Biz imzaları yox, əsərləri dərc edirik...

“Karantin günləri” poetik silsilə – Sevinc Elsevərin şeirləri
473
05 Aprel 2020, 11:11
Artkaspi.az saytı Sevinc Elsevərin Karonovirusla bağlı "Karantin günləri” poetik silsiləsindən olan şeirləri təqdim edir:
 
 Karonovirus testi
 
İndi nə vaxtdı 
atalar, analar
gecələr uşaqlarını yatağa salanda
oxuduqları kitabları 
dedikləri laylaları yarıda kəsirlər
"indi də gəl nəfəstutma oyunu oynayaq 
görək kim daha çox nəfəsini tuta biləcək?” – deyə 
oyuna dəvət edirlər uşaqlarını
sonra həyəcanla ölçürlər 
körpələrinin ciyərlərinin havasızlığa dayanıqlığını
gözlərindəki
ürəklərindəki qorxunu gizlətməyə 
yarım ovuc dənə
bir qurtum suya  gəlmiş xırdaca 
sərçəcikləri  ürkütməməyə çalışaraq...
 
 
 
Karonavirusla mübarizə
 
nahar fasiləsi üçün 
daldaya çəkiləndə 
əlindəki yaraları
çapıqları göynədir spirt
tikintidə işləyən fəhlənin
imanı-dini yandıqca 
yanıb tökülür həyatının çətin keçməyinə
indi həmişəkindən çox salır ürəyinə
dalında bir kimsənin durmamağını
ta uşaqlıqdan 
arxasız qalmağını
gözünü açandan 
həyatda qalmaq üçün mübarizə aparmağını.
 
                                                                     
kompüterlə  arama qoydum
kaktusu
nəzər saldım qurbanıma kədərlə
rəhm hissi bıçaq kimi kəsib doğradı qəlbimi...
 
***
 
özüylə gətirdiyi çantaları
mühafizəçi polisin nəzarəti altında 
marketlərin girişindəki siyirmələrə
qoymalı olan 
vicdanlı adamlar
özlərini yaxşı hiss etməzlər buna görə
əlacları olsa qapısından girməzlər
gəlməzlər 
onlara etimad göstərilməyən yerə
 
***
 
yuxuya gedənə qədər
əlimdən tutur körpə balam
güvəndə hiss edir  özünü
arın-arxayın yuxuya gedir
mən də əlim Allahın ətəyində
yuxulayıram
o balaca  uşaq kimi 
                                                                  
Kartofun günahı
 
 
bəhrəsini insandan gizləyib
torpağın altında qoruyan bitkilərə qarşı
daha qəddar davrandı insan
köklərindən qoparıb 
köklərini yedi onların.
qızardılmış kartof dilimlərini 
çəngələ keçirə-keçirə düşünürəm:
bu gözəllikdə dadı insandan gizləmək də günahdı...  
 
 

Bayram şamları
                                                              
bayram axşamlarında yeyib-içib
doyandan sonra
Novruz xonçasının ətrafına 
rəngbərəng 
şamlar düzərdi  böyüklər
toplaşardıq masanın başına 
böyüklərlə bərabər
biz uşaqlar
bir oyun oynayardı böyüklər 
deyə-gülə
zarafatlaşaraq
biz də durardıq tamaşasına
dirəşərdik,
bizi də qoşardılar oyuna
bir şam yandırardılar 
hərəmizin adına
yallı gedərdi xonçanın ətrafında 
kövrək alov dilləri
bəzən toqquşardı şamların alovları qədəhlər kimi
gah bir-birinə sarı əyilərdilər  səcdə edənlər kimi
deyərdilər 
kimin şamı nə qədər dözsə
nə qədər yansa
ömrü də o qədərdi...
uşaq ürəyimiz əsərdi
şamımızı göz bəbəyi kimi qorumağa çalışardıq
nəfəsimizi içimizə çəkərdik
iki ovcumuzla bağlayardıq ağzımızı bərk-bərk
ondan sonra pıqqıldaşardıq...
o qədər çox
o qədər çox
yaşamağa həvəsliydik
yaşamaq təşnəsiydik!
 
şamı ən gec sönənlər  sevincini 
gizləyə bilməzdi
şamı tez sönənlər zarafata salıb gülərdi...
uşaqlardan birinin şamı tez sönərsə
böyüklərdən kimsə yalan deyərdi:
"o şam mənimdi, mənimdi
niyə deyirsən sənindi?”
şam  yarışında 
şamı ən gec sönənlər 
yoxdular, yoxdular indi
ömür yarışını uduzdular
qəlbimizdə kədər oldular
bir vaxtlar xonçaların kənarına tökülən isti ərintilər
indi  ürəyimizə axmaqda
onları xatırlarkən...
  
***
 
sevdiyim şairlərin
ən kədərli şeirlərini paylaşdım profilimdə  bu gün 
başqa dillərlə anlatmağa çalışdım dərdlərimi
sevimli şairlərin arxasına sığınaraq... 
balaca uşaq böyük adamın arxasına sığınan kimi
 

 
***
 
hirsi soyumasa da
ürəyi dağa döndü atanın 
əlindən alıb şifonerin başına qoyduğu topu
icazəsiz götürəndə oğul balası
 
keçən il bu vaxtı stulun üstünə çıxıb
barmaqlarının ucuna qalxsa belə 
boyu çatmırdı.
daha  barmaqlarının ucuna belə qalxmırdı