Biz imzaları yox, əsərləri dərc edirik...

İstanbul Universitetində Hüseyn Cavid irsinin nümayişi
553
09 Fevral 2017, 13:27
   İstanbul Universitetinin Avrasiya İnstitutunda görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin əsərlərinin Türkiyədə ilk nəşrinin təqdimatı və ədibin yaradıcılığına həsr olunmuş elmi konfrans keçirilib. Ümummilli lider Heydər Əliyevin Hüseyn Cavidin Naxçıvan şəhərində yerləşən məqbərəsində çəkdirdiyi şəkillərin, şairin zəngin mənalı həyatını əks etdirən nadir fotoların da daxil olunduğu 944 səhifəlik kitab "Kaspi" Təhsil Mərkəzi tərəfindən hazırlanıb.
İstanbul Universitetinin tələbə-müəllim kollektivinin, kütləvi informasiya vasitələrinin, qeyri-hökumət təşkilatlarının təmsilçilərinin, türkiyəli cavidsevərlərin və Azərbaycandan gəlmiş geniş tərkibli nümayəndə heyətinin iştirakı ilə keçirilmiş mərasimdə Hüseyn Cavidin zəngin həyat və yaradıcılığına həsr olunmuş film nümayiş etdirilib.
   Mərasimi giriş sözü ilə açan Avrasiya İnstitutunun prorektoru, professor Sedat Murad və Azərbaycan Respublikasının İstanbuldakı baş konsulu Həsən Zeynalov Hüseyn Cavidin əsərlərinin Türkiyə nəşrinin mahiyyətindən və elmi konfransın əhəmiyyətindən bəhs ediblər. Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Kamran Əliyev, "Kaspi" Təhsil Mərkəzinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva, İstanbul Universitetinin Avrasiya İnstitutunun Asiya işləri üzrə mərkəzinin rəhbəri, professor Xəlil Bal, Avrasiya İnstitutunun ədəbiyyat fakültəsinin dekanı, professor Mustafa Özkan, filologiya üzrə fəlsəfə doktoru, kitabın tərtibçisi Azər Turan, professor İbrahim Yıldırım, Milli Məclisin deputatı, şair Sabir Rüstəmxanlı, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Mərkəzinin baş direktoru Akkan Suverin məruzələri və çıxışları dinlənilib. Sonda aktyorlar Məmməd Səfa və Məlahət Abbasova Cavidin əsərlərindən parçalar səsləndiriblər.
  Jurnalistlərə müsahibə verən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov təqdim olunan kitabı dünya ədəbiyyat xəzinəsini zənginləşdirən bir inci kimi dəyərləndirərək Cavid yaradıcılığının bu gün də öz aktuallığını saxladığını qeyd edib. Azərbaycan hökumətinin elmə və mədəniyyətə göstərdiyi qayğıdan danışan Əli Həsənov Prezident İlham Əliyevin Azərbaycanın görkəmli şəxsiyyətlərinin, o cümlədən ədəbi simalarının dünyada tanıtdırılması ilə bağlı həyata keçirdiyi çoxsaylı tədbirlərdən bəhs etmiş və bu siyasətin nəticələri haqqında söhbət açıb. O, Hüseyn Cavidin əsərlərinin İstanbulda ilk dəfə nəşr edilməsini də bu siyasətin göstəricisi olduğunu vurğulayıb.
Xəbər lenti