Biz imzaları yox, əsərləri dərc edirik...

Kameraların obyektivini insani dəyərlərə çevirmək Əsgər Fərhadinin “Oskar” çıxışının mətni
856
28 Fevral 2017, 09:25
  Dünya şöhrətli iranlı rejissor Əsgər Fərhadi ikinci dəfə Oskar mükafatını qazanmaqla adını Federiko Fellini, Ernest İnqmar Berqman və Vittoio De Sikanın adları sırasına yazdırdı. O, xarici film nominasiyası üzrə iki dəfə Oskar mükafatını qazanan rejissorlardan biridir.
 
 
 
  "Satıcı” filmi təqdim olunan nominasiya üzrə bütün rəqiblərini geridə qoyaraq, ona film sahəsində ən ali mükafatı təkrar qazandırdı. Lakin iranlı rejissor özü istisna edilsə belə, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın müsəlmanların ABŞ-a girişini qadağan edən qanununa etiraz əlaməti olaraq mərasimə qatılmayıb. Mükafat Fərhadinin mərasimdəki nümayəndələri  məşhur iranlı kosmonavt Ənuşe Ənsari və NASA-nın iranəslli alimi Firuz Maykl Nadiriyə təqdim edilib. İlk Oskar mükafatını 2012-ci ildə "Ayrılıq” filmilə qazanan Əsgər Fərhadinin çıxışını həmyerlisi Ənuşe Ənsarı səsləndirib. Artkaspi.az  Əsgər Fərhadinin çıxış mətnini təqdim edir: 
 
  "Bu dəyərli mükafatı ikinci dəfə almağım böyük iftixardır. Mən Akademiya üzvlərinə, filmin yaradıcı heyətinə, tərtibçi Aleksandr Male Giyə, yayımçılar "Kohen Media”ya və "Amazon”a dərin təşəkkürlərimi bildirirəm. Mən həmçinin xarici film nominasiyası üzrə yarışan digər namizədlərə də dəstəyə görə minnətdaram. Təəssüf edirəm ki, bu gün sizinlə birgə deyiləm. Mən öz xalqım və qeyri-insani qanunlarla Amerikaya girişinə qadağa qoyulan digər altı ölkənin mühacirlərinə görə mərasimə gəlmədim.
 
 
 
  Dünyamızın ifratçı siyasətçiləri tərəfindən "biz” və "bizə düşmən olanlar” kateqoriyasına bölünməsi qorxuya səbəb olur. Bu qorxu zorakılıqlar və müharibələr üçün yalançı bəhanədir. Müharibələr həmişə işğala məruz qalan ölkələrdə demokratiya və insan haqlarının bərpasına böyük bir maneə olub. Kinomatoqraflar kameraların obyektivini ortaq insani dəyərlərə çevirməklə müxtəlif millətlərin, din və məzhəblər yaratdığı stereotipləri  sındıra, onun ardınca dünya xalqlarının həmrəyliyini təmin edə bilərlər. Bizim bu gün mərhəmətə, dərdlərimizi bölüşməyə hər zamankından daha çox ehtiyacımız var”. 
 
  Fars dilindən tərcümə edən: Ariz Tarverdiyev