Biz imzaları yox, əsərləri dərc edirik...

Keçmiş, yoxsa müasir qiraətçilik? – Sorğu
1515
23 Oktyabr 2018, 13:53
 Artkaspi.az "Keçmiş, yoxsa müasir qiraətçilik?" adlı sorğunu təqdim edir: 

 
 Poeziya həvəskarlarına, bəzən şeiri onu yazan müəllifin ifasında  qulaq asmaq xoş gəlirsə, bəzilərinin zövqü haçalanır: şeiri daha çox bədii qiraət ustalarının ifasında dinləmək istəyirlər. Müasir qiraətlə, məsələn sovet dövrünün qiraətini müqayisə edənlərin fikri də müxtəlifdir. O dövr qiraətini pafoslu, hay-küylü, şüarçılıq kimi qiymətləndirənlərlə yanaşı, sərraf qiraət kimi dəyərləndirənlər də çoxdur. Çağdaş qiraətçiliyə gəlincə, "Müasir qiraətçilik şeirlərin ruhunu ifadə edirmi?” sualı ətrafında aparılan "Müzakirə”mizdə maraqlı fikirlər ortaya çıxdı.
 
 

 Qiraət sakitləşib
 Yazar Aysel Əlizadə əvvəllər şeirlərin daha yaxşı qiraətlə oxunması fikri ilə razı deyil: "Mənə elə gəlir ki, şeirlər əvvəllər daha böyük pafosla, sovet vurğusu, şüarçı nitqlə deyilirdi”: Yəni şeir bu qədər dalaşqan formada deyilməz. Mən şeirin həmişə bu cür formada deyilməsinin əleyhinə olmuşam. Bunu da zamanla öyrənmişəm. Məktəbdə oxuyanda həmin şüarçı qiraət məktəbini bizə öyrədir, "pafoslu, vurğulu deyin, qışqırın, şeir deyəndə qollarınızı açın” deyirdilər. İndi isə şeir yağış suyunun səsi kimi həzin deyilir. Qiraət bir növ sakitləşib. Xəzər Süleymanlı, Kamran Yunis kimi qiraətçilərin şeiri ifadə etməsini çox bəyənirəm. Kamran Yunus ayrıca "Youtube”da ayrıca kanal açıb və şairlərimizin şeirlərini səsləndirir. Ola bilər, şair bir vurğunu bu sözdə deyil, başqa sözdə qoyub, amma qiraətçi onu istədiyi kimi ifadə edir – bu, ayrı məsələdir. Bir də var, şeirin bağırtı ilə səsləndirilməsi. Biz şeiri həmişə belə eşitmişik. Çağdaş qiraət isə bundan imtina edib”. A.Əlizadə bildirdi ki, şeir qiraətinin keçmiş ənənəsindən imtina etməsinin də səbəbi var: "Biz bundan özbaşına imtina etməmişik. Sovet şüarçılığından uzaqlaşandan sonra internet qiraətçiliyinə yaxınlaşdıqca, görmüşük ki, şeir o cür deyilməməlidir. Daha təmkinli və daha sakit tonda söylənməlidir. Bəlkə bağırtı ilə bir misranı söyləyib ona diqqət çəkməyə nail ola bilərsən, amma sakit, asta şəkildə bir şeirə diqqət çəkmək daha çətindir. Bir adam bir həqiqəti deyib, bərkdən qışqırır və daha çox onun qışqırığına tərəf çevrilib baxırlar. Ancaq eyni həqiqəti biri sakit söyləyir, ona uzun müddət diqqət kəsilmirlər. Şeiri sakit şəkildə çatdırmaq üçün çox peşəkar olmalısan". A.Əlizadə şeirlərin ən yaxşı qiraətçisinin mətni yazanların olması fikri ilə də razılaşmır: "Bu fikri qəbul etmirəm. Məncə şairlər öz şeirlərini deməsələr yaxşıdır. Çünki ləhcəli, səsi köklənməyən şairlər var. Onların əksəriyyəti əyalətlərdə böyüyən insanlardır. Bəzisinin danışığında dialekt, şivə var. O, şeiri həmin ləhcə ilə gözdən sala bilər. Ancaq bu, başqa məsələdir ki, şairin şeirini öz dilindən eşitmək xoş olur. Professional səviyyədə qiraətçilikdən söhbət gedirsə, şair öz şeirini yaxşı səsləndirmir. Ancaq onun nitqi, ifadə formasının aydınlığı, danışığındakı bədiyyət, ləhcəsizlik ona qiraətçi kimi ikinci bir üstünlük gətirə bilər. Bu da ayrıca bir istedaddır. Qiraətçilik bütün hallarda böyük sənətdir”.  
 
 

 
 Şeiri yazanların oxuması...
 Şair-tərcüməçi Səlim Babullaoğlu hesab edir ki, şeirlərin ən yaxşı qiraətçiləri onu yazanlardır: "Mayakovskinin məşhur bir deyimi var: Mənim şeirlərimi dişlərinizi dişlərinizə sıxıb oxuyun. Çünki mən onları dişlərimi dişlərimə sıxıb yazmışam”. Ona görə şeirləri ən gözəl, elə onu yazanlar oxuyur. Bugünkü müasir qiraətçilik isə şeirlərin ruhunu bəzən ifadə etsə də, bəzən ifadə eləmir. Adətən qiraətçilər aktyorlar olur. Əksər hallarda da aktyorlar şeiri oxumurlar, daha çox oynayırlar. Şeiri oynamaq yox, oxumaq lazımdır”. Şairin fikrincə, çox nadir hallarda qiraətçilər, aktyorlar şeirin ruhunu ifadə edə bilirlər: "Ona görə də, şeirləri elə onu yazanların oxuması daha yaxşıdır".  
 
 

 
 Şeirin dəyəri özündə olmalıdır
 Şairə Fərqanə Mehdiyeva hesab edir ki, bu gün də şeirləri rəvan səsləndirən qiraətçilərimiz var: "Məsələn, Eldost Bayram, Ağalar Bayramov və başqaları peşəkar qiraətçilərdir. Mənə elə gəlir ki, şairin şeirini heç kim özü kimi deyə bilməz. Çünki mən o şeiri necə yana-yana yazmışamsa, onun bütün incəliklərini də özüm bilirəm. Digər tərəfdən, şeir sönük olsa, bədii qiraət onu heç cür gücləndirə bilməz. Şeirin özünün çəkisi olmalıdır”. F.Mehtiyevanın fikrincə, bəzən bədii qiraətçilər zəif şeirlər səsləndirirlər: "Fikrimcə, bədii qiraət şeirə heç vaxt o ruhu və gücü verə bilməz. Sadəcə, o, şeirin texnikasına əməl edir. Ancaq şeirin dəyəri özündə olmalıdır. Məsələn, Məmməd Araz böyük şairdir. Onun şeirlərini Mikayıl Mirzə daha populyar etdi. Ancaq yenə də Mikayıl Mirzə o şeirləri səsləndirməsəydi belə, şeirlər öz təsirində qalacaqdı. Sadəcə, bədii  qiraətçilər o şeirləri yayır, efirlərdə söyləyib daha çox məşhurlaşdırırlar. Bu, onların missiyasıdır və öz vəzifələrini yerinə yetirərək qiraətlə məşğul olurlar". 
 
 

 
 Az istifadə olunan sənət növü
 Bədii qiraəti sənət növü hesab edən xalq artisti Nurəddin Mehdixanlı bildirir ki, bizim Müxlis Cənizadə, Mikayıl Mirzə, Həsən Əbluc kimi görkəmli qiraət ustalarımız olub. Daha sonra Ağalar Bayramov, Azad Şükürov, Laləzər Mustafayeva kimi bədii qiraətlə məşğul olan ustalar yetişib: "Xalq artisti İlham Əsgərov da gözəl bədii qiraət ustası idi. Onların hər birinin öz ifa tərzi, şeirə yanaşması olub. Yaxşı mənada bizdə bədii qiraət sahəsində ciddi və böyük uğurlar olub. Bu gün isə bu, bir az daha az istifadə olunan sənət növünə çevrilib. Əvvəllər bədii  qiraət gecələri keçirilirdi. İndi artıq belə gecələr də çox nadir hallarda olur. Ancaq bədii qiraət ədəbiyyatın, sözün təbliği üçün güclü vasitədir.  Yaxşı olardı ki, müasir və klassik poeziyaya nümunələrinə yenə də əvvəllər olduğu kimi qiraətlə yer verilsin. Bu, həm də poeziyanın təbliğinə kömək edər”. 
 
 

 Qiraətçinin içindəki şairlik
 Tənqidçi Vaqif Yusifli bütün şairlərin öz şeirlərini necə oxumasına diqqət yetirdiyini deyir: "Məsələn, Süleyman Rüstəm, Cabir Növruz öz şeilrini yaxşı oxuyurdular. Ramiz Rövşənə şeir oxumaqda tay ola bilməz. Zəlimxan Yaqub, Rəfiq Zəka və başqaları da gözəl şeir oxuyurdular. Bədii qiraətçilərə gəldikdə, mən Səməndər Rzayevin, Həsən Əblucun, Rasim Balayevin, Əminə Yusifqızının ifasında gözəl şeirlər eşitmişəm. Radioda veriliş aparanda yanıma aktyorlar gəlirdi. Füzulinin "Leyli və Məcnun" əsərindən parçaları səsləndirmək üçün Həsən Turabovun oxumasını xahiş etdim. O, təklifimi qəbul etdi və oxudu. Onun çox gözəl şeir oxumaq bacarığı var idi. Məhəmməd Hadinin şeirlərini Həsən Əbluc kimi oxuyan olmayıb. Əruz vəznindəki şeiri məhz əruz vəzni kimi oxumaq istedad tələb edir. Mikayıl Mirzənin qiraət üçün fərqli səsi vardı. Yadımdadır ki, Filarmoniyada keçirilən Məmməd Araz gecəsində o, şairin "Ayağa dür, Azərbaycan!” şeirini səsləndirdi. Bu, çağırış kimi səsləndi və insanların hamısı ayağa qalxdı”. Vaqif Yusifli deyir ki, klassik poeziya nümunələri oxumaqda özünün də pis qiraətçi olmadığı haqqında fikirlər səslənir: "Mən əruzu bir az bildiyimdən, şeirləri əruzda olan kimi səsləndirirəm. Amma təbii ki, qiraətçi deyiləm”. Tənqidçi hesab edir ki, bu gün də yaxşı qiraətçilər var: "Ancaq elə şairlər də var ki, öz şeirlərini yaxşı oxuya bilmirlər. Elə qiraətçilər də var ki, Nəsimidən, Füzulidən, Xətaidən, Nəbatidən şeir oxuyanda, əruzu bilmədikləri üçün pis alınır. Ona görə də hər adamı qiraətçi hesab etmək olmaz. Qiraətçinin içində də bir şairlik gizlənməlidir. Qiraətçi şeiri duyan adam olmalıdır".   
 
 

 
 Nə elə pis deyil, nə də... 
 Şair Vasif Süleymanın fikrincə, bu suala birmənalı şəkildə cavab vermək bir az çətindir: "Heç də həmişə deyilən olmur. Çünki bədii qiraətçidə gözəl səs, yaxşı yaddaş olmalıdır. Bir də baxır, qiraətçi kimdir, poeziyanı nə qədər sevir və ümumilikdə poeziyaya nə qədər yaxındır. Əgər şeirdə dünyada yaxşı olmayan hər şeyə etiraz edilirsə, qiraətçi də səsi ilə, qiraət etmə bacarığı ilə bunu ifadə etməlidir. Məsələn, mən hörmətli Ağalar Bayramovun qiraət sənətinə sevgi ilə yanaşıram. Çünki o, şeirin müəllifinin kim olmasından asılı olmayaraq, əvvəl şeirin ruhunu içində yaşayır, sonra dinləyicisinə təqdim edir”. V.Süleymanın fikrincə, əgər şeirin müəllifinin özünün qiraət ustalığı varsa, o, şeirin ruhunu dinləyicisinə daha yaxşı çatdıra bilir: "Ümumilikdə yanaşanda müasir qiraətdə şeirin ruhunun ifadəsini belə xarakterizə etmək olar: nə elə pis deyil, nə də yaxşı getmir”.
 
 Təranə Məhərrəmova