Lüdmila Yevgeniya
Ulitskaya
Lüdmila
Ulitskaya – rus yazıçısı, tərcüməçi və ssenaristi (1943-cü il, Başqırd
MSSR) "Ruskiy Buker” (2001), "Bolşaya
kniqa” (2007, 2016) və s. mükafatının laureatı, 21 kitab müəllifidir. Əsərləri dünyanın 25-dən çox dilinə tərcümə
olunub. İctimai xadim, "Seçicilər liqası”nın təsisçisidir.

Kağız qələbə
Günəş
palçıqdan qaralmış rəngli dən-dən qarı
əridəndən sonra çirkli suyun üzündə qış boyu məişət tullantıları – hər cürə
cırcındır, sür-sümük, sınıq şüşə üzməyə başladı. Havaya qalxan qoxulardan ən
şirini, ən təbiisi – torpağın bahar qoxusu idi. Genya Pirapletçikov həyətə
çıxdı. Onun soyadı elə naqolay yazılırdı ki, oxumağı öyrənəndən sonra bu soyadı özünə təhqir kimi qəbul edirdi.
Bundan
başqa, uşaqlığından bəri ayaqlarında problemi vardı və o, qəribə yerişlə, sanki
tullana-tullana gəzirdi.
Bundan
başqa, burnu həmişə tutulurdu və məcburən ağzıyla nəfəs almalı olurdu.
Dodaqları quruduğundan, tez-tez onları yalayırdı.
Bundan
başqa, onun atası da yox idi. Uşaqların yarısının atası yox idi. Lakin o biri
uşaqlardan fərqli olaraq Genya "atam müharibədə
həlak olub” da deyə bilmirdi. Çünki onun, ümumiyyətlə, atası yox idi. Və
bütün bunların toplamından Genya çox kədərli və bədbəxt olurdu.
Beləliklə,
Genya qış-yaz xəstəliklərindən bir balaca sağalmış vəziyyətdə, başında qalın
yun papaq və boğazına dolanmış yaşıl şərflə həyətə çıxdı.
Günəşin
altında gəzişəndə çox isti olurdu. Balaca qızlar uzun corablarını kolbasa kimi burub
topuqlarına qədər salmışdılar. Yeddinci mənzildə yaşayan yaşlı xala qız
nəvəsinin köməyilə stulunu pəncərəsinin altına düşürmüş və orda günəşin altında
oturmuşdu.
Hava
da, torpaq da – hər şey sanki dopdolu idi, xüsusən lüt ağaclar elə bil indicə
xoşbəxtcəsinə yarpaq-yarpaq açılacaqdılar.
Genya
həyətin ortasında dayanıb, heyranlıqla göyün səsinə qulaq asır, kömbəcə pişiksə
ehtiyatla pəncəsini nəm torpağa vurub
həyətin o biri tərəfinə keçirdi.
Birinci
palçıq topası pişiklə Genyanın düz ortasına düşdü. Pişik yığılaraq özünü geri
atdı. Genya diksindi və yerə dəyən palçıq onun üzünə sıçradı. İkinci topa
kürəyindən tutdu. Üçüncünü isə gözləmədi, evlərinin qapısına doğru qaçdı. Onun
arxasınca da uşaqların əldəqayırma şeiri eşidildi:
–
Genka axsayan, burnu hey axan!
O,
geri çevrildi: palçığı atan Kolka Klükvin, qışqıran isə qızlar idi. Onların da
arxasında bunun səbəbkarı – əlaltısı olmayan hər kəsə düşmən kəsilən, cəld və
qorxmaz Jenka Aytır idi.
Genya
evlərinin qapısına tərəf atılır. Həmin vaxtda onun nənəsi – qulağının dibində
həmişəyaşıl, mavi güllər olan, şlyapalı, xırdasümüklü qadın pilləkənlərlə aşağı
düşürdü. Onlar Miusski bağına getməyə hazırlaşırdılar. Qadının çiynində Parıltılı kəhrəba gözləri olan sürtülmüş ölü
tülkü vardı.
...
Axşam yaşıl arakəsmənin o biri üzündə şirin-şirin yuxuda xoruldayan bir vaxtda
anasıyla nənəsi masa ətrafında oturmuşdular.
–
Niyə? Niyə axı həmişə onu incidirlər? –
axır ki, nənə dilə gəldi.
– Məncə, onları Genyanın ad gününə qonaq
çağırmaq lazımdır, – anası cavab verdi.
–
Dəli olmusan, nədi? – nənəsi narahat oldu, – onlar adi uşaq deyil e, dəhşət
şuluqdurlar.
–
Mən başqa əlac görmürəm, – anası qanıqara şəkildə cavab verdi. – Şirniyyat
bişirmək, yaxşıca bir uşaq bayramı
hazırlamaq lazımdır.
–
Onlar çox şuluq və oğrudurlar. Bütün evi
dağıdacaqlar, – nənəsi narazılıq elədi.
–
Oğurlanası nəyinsə var ki? – anası soruşdu.
Qoca
susdu.
–
Sənin köhnə çəkmələrin heç kimə lazım deyil.
–
Çəkmələrimin bura nə dəxli var ki?.. – nənə dərindən köks ötürür. – Oğlana
yazığım gəlir.
İki
həftə keçdi. Bahar fəsli gəldi. Palçıq da qurudu. Zibillənmiş həyətə yamyaşıl ot sərildi.
Həyətin sakinləri nə qədər istəsələr də
həyəti zibilləyə bilmədilər. Daha həyət yaşıl və tərtəmiz qalırdı.
Uşaqlar
səhərdən axşamacan həyətdə ortadaqaldı oynayırdılar. Hasarlar oynayan uşaqların
tabaşir və ya kömürlə qoyduğu işarələrlə doldu.
Genya
artıq üç həftəydi ki, məktəbə gedirdi. Anasıyla nənəsi bir-birlərinə
baxırdılar. İnanclı olan nənəsi onu gözə gətirməkdən qorxaraq çiynindən arxaya
tüpürürdü: adətən, xəstəlikləri arasındakı fasilələr cəmi bir həftə çəkirdi.
Nənə
nəvəsini məktəbə yola salır, dərsin sonunda isə məktəb vestibülündə gözləyirdi.
Boynuna yaşıl şərfi dolayır, əlindən tutub evə aparırdı.
Ad
günü ərəfəsində anası Genyaya onun üçün əsl bayram, əsl ad günü təşkil
edəcəyini bildirdi.
–
Sinif yoldaşlarından da, məhlə uşaqlarından da kimi istəsən dəvət elə, – anası
dedi.
–
Mən heç kimi dəvət etmək istəmirəm. Lazım deyil, ana, – Genya xahiş etdi.
–
Lazımdı, – anası qısa cavab verdi və qaşlarının tərpənişindən Genya başa düşdü
ki, bunda yaxa qurtara bilməyəcək.
Axşamtərəfi
anası həyətə çıxdı və özü uşaqları sabahkı qonaqlığa dəvət etdi. Bütün uşaqlı
ayrı-seçkilik salmadan çağırdı. Lakin Aytıra ayrıca müraciət etdi:
–
Jenya, sən də gələrsən.
Jenya elə soyuq baxışlarla baxdı ki, o əsəbiləşdi.
–
Nədi ki? Gələrəm, – Aytır sakitcə cavab verdi.
Və
anası xəmir yoğurmağa getdi.
Genya
sönük baxışlarla otağa nəzər yetirdi. Onu ən çox parıltılı qara piano sıxırdı,
beləsindən yəqin ki, heç kimin evində yox idi. Kitab rəfi, dolabda not
dəftərlərinin olmağı yenə də bağışlanan
idi. Lakin Bethoven, Bethovenin bu pis maskası! Çox güman ki, kimsə mütləq
soruşacaqdı: "Bu sənin babandır? Bəlkə, atandır?”
Genya
nənəsindən maskanı çıxarmağı xahiş etdi. Nənəsi təəccübləndi:
–
Sənə niyə mane olur ki? – Onu ananın müəlliməsi hədiyyə etmişdi... – Və nənə
onun çoxdan əzbər bildiyi hekayəni – anasının necə istedadlı pyanoçu olduğunu
və müharibə olmasaydı, mütləq konservatoriyanı da bitirəcəyi haqqında hekayəni
danışdı...
Saat
dördə açılmış masanın üstündə böyük şorba qabında xırda doğranmış veneqret,
siyənək balığıyla qızardılmış çörək və düyülü pirojkilər düzülmüşdü.
Genya
pəncərənin qarşısında arxası masaya oturub və bir azdan onların evinə doluşacaq
səs-küylü, şən, şuluq və düşmən uşaqları düşünməməyə çalışırdı... Kənardan
özünün ən çox sevdiyi işlə – qəzetdən yelkənli qayıq düzəltməklə məşğulmuş kimi
görünürdü.
O,
bu kağız sənətinin böyük ustası idi.
Ömrünün çox günlərini Genya yataqda keçirmişdi. Payızın zökəmli, qışın
anginalı və yazın soyuqdəyməli günlərini kağız parçalarını səbirlə
qatlaya-qatlaya ötürmüşdü. Və əlinin altında həmişə mavi-boz rəngli zürafə
şəkli olan kitab olurdu. Kitabın adı da "Xoşbəxt saat” idi. Onu M.Herşenzon adlı müdrik, sehrbaz, çox yaxşı insan olan bir
müəllif yazmışdı. O dahi müəllim, Genya da elə dahi şagird idi. O, bu kağız
oyununda inanılmaz dərəcədə istedadlı olduğundan elə şeylər düzəldirdi ki,
Herşenzon onları heç yuxusunda belə görməmişdi...
Genya
əlində hələ ki tam hazır olmayan qayığı fırladır və qonaqları gözləyirdi. Onlar
hamısı birlikdə düz saat dörddə gəldilər. Ağbəniz bacılar bir dəstə sarı
zəncirotu gülü gətirsə də, o birilər hədiyyəsiz gəlmişdilər.
Hamı
yan-yana masa ətrafında əyləşdi. Anası hamının stəkanına özü hazırladığı içində
qəhvəyi albalılar olan qazlı su süzərək dedi:
–
Gəlin Genyanın sağlığına içək, bu gün onun doğum günüdür.
Hamı
stəkanını qaldırdı, bir-birinə vurdu, anası isə fırlanan kətilə oturaraq pianoda
"Türk marşı”nı ifa etməyə başladı. Ağbəniz bacılar onun klavişlərin üzərində
rəqs edən əllərinə heyranlıqla baxırdılar. Balaca qızın üzündə sanki bu dəqiqə
ağlayacaqmış kimi qəribə bir həyəcan da hiss olunurdu.
Aytır
oturub sakitcə veneqretlə pirojki yeyirdi. Nənə, adətən, Genya üçün narahat
olduğu kimi, uşaqlardan hər biri üçün narahat olur, yanlarına yaxınlaşıb
baxırdı.
Anası
Şubertin mahnılarını ifa edirdi. Bu çox qəribə bir mənzərə idi: süfrədəkilərdən
yeyə-yeyə, susqun şəkildə oturan pis geyinmiş, lakin əl-üzü təmiz, saçları
daranmış on doqquz uşaq və piano arxasında oturub klavişlərdən xəfif melodiya
səsləndirən arıq bir qadın.
Ovucları
tərləmiş ad günü sahibi gözlərini boşqaba dikmişdi. Musiqi bitdi.
–
Genyeçka, – birdən-birə nənəsi şirin səslə dedi, – bəlkə, sən də nəsə ifa
edəsən?
Anası
nənəyə həyəcanla baxdı. Genyanın ürəyi az qalmışdı dayana: hamının ondan axmaq
soyadına görə, tullanan yerişinə, uzun şərfinə və gəzməyə bir yerdə çıxdığı
nənəsinə görə zəhləsi gedirdi. İndi onların qarşısında piano ifa etmək!!!
Anası
onun rənginin qaçdığını gördü və onu xilas etdi:
–
Başqa bir vaxt... Genya başqa bir vaxt ifa edər sizin üçün.
Bobrova
Valka şübhəylə və bir az da heyrətlə soruşdu:
–
O bacarır ki?
...Anası
şirin piroq gətirdi. Fincanlara çay süzüldü. Dairəvi vazda istənilən cür konfet
vardı – yumru, kağıza bükülmüş, karamel və s. Kolka basıb yeyir, hələ cibinə də
bir neçəsini dürtüşdürməyə imkan tapmışdı. Bacılarsa sovurma konfet yeyir və əvvəlcədən daha sonra
hansı konfetdən yeyəcəklərini deyirdilər. Bobrova Valka dizinin üstündə gümüşü falqanı sığallayırdı.
Aytırsa çox utanmazcasına otağı gözdən keçirirdi. Gözlərini bərəldə-bərəldə
baxırdı və axır ki, maskaya işarə edərək soruşdu:
–
Muss xala! Bu kimdi? Puşkindi?
Ana
gülümsündü və mehribancasına cavab verdi:
–
Bu Bethovendir, Jenya. Belə bir alman bəstəkarı vardı. O kar olsa da, çox gözəl
musiqilər bəstələyirdi.
–
Alman? – Aytır maraqla soruşdu.
Ana
Bethovenə qarşı olan şübhələri aradan
qaldırmağa çalışdı.
–
O, lap çoxdan ölüb. Yüz ildən çoxdur. Faşizmdən çox əvvəl.
Nənə
artıq bu maskanı Muss xalaya müəlliminin hədiyyə verdiyini danışmaq istəyirdi
ki, ana nənənyə tərs-tərs baxdı və o da dərhal susdu.
–
İstəsəniz sizin üçün Bethovendən bir əsər ifa edərəm, – Ana dedi.
–
İfa edin, – Aytır razılıq verdi. Və ana yenidən kətili qabağa çəkib əyləşdi,
Genyanın sevdiyi əsəri ifa etməyə başladı.
Vazda
konfetlər artıq bitsə də, uşaqların hamısı sakitcə, səbrlə oturub dinləyirdi.
Bayaqdan Genyanı narahat edən gərginlik artıq onu buraxmışdı. Və hətta üzündə
bir azca qürur hissi də duyulurdu: Bethovendən əsər ifa edən onun anası idi. Və
heç kim gülmürdü. Hamı dinləyir və cəld ora-bura qaçan əlləri seyr edirdi. Ana
ifanı bitirdi.
–
Hə, bu qədər musiqi kifayət edər daha. Gəlin oynayaq. Siz hansı oyunu sevirsiz?
–
Kart oynamaq olar, – Kolyunya sadəlövhcəsinə dedi.
–
Gəlin fant oyunu oynayaq, – ana dedi.
Heç
kim bu oyunu bilmirdi. Aytır pəncərənin qabağında tamamlanmamış gəmini
oynadırdı. Ana oyunun qaydalarını izah etdi və məlum oldu ki, heç kimdə heç nə yoxdur.
Bircə mürəkkəb hörüyü olan Lilkanın cibində darağı vardı. O da itirmək
qorxusundan onu heç kimə vermək istəmirdi.
Aytır gəmini masanın üstünə qoyaraq dedi?
–
Bu, qoy mənim olsun.
Genya
onu özünə tərəf çəkdi və bir neçə hərəkətlə yarımçıq qalan işini tamamladı.
–
Genya, qızlar üçün də nəsə düzəlt, – ana dedi və stolun üstünə qəzetlə iki ədəd
qalın kağız qoydu. Genya kağızı götürdü...

Oğlanların
qırxılmış, qızların da sıx hörülmüş başları masanın üzərinə əyildi. Qayıq...
gəmi... yelkənli gəmi... stəkan... köynək... qab...
Düzəltdiyi
əşyada sonuncu qatı salan kimi növbədə olan əl dərhal onu göydə qapırdı.
–
Mənimçün də... mənimçün də düzəlt!
–
Sənin üçün artıq düzəldib. Vicdansız! İndi mənim növbəmdir!
–
Genyaçka, zəhmət olmasa mənimçün stəkan düzəlt!
–
Genyaçka, mənimçünsə adam düzəlt.
Oyun
hamının yadından çıxdı. Genya cəld hərəkətlərlə qatlayır, tikiş yerlərini
sığallayır, sonra yenidən qatlayır, küncləri düzəldirdi. Adam... köynək...
it...
Hamı
əlini ona sarı uzadır, o da düzəltdiyi "kağız möcüzələri” onlara paylayırdı.
Hamı sevinir, hamı ona təşəkkür edirdi. Özü də fərqinə varmadan cibindən yaylıq
çıxartdı, burnunu sildi və heç kim də buna qətiyyən fikir vermədi. Heç o özü də
buna diqqət yetirmədi.
Bu
cür hissi o ancaq yuxuda yaşamışdı. O, çox xoşbəxt idi. Heç bir qorxu, düşmənlik,
narahatlıq hissi keçirmirdi. Uşaqlardan heç nəyiylə əskik deyildi. Hətta belə
deyək, onlar Genyanın özünün də heç bir əhəmiyyət vermədiyi bu mənasız
istedadına heyrət edirdilər. O, sanki ilk dəfəydi uşaqların üzünü görürdü.
Onlar çox xoş idilər. Və qətiyyən də pis
deyildilər...
Aytır
pəncərənin qabağında dayanıb əlində qəzet vərəqini fırladırdı. Genyanın düzəltdiyi
gəmini açıb yenidən düzəltməyə çalışırdı. Alınmadı və o Genyaya yaxınlaşaraq
əlini çiyninə qoydu. İlk dəfə olaraq öz adıyla müraciət edərək xahiş etdi:
–
Genya, bir bura bax görüm, bəs sonra nə etməliyəm?
Ana
qab yuyurdu, sevinir və göz yaşları axırdı.
Xoşbəxt
oğlan hamıya kağız oyuncaqlar
paylayırdı.
Rus
dilindən tərcümə etdi: Xanım Aydın