Biz imzaları yox, əsərləri dərc edirik...

Çırpınan quş əllərin Mariya Kobeçin şeirləri
3984
27 Noyabr 2017, 09:17
  artkaspi.az Belarus şairi Mariya Kobeçin şeirlərini təqdim edir: 
  Mariya Kobeç 1974-cü ildə Belarusun Brest vilayətində, Pinsk rayonun, Valişe kəndində dünyaya göz açıb. Orta təhsilini Pinskdəkı tibbi təmayüllü məktəbdə alıb. Belarus Dövlət İnstitutunun jurnalistika fakültəsini bitirib. 2010-2013-ci illərdə Valişe Mədəniyyət Evinin müdiri olub. 2013-cü ildən Brest radioşirkətində müxbirlər şöbəsində redaktor kimi fəaliyyət göstərir.  
  "Damlalar” ("Кроплі") kitabı 2011, "Yovşan tozcuqları” ("Палыновая квецень") adlı sonuncu şeir toplusu isə 2016-cı ildə işıq üzü görüb. Belarus Yazıçılar Birliyinin üzvüdür. Brest vilayətinin Vladimir Kolesnik adına ədəbi mükafatına layiq görülüb (2012). 
 
 
 
 


***
 

Sən yalnız məni səslə qaldığın uzaqlıqdan
Pıçıltıyla da olsa, sən danış mən dinlərəm.
Səadətin zöhrəsi doğular günəş kimi
Küçümsəyib hər şeyi bir ulduz əzizlərəm.
 
Hamı, hər şey yadlaşar, tək qalarıq: Sən və mən
Çırpınan quş əllərin qonar yuva-ovcuma.
Əbədidir bu vüsal, mən səni uduzmaram
Nə sonrakı ağlıma, nə qadın qüruruma.
 
Qapayıb gözlərimi, dolaşaram səsində
Unudaram bir yolluq, olub-olacaqları.
Yalnız sən və yenə sən
Mənim planetimin yeganə Xilaskarı.
 
 
***
 
Mən sadəcə yoxam burda
Qış baxışlı, dolu gözlü,
Əzəli kölgələr yurdu,
Rənglərin kasaddı, kordu.
 
Mən burda sadəcə yoxam
Nə zirvədə, nə dibdəyəm,
Günlərimə sirli qələm,
"özüm” nidalı aynayam,
Həqiqətin imlasıyam.

Mən sadəcə burda yoxam
Havada, suda, yerdəyəm.
Bəlkə çoxsəsli xordayam?
Ahənginə bürünmüşəm,
Səmadan yuxarlardayam...
Bir sirli söz boğçasıyam
Bənd-bəndəm, misra-misrayam.

Əvvəlimə qayıdıram
Başıma gələn qəzanın
Həm də səbəbkarı kimi
Başım üstdə nur haləsi
Kürəyimdə qanadlarla
Gedirəm...
– Şeir məhbusu!
– Hara? Əbədiyyətə?
– Hə, nə bilim, bəlkə də...
 
 
 
 

***
 
Əzəldən qanadsız olub insanlar
Ora-bura ayaq döyə-döyə itiriblər güclərini
Vurnuxublar bu zülmətdə ağısız, oxşamasız
Qanadları olmaya-olmaya səmaya dikiblər gözlərini
 
Əzəldən qanadsız olub insanlar
Daş yığıblar, baş əyiblər o daşlara
Və atıblar uzaqlara... gücləri yetdiyi qədər...
Səmaya zillənib gözlər 
Bir cüt qanaq axtarışında...
 
Əzəldən qanadsız olub insanlar
Amma ürəkləri olub İsa adlı, Şiva ünvanlı
O gücdə, o imanda
İnamları səma olub
Qanadsız qalsalar da.
 
 
Bağışla, səma, bağışla

 
Eşidirəm, ağlama
Ey uzaq-yaxın səma.
Damlalar yerə düşdükcə
Quzğunların ürəyi qalxır.
 
Fəryadını eşidirəm
Kədərini hiss edirəm
Qollarımı geniş açıb...
Bu yorğun qollarımı...
 
Ağlasan da, eşidirsən
Sənə üz tutub gələn
Yolçunun addım səslərin.
Bu bəsirətsiz yolçunun...
 
Ovcundan sürüşüb düşür xaçı
Keyiyib əlləri.
 
Bu cığırın yaşıllığı
Zəhərli bitkilər dolu
Güclə sağ çıxacaq burdan,
Güclə tapacaq o yolu.
 
Ürəyi vurur, ya vurmur?
Fikir vermə, ağla da.
Ağla, bir də bu cür danla
Ağla ki bir də utanaq.
 
Bu yol uğuru tanımır
Gedirəm mən aciz-aciz
Qara qızların üzündə
Gəzirəm bir məna, bir iz.
 
Yenə qeyri-ixtiyari
And içirəm, vəd verirəm
Etibardan söz salıram
İnama inamım artır.
 
Gözümə görünür gəmi
Ağ yelkəni
və göz yaşı...
O ali, şahanə yaşlar
Bağışla məni, səma, bağışla
Ac, çörəksiz, taqətsizəm,
Belə getsə çətin dözəm.
 
 
 
 
 
Küləklə söhbət

 
Ah, külək, külək,
Hara əsirsən?
Səni hara aparar?
Qanadın buludlar,
bu bəyaz atlar.
Vıyıltın ney səsi tək
Parçalayar sükutu
Mənim ustam, gərəyim,
Müsiqiçi küləyim.
 
Niyə boz buludları
qovursan yumaq kimi
Bəs titrəyən budaqlar,
ağaclarla nə işin?
Bir ayrı mənası var?
Söylə görək, ay külək.
Həvəsə, istəyə bax
Bəsdi artıq, ay qoçaq.
 
Dayan, əzizim, dayan
Hörüyümü dağıtma.
Mən də o mən deyiləm
Bu boşluqda veyliyəm,
İmkan ver, gedim, ya da
Qızınım bu girdabda.
 
Bu soyuqda, ay dəcəl,
sərtlik qoçaqlıq deyil.
Tanrının mükafatın

Xərcləsən də, bitməz bil.
İndi dayan nə olar,
Hələ nə çox fürsət var
Zülmətə bürünməyə
Əsməyə, ürkütməyə.

Hələlik lap yavaşdan
Yırğala budaqları
Qoy yatsın mışıl-mışıl
Ürkək quş balaları.

Sonra eləcə pəsdən
Oxu o Düyməcikdən
Oxu mənim, gərəyim
Musiqiçi küləyim.
 

Günəş

 
Bircə Günəş tanıyır
Simurq quşunun yuvasına gedən yolu
Və o ciddi cəhdlə gizlədir bunu
Bayram ziyarətçilərindən,
Yol yorğunu azğınlardan
Qudurğan xəzinə axtaranlardan
Və yalnız mində bir nəfər
Yüz yalan pənahgah keçib
Bu məkanı tapa bilər.
Yuyunub nurda, buranı
əbədilik məskən seçər.
 
Ola bilər, ruhdan düşdüm
Ya gücüm yetmədi deyim
Boşaldı əlim-ayağım,
Nə də taqət vardı gedim.
açılmadı bəsirətim,
nə duydum, nə də anladım.
O yola layiq olmadım.
Odur ki günü bu gün də
Riyakarlar çevrəsində
Çimçişirəm hər qoxudan
Yadlardır məni qorxudan
Çarə yox ki, dözməliyəm
Mən mindən biri deyiləm.
                                                            
 
Səma

 
Mən sənə öz səmamı bağışlamışdım
Sənsə dolu-dolu buludlarla
Qara-qara qarğalarla "bəzədin” onu.
Çatlatdın bağrını şimşəklərlə
Küləkləri əzizləyib sarsıtdın bir dənəmi
Öldürdün bir qucaq azadlığı...
 
Ni-yəəə?
Qollarımı yana açıb donuram,
Dəhşətə gəlirəm, boş qalır qucağım
İldırımlar məhv etdi xəyal üzlümü
Qarğalar kor qoydu mavi gözlümü
Şəfəqlərin bağrı qandı
Da-yaaan! Amandı!
 
Sənin əllərinlə məhv olur bax
Həyat dənizində boğulur əksini itirmiş göylər,
Çəhrayı zanbağı Nilin, mənim müqəddəs şanagülləm.
 
Ye-təəər!
Deyə qışqırmaq istəyirəm
Amma batır səsim lalların hay-küyündə
Bütün duyğularını itirmiş daşürəklilər məskənində.
 
Rus dilindən tərcümə edən: Günel Şamilqızı