Biz imzaları yox, əsərləri dərc edirik...

Kaş sənin anan olardım, Ata – Kəmalə Umudova yazır
478
01 İyun 2020, 11:35
 Artkaspi.az saytı Kəmalə Umudovanın "Kaş  sənin anan olardım, Ata!” adlı yazısını təqdim edir:
 
 Hər anın bir hökmü var, deyirlər. Bir an var ki, onun hökmü bir ömürə, ömürlərdən ötüb qərinələrə, ordan da lap dünyanın əvvəli ilə axırını birləşdirən bir nöqtəyə yönəlir. Orda əbədiyyətə qovuşur. 1 iyun həmişə yaddaşımda buraxılış siniflərinin imtahan verdiyi gün kimi qalır. 1 iyun həmişə uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. 1 iyun artıq dördüncü on ildir ki, məni özünə yaxınlaşmağa qoymur. Mən ondan qorxuram,  o da məndən. Bir də o gün heç vaxt  bu gün olmayacaq. Qəribədir ki, bu gün olsa da, elə o gündür. O  günün bir çox sonuncu dəfələri var. Məsələn, o gün  atam son dəfə anamı arzuladı.  O günün ilkləri də var. Məsələn, İlk dəfə anam atamsız evinə dönürdü məktəbdən. İlk dəfə idi onu təmkinsiz, qərarsız görürdüm. İlk dəfə idi ki, o saçlarını yolub, üzünü cızırdı. Qədim yunanlarda adət imiş, oxudum bu yaxınlarda. Dərd anamı alıb aparmışdı insan ruhunun beşiyinə...  

 Siz ölümlərə inanmayın, mənim kimi. Siz Atanıza baxıb bütün qızların xoşbəxt olacağına da inanmayın, mənim kimi. Çünki Atanız dünyadan köçəndə, o ümid sizi ilk olaraq tərk edəcək.  Siz Atanızın anası olduğunuzu hiss edəndə, həm mənim kimi, həm də şair Fikrət Sadığın qızı Aysel xanım  kimi, bunu dilə gətirməkdən çəkinməyin. Bu günlərdə bir yazısının başlığına gözüm sataşdı: ”Sənin anan olmaq istəyirəm, Ata!” Mən bilirəm, bu necə olur. "Kaş sənin anan olardım, Ata, sənin qayğını çəkərdim” istəyi yuxularımdan süzülüb gələn yazılarımın birində lap çoxdan durur. Bunu yəqin Yaradanın da Ata ruhuna sahib olduğunu bilən bütün torpaq qəlbli qızlar bilir. Torpağında rahat uyu, Ata! O doğma torpağının sənin ruhunu necə oxşadığından əminəm. O torpağın anaları səni necə ağlamışdılar: 
 Yetimin ürəyində yağ olmaz,
 Yetimin baxtı dağ olmaz,
 Əzəldən yetim qalan,
 Sonradan pərvaz olmaz.
  Anasız böyüyən, sevgi görməyən insanda  bu qədər sevgi hardan idi... Başı sığal görməmişdi, bəs  yetimlərin başına sığal çəkməyi kimdən öyrənmişdi... Bolluq görməməişdi, bəs bu qədər gözü-könlü toxluğu hardan öyrənmişdi. Biz adətən həyatda bütün hadisələri real dünyanın özü ilə ölçürük. Nəticəni səbəblə dəyərləndiririk. Səbəbsiz, şərtsiz olan heç nəyi qəbul etmirik. Bu qorxuludur, çünki biz buna alışmamışıq. Amma dünyamıza başqa aləmlərdən gələn insanlar var. Başqa aləmlərin varlığını bu dünyada  bizə göstərən, qeyri-şərtsiz Allah sevgisinə  azacıq da olsa dünyanın özünü yaxınlaşdıran insanlar var. Allah özünü bəndəsində zühur edər bu yolla. Allahın gülüstan bağçasında bağban Atam! Zühurun mübarək!  
 Yuxularımda həyat səninlə başlayır. Qorxularım səninlə bitir. Ümidlərim səninlə yenlənir. Yuxularımda yaşayan Ata.  Yuxularım ki mənimdir. Orda səni əlimdən heç  kim ala bilmir.  Ehh, onlar nə bilsinlər ki, səni  harda gizlətmişəm! O bağların meyvələrini mən görmüşəm. Sənin cənnət bağlarının. Bu dünyada elə ağaclar bitməz, elə meyvələr yetişməz. Könlünə, bəxtinə cənnət boyda pay düşən Atam! Səninlə bu gün Atalarına ana olmaq istəyən bütün  torpaq qəlbli türk qızlarının adından söhbət etdim. Bütün yalanların gözünün içinə sevginlə baxdım... Yalan utandı, amma başımı aşağı əyən mən oldum... Olsun, mənim səbəb və nəticə hesabım Atamın misalında həllini çoxdan tapmışdır. Yol zamanın əleyhnə işləmir. İkisi də bərabər gedir. Zamanın o yolu kəsmək ehtimalı yoxdur. Qapılar həmişə səmaya açılır...