Biz imzaları yox, əsərləri dərc edirik...

İzlər – Bahəddin Salmanın hekayəsi
225
25 Sentyabr 2020, 13:05
Artkaspi.az saytı Bahəddin Salmanın "İzlər” adlı hekayəsini təqdim edir:
                                                                                   
Şəhərin mərkəzi küçələrindən birində  üçmərtəbəli  binada xarici dil kursu açılmışdı. Pula  ehtiyacı olan bir neçə tələbə qəpik-quruş qarşılığında kursun reklam kağızlarını küçədən keçənlərə paylamaq və mənzillərin qapılarından asmaq üçün şəhərə səpələnmişdilər. Birini çıxmaqla tələbələrin hamısı həmin gün dostlaşdılar. Oğlanlar qızlara bəzi jestlər edərək əsl centlmen olduqlarını sübuta yetirməyə çalışırdılar. Hamı bu işi ikilikdə, yaxud qrup şəklində eləsə də, on səkkiz yaşlı bir oğlan şəhərin ən kənar küçələrində təkbaşına yerinə yetirmək qərarına gəldi.
- İşə bax, hamıdan gizlənirəm! Yemək yeyəndə o yöndəmsiz xalam qızının da məndən iyrəndiyini hiss edirəm. Anasıgil kənddən qayıtsaydı, cəhənnəm olub gedərdi. Hamıdan gizlənmək istiyirəm! Özü də elə yerdə ki, orda çoxlu yeyib-içmək olsun, girim ora, birdə üzümdəki sızanaqlar yox olanda çıxım! - öz-özünə astadan deyinərək, ilk gördüyü binanın dəhlizinə daxil oldu. Ən yuxarı mərtəbədən başlamağı qərara alıb, liftin düyməsini basdı. Qapı açılanda içi köhnə,düymələri kir kəsmiş lift ilə üzbəüzüydü. Doqquz düyməsini basdı və tərəddüdlə liftin köhnəlmiş taxta divarlarına, döşəməsinə baxıb –"Ey qoca lift, onsuzda bəxtim gətirmir, bir zərbədə sən vurub, məni köhnəlmiş içində tutub saxlama. Əgər səndə məni on il doyuracaq qədər yeyib-içmək olsa və onlar xarab olmasa, rahatlıqla burda qalmağa razılıq verərdim.Kəsəsi, ağıllı ol, məni doqquzuncu mərtəbəyə qaldır!  Başqa heç bir hərəkətə ehtiyac yoxdur!” – düşündü.
   Lift yuxarı qalxdıqca beyinə işləyən əcayib səslər çıxarırdı. Bir dəqiqə keçməmiş ən yuxarı mərtəbəyə çatanda – "Sən lap can verirmişsən ki! – deyə, rişxəndlə liftin içinə göz gəzdirdi və qapıdan çıxdı. Əlini çiyninə asdığı çantanın içinə salıb, fərqli rənglərdə dizayn edilmiş iki reklam kağızı çıxardı və  sağ qapıya yaxınlaşıb,onlardan birini tutacağa kobudluqla ilişdirdi. Tutacaqdan çıxan səsə məhəl verməyib – "Zibilə qalsın belə işi!” - deyə donquldanıb, sol qapıya tərəf addımladı. Bu qapıyla da eyni "nəzakətlə” davranıb, aşağı mərtəbəyə düşdü. Nədənsə bu dəfə sol qapıdan başlamaq istədi. Ətrafa göz gəzdirib, çantasından çoxlu reklam kağızı çıxardı. Qapıya sarı çevriləndə tutacağın üstündə gördükləri  ona qəribə gəldi. Tutacaqdan bir-birindən fərqli, böyük və kiçik ölçüdəçoxlu reklam kağızı asılmışdı. Bunlar məişət avadanlıqları satan mağazalar və bir neçə dönər restoranının idi. Qırmızı rəngli dəmir qapının yuxarısını hörümçək toru basmış, üstü isə ağ cızıqlarla doluydu. Oğlanın beynində xəyal, düşüncə qovhaqovu başladı.
-Deyəsən, burda çoxdandır heç kim yaşamır. Görəsən, evin  sahibi hardadır?!” – barmağını tutacağa asılmış kağızlara toxundurub,düşünməyə davam etdi. - Bəlkə də,bunlar burda çoxdan asılıblar. Yox əşi, belə kağızlar şəhərə təzə dəb düşüb. Yox,yox, yəqin keçən il asılanlardır! – deyə dodaqlarını təəccüb hissi ilə büzüb,dərindən nəfəs aldı. - Nə girib burda yaşayardım! Yiyəsiz, hamıdan kənar,gizlin bir ev!” - Tutacaqdan yapışıb,onu bir neçə dəfə aşağı-yuxarı tərpətdi.
- Kaş,qapını bağlamağı yaddan çıxardaydılar! Görəsən, içində yeməyə nəsə var? Bu nə gic-gic danışıqdı?!Evdə yaşayan yoxdursa, yemək hardan olsun?!- deyə düşünüb, sonraxəyallara qapıldı - evin neçə otaq olması, divar kağızlarının və əşyaların rəngi,  hamamın tualetlə bir yerdə olub-olmaması, eyvanlarınsayı, çarpayının  yeri, soyuq qış gecələri bu evdə tək qalacağı, yorğanın altına girib,lazerin  kiçik, parlaq işığını divarda sağa-sola qaçıracağı, Böyük Vətən müharibəsi ilə bağlı  filmlər izləyəcəyi barədə…  Bütün bu düşüncələrin,xəyalların sonunda ağlına başqa bir fikirdə gəldi.Evin sahibinə məktub yazımaq.
Pilləkəndə oturdu. Çantasını dizinin, reklam kağızını isə çantanın üstünə qoyub, onun arxasına bu sözləri yazdı.
-Siz bu gün diqqətimi hədsiz dərəcədə çəkən evinizə nə vaxtsa qayıdanda, mən,yəqin ki, yeniyetməlik dövrünün  sızanaq adlı düşmənindən canımı qurtarmış olacam. Sağ olun. 
Arxasına məktub yazdığıkağızı tutacağa ilişdirdi.
 
 

- Heç kim yoxdu. Cəhənnəm olub gedim evə. Sabah deyərəm ki, kağızların hamısını payladım. Heç bir dənəsi də qalmadı.” - düşündü və özüdə səbəbini bilmədən qapıya möhkəmbir yumruq vurdu.  Qonşuların səsə çıxacağındanehtiyatlanaraq  pilləkənləriqoşa-qoşa qalxıb, liftin düyməsini cəld basdı. Lift hələ də bayaq dayandığı mərtəbədə idi.Qapı açılan kimiözünü təngənəfəs içəri salıb, 1 düyməsini basdı. Liftin içinə göz gəzdirib, əzgin bir halda  "Həəə, qoca kişi, məni tez aşağı sal, amma mən ölüm az əs! - dedi.
***
Yatağında sağa-sola fırlanan adam, göz qapaqlarını israrla qapalı saxlayıb – "Darıxma, zəhrimara qalmış harda olsa, gəlib çıxacaq!” deyə düşünür, gözlərindən yuxu umurdu. Axşamdan bir neçə dəfə yuxuya getmiş, amma eşidilən hər səsin təsiri ilə oyanmışdı. Bayaqdan evin dəhlizindən xırda səslər eşitsə də, yatmağa həvəsi olduğundan buna məhəl qoymurdu.Səsin sahibi çöl qapının ağzındakı zibil vedrəsini eşələyib, yerə aşıran və dörd gündür dəhlizi özünə sığınacaq edən çöl pişiyi idi.Az sonra səskəsildi, lakin bir-iki dəqiqə keçmədi ki, küçədən evin içinə soxulan zəhlətökən qəfil ciyilti səsləri eşidildi. Binanın ən yuxarı mərtəbələrinə qədər yayılan ciyilti səslərindən qəribə inadkarlıq duyulurdu. 
- Yox, belə çıxır mən yatmağa layiq görülmədim!- deyə cəld sıçrayışla çarpayıdan qalxıb, eyvana qaçdı. Məhəllənin arxasındakı parkda, təxminən üç yaşındaolan uşağı yelləncəkdə yelləyən yaşlı, cüssəlikişini tərs-tərs süzəndən sonra sağ əlini bir diktator kimi irəli uzadıbqəzəblə bağırdı:
- Eey! Ay insan!
Səsin hardan gəldiyini bilməyən kişi, doqquzmərtəbəli binanın eyvanlarını gözdən keçirnədən sonra səsin sahibini tapıb, sualedici nəzərlə ona zilləndi.
- Bəlkə, uşağı aşağı salıb özün yellənəsən?! - eyvandakı soruşdu.
- Necə?
- Zəhrimar necə! Deyəsən, qulaqların kardır! Yelləncəkdən çıxan səsi eşitmirsən?!
- Eşitməyinə eşidirəm, amma neyniyim?!
- Neyniyəsən?! –yaşlı adamınözündənrazı cavabından daha da qəzəblənərək  soruşdu.
- Hə, neyniyim?!
- Gözlə bu saat deyəcəm! 
İri, əsəbi addımlarla mətbəxə yollanıb, ağızınacan duru yağla dolu plastik qabı masanın üstündən qapdı və eyvana qayıtdı:
- Götür, dəmirin paslanmış yerlərini yağla! -dedi və qabı düz kişinin ayağının ayağının altına tolazladı.
Qoca, qabın başına düşəcəyindən qorxub iki-üç addım gerilədi və boynunu sağ çiyni üstə əydi.Qab asfalta dəyən kimi içindəki yağın çoxu yelləncəyin böyrü-başı və kişinin şalvarının balaqlarına sıçradı.O,içində yağ qalmış qabı təpiklə vurub,ağaclardan birinin dibinə saldı.Yelləncəkdə irəli-geri hərəkət edən uşaq nəzarətsiz qaldığından üzüüstə asfalta yıxıldı. İztirab dolu ağlayış səsləri məhəlləni başına aldı. Kişi uşağın zədələnib-zədələnmədiyini yoxlayır, onun gözyaşlarını nəvazişlə silir, bir yandanda eyvana baxıb qarğışlar, söyüşlər yağdırır, şəhadət barmağının hərəkətiylə hədələyirdi.
-Şərəfsiz!!! - kişi hiddətlə bağırdı.
-Qoy ağlasın!Ağ ciyərlərinə xeyirdi!
-Sənə də mənim yumruğum xeyrli olar, əclaf!Kişisən düş aşağı!
-Sən canın?!  Cəhənnəm ol ə! – soyuqqanlılıqla deyibqələbə ab-havasıyla öz otağına qayıdıb, çarpayısının sol yanında divara bərkidilmiş güzgüdəki əksinə baxdı və heyvani bir sevinclə qəhqəhə çəkdi. Bir addım irəli atıb, güzgüylə ən yaxın məsafədə dayandı. Arxaya yaslanan seyrək, yenicə ağarmağa başlayan saçlarını,qızarmış gözlərinin altını, azacıq tüklənmiş, ordan-burdan çopur görünən üzünü, xətt şəklində saxladığı nazik bığını diqqətlə süzdükdən sonra – "Bir gün hamınız yoxa çıxacaqsınız, amma onda bu heç vecimədə olmuyacaq, elə indidə deyil! - pıçıltıyla dedi.Güzgünün aşağısında,  qalın tozla örtülmüş kamoda, bulaşıq döşəmə və divarlara, pəncərədən asılmış jalüzdən sallanan hörümçək torlarına,çarpayının üstündəki saralmış mələfələrə göz gəzdirib-"Mənim evim elə bu gündə olmalıdı,başqa cür olması heç məni maraqlandırmır da!-pıçıltılı səslə dedi və əllərini dizlərinə dayayıb,yerə oturdu.Sonra fəryad çəkib ağladı. Qəfil ağlamaq səsi kəsildi.Bu elə ani baş verdi ki, sanki obir neçə saniyəliyə artislik etmişdi. Ayağa qalxdı. Ovuclarıyla göz yaşlarını silmək istəsədə- "Bəs, onda ağlamağın nə mənası oldu?!” – deyə pıçıldadıqdan sonra əlinin dalıyla burnunu silib,hamama getdi. Suyu açıb, diş məcununu fırçaya yaxdı. Üzündə get-gedə qurumağa başlayan göz yaşlarını güzgüdə diqqətlə süzərək, dişlərini təmizlədi. Hər səhər belə olurdu. Ağlayırdı və sonda canına hopan məmnunluq hissiylə özünü rahatlamış sayırdı. Ağzını yaxalayıb,başını krantdan axan soyuq suyun altına tutdu.Sonra özü üçün səhərin ən yorucu işi sayılan zərurətdən canını qurtardığını düşünüb,dəsmalı boynuna doladı və burnunu çəkə-çəkə mətbəxə keçdi.Soyuducudan iki  yumurta çıxardı. Yumurtanı bişirməyə tava lazımıydı,amma qablar,qazanlar, bir sözlə, yeməkzamanı istifadə olunan bütün əşyalarhamısı çirkli halda krantın altına qalaqlanmışdı. O, qabları eşələyib-eşələyib,nəhayət, lap altdan  içində yağ donmuş tavanı çıxardı və sobanın üstünə qoydu. Və yalnız indi yadına düşdü ki, yağı bayaq çölə fırıldadıb. Gözünü qıyıb, pəncərənin toz bağlayan şüşəsindən yağınhara düşdüyünəbaxmağa başladı. Qabağacın dibindəydi. Kişiylə uşaqdan isə əsər qalmamışdı.
 - Görəsən, içində azda olsa, bir şey qalıbmı? Bəlkə, aşağı düşüb götürüm?! Özüdə yağı dünən təzə almışdım.Şərəfsiz! O yağ ən çox  bir ay bəs eləyəcəkdi. Əşi, cəhənnəm olsun! - deyə  düşünüb, bu qərara gəldi ki, yumurtanı günlərdir çirkli qalan tavanın dibindəki donmuş yağın üstünə vursun.
 - Öz çirkli qabımdan iyrənəsi deyiləm! - deyə pıçıldayıb özünə bəraət qazandırdı. Öz adına bu cür haqq qazandırmalar ona həmişə cüzi də olsa, qəribə bir qüvvət gətirirdi.
Yumurta hazır oldu. Başını yumruğuyla əzdiyi soğanı, qaxaca dönməyə az qalmış iki tikə çörəyi ona əlavə edib yeməyini ayaq üstəcə bitirdi. Tavanın dibini siyirmək üçün sona bir tikə çörək saxlamışdı.O çörəklə tavanın dibini elə siyirdiki, baxsaydın "tava təmizdir” deyərdin. Elə özü də buna bənzər düşüncəylə tavanı gözlərinə yaxın tutub -Yaxşıdır.Daha bunu yumağa ehtiyac qalmadı. –dedi, onu  kobudluqla bayaqkı çirkli qabların üstünə tulladı. Bərk səs-küy qopdu. Bəlkədə, altda qalan boşqablardan bəziləri sındı. Üzünü çirkli qablara tutub, işarə barmağınıirəli uzatdı:
 - Siz onu bərk qısqandınız, hə? Deyim biləsiz, paxıllıq pis şeydir. Darıxmayın, hamınızı onun kimi təmiz edəcəm.Səbrli olun!
 Qəhqəhə çəkərək siqaret götürmək üçün otağa doğru getdi və təkrar mətbəxə qayıdıb, pəncərəni açdı.Ümumiyyətlə, onun xöşbəxtliyi ilə bədbəxtliyi arasında elədə böyük pauzalar yaranmırdı.Siqaretini yandırıb,dirsəklərini pəncərənin altlığına söykədi və əsnəyib,ətrafı süzməyə başladı. Hava bərk küləkli,göyün üzü tutqunuydu. Məhəllənin arxa tərəfində,əncir ağacının altındakı oturacaqda qalın geyinmiş yaşlı qadın əllərini çəliyinə dayayıb əyləşmişdi.Əsən külək arabir qadının çəliyini sağa-sola dartışdırırdı.Onu bir az süzdükdən sonra  – Bu heç də qəribə deyil,heç vecimədə deyil, bu lap normal işdir. Neyniyəsən? Belədir! Vaxtı çatanda təbiət söykəndiyin çomağı da barmaqlayır!- deyə düşünüb qımışdı vəgözlərini qadından çəkib, pəncərənin qabağında iki-iki, üç-üç uçuşan,üstləri boz rəngə, başları və qanadları qaraya çalan qarğaları izləməyə girişdi. Onlar gah binanın ön tərəfinə doğru uçub gözdən itir, gahda yenidən pəncərəyə tərəf dönərək,qarıldaşırdılar.
 
 

  O, siqareti barmaqlarının ucunda sıxıb, var gücüylə qarğalara tərəf fırlatdı. Külək siqaretin kötüyünü əvvəl sağa, sonra sola, sonra da yuxarı qaldırıb, yerə saldı. Bu hərəkət qarğaların səs-küyünün artmasına, bir-birilərinin üstünə şığımalarına səbəb oldu. Ev yiyəsi baş verənləri izləyib, kefcil tərzdə gülür – Ah… ha… ha… ha… bu necə axmaqcasına xöşbəxtlikdir!-deyib əllərini bir-birinə çırpıb şaqqanaq gülürdü. Qarğaların hamısı qəfil gözdən itdi.Sonraqarğalardan biri qarıldıyaraq binanın sağ tərəfindən şığıyıb, pəncərənin yanından  dövrə vurub, yenidən gəldiyi tərəfə uçdu. O tez başını içəri salıb, mətbəxə göz gəzdirdi.Gözünə dəyən ilk şey çəkələkləri oldu.Onların bir tayını əlinə alıb,pəncərəyə doğru yaxın uçmaq istəyən qarğaya tuşladı və oyun oynayırmış kimi çəkələyi ondan bir azca kənara fırlatdı.Qarğa bu hərəkətdən ürküb, qarıldayaraq ən yuxarı mərtəbədəki eyvanlardan birinin paltar ipinə qondu. O kefi açılmış halda şitəngi baxışlarla onun hara uçduğunu öyrənməyə çalışırdı ki, bərkdən qarıldayan başqa bir qarğanın qabaq tərəfdən özünə sarı uçduğunu gördü. Əgər özünü döşəməyə atmasaydı, bəlkə də, qarğa dimdiyi ilə onun gözünü oyub,sonraevə girəcəkdi. Mətbəxdən dar dəhlizə keçən quş təlaşa qapıldığından çöl qapıya çırpılıb, yerə düşdü və sonra qanad çırpıb, qarıldıyaraq otağa girdi. Nə baş verdiyini anlamayan ev yiyəsi döşəmədən qalxıb, çəkələyin tək qalan tayını götürdü və təngnəfəs halda gözlərini bərəldib, dəhlizə boylandı.
-Deyəsən bu həyasızla məzələnməli deyildim. Bəlkə, heç həmin qarğa deyil?! Zəhrimara qalmışları, axı, bir-birindən ayırmaq olur ki?!-deyə ağır addımlarla irəliləyib,qarğanın harda olduğunu öyrənməyə çalışdı. Onu dəhlizdə tapmayıb, ehtiyatla otağa boylandı. Qarğa çarpayı ilə üzbəüz olan paltar dolabının başında  dayanıb, ağır nəzərlərlə divara baxırdı. O əvvəl əlində möhkəmcə tutduğu çəkələyi bu çağırılmamış qonağa tərəf atmaq istəsə də, sonra fikrindən yayındı. Hər ikisi bir qədər təəccüblə  baxışdıqdan sonra ev yiyəsi qarğanın sakitliyindən rahatlıq duyub,məqsədli şəkildəaynaya tərəf addımladı. Biclik yağan baxışlarını aynaya zilləyib, arxasında dayanan canlının ona diqqət yetirmədikdə təcavüzkarlıq edib-etməyəcəyini bilmək istəyirdi. Hər şeyin yaxşı olduğu qənaətinə gəlib,çarpayısına uzandı. Lakin quşun nə edəcəyini bilmədiyindən bunu bir qədər ehtiyatla etdi.
  Bir saat keçmişdi. Hələdə dolabın başında dayanan qarğa bolluca siqaret dumanına qərq olmuş evin içində  buludların arasındaymış kimi görünürdü. Nikotin, qətran dolu tüstünün onu birtəhər etməsi, ara-sıra qarıldamasından, qanadlarını çırpmasından aydın hiss olunurdu.
   Pivə şüşəsinin başlığını çənəsinə dayamış ev sahibi bir saat ərzində diqqətlə izlədiyi qarğaya səssizcə tamaşa etməyəson verdi: 
- Bəlkə, bir az söhbət edək? - deyə pıçıltıyla dilləndi və çarpayıdan astaca qalxıb, aynanın qabağına keçdi. Ayağının birini götürüb, digərini qoyan qarğanı aynada oğrun baxışlarla süzüb üzünü cəld ona tərəf çevirdi.
- Mənə çox qəribə gəlir ki, siz quşlar dəstələnib göydə uçanda bir-birinizi tanıya bilirsiz? Maraqlıdır, yerə sözləşib enirsiz? Göy yaxşıdı, yoxsa yer?Necə,necə?Sən suala sualnan cavab verirsən?! – deyə paltar dolabına yaxınlaşdı,  küncə qonmuş qarğanın açıq tünd rəngli caynaqlarını diqqətlə süzdü, otağın ortasına tərəf addımlayıb dayandı və söhbətinə davam etdi:
- Soruşursan evim yaxşıdı, yoxsa küçə? Lap elə yaxşı edib soruşursan! Evim!!! - Son sözü qəfil əllərini bir-birinə çırpıb elə bərkdən dedi ki, qarğa bundan ürküb, qarıldadı və susdu. - Nədir inanmırsan?Vallah, billah, evim yaxşıdı! Mənim öz dünyam var dostum!-əllərini geniş açdı. -Həmin dünya bax buradır,bir saatdır mat-mat baxdığın bu balaca mənzil…Mən gün ərzində öz dünyamdan bircə dəfə kənara çıxıram, oda siqaret,içki,çörək,  birdə yeməyə bəzi şeylər almaq üçün.Elə vaxtlar olur ki,bu dünyamı gün ərzində heç bir dəfədətərk etmirəm.Necə?Nə dedin? İşləyirəm, ya yox? Əlbəttə, yox.Hansısa eşşəyin əlinin altında işləməyə hövsələm çatmaz…Hamı kobudlaşıb,elə mən də. Nəsə,atadan qalma - barmağıyla işarə verdi-kiçik,lap kiçik-boğazını arıtladı-yeddi kvadratlıq dəmir budkam var. Ayaqqabı ustasına vermişən.Hədiyyə kimi yoxe,kirayə. Çox yox, ayı 220 manata. Cəhənnəm,  qoy işləsin! - Kamodun üstündən siqaret qutusunu, külqabını götürüb, təkrar çarpayısına uzandı.Külqabını qarnının üstünə qoyub,siqaret yandırdı. – Ustanın üç uşağı var. Tanıyanlar deyirarvadı lap ömür yeyəndir. Bədbəxtin haçan yanına getsən, görəcəksən ki, öz- özünə danışır. "Axı, bu mənim nəyimə lazımıydı” deyib durur.Yəqin o dikbaş arvadını,zəli kimi qanını sümürən uşaqlarını dolandıra bilmir. İki-üç dəfə kirayə pulunu gecikdirmək istəyib, amma buna qəti icazə verməmişəm.Axı,mənə də pul lazımdır! Hamı onun halına acıyır, amma mənim heç vecimədə deyil! Evlənməyəydi, ya da boşansın! - Qarğa  iki dəfə oyan-bu yana hərəkət edib,gəlib dolabıntən ortasında dayandı. - Nə?Deyəsən, sənində başın xarab oluba, qarğa? Mən özümdən başqa heç kimi düşünə bilmərəm. Hal-hazırki zaman belə tələb edir. Birdəki mən Allah deyiləm ki, hamını düşünəm. Hərənin öz işi var. Elə Allahında!
 Anidən gözlərin bərəldib,bədənini dikəldərək-Dayan,dayan, de görüm, sən xanımsan, yoxsa bəy? – deyə lağlağı təbəssümlə qarğaya baxdı və qəhqəhə çəkib güldü: -Ha,ha,ha,ha,elə ən yaxşısı budur ki, sənə qarğa deyim!Ax, qarğa, necə xoşbəxt yaradılmısan.Hamının arzusu olduğu yüksəklərdə uçursan, dimdiyinə keçən hər nə zibil olsa,yeyirsən. Nə pul qazanmaq,nə də şərəfli,vicdanlı həyat yaşamaq problemin var. Özüdə deyirlər sizlər yaman uzunömürlü olursunuza! Necə? Evliyəm, ya yox? Yaman hər şeyə maraq göstərirsəna!  Hə bir vaxt olmuşam? Mənnən burda yaşayıb. Yox, uşağımız yoxuydu. Hardadır? Cəhənnəmin dibində! Nə? -qəzəblə başını qabağa əydi. –Birdə təkrarla?! - səsini qaldırdı və yan tərəfindəki yastığı qəzəblə qarğaya atdı. Yastıqpaltar dolabının yuxarısına dəyib döşəməyə düşdü. Qarğa bir dəfə qarıldayıb,ayaqlarını yüngülcə tərpətməklə kifayətləndi.
 - Qulaq as, axmaq,elə şeylər var, gərək onları dilə ehtiyatla gətirəsən!-işarə barmağıyla hədə-qorxu gəldi və çarpayıdan qalxdı,  əllərini qulaqlarına sıxıb bir dəqiqəyə yaxın otaqda var-gəl etdi. Sonra kürəyini çarpayının solundakı divara söykədi və sürtünərək yerə oturdu…Qollarını dizlərinə dayayıb, gözlərini qırmızı rəngli taxta döşəməyə zillədi və təmkinlə dedi:
 - Bilirsən nə var, dostum? Mən qadınları ölüyə oxşadıram. Bədənlərini basdırandan sonra həyatından çıxdıqlarını düşünürsən. Amma  onlar bu dəfə ruh olub, başqa yüksəkliklərdə gözə görünmədən,sonsuz inamla, arzularına çatmış kimi yenidən doğulurlar. Onların təkrar, özüdə mənən daha güclü dirilmələri əslinə qalanda biz kişiləri çox qorxudur.Saysız çətinliklərin təsirindən gözləri açılmış qadın ətrafına daha diqqətlə baxır, kişinin ona daddırdığı zülmləri bu dəfə qoxusundan tanıyır!Seçir,seçir,seçir! Özü üçün ənyaxşı yox, ən əla bildiyi birini tapır, tapmayanda da, kişiyə xas bütün məsuliyyətləri darda gəlsə, əyninə geyib, "kişi kimi qadınam” deyib həyatına davam edir. Mən onların iki halına da nifrət edirəm! Mənim keçmiş arvadım ikinci təbəqədəndir!Amma onunla bağlı heç nə vecimə də deyil! Bir halda ki, biz ayrılmışıq! Gözlərini eyvanın pəncərəsinə zilləyib, sakit tərzdə dedi və qəti hərəkətlə ayağa qalxıb,otaqda var-gəl etməyə başladı. 
Az sonra kamodun siyirməsini açıb, qara rəngdə sap götürdü. Üzünü güzgüyə yaxın tutub, sapla dişini təmizləməyə girişdi. Arada diqqətlə qarğaya baxır, elə bil, danışmağa yeni mövzu axtarırdı. Sapı dişlərinin arasında gəzdirdikcə sifətinin hər tərəfi qırışlara qərq olur, obu qırışlarda bir məna tapmağa çalışırdı. Hər qırışı ayrıca maraqla süzür,hansının daha eybəcər, hansının xoş təsir bağışlayan olduğunu bilməyə çalışır, əgər ömrü çatsa, otuz il sonra üzünün nə qədər dəyişəcəyi, qocalıq qırışlarınınona yaraşıb-yarşmıyacağını təsəvvür etmək istəyirdi. Bu vaxt sap diş ətini yüngülcə yaraladı. Alt çənəsini irəli uzadıb,sifətini büzdü: Zibilə qalasan! – deyə qaşqabağını salladı. Tələsik hamama gedib krantı açdı. Ancaq su əvəzinə borudan qəribə hava səsləri gəldi.Əlini bərkdən krantın dəmir lüləyinə vurub, əlüzyuyana dayadı. Başını  güzgüyə yaxın tutub,öz əksinə zilləndi: - Cibimdəki iki manatın yiyəsi gəlib çıxdı! – düşündü və unitazın yanındakı qara rəngli aftafanı götürüb, dibində qalan azacıq suyla əlini yaxaladıqdan sonra otağa qayıtdı, çarpayının yanında yerə oturdu. 
 - Su kəsilib.Cibimdə ikicə manat pul qalmışdı, indi onu gərək suya xərcləyim.Pulun qurtardısa, təklik lap qorxunc olur! Ən çox görmək istədiyim bir Allah, bir də çoxlu puldur!Ondan sonra hər şeyi görməyə nə var ki?!Həyatda sənə yaxın olan heç kimin yoxdursa, hər gün hər şeyin üstünə aşdığını hiss edirsən. Bilirsən dəli şeytan indi qulaqlarıma nə pıçıldadı? "Sat xarabavı,rədd oluzaqlara”.Bu, əslində, heçdə pis fikir deyil.Eşidirsən, qarğa? Bu evdə yaşamış doğmalarımın xatirələri mənə hər gün eyni sözü deyir”. Sən tənhasan,sən tənhasan,sən tənhasan!!!Tənhalıqgecələr yuxudan dik atılıb, belimidaraqla qaşıyacaq qədər uzun saçlıdır! Onun saçları çox pırtlaşıqdır!!!-gözlərini bir-birinə sürtdüyü əllərindən ayırmadan sakitcə davam etdi:
- Hər dəfə şeytanın pıçıltılarından sonra mən yır-yığış edib həqiqətən getməyi bacarmasamda,gözlərimi  yumub,hər şeydən xəyalən uzaqlaşmağa çalışıram. Bax,bir azdan necə uzaqlaşacağımı səndə görəcəksən. Çünkü şeytan bu dəqiqə təkrar-təkrar  pıçıldayır:"Sat xarabavı, rədd ol uzaqlara”.
- Başın xarab olub nədi? Mən bu saniyə xarabanı necə satım? Əl çək!Mən həmişəki kimi edəcəm!!! -əllərini kimisə qovalayarcasına yelləyib dedi. Sanki evin içində gəzən biri varmışcasına dəli nəzərlər ilətəqribən bir dəqiqə ətrafı süzdü, sonra  gözlərini yumub, qollarını qulaqlarına söykədi vəayaqlarını dəli kimi əsdirərəksöhbətinə davam etdi:
- Hə, mən artıq hər gün getdiyim o dünyadayam!
Gözlərində başqa bir şəhər canlandırmışdı. Bu hansı şəhəriydi, onu heç özüdə bilmirdi. Qaranlıq küçədəydi. Küçənin hər iki tərəfində ikimərtəbəli göy rəngli binalar vardı. Binaların eyvanlarında yanan işıqlar plitə döşəmələrdə özünün xəfif əksini tapırdı. Özündən savayı burda heç kim yoxuydu.O üzərində heç bir marka yazılmıyan pivə dolu dəmir qabı barmaqlarının ucunda yelləyərək ətrafa baxdığını xəyal etdi. Hər gün xəyalında canlanan, "Möcüzəli varlıq” adı verdiyi şəxsin və yaratdığı digər obrazların dilindən suallar verib, həmin sualları cavablandırmağa başladı:
-Ey,küçənin axrına qədər gedib, sola burul, sonrada sağa. - Möcüzəli Varlığın səsiylə dedi. - Sənə doğru gələn uzun boylu,sarışın oğlana yaxınlaş və ona öz dilində de ki, "Bağışlayın mən azmışam.Burdan qaldığım yerə necə gedə bilərəm?”
- Mən bunu ona artıq demişəm!
- Gördün o sənin dilini bilmədiyi üçün başını bulayıb getdi. Səni anlamadığı üçün sevindin, hə? 
- Hə, mən çox sevinirəm!
- Təzə doğulan körpənin nə istədiyini böyüklər bilmədikləri kimi,o da səni anlamadığı üçün sevindin. Məgər dillərini anlamadığın və səni anlamayan diyarda yenidən hər şeyə baslamaq öz arzun deyildi?! Ala, buda sənə o diyar! Qədrimi gec biləssən!!! Sevinclə ətrafına boylan. Boylan,boylan, nə durmusan?!Küçənin ağzından sarı rəngdə sənə doğru yaxınlaşan şeyi görürsən?
- Hə görürəm. Bu nədi?!
- Axmaq, qəti qorxmuyasan ha! Bu, qadındır. Dikdabanların səsini eşitmirsən?! O sarı da paltarının rəngidir. Eşidirsən?Bir gör o necə həzin-həzin ağlayır. 
- Hə,hə, o ağlayır…
- Sənə doğru yaxınlaşır, onun hər yerinə diqqət kəsil. Belə gözəllik görmüsən? Sən onun qısa ətəyindən aşağıda dizlərindən parıltıyla süzülən qanın məsum rəngini görürsən?  Yaxınlaş, yaxınlaş! Bu gözəlçənin adı Culiyadır. Ovuclarının istisindən ilıqlaşmış pivənin, axı, sənə nə xeyri?! Köynəyini çıxarıb, onu pivəylə yaşla!-o xəyalında belə də edirdi. -Hə, bax, belə. İndi isə ona nəzakətlə yaxınlaşıb, qabağında əyil, pivəylə islatdığın ağ köynəyinlə dizlərinin qanını sil! Heç bir intim məqsəd güdmədən qanıyan yarasının üstündən öp. İndi onu təəccüblə, sevinclə sənə necə baxdığını görürsənmi?! Hələ bir sərin dodaqlarıyla alnından öpməyinə bax onun.
- Axx,  bu ləzzətdir!
 O sənin adını soruşur və sən gördüyün kimi heçnə anlamırsan! 
- Yox anlamıram!
- O gör necə məsum gülür ? Hə səndə öz dilində danış. Görürsən, oanlamadığı üçün də səngülürsən.
- O çox fərqli gülür, axı.  Necə gülməyim?
- Bu lap körpə uşağa göstərilən nəvazişə bənzədi. Bu gözəllə get,get! Ürəyinə sərinlik səpəntanımadığın yad şəhərin küçələrinəsəhərin işığı bulaşanacan qollarını onun ətəyinə,qollarına toxunduraraq  get. Bax, bu daldalıqda ayaq saxlayıb, onunla uzun-uzun öpüş.Bax, belə! Dilini bilmədiyin qadının dodaqlarında keçmiş iztirablarının,əzablarının, bədbin düşüncələrinin necə əridiyini,qovulduğunu hiss edirsən?!- Bütün bunlar onun xəyalında elə sürətlə baş verirdi ki, bu real həyatda mümkün ola bilməzdi. 
- Qətiyyən bu qadının dilini öyrənib,onu tanımağa çalışmağı ağlına belə gətirmə. Çünki əsl fəlakət insan öz qarşısındakı şəxsi tanıdıqda baş tutur.Hə, indi sən onun anlından öpüb, cəld qaçmalısan. 
- Görmürsən ləzzətlə öpüşürük?!
- Axmaq, dediklərimi eşit! Nə durmusan,öpüşməyi dayandır və qaç.
- Bu dəqiqə!
- Hə qaç! Qaç,qaç,qaç! Bax, belə. Onun qışqırıb nələrsə deməsinə fikir vermə! 
-Axı, o ağlayıb məni çağırır?!
- Onsuzda sən onun nə dediyini başa düşmürsən.Burda dayan! Ey dayan!Önündəki qəsrə bax.Onun yeddi əsrlik tarixi var. Şəhər əhalisi indiyə kimi onun bir daşınıda yeniləməyib. 
- Ey qarğa,bura necə də, möhtəşəmdir! Dördkünc qala daşlarının kənar xətləriçox maraqlı görünür. Onlariçində qanı donmuş damarlarkimi qara rəngdədir- deyə gözlərini açmadan xəyal dünyasından qarğaya səsləndi: 
- Budur Möcüzəli varlıq məndən qəsrin aşağısında ovulan daşı görüb-görmədiyimi soruşur.Mən ona cavab verməliyəm."Hə, görürəm,görürəm, Möcüzəli varlıq !” - o elə yüsəsəksəslə dedi ki, bu qarğanın ürküb qanad çırpmasına,qarıldamasına səbəb oldu.
-Sus, axmaq qarğa! Sənin qanadların ola bilər,uçabilərsən, amma mənim ruhumun indicə qalxdığı yüksəkliklərə qalxmağa gücün  çatmaz. Möcüzəli varlıq ona qoyduğum addan yəqin xöşbəxtdir. Bir gör o necə şadyanalıqla qəhqəhə çəkir!!! Ay bunu görüm zibilə qalsın, axı, sən onun dediklərini eşidə bilmərsən.Eybi yox, qoy, mən təsvir edim.O eynən belə gülüb danışır,"Ha,ha,ha,ha,ha,ha,ha həyat beynimizdədir. Ölənlər,tərk edib gedənlər,ötmüş zaman,gələcək zaman haqqında təsəvvürlər, ayağınız dəymədiyi yerlər, sahib olub-olmadığınız hər şey,hər şey beyninizdədir, ha,ha,ha,ha,ha!!!” İndi mən ondan soruşuram,diqqətlə qulaq as!
 - Ey, bir de görək qəsrin ən aşağısında,ayaqlarımın ucundakı ovulmuş  daşı mənə nəyəgörə işarə verdin? Yan-yana düzülmüş minlərlə daşın içində onu dəqiqliklə necə görə bilirsən? Sən, doğrudanda, əsl möcüzəli varlıqsan! Necə? "Eşidirsən, qarğa?-Qismən səsini aşağı saldı. -O istyəyir ki, mən ayağımla o daşa tez-tez vurum. 
- Axı, nəyə görə? -baştutan xəyali haqq-hesablardan həzz alıb,qışqıraraq  təkrar soruşdu.
- Vur deyirəm! – o elə uca səslə parodiya etdiki, öz səsinə qulaqları cingildədi və bundan bir qədər xoşhal oldu.
- Bu saat!Bu saat mən dediyiniz kimi edirəm, əziz Möcüzəli varlıq!- sevin dedi və gözlərini açmadan sağ ayağıyla çarpayının sol, çürümüş  yanına zərbələr endirməyə başladı. Az sonra zərbələrinsəsi, öz səsi, bütün bunlardan ürkən qarğanın qarıltı səsləri hamısı bir-birinə qarışdı.
- Mən vururam! Vururam! Vururam! -taxtadan cıqqıltı səsləri gəldi. O isə bunu xəyalındakı qəsr daşının  qırılması kimi qəbul edirdi.
- Aha! Deyəsən, o yavaş-yavaş qırılır!Aha o qırıldı! – beləcə, bu dəfə taxtadan daha kobud cırıltı səsi çıxdı.
-İndi onun üstündə, yan-yörəsində olan beş-altı daşı da təpiklə! -  yenə xəyali şəxsin səsini canlandıraraq dedi.
-Ha,ha,ha,bu saat! Deyəsən, biz qəsri dağıdırıq! Hə al,al,al, səni zibilə qalasan!-deyəndə otaqdan daha güclü çırtıltı səsləri eşidildi və ardınca nəsə tappıltı ilə döşəməyə dəydi. Qarğanın qarıltısı şiddətlənməyə başladı.
Növbəti zərbədə ayağı boşa çıxdı. Qarıltı səslərinə məhəl qoymayıb, sevinclə qışqırdı: -Mən dediyini elədim,elədim! 
Xəyali danışıqların bu yerində çiyninə nəyinsə toxunduğunu hiss etdi.Ona toxunan qarğa idi.Xəyalında isə ona dəyənfutbol topuidi. Bu top yerə çırpılaraq uzaqlaşdı və qəsrin qabağında, ağ butsu, göy rəngli "puma” corabları, göy şortik və köynək geymiş, təxminən səkkiz-doqquz  yaşlarında bir oğlanın ayağına dəyib  dayandı. Bu oğlan onunuşaqlığı idi.
- Ey, sən neynirsən? -təəcüblə o uşaqdan soruşdu.
- Tanımadığın adamlara inanma, anaməsəbiləşəcək! -uşaq səsiylə özü-özünə cavab verdi.Bu vaxt bütün bədənini buxovlayan bir səs eşitdi.  O səs ki, onun sahibini dəfələrlə xəyal dünyasının içinə dartmağa çalışmış, amma bu baş tutmamışdı. Onun səs tembriylə danışmağa cəhd etmiş, lakin süni alınmışdı. 
- Özünüdə,bizidə, niyə üzürsən?! Bəlkə, azca toxtayasan?!- deyə bir səs eşidib, boynunu sağa çevirəndə qəsrin önündə dayanıb sualedici,kövrək nəzərlərlə ona baxan anasını gördü.
- Ana, bu sənsən?- köks ötürüb ağlamağa başladı.– Ah,mənim dünyam!!!Sən haralardan gəldin?!Ahh, mən səni qəbrə qoyanda ağappaq kəfəninin üstünə darışan o həşəratları hələdə yadımdan çıxara bilmirəm. Qəbrini torpaqlayanda onların sənin bədəninə darışacağına inanmaq istəmirdim. Düzünü de,onlar səni didibparçaladılar, hə? Ahh!Bax, beləağır hisslərə görə hər şeydən qaçmaq,hər şeyi unutmaq istəyirəm, ana!Sən nə yaxşı gəldin?!Mən səni heç cür bu sakit,gizli dünyama gətirə bilmirdim.Bax,mən özümə xəyallar dünyası qurmuşam! Uşaqlıqda oynadığım evcik-evcik oyunu hansı xəyallara qulluq edirdisə, burda da belədir!Burdaad verdiyim,həyatımda üzünü görmədiyim adamlar yaratmışam. Onlarmənim istəyimlə hərəkət edirlər. Onların yerinə özüm danışıram. Bax; uşaqlıq halımda burdadır. Onu da xəyali dünyamın içinə qatmışam. Hələ sən bir mənim möcüzəli varlığımı görəsən. Yox,yox, sən onu görə bilmiyəcəksən. Mən onu görünməz eləmişəm. Bu qəsrin içində tarix yatır. Mən hər gün bura gəlirəm.Özüdə işi elə qururamki, guya hər dəfə bura birinci dəfədir ki, gəlirəm. Mən, əslində, qəsrin içindəkilərdən xəbərdaram.Əsrlər öncə onun içində yaşayış olub, adamlar ölüb, qəhrəmanlar savaşıb. Mən gələcəyə yox, doğmalarımın izi olmayankeçmişə qaçmağı xəyal edirəm.O keçmişədağıtdığım bu yerdən girməliyəm. Çünkü onun qapıları daşla hörülüb.Bu mənim dünyamın qəsridi. Ana,axı, sən yaxşı bilirsən ki, mən tarixi yerlərə,əşyalara həmişə maraqlı olmuşam. Mən həmişə köhnə dövrlərdə yaşamağı xəyal etmişəm. Ay ana, sən niyə getdin ki? Heç məni düşünmədin? Bir bax, gör mən necə təkəm!!!
Qəsrin önü insanlarla qəfil dolmağa başladı.Onların bəziləri hədsiz kədər, bəziləri sevinc və qürurla addımlayırdılar. Az sonra izdiham əlindən qəsrin önündə bir addım belə boş yer qalmamışdı. O, təlaşa qapılıb,aşağı əyilərək,  - Eeeey, sizi çağıran oldu? Bu nə özbaşınılıqdı?! - deyə qışqırıb,bərəlmiş gözlərlə anasının hara yoxa çıxdığınıgörməyə çalışdı.Lakin gördüyü yalnız dala-qabağa qaçan ayaqlaridi. Bir nəfər arxası üstdə anidən yerə yıxıldı.Bu, qadınıydı.Onun qəzəb fışqıran, qançanağına dönmüş gözləri xəyal dünyasının sahibinə hiddətlə zillənmişdi.Qadın onun üzünə cırmaq atıb,həyasızcasına bağırdı:
-Qayıt öz dünyana! Bizi hər dəfə beyninə yığdığın bəsdir, bəsdir, bəsdir!!! Cəhənnəm ol evinə!
 O yalnız diqqətlə baxandan sona bildi ki, baxışlarından intiqam yağan bu qadınqəsrdən bir az aralı buraxıb qaçdığı qızdır. Onun hisləri sərməst edən gözəlliyindən əsər qalmamışdı.
Artıq başqaları da qadına  qoşulmuşdular. Onlar gah gülüş,gah qəzəb,gah da yorğun səsləqışqırırdılar:
- Hə o düz danışır!    
- Bizi bezdirmisən!
- Yetər artıq!
  O nə deyəcəyini bilmirdi. Qəfildənuşaq səsi eşidildi. Bu onun uşaqlığı idi:
- Eeeey!
Hamı susub, başını yuxarı qaldırdı. Uşaq qəsrin başında, tən ortada dayanmışdı vəçox şən görünürdü.
-Gəlin iki nəfərlik komandalara bölünüb, futbol oynayaq. Amma Roberto Baccio özüm olacam. Çünkü mən onun kimi güclü oynayıram.
Hamı laqeydcəsinə başını aşağı saldı:
- Mən sizə topumla oynamağa icazə verirəm!!!-kövrəlib,dodaqlarını büzən uşaq dedi və topu qəsrin başından aşağı atdı. Top yerə  düşəndə bir nəfərdən başqa hamı yoxa çıxmışdı.O bir nəfər göz  yaşlarını əlinin arxasıyla silib,gah dağılmış daşların önündə yerə çökənxəyal sahibinə, gah da onun qəsrin başında oturub,ayaqlarını boşluğa sallayan, hıçqıraraq ağlayan uşaqlığına baxaraq–Axı, sən niyə belə edirsən? Bəsdir! Azca özünü əl al!-deyən anası idi.
  Məyus halda gözlərini açdı. Çarpayının bir tərəfi ortadan bölündüyündən yanı üstə əyilmişdi. Hər dəfətəkrar olunan xəyalının bu dəfə sona doğru getdikcə qəribə şəkil almasıonu sarsıtmışdı. Əlləri ilə göz yaşlarından islanmış yanaqlarını siləndə, yanağında acı bir göynərti hiss etdi.Cəld dolabın başına baxdı. Qarğa bayaqkı yerindəydi, amma azacıq arxaya çəkilmişdi.
- Deməli, səndə qəsrin başındasan! – deyə məcburi bir təbəssümlə qalxıb güzgüyə yaxınlaşdı ki, yanağının nəyə görə göynədiyini öyrənsin. Üzündəki cırmaq izlərini görən kimiyastığı əlinə alıb, heyrətamiz söyüşlərlə qarğanın üstünə şığıdı. İmdad dolu şivənlə qarıldayan qarğanıbir neçə dövrə qovaladıqdan sonra əldən düşdüyünü hiss edib,  yastığı çarpayının böyrünə atıb onun üstünə çökdü. Dolabın başına qayıdan qarğanı qəzəblə süzüb, söyüşlər yağdırmağa davam etdi...
 Bir neçə dəqiqə sonra sakitləşib qüssəli baxışlarla otağın dörd tərəfini süzməyə başlamışdı.Köhnəlmiş göy rəngli divar kağızının üstündəki yırtıqlar, çılçırağın yanında, ağ tavanda görünən kiçik qara nöqtə,bir hissəsi karnizdən sallanan jalüz pərdə, çarpayının baş tərəfində divara vurulmuş qızılı dördkünc saatın hərəkətsizəqrəbləri... Bütün bunların  keçmişlə əlaqəsi onu elə bil ki, boğurdu. 
- Əslində hər şeydən yaxa qurtarmaq lazımdır!-gözlərini çarpayının qırıq taxtasına zilləyib,sakit səslə dedi. -Elə hər şeydən!Özüdə bu gün! Eşidirsən, qarğa?!Dirilmək lazımdır.Anam düz deyir, gərək özümü ələ alam. Hə, gərək ələ alam.
 Ayağa qalxdı,barmaqlarını dəfələrlə yanağına toxundurdu.
- Yaxşı, yaxşı, özünü ələ al, əsəbim keçdi,  amma,- yanağının göynərtisindən gözlərini qıyıb,işarə barmağını irəli uzatdı.-Sənin vəhşiliyin ucbatından bu yara sağalanacan gərək üzümü qırxmayam. Axmaq qarğa!!!Sən heç bilirsən ki,mən üzümü qırxa-qırxa nə qədər şeyi götür-qoy edirəm?!Ədabaz kaftar!-hiddətlə dedi və mətbəxə keçdi. Az sonra yemək masası ilə bərabər otağa qayıdıb onu çarpayın yanına söykədi
- Belə! - Əlini təkrar yanağına toxundurdu. - Səni zibilə qalasan!Ax, necə göynədir!!!- deyə pıçıltı ilə deyinərək hamama getdi. Az sonrabir qab köpüklü su,qalın,yumşaq liflə bərabər geri qayıdıb,əlindəkiləri masanın üstünə düzdü və masaya dırmaşdı. 
- Tavandakı qara nöqtə bilirsən nədi? - deyə üzünü qarğaya tutdu və təəssüflə başını yelləyərək, lifi köpüklü suya batırdı və qara nöqtəni təmizləyə-təmizləyə söhbətinə davam etdi:
-Bu yaz fəslinin ağcaqanad adlı iyrənc meyvəsidir. Biz o gecə öz qanına bulaşıb burda qalmış bu dılğırın vızıltısı əlindən yata bilmirdik! - üzünü qəfildən susqun qarğaya çevirdi.-Kimnən olacaq?Arvadımnan. Bu nə yersiz sualdır?!Nəysə! Hə, harda qalmışdıq? Deyim biləsən, bütün həyatım boyu məni qapazım altında ölənəcən yoran ən sırtıq ağcaqanad bu mərhumun özü olub.Biz ikimiz də həmin gün quruyub qaxaca dönmüş bu qaniçən qulduru öldürmək üçün çox əsəbiləşsəkdə,bir az keçməmiş bu iş lap əyləncəyə döndü. Səhərə yaxın onu öldürmək bizim üçün gülüş dolu məqsədə çevrilmişdi. Əl uzadıb şərt kəsdik ki, onu kim öldürsə,o biri həmin gün evləri yığışdırmağı, yemək bişirməyiöz öhdəsinə götürməlidir. Əlini saxlayıb üzünü təkrar qarğaya tutdu.-Biz elə də varlı deyildik! Ən bahalı restoranda qonaqlıq verməkdən, Parisə, Londona ,Fransaya səyahətdən mərcə girə bilməzdik! Nəysə söhbəti dəyişməyək. Günəş pəncərəyə göz vuranda mən bu axmağı Hans Falladanın "Bizim evdə uzaq zamanlarda”  adlı qara,qalın üzlükitabıyla qapazladım. Ay Allah, o bunu görən kimi boynuma necə sarılmışdı?! O, qəhrəmanlığıma görə həmin gün məni özünün ixtira etdiyi dadlı yeməklə mükafatlandırmışdı. Biz istədiyimiz vaxt istədiyimiz yeməyi yeyə bilmirdik çünki,-aşağı əyilib lifi   köpüklü suya batırdı,-mən imkanlı adam deyildim. İndidə deyiləm! Amma o bir kök, bir soğan, bir yumurtadan elə dadlı yeməkhazırlayırdıki! Sıxıntı içində yaşamaqdan heç bezmirdi. Amma axırda bezdi!Qadınlar belədir! Mən onlardan qorxuram!Nəysə, çalış onlardan sən də qorx!!!- Diqqətlə təmizlədiyi kiçik yerin yan-yörəsinə baxdı. -Hə, əladı!Beləcə keçmişdən qalan izlərdən birini sildik. Mən televizora baxırmış kimi hər gün çürümüş ağcaqanada baxırdım.
  Ehtiyatla masadan aşağı düşdü. Siqaret yandırıb, dərin bir xiffət hissiylə dedi.-Artıq mənim televizorum xarab oldu. Yox, onu satdım! Hə, mənim xatirəmin biri xarab oldu! Daha işləmir!
 Tüstülənən siqaretin filterini dişləri ilə sıxaraq, paltar dolabının qapısını açdı və içərisi dolu olan balaca, çox balaca bağlamanı götürüb masaya qoydu. Kamodun siyirməsindən yapışqan götürdü.Bağlamanın içindəkilər göy rəngli divar kağızından artıq qalan parçalar idi. Əlində tutduğuyapışqan və kağız parçası iləkamodla üzbəüzdəki divara yaxınlaşdı. 
 - Atam özünü əsl italyanlar kimi aparırdı. Onların musiqisinə qulaq asır, lüğətdən sözlər öyrənir,həmişədə sözlərin yadında qalmadığına deyinirdi. Əzbər bildiyi iki söz varıydı. Onlarıda əynini geyinəndə,ya üzünü qırxanda şən əhvalla deyib gülürdü. Tez-tez anama tomatlı sousla vərməşil bişirtdirirdi. Yeməyi yeyib qurtarandan sonar da,-Sən bilmirsən İtaliyada bunun adı spagettidir! - deyirdi. Anamında həmişə eyni məzəli cavabı olardı. Deyərdi ki, spagetti başqa şeydi. Nə yaxşı ki, əsgərlikdə olanda sənin mindiyin gəmiTirren dənizindən keçib, gör gedib ikicə saat Romada dayansaymış, nələr olacaqmış.Onda,vallah,sən təcrübə olsun deyə bizi öldürüb, italyan keşişlərinin duasıynan basdırardın.
Arxaya çevrilibkamoda tərəf addımladı,əlini ona söykədi. - Əvvəl burda yemək masası olardı. -Ayaqlarını stulda oturubmuş kimi qatladı.-Atam isə, bax, beləcə arxası divara tərəf oturub,burdan televizora baxardı. Elə həmin gündəbelə etmişdi. 1994 cü ildə futbol üzrə keçirilən dünya çempionatınınfinal oyununa baxıb, "Sparare, sparare” deyə qışqırırdı. "Sparare” italyanca "vur” deməkdir. Hə, az qala mən televizorun yerini deməyi unutmuşdum. Bax, o çapıqdan bir az aşağıda . Nəysə! Oyunun nəticəsi on bir metrlik zərbələrdən asılı qalmışdı. Təkcə italyanların yox, atamınhalıda pisləşmişdi. Mən qorxumdan heç nə demək istəmirdim.On bir metrlik zərbələr başladıqdan sonra  italyanların vəziyyəti əməlli-başlı pisləşdi. Əgər Roberto Baccio sonda topu qapıya vurmasaydı,hər şey bitəcəkdi. O gözlərini,bax, beləcə qıyıb, dodaqlarının arasında pıçıltıyla "sparare,sparare” deyirdi. Roberto topu qapıya yox, göyə vuranda o, stolun üstündəki qalın, ağır olan külqabını divara necə çırpdısa,mən onun ciliklənmiş parçalarının qoluma sıçradığını hiss etdim. O özünə xas ədayla yerindən qalxıb,televizoru söndürdü. Barmağını külqabının divarda açdığı bu qocaçapığa toxundurub, tərs-tərs mənə baxdı. ”İşdir, bəlkə, gec olar, onda mən həyatda olmaram, deyim biləsən. İtaliya bu günün acığını bütün komandalardan çıxarıb, dünya çempionu olmayanacan divardakı bu çapığın üstünü örtsən, haqqımı sənədə,ananada halal etməyəcəm!” dedi. Və deyinərək ayaqqabılarını geyndi,çöl qapını möhkəmdən çırpıb, məhəlləyə düşdü.Bu çox şirin qəzəbiydi. Anamda, məndə onun qəzəbinə axşamacan güldük. Necə oldu bilmirəm, amma o sabah günorta öldü.Nədənsə o gündən bu günə kimi atama qarşı keçirdiyim xiffət hissini  bu çapıq qədər heç bir şey, hətta onun qəbri belə yüngülləşdirə bilmir. Daha vaxt yetib. Mən onun üstünü örtəcəm. Əslində, bunu etməyə çoxdan haqqım çatır,  çünki İtaliya futbol komandası o gündən bu günə bir dəfə dünya çempionu olmağı bacardı!-dalğın nəzərlərlə divardakı çapığı süzərək dedi və yapışqanı azacıq divara,  kağızın arxasına yaxıb,atasının "sparare,sparare” sözlərini sanki eşidrimiş kimi əzabla divarın çapılmış hissəsinə yapışdırdı. Ovcunu yapışdırdığı kiçik kağızın üstünə basıb, həyacanla gözlərini yumdu. Bir neçə dəfə dərindən nəfəs aldıqdan sonra, - Hər şeyi tez həll etmək lazımdır!–deyə cəld addımlarla pəncərəyə yaxınlaşdı. Jalüzun karnizdən çıxmış kənarlarını öz yerinə taxdı.
 - Evdə tənha qaldığım birinci gecəydi. İçkiliydim, amma təkliyin ilk günündəki qoxusunu hələdə hiss edirəm. Axmaq jalüzun bir dişini külək həmin gecə yerindən qoparmışdı. Mən onun sallaq qalmış yanına baxanda hər dəfə tənhalığımın başlanğıcını xatırlayıram.Evdəki tör-töküntü jalüzdan başladı, -qollarını geniş açıb otağı işarə etdi, -və beləcə davam etdi. Ey ədəbsiz qarğa, sən sağsan? - deyə başını yuxarı qaldırmadan ötəri tərzdə dedi. Çünki fikri ancaq otağın qapısına yaxın olan divarda bir-birindən xeyli aralı kiçik çapıqların üstünü qapamağın yanında qalmışdı.
 Doğranmış xırda kağızları və yapışqanı masadan götürüb, divara yaxınlaşdı.
-Dialoqda olduğum yeganə çapıq! - işarə barmağıyla çapığa toxunub, tez əlini geri çəkdi. - Mən getdim, ana!-sonra barmağı ilə dəliyə təkrar toxundu.  Amma onu tez geri çəkmədən, -Mən gəldim, ana!- dedi və dərindən ah çəkib, kədərlə qarğaya səsləndi:
- Ey, bu çapıq bilirsən necə yaranıb? Anamın tabutunu evdən çıxaranda.İnan, səni uzun-uzadı danışıb yormayacam. Tabutun tini, elə bil, divara yumruq atmışdı. O gündən mən bu çapığı anamın evdəki varlığı sayıram. Elə ona görədə hər dəfə xarabadan çıxıb gələndədə, barmağımı anamın izi saydığım nöqtəyə qoyub,  - "Mən getdim, ana, mən gəldim, ana” deyirəm. Guya onun məndən xəbər bildiyini,hələdə nigaran qaldığını özümə hiss etdirirəm.
Kağız parçalarından birini yapışdırıb,  dərindən köks ötürdü, onu çapığın üstünə yapışdırdı və gözləri doldu: -Ana, bəs sən gəlməyəcəksən?!-deyib ovcu ilə bir neçə dəfə kağızın üstündən möhkəmcə basdı. Hər iki əlinidə divara dayayıb,hönkürtüylə ağlamaqdan özünü zorla saxladı:
- Sən mənim kiçik görünən izlərin içində nə qədər boğulduğumu görürsən, qarğa?!
 Dolabın üstündə bir küncə sığınıb duran qarğadan  səs gəlmirdi.
- Susursan? Axı, nə deyəsən? Heçnə!-bədbəxt bir tərzdə dedi və kağızlardan daha birinivecsiz halda digər çapığın üstünə yapışdırdı. 
- Bunun xatirəsi yoxdu. Necə? Məgər həyatda səbəbsiz heç nə yoxdu?-əsəbi tərzdə dilləndi və bu vaxt gözləri taxta plintus vurulmuş divarın küncündəkibir şeyə sataşdı. Bu, ərik dənəsi idi. Dərindən nəfəs aldı. Özünü ən uca dağın başından aşağıya doğru süzən zərif bir quş kimi yadında qalan kiçik xatirələrin köksünə sərələdi. Çətinliklə unutduğu vərdişini, keçmişdəki hoqqabazlığını xatırladı. Yediyi meyvələrin dənəsini evdə hara gəldiatar, ya da nəyinsə arasına dürtərdi.  Nə vaxtsa divanın,çarpayının,dolabın arxasına gizlincə atdığı gilas, ərik, şaftalı dənələrinin döşəməyə dəyəndə çıxardığı taqqıltı səsləri   qulaqlarında qəfildən cingildədi. Ərik dənəsinin nə vaxt bura qoyulduğunu dəqiq xatırlamasada, bu vərdişi təxminən 20 yaşında tərgitdiyini yaxşı bilirdi. 
- Deməli ömrünün yarısı qədər yaşı olan kiçik xatirədən xəbərsizmişəm! - deyə düşündü. Aşağı əyilib, dənəni boşluqdan çıxardı və masanın üstünə qoydu.  Fikir-xəyal içində dənəni süzməyə başladı.
- Görəsən, səni evə alıb gətirən kimiydi? - üzünə xəfif gülüş qondu. - Anam,mən,yoxsa atam? Bəs, yuyan kimiydi?Görəsən,dənənin içi çürüyüb? Sən bir həngaməyə bax! İndi necə dərinliyə kimi düşünməyəsən? 
Cəld kamodun siyirməsini açdı və bağlamadakı batareyaları götürüb, çarpayının üstünə çıxdı.Batereyaları divara asılmış saatın arxasına taxdı. Saatın əqrəbləri işə düşməyə başlayanda üzünü qarğaya tutub, canına hopmuş qəzəb hissi ilə, - Bu gün hər şeydən canımı qurtaracam!!!- dedi. Hövsələsiz halda çarpayıdan düşüb, eyvana çıxdı. Əlində çəkiclə otağa qayıdıb, yumşaq zərbəylə çəkici masanın üstündəki ərik dənəsinə vurdu. Dənə bir neçə hissəyə bölündü və içi boş dənədən toz qalxdı.Toz evə,onunxatırlamadığı günlərin,sevdiklərinin sanki ətrini yaydı.Çəkici əlindən buraxıb, yerə çökdü və iztirablı bir fəraydla,  - Tənhalıq qaranlıqdır!Tərk edilmək… Yaşananların içində tərk edilmək zülümdür!!! Aaaaaaax, məni heç kim başa düşməz!!! Bəkədə, mən dəliyəm, ya da belə doğulmuşam!-dedi.  Başını dikəldib,divardakı çapıqları, bir az əvvəl tavandan sildiyi qara nöqtənin yaş yerini, illərdir eyni bir yerdə durduğuna öyrəşdiyi saat əqrəblərinin rəqəmlər arasından ötüb keçməsini, artıq hər tərəfi karnizə bağlı jalüzü, varlığını unutduğu, yaxud mövcud olduğunu bilmədiyi ərik dənəsinin parçalarını yaşlı gözlərlə süzüb,qəfil fəryad çəkdi:
- Aaaaax onlar hamısı getdi! Mənim üçün donmuş zamanı atıb getdilər. Şəkillərini dəyişdilər! Mən çapıqların üstünü açıb,pərdəni əvvəlki vəziyyətə salıb, saatı təzədən dayandırsamda,o ağcaqanadı,o ərik dənəsini geri qaytara bilmiyəcəm. Qarğaaaaaa, axxx qarğa!!! Başa düşməzsən! Həyat kədər içində yaşayıb,dərindən düşünən insan üçün cəhənnəmdən betərdi.
Döşəməyə yıxıldı. Göz yaşlarından islanmış üzünü əlləri ilə qapayıb, yanağındakı göynərtini hiss edərək ağlamağa davam etdi.Dəqiqələrcəuşaq kimizır-zır ağladıqdan sonra qəfil ayağa qalxıb, masanın üstünə çıxdı və baxışlarını ürkmüş qarğaya zilləyib,  kəskin səslə dedi:
- Mən evi satıb, pulları götürüb, ölkədən gedəcəm! Hə,hə, qəti fikrimdi!
Masanı qolları arasına alıb dolabın önünəqoydu. Təmkinlə masanın üstünə çıxıb, küncə sığınmış qarğanı tək həmləylə əlləri arasına aldı.Qarğanın təlaşlı gözlərini, dimdiyini diqqətlə süzüb,titrəyən dodaqlarla dedi:
- Mənim işimi özümdən başqa heç kimgörməyəcək,  amma mən sənin problemini həll edəcəm.
Ehtiyatla eyvanın qapısını açdı. Hava qaralmışdı.
- Quşlar qaranlıqda uça bilir? - deyə tərəddüdlə düşünsədə, qarğanın başına öpüş qondurub,-Qaranlıqda olsa uç,azad ol! - deyə nəvazişkar səslə ucadan dedi və onu yüksəklikdən boşluğa buraxdı. Qarğa xoşbəxtçilik sorağında qaranılq səmada qanad çırpıb uzaqlaşdı. Ev sahibinin bir əli yanağında idi.
- Səndən evimdə yox,yanağımda iz qaldı! - qışqıraraq dedi.Uzun ağaclardan əsən küləyin sığalı altında onun necə gözdən itdiyini görüb içəri keçdi.
Maraq dolu nərzərlə otağı süzdü. Verdiyi son qərarın qətiliyiniiçində hiss edərəkkədər dolu sevinclə güzgünün qabağına keçdi.Üzünün hər iki tərəfinə sığal çəkib, gözlərini yumdu.Köhnəlmiş lifti, yuxarı mərtəbədəki bağlı qapını, içərisinə girib gizlənməyi xəyal etdiyi evi, qapıya səbəbsiz vurduğu yumruğun səsini,həyəcanla liftə tələsməsini,liftin orta mərtəbələrdə xarab olub, onu saatlarla dustaq saxlamasını, üzünə çıxmış sivilcələrixatırlayıbhəzin şəkildə gözlərini açdı.
- Mən hamıdan gizlənmək,tək qalmaq deyəndə bu cür təkliyi nəzərdə tutmamışdım. Axı, o sözlərimi həyat nəyə görə çox ciddiyə aldı?!-deyə dolmuş gözlərinin tərpənişini güzgüdə məsumcasınaizləyərək dedi. Paltosunu çiyninə atıb, evdən çıxdı. Məhəlləyə düşüb binanın arxasına keçdi. Yelləncəyə yaxınlaşdı. Onu önə-arxaya itələyərək,ciyilti səsinin hardan çıxdığını müəyyən etdi və addımlayıb,hələ də ağacın dibində qalan yağ qabını götürdü. Qabın dibində çox az yağ qalmışdı.Yağı ehmalca yelləncəyin pas atmış hissələrinə axıdıb, barmaqları ilə yaydıqdan sonra yellənmək həvəsinə düşdü. Oturacaq dar gəlsədə, özünü birtəhər yerləşdirib,sağ və sol tərəfdəkidəmir dirəklərdən yapışdı. Qüvvətli qolları ilə bir neçə dəfə təkan verdi. Yelləncək get-gedə daha yüksəyə qalxırdı. O  özünü bozumtul bataqlıqları xatırladan buludların içinə girib çıxırmış kimi hiss edir, uşaq sevinci ilə qəşş edib gülürdü.
  Üç ay keçmişdi. Yelləncəyin ciyiltisi müxtəlif vaxtlarda yenə məhəlləni başına alırdı. O isə tez-tez yaşadığı Genuya şəhərindəki Luici Ferraris stadionuna gedir,istənilən futbol matçlarını ən əsasıda ara-sıra  İtaliya milli futbol komandasının oyunlarını izləyir, minlərlə azarkeşin arasından xoşbəxtliklə atasını anıb, onuntərzində çılğın emosiyalar ilə"sparare, sparare” deyə qışqırırdı.