!

  Məhz bu ağrıları yaşamaqdan və çəkməkdən "qaralan ürəyim artıq kösövə dönüb” deyən  şair "Vətən” adlı  bir şeirində giley və xiffətini  belə dilə gətirir:

   Sənə şeir yazmıram...
   Sənə şeir yazmaq
   Çətindən, çətin...
   Çünki sən,
   Şeirlik deyilsən Vətən!..
 
 
 

  Əslində, Əbülfət hər gün şeir yazır, yazacaq da. Bu etirafın mətləb dolu harayı gözlərimizin qarşısında igid əsgərlərimizin möhtəşəm sırasını canlandırdı... İnanıram ki, müəllifin ağrılı şeirləri bir gün libasını müjdəçi sözlərdən seçəcək:  "gəldik, görüşünə, gözəl Qarabağ ” söyləyəcək. Yeni şerin adını da mən söylədim. Yəqin ki, müəllif o əziz gündə mənim bu sözlərimi unutmaz. Millət, yurd sevdalısı  şairin elə öz misralarıdır:

  Bu torpağa oğul olmaq nəsibim,
  Bu nəsiblik ucalıqdı, qürurdu!
  Mən özümü dərk edəndən, duyandan,
  Vətən eşqim nəbzim tək vuruldu!

  Bax, əsas məsələdə budur, şair qardaşım, qoy sənin misraların həmişə vətəndən söz açsın. Özün demişkən, çiçəklərdən bal tutan arı kimi... 

 Əbülfət Mədətoğlu hisslər, duyğular şairidir. Onun şeirlərinin həzinliyində qəribə bir çırpıntı var, oxuyan kimi səni elə tutur ki, müəlliflə min ilin doğmasına çevrilirsən. Bəzən də təəccüblənirsən ki, mən də belə düşünürdüm, məsələn,  "Mənim bu dünyayla söhbətim tutmur”; "Asılıb qalıram mən ürəyimdən:” " Göz önündə şam kimi sönəsən görməyələr;” "Mən hərdən öz içimin zindanına düşürəm;” " Özümlə qurşaq tutub-özümlə güləşirəm;”  "Başlamaq çətin olar sondan əvvələ doğru;” "Külək də, fələk də başımı yolur, mən də beləcə baş daşıyıram...”  Bu təzadlı dünyanın alışa bilmədiyimiz qanunları həmişə öz hökmündədir. Əslində, heç dünyanın xüsusi qanunu da yoxdur. Bu da insanın öz əməlidir, bərkə düşən kimi dünyanı qaralayırıq. Dünya demir ki, çörəyi çörəkçiyə vermə... Ha düşünürsən, cavab tapa bilmirsən ki, nədən "Atdığım addımlar uğursuz olur, dərdiyim çiçəklər əlimdə solur”. Səsimiz heç hara çatmayanda yenə də özümüzü qınayırıq, "bəxtim yatıb” deyirik. Şairin bu cür poetik üzüntüləri yaşadığı acıların, ya bəlkə də haqsızlığın ifadəsidir: 
   Son vaxtlar o qədər yorğun düşürəm,
   Elə bil çiynimdə daş daşıyıram.
   Sərib qurutduğum dərdi-qəmi də 
   Yağışa düşmüş tək-yaş daşıyıram.
 
 
 


  Əbülfətin şərti olaraq "Yoruldum” adlandırdığım şerindəki ovqatı çoxumuz yaşamışıq. Amma baş verənləri dəyişdirməyə kimin gücü yetər ki... Bu şeir çoxumuzun həyat hekayəsidir:
 
  Yoruldum ürəyimin
  Qarşısında durmaqdan.
  And içib sağ əlimi 
  Mən üzümə vurmaqdan.
  Yoruldum bağışlanıb
  Güzəştlərdən sınmaqdan...
  Yoruldum sevilməyib 
  İçimdə qırılmaqdan!
  Yoruldum arzuları
  Özümlə daşımaqdan...
  Puç olan xəyal yüklü 
  Həyatı yaşamaqdan.

  Böyük şairimiz Bəxtiyar Vahabzadəyə məxsus fikirdir ki, şeir hayqırtı yox, pıçıltıdır. Əsil şerin mayasında dərd olur. Əlbəttə, heç kimə dərdli olmağı arzulamıram. Amma şairləri də fərqləndirən məhz həssas və dərd çəkən olmalarıdır. Unudulmaz Məmməd Araz da deyirdi: "Kövrəklik olmayan yerdə heyrət, heyrət olmayan yerdə kəşf yoxdur”. Təsəlli kimi səslənməsin. Əbülfətin dərdi doğma, oxucunun da kövrəlməsi təbiidir. Bu şerin qələbəsidir ki, müəllifinin kimliyini bəyan edir, oxucunun da hisslərinə hakim kəsilə bilir. Bu mənada mən böyük məmnuniyyətlə bütün yaradıcılığını izləməyi və oxumağı sevdiyim qələm dostum, qardaşım Əbülfət Mədətoğlunun yeni kitabını  bədii uğurunu ürəkdən təbrik edirəm. Həqiqətən də "Haqdan işığı pay alıb, özümüzü haqda görək”.