Biz imzaları yox, əsərləri dərc edirik...

İranda Orhan Pamuka niyə qadağa qoyuldu?
569
16 May 2018, 13:39
  İranda Orhan Pamukun əsərlərinin bir qismini çap edən "Qoqnus” nəşriyyatı məşhur türk yazarı Tehran Kitab sərgisinə xüsusi qonaq qismində dəvət edib. Orxan Pamuk Tehrana təşrif gətirsə də, proqramda nəzərdə tutulan heç bir tədbir rellaşmayıb. Beləki İran parlamentinin Mədəniyyət Komitəsinin sədr müavini Nəsrullah Peymanfər məşhur yazarın İrana səfərini etirazla qarşılayaraq bu dəvəti kəskin  tənqid edib.
 
 

 
 
  O hətta bu hadisəni anti-milli, anti-dini addım kimi dəyərləndirib və təhlükəsizlik qüvvələrinin Orxan Pamukun iştirak edəcəyi bütün tədbirləri təxirə salmağa çağırıb. Bu çağırışdan sonra Orxan Pamukla görüşə gələn iranlı kitabsevər qapıda asılmış "tədbir ləğv olunub!” yazısı ilə qarşılaşıb. Bu addım oxucularla yanaşı iranlı yazarların da etirazına səbəb olub. Tanınmış İran yazarı Mustafa Məstur öz rəsmi instaqram səhifəsində, "Bir iranlı yazar kimi türkiyəli yazıçıya qarşı edilən bu hərəkətə görə çox xəcalət çəkirəm”, deyərək öz etirazını bildirib. Rəsmi açıqlamada isə mərasimin izdiham yaradacağı səbəbindən, təhlükəsizlik nöqteyi-nəzərindən ləğv ediliyi bildirilib. Buna baxmayaraq, məşhur yazara Tehranda pamuksevərlər tərəfindən təşkil edilmiş kiçik bir mərasimdə öz oxucuları üçün kitablarını imzalaq nəsib olub. Pamuk mərasimdə qeyd olunan xoşagəlməz hadisələrə münasibət bildirməyib. O, əksinə İranı sevdiyini, ədəbiyyatından çox şey əxz etdiyini vurğulayıb: 
 
 
 


  "Mən "Qara Kitab” romanımı Fəridəddin Əttarın "Uçmağın məntiqi” əsərinin təsiri altında postmodernist üslubda yazmışam. Dariuş Şayeqan, Hüseyn Nəsr, Əli Şəriəti kimi alimlərin ideyalarından "Qar” romanında istifadə etmişəm”.
  Farsdilli mətbuatda Orhan Pamuka qarşı atılan bu addıma əsas səbəb kimi onun İranın İslam düşməni elan etdiyi hind əsilli ingilis yazarı Salman Rüşdünü vaxtılə müdafiə etməsi, əsərlərini yüksək qiymətləndirməsi ehtimal kimi göstərilir. Digər bir versiya isə təşkilatçıların yazarın yenidən Salman Rüşdiyə öz rəğbətini ifadə edə biləyəcəyindən ehtiyatlanması ilə bağlıdır.          
  Xatırladaq ki, Rüşdünün 1988-ci ildə yazdığı Qurandan bəhs edən "Şeytanın ayələri" kitabı müsəlman dünyasında, xüsusilə də İranda qəzəblə qarşılanıb və 1989-cu ildə İranda İslam inqilabını həyata keçirmiş Ayətullah Xomeyni müəllifin ölümünə fətva verib. Qeyd edək ki, İranın "15-Khordad Foundation" adlı fond onu öldürən şəxsə 90-larda 2 milyon dollar, daha sonra 2.5 milyon dollar, 2012-də isə 3.3 milyon dollar mükafat təyin edib. Ayətullah Xameneyi İmam Xomeynidən sonra onun haqqında verilən fətvanı qüvvədə saxlayaraq bu fətvanın həmişə qüvvədə olduğunu açıqlayıb. Halbuki 1989-cu ilə qədər Salman Rüşdü İranda ən çox oxunulan yazarlar sırasında ön cərgədə olub. Salman Rüşdünün 1981-ci ildə Buker mükafatını qazanmış "Gecə yarısı uşaqları” romanı Mehdi Səhabinin tərcüməsində dəfələrlə çap edilib, hətta ilin ən yaxşı xarici romanı mükafatına da layiq görülüb.