Biz imzaları yox, əsərləri dərc edirik...

Kələyini kəsmək – Niyə belə deyirik?
453
20 İyul 2018, 07:57
 Artkaspi.az ədəbi dilimizdə işlədilən, ancaq mənasının dərinliyini, kökünü bilmədiyimiz ifadələri, məcazlaşan fikirləri, "qanadlı sözləri” anlamaq baxımından olduqca böyük əhəmiyyət kəsb edən Musa Adilovun "Niyə belə deyirik” kitabından bəzi parçaları təqdim edir:
 
 Məcazi mənada: incitmək, yormaq, öldürmək, əziyyət vermək. "Kələk” sözü insan bədənində beyin ilə onurğa sütununu birləşdirən hissəni bildirmək üçün işlədilmiş, müasir dilimizdə arxaikləşmişdir. 
 Bakıda nəşr olunmuş "Kitabi-Dədə-Qorqud” əsərində (1962, səh.36) deyilir: "Oğlan böylə bıldır-bıldır gözünün yaşı rəvan oldu. Boyu uzun Burla xatun boynu ilə qulağın aldı, düşdü. Güz alması kimi al yanağın dartdı, yırtdı”.
 Burada işlənən "boynu ilə qulağın aldı, düşdü” ifadəsi anlaşılmır. Orxan Şaiq Gökyay bu hissəni belə yazır: "Boynu uzun, beli-incə Burla Hatunboynu ilə kalagin aldı, oclunu kocup düşdü. Güz alması gibi al yanağın tar dı, yırtdı”.
 

 
 Göründüyü kimi, ifadə "boynu ilə kələgin aldı..” şəklindədir. Bu isə aydındır.
 Bəzi tədqiqatçılar buradakı kalak//kələk sözünün "kürək sümüyü” olduğunu göstərirlər ki, kələyini kəsmək ifadəsi də bununla bağlıdır. 
 Buradakı "kələk” sözünün "ilik” (haramlik) ilə əlaqədar olduğu da ehtimal edilir. Kələyi kəsməklə şəxsi öldürmək mümkündür. 
 Ə.Vəliyevin "Qarabağda qalan izlər” romanında deyilir: "İbrahim bəy özü düşmən kələyi kəsmək iqtidarında deyildi. Əvvəla qorxaq idi, silahlı olsa da, üzünə götürüb ata bilmirdi. İkincisi, adam öldürüb qanlı olmaq istəmirdi. Bu səbəbdən də Vəlişlə Qorxmazın kələyini kəsmək üçün inanılmış igid gəzirdi”.
Bəzi dialektlərdə kələk sözü əkin sahəsindən toplanıb bir yerə yığılmış daş qalağını da ifadə edir. 
 Aşağıdakı bayatıda olduğu kimi:
 
 Quşum uçdu kələkdən,
 Qolum sındı biləkdən,
 Mənimki belə gəldi
 Çarxıdönmüş fələkdən.
 
 Bəzən də ifadənin birinci komponenti "kələk” yox, "kəpək” kimi işlənir. S.Rəhimovun "Şamo” romanında belə bir dialoq vardır:
 – "barı nəfəsi varmı, kəpəyi kəsilməyib ki?
 – Onu da bilmirəm, nənə!
 – Bəlkə biçarə oğlanın kəpəyi kəsilibdir, bu dünyadan köçüb gedibdir?”