Biz imzaları yox, əsərləri dərc edirik...

Deyəsən məni öldürmək istəyirsiniz Covanni Verqanın hekayəsi
2052
14 İyul 2017, 12:13

artkaspi.az Covanni Verqanın "Kənd namusu” hekayəsini təqdim edir:

 


Donya Nunsiyanın əsgərlikdən təzəcə qayıtmış oğlu Turiddu Makka hər bazar günü əynində bersalyer mundiri, başında qırmızı beret, sarı bülbüllə fala baxanlar kimi, şəstlə kənd meydanında gəzişərdi. Burunlarının ucuna qədər mantilyaya bürünmüş, gunorta ibadətinə gedən cavan qızlar onu gözləri ilə yeyir, balaca oğlanlar isə milçək kimi başına fırlanırdılar. O, əsgərlikdən, odluğu atlı kral fiquru kimi düzəldilmiş, demi gətirmişdi. Əsgər kibriti reytuzuna sürtüb alışdıranda, ayağını qabağa elə atırdı ki, elə bil irəlidə gedən kimisə təpikləyirdi.

Ancaq Ancelo dayının qızı Lola daha nə ibadət yerində, nə də balkonda görünürdü. Onu tövləsində dörd qatırı olan bir nəfər likodiyalı arabaçıya nişanlamışdılar. Turiddu bunu biləndə əvvəl qızışıb dedi: "Allah mənə qənim olsun əgər o likodiyalının qarnını cırıb bağırsaqlarını çölə tökməsəm! lakin sonra heç nə eləmədi, yalnız gözəl Lolanın pəncərəsi altında gəzə-gəzə elə hey mahnı oxumağa başladı.

Qonşular öz aralarında deyinirdilər:

− Görəsən donya Nunsiyanın oğlu Turiddunun işi-gücü yoxdur ki, axşamdan səhərə qədər qaratoyuq kimi qaqqıldayır?

Nəhayət, bir dəfə, necə oldusa Turiddu yolda, həzrət Məryəm anaya duadan qayıdan Lola ilə rastlaşdı. Lola Turiddunu görəndə nə rəngi qaçdı, nə də qızardı, elə bil aralarında heç nə olmamışdı.

− Xoş gördük, − deyə Turiddu söylədi.

Ah, Turiddu! Eşitmişəm ki, bu ayın əvvəlində qayıtmısınız.

− Amma mən bəzi başqa şeylər də eşitmişəm, − Turiddu cavab verdi. – Deyirlər ki, arabaçı Alfnoya ərə gedirsiniz, doğrudur?

− Allahın əmri belədir, − deyə Lola örpəyinin uclarını çənəsinin altına düyünlədi.

− Allahın əmrinə, qəlbinizin səsinə qulaq asmadan əməl eləyirsiniz, var-dövlət axtarırsınız! Bəlkə mənim uzaq səfərdən qayıdıb, bu şad xəbəri eşitməyim də allahın əmridir hə, donya Lola?!

Yazıq Turiddu özünü tox tutmağa çalışsa da, səsi titrəyirdi. Ayaqları bir-birinə dolaşa-dolaşa, Lolanın dalınca gedirdi. Beretinin qotazı isə gah sağ, gah da sol çiyninə dəyə-dəyə yellənirdi. Lola Turiddunun məyus sifətinə baxanda həm vicdan əzabı çəkir, həm də peşmançılıq duyurdu, amma bir xoş söz deməyə, könlünü almağa cəsarəti çatmırdı.

Qulaq asın, Turiddu, − deyə o, nəhayət dilləndi, − qoyun gedib rəfiqələrimə çatım. Məni sizin yanınızda görsələr, kənddə nə deyərlər?

− Haqlısınız, − deyə Turiddu cavab verdi, − indi ki, tövləsində iki qatırı olan Alfnoya ərə getməyi qərara almısınız, onda camaatın ağzına söz salmaq lazım deyil! Mənim yazıq anamsa, mən əsgərliyimi çəkib qayıdana qədər bircə yabımızı da, böyük yola çıxan üzümlüklərimizin bir hissəsini də satmağa məcbur olub. Bir vaxt həyətə açılan pəncərənizdən etdiyimiz söhbətlər, əsgərliyə getməzdən qabaq mənə bağışladığınız o əl dəsmalı, indi yəqin ki, yadınıza da lüşmür. Tək allah şahiddir ki, bizim tərəflərdə adı da bilinməyən o uzaq yerlərə yola düşərkən, mən bu dəsmalla nə qədər göz yaşı qurutmuşam! Qaldı o günlər Nuh əyyamında. İndi isə əlvida, donya Lola. Olan olub, keçən keçib. Daha bir-birimizə deməyə sözümüz qalmadı, dostluğumuz da qurtardı.

Donya Lola arabaçı ilə kəbin kəsdirdi, bazar günü o, əllərini qarnının üstündə daraqlayıb, balkonda dayanmışdı – ərinin bağışladığı qalın qızıl üzükləri camaata göstərirdi. Turiddu ağzında demi, əlləri cibində süni bir laqeydliklə küçədə var-gəl edir, arabir qızlara nəzər salırdı. Amma fikirləşəndə ki, Lolanın barmaqlarındakı qızıllar onun ərinindir, Lola yanından ötən Turiddunu elə bil heç görmür, hirsindən od tutub yanırdı.

− Mən bu qancığa göstərərəm, − deyə o qəzəblə öz-özünə pıçıldayırdı.

Alfionun eviylə üzbəüz Kola dayı adlı bir nəfər yaşayırdı. Deyirdilər ki, o, dövlətli adamdır, donuz kimi piylidir. Tək bir qızı vardı. Turiddu o qədər canfəşanlıq elədi ki, nəhayət, Kola dayının qılığına girib onunla dostlaşdı. İndi tez-tez onlara gedib-gəlir, qızın, Santanın qulağına xoş sözlər pıçıldayırdı.

Santa isə soruşurdu:

− Bu xoş sözləri niyə gedib Lolaya demirsiniz?

− Donya Lola indi xanım olub, əməlli-başlı krala ərə gedib.

− Əlbəttə, mən krala tay olan qız deyiləm.

− Siz Loladan qat-qat yaxşısınız. Mən bir oğlan tanıyıram ki, o, sizin yanınızda Lolanın üzünə də baxmaq istəməz. Donya Lola sizin əlinizə su tökməyə də layiq deyil, bəli, layiq deyil.

− Tülkünün ağzı üzümə çatmayanda…

− Dedi: "Ah, necə də gözəlsən mənim üzümüm!

− Gen dolanın məndən, Turiddu!

− Qorxursunuz ki, yeyərəm sizi?

− Mənim heç kimdən, heç nədən qorxum yoxdur!

− Əlbəttə, əlbəttə, axı ananız likodiyalıdır. Bilirəm, ağciyər deyilsiniz. Ah, elə gözlərimlə yeyərdim sizi!

− Gözlərinizlə istədiyiniz qədər yeyə bilərsiniz, etirazım yoxdur. Yaxşısı budur şələmi qaldırın.

− Sizinçün qaldırram. Sizinçün dağı yerindən oynadaram!

Santa yanaqlarının qızartısını gizlətməkdən ötrü əyilib yerdən bir balaca çubuq götürdü və Turidduya atdı, amma nədənsə dəymədi.

− Bir az zirək olun, boş-boş danışmaqla çırpı yığmaq olmaz.

− Varlı olsaydım, donya Santa, sizin kimi bir qız alardım.

− Mən Lola kimi kral axtarmıram. Yaxşı cehizim də var, təki rastıma bir halal süd əmmiş çıxsın.

− Bilirik… Bilirik ki, varlısınız.

− Bilirsinizsə, tələsin… Atam elə indicə qayıtmalıdır. İstəmirəm ki, məni həyətdə sizinlə birlikdə görsün.

 


Santanın atası neçə gün idi, yaman qaş-qabaqlı gəzirdi, amma qızı özünü o yerə qoymurdu. Çünki belsaryer papağının qotazı onun ürəyini qıdıqlayır, gözünün qabağından getmirdi. Atası qapını Turiddunun üzünə bağlayanda, qızı pəncərəni açıb axşamdan ta gecə keçənə qədər onunla söhbət edirdi. Qonşular elə hey bu barədə dedi-qodu eləyirdilər.

Turiddu deyirdi:

− Ölürəm səndən ötrü, gözümə yuxu getmir, boğazımdan çörək.

− Buraxın bu zarafatı…

− Kral Viktor Emmanuilin oğlu olsaydım, alardım səni!

− Hamısı yalandı.

− Məryəm anaya and olsun, çörək kimi yeyərdim səni!

− Yalandır…

− Namusuma and olsun!

− Eh…İlahi, bu nə danışır?!

Hər axşam reyhan gülünün arxasında gizlənib, rəng verib, rəng ala-ala onların söhbətinə QULAQ asan Lola bir gün Turiddunu səslədi.

− Daha köhnə dostları yada salmırsınız, Turiddu!

− Eh, xoş o adamın halına ki, sizinlə görüşüb salamlaşa bilər!

− Görüşmək istəsəz, evimin yerini bilirsiniz!

Turiddu Lolanın yanına o qədər gedib gəldi ki, Santa acıq eləyib bir gün pəncərəni onun üzünə çırpdı. Bersalyer küçədən keçəndə qonşular işarəylə onu bir-birinə göstərir, bic-bic gülümsəyirdilər. O vaxt Lolanın əri qatırlarını da götürüb yarmarkaya getmişdi.

Bir dəfə Lola dedi:

− Bazar günü gərək kilsəyə tövbəyə gedəm, bu gecə yuxuda qara üzüm görmüşəm.

Sus! Lazım deyil, lazım deyil! – Turiddu ona yalvardı.

− Yox, qabaqdan pasxa bayramı gəlir. Ərim soruşar ki, niyə tövbəyə getməmisən?

− Uff! – tövbə hücrəsinin önündə öz növbəsini gözləyən Santa Lolaya baxa-baxa pıçıldadı: − Vicdanıma and olsun… mənə qurban olasan, səni Romaya günahlarını yumağa göndərmədim.

Alfio cibi dolu, qatırları da qabağında kəndə qayıtdı. O, arvadına gözəl bayram paltarı gətirmişdi.

Qonşuları Santa bir dəfə Alfionun qabağını kəsib dedi:

− Ona hədiyyə gətirməkdə lap gözəl iş görmüsünüz. Siz burda olmayanda evinizin adını göylərə qaldırıb!

Alfio qabağından yeyən arabaçılardan deyildi. Arvadı haqqında bu sözü eşidəndə ağappaq ağardı, sanki kimsə arxadan kürəyinə bıçaq soxdu.

− Lənət şeytana, - dedi – Əgər gözləriniz pis görmüş olsa, onları elə tökəcəyəm ki, heç ağlaya da bilməyəcəksiniz.

Santa cavab verdi:

Mən ağlamağı xoşlamıram. O gecə Turiddunun donya Nunsiyanın evindən çıxıb sizin evə girdiyini bax, bu gözlərimlə görəndə də ağlamırdım.

Yaxşı, sağ olun.

Alfio kəndə qayıdandan bəri Turiddu daha küçədə görünmürdü, vaxtını yeməkxanada dostları ilə keçirirdi. Pasxa qabağı dostlar bir qab sosiska sifariş vermişdilər, oturub yeyirdilər. Alfio yeməkxanaya girəndə, Turiddu onun baxışlarından gəlişinin səbəbini anlayıb, çəngəli yerə qoydu:

− Mənə deməyə sözünüz var, Alfio? – deyə soruşdu.

− Elə bir vacib sözüm yoxdur. Çoxdandır görüşmürük. Gəldim bir az söhbət eləyək, öznüz gözəl bilirsiniz nə barədə.

Turiddu ona şərab süzmək istədi, lakin Alfio stəkanı kənara itələdi. Onda Turiddu ayağa qalxıb dedi:

− Mən sizin qulluğunuzda hazıram, Alfio.

Arabaçı qolunu onun boynuna saldı:

− Sabah tezdən Kantsiriya əncirliyinə gəlin, orda söhbət edərik.

− Məni gün çıxmamış yolda gözləyin, birlikdə gedərik.

Bu söhbətdən sonra onlar, adət üzrə öpüşdülər. Turiddu vədinə xilaf çıxmamaq əlaməti olaraq, yavaşca Alfinonun qulağını dişlədi.

Turiddunun dostları yeməyi yarımçıq qoyub, onu qapılarına qədər ötürdülər. Qoca Nunsiya, həmişəki kimi, o axşam da oğlunu gözləyirdi.

Turiddu üzünü anasına tutub:

− Ana, − dedi, − yadınızdadırmı, mən əsgər gedəndə, siz məni bir də görəcəyinizə inanmırdınız. Məni bu dəfə də bərk-bərk qucaqlayıb öpün, çünki sabah çox-çox uzaqlara getməliyəm.

Səhər tezdən Turiddu, əsgərliyə gedən gün samanlıqda gizlətdiyi bıçağını götürüb, Kantsiriya əncirliyinə tərəf üz tutdu. Əri evdən çıxanda, qorxuya düşmüş Lola göz yaşları içində ondan soruşdu:

İlahi! Axı siz dəli kimi hara tələsirsiniz?

− Bura, yaxına gedirəm, − deyə Alfio cavab verdi, − amma qayıtmasam, səninçün daha yaxşı olar.

Lola gecə köynəyində, çarpayının qabağında diz çöküb, fra Bernardinonun müqəddəs torpaqdan gətirdiyi təsbehi dodaqlarına sıxaraq allaha yalvarır, bütün bildiyi duaları pıçıldayırdı.

− Alfio, dostum, − Turiddu papağını gözünün üstünə basıb, yolu yarı eləmiş arabaçı ilə yanaşı addımlaya-addımlaya sözə başladı. – Allah özü şahiddir ki, qarşınızda günahkaram, ona görə də istəyərdim ki, siz məni öldürəsiniz. Amma bu gün evdən çıxanda qoca anamı gördüm. O hini təmizləmək bəhanəsilə tezdən durmuşdu, əslində isə mənə bir də baxmaq istəyirdi, elə bil ürəyinə nəsə dammışdı. Ona görə indi sizi it kimi gəbərdəcəyəm ki, qoca anam məndən ötrü göz yaşı axıtmasın.

Alfio:

− Yaxşı, − dedi və gödəkçəsini çıxartdı – vicdanla vuruşacağıq.

Onlar ikisi də bıçaq tutmağı yaxşı bacarırdı. Birinci zərbəni Alfio vurdu. Turiddu əlini bıçağın qabağına verib, öz növbəsində elə bir zərbə endirdi ki, Alfionu qarnından yaraladı.

− Hə, Turiddu, deyəsən məni doğrudan da öldürmək istəyirsiniz!

− Bəs necə, axı bayaq sizə dedim… anamı hinin yanında görəndə… hələ də gözlərimin qabağındadır anam…    

− Yaxşı açın gözlərinizi, − deyə Alfio bağırdı. – Mən sizinlə əməlli-başlı haqq-hesab çürütməyə gəlmişəm.

Lakin Turiddu dəhşətli ağrı duydu, sol əliylə yarasını tutub, elə bil torpağa pənah aparmaq istədi, elə bu vaxt Alfio yerdən bir ovuc qum götürüb onu rəqibinin gözlərinə atdı.

− Ah! – gözləri tutulmuş Turiddu nərə çəkdi. – Bitdi!

O, canını qurtarmaq üçün elə-belə, boş-boşuna, əl-qol ata-ata geri çəkildi, lakin Alfio özünü yetirdi, bıçağı onun qarnına soxdu, ikinci zərbəni boynundan vurdu.

Al! Bu da adımı rüsvay etdiyinə görə! İndi anan toyuqlarını unudar!

Turiddu ağacların arasıyla bir-iki addım atdı, sonra səndələyib, kökü kəsilmiş ağac kimi yerə sərildi.

Xırıldadı, ağzından qan köpükləndi. O tək bircə söz deyə bildi:

− Ah, anacan, ana!..

 

 

İtalyan dilindən tərcümə edən: Cəmşid Cəmşidov

 

 

 

Xəbər lenti