Biz imzaları yox, əsərləri dərc edirik...

İnsansız qalan cənnət
1409
07 Aprel 2018, 09:24
  Artkaspi.az Fəxrəddin Salimin "Asan, yoxsa çətin?" adlı yazısını təqdim edir: 
 

 
  Çətinləşdirmək asandır, asanlaşdırmaq çətindir. Dərin olan bir şeyi asan ifadə etmək yerinə, dayaz olan bir şeyi çətin ifadə ed irlər. Çətinlik dayazlığa çəkilən pərdə, asanlıq dərinliyə açılan qapıdır. Çətinlik dayaz adamların, asanlıqsa dərin adamların işidir. Asanlıq dərinliyin ifadəsi, çətinlik dərinlikdən qaçışdır. Dərinlik danışanın işini, dayazlıq dinləyənin işini çətinləşdirir. Çünki, dərin mövzular asan dillə, dayaz mövzular çətin dillə ifadə edilir. Dərinliyin çətinliyə ehtiyacı yoxdur. Dayazlığın düşməni isə asanlıqdır. 
  Elmi həyatdan qoparan ən başlıca amil onun çətin ifadə edilməsidir. Burada düz mütənasib olan bir çox nəsnə var: zatən elm dərin olduğu zaman həyata keçir və beləliklə, asan ifadə edilir. Dayaz elm isə ona görə həyatdan kənar qalır ki, onun çətinliyi dayazlığı ilə üst-üstə düşür. Yəni, bir mənada elm dərin olduğu üçün asan, dayaz olduğu üçün çətindir. 
  Çətin təqdim olunanlar süni şəkildə yaradılmış görüntüdür. Asan təqdim olunmaq üçün isə təbiilik kafidir. Bunun üçün dərinlik lazımdır. Dərin elm dərin çaylar kimi sakit axar. Dayaz elm isə dayaz çaylar kimi səs-küy salıb, diqqəti cəlb etmək istər. Ancaq dayaz adamlar anlamırlar ki, bu diqqət bir anlıqdır. Səs-küyə ehtiyacı olan onlar özləridir, başqalarının səs-küyə yox, anlamağa ehtiyacı vardır. 
  Pafos teatra o zaman qədəm qoydu ki, dramaturgiya zəiflədi. Ancaq bu hadisənin forma və məzmunla qətiyyən əlaqəsi yoxdur. Pafos nə formadır, nə məzmun. Deyirlər, həyatda insanın rola girmədiyi yeganə yer teatrdır. Teatrın ancaq və ancaq dahilərə ehtiyacı vardır. Əks təqdirdə dayaz dramaturgiya pafosa bürünərək, teatrı özünə möhtac edəcək. Klassiklərin ölümsüzlüyünün sirri də bundadır ki, onlara hər zaman ehtiyac vardır. Onların gücü dərinlikdədir. Dərinliyin təbii şəkildə yaşadığı bir dünyada dayazlığı süni şəkildə yaşatmaq olmaz. 
  Fiziki ömür hər kəsin haqqıdır. Mənəvi ömür isə seçilmişlərin haqqıdır. Onları heç kim seçmir. Seçim edənlər onlar özləridir. Elə buna görə də fiziki ömür verilən haqdır, mənəvi ömür alınan haqq. İnsan cismi ilə yaşadığı müddətcə, təbiətin bir parçasıdır. Ancaq ruhu ilə yaşamağa başladığı zaman təbiət onun bir parçasıdır. Parça bütövə hər zaman tabedir. Cismin həyatı küllün bir parçası olaraq, təbiətə tabedir. Ruhun həyatı isə küllün özü olduğu üçün, təbiət ona tabedir. Böyük əsərlər aktyorları böyüdür, kiçik əsərlər isə kiçildir. Rolun yox, əsərin böyüyü-kiçiyi olur. Əlimdə olsaydı, dahilərdən başqa heç kimi teatra yaxın buraxmazdım!
 
 
 

  Ruhu ilə yaşayanlar küllə dönüşdükləri üçün, cismi ilə yaşayanlar onları görməzlər. Çünki cismi ilə yaşayanlar cüzvdürlər. Görmək, həm də fəth etməkdir. Parça öz bütövünü fəth edə bilməz. 
  Təbiətin əleyhinə getmək yox, təbiət olmaq lazımdır. Üsyan hər kəsin layiq olduğu bir mərtəbə deyil. Üsyan edənin ətrafında özündən başqa günahkar qalmamalıdır. Çünki, əsl üsyan özünə qarşı çıxmaqdır. Başqasına üsyan edən öz kiçikliyi ilə barışanlardır. 
  Kainat dərindir, ancaq gözlə görünür və deməli, fəth olunur. Əlçatmazlar belə asan göründüyü halda, əlçatanları görmək mümkün deyil. Çünki kainat dərin, həyat dayazdır. Həyat kainata dönüşməyincə, insan küllün bir parçasıdır. İnsan həyatı kainata çevrildiyi zaman ölümdən həyat doğur. Qarşı tərəfdə isə həyatın doğduğu yeganə övlad ölümdür.
  Bədən ruhdan kiçik olduğu üçün onun düşməni, ruh bədəndən böyük olduğu üçün onun dostudur. Ayrılıqda insan yoxdur – ya ruh var, ya bədən. Nə ruh bədəndədir, nə bədən ruhda. Ruhla bədənin ayrılığı ölümlə deyil, yaşamaqla baş verir. Ruh külldür, bədən cüzv. Ölməklə bədəndən xilas olmaq gecikmiş hədiyyədir. Bu xilasın heç bir mənası yoxdur. Çünki bədən yox ikən, ondan ayrı qalmaq, ondan üstün olmaq gülüncdür. Ölüm cüzvün küllə, parçanın bütövə dönüşü deyil. Çünki, hər kəs öləcək və hər kəs bu dönüşüm üçün savaşmadı. Məzarlıqların böyük əksəriyyəti qafillərlə doludur. Ariflər isə ölənlər deyil, yaşayanlardır. Ölməklə Tanrıya qovuşmaq mümkün olsaydı, o zaman hər kəs ölməzdi. Ədalət ağılın bəhrəsidir. Düşüncəsiz ölüm həyat gətirməz. Düşüncəli həyat isə ölüm gətirməz. Ruhun əbədiliyini anlamaq hələ əbədiyyəti anlamaq demək deyil. Ruhu anlamaq yox, ona qovuşmaq, ruh olmaq mümkündür. Ruh haqqında ona görə az bilgi verildi ki, insanlar daha çox bilgi əldə etsinlər. Yeganə və həqiqi elm cismin ruha çevrilməsini öyrədən elmdir. Yerdə qalanlar isə sadəcə, bilgidir. Bilgi hazır məhsuldur. Bilinməyən bir şey haqqında bilgi əldə etmək mümkün deyil. Həqiqət isə ona görə bilgi deyil ki, onun varlığını dərk etmək yox, onun özünü qazanmaq lazımdır. Allahı qazanmayana qədər O yoxdur. Özümüzdən kənarda axtardığımız şeyi heç bir zaman tapmayacağıq. Asanlıq ona görə dərinlikdir ki, dərin olan, həqiqi olan səndədir. Sən sənin olanı, səndə olanı çox asan ifadə edə bilirsən. Çətinlik isə ona görə dayazlıqdır ki, sən səndən kənarda olanı ifadə edirsən. 
  Bədənin sağlamlığı ruhun xəstəliyinə gətirib çıxarır. Ruhun sağlam olması üçün bədənin xəstə olması şərt deyil. Ancaq ruhun xəstə olması üçün bədənin sağlam olması çox zaman şərtdir. Çünki ruh sağlam bədənin maddi, cismani, material ehtiyacların bolluğunda boğulur. Bu ehtiyaclar o bədən sahibini düşüncədən, mənəvi həyatdan məhrum edir. Xəstə olmağa gərək yoxdur. Sadəcə, sağlam bədəndə sağlam ruhun olması fikri yanlışdır. Tərs tərəfindən baxıldığı zaman, yaradıcı insanların, fərqlilik dahilərinin heç birisi cismən sağlam olmayıblar. Onlar ya dəli zənn edilmiş, ya da yataq xəstəsi olmuşlar. Əlbəttə, sağlam bədən gözəldir. Lakin, böyük Stefan Havkinqin ölümünü cəhənnəmlə müjdələyən və  çoxarvadlılıq tərəfdarı olan möminlər həmin sağlam bədən sahibləridir. Xəstə bədənin cinsi ehtirası, yemək həvəsi, zahiri həyat eşqi, zəif olar. Ancaq danışmağa dili belə olmayan, öz tərtib etdiyi kompüter proqramı vasitəsilə fikirlərini ekrana çıxara bilən Havkinq, Nyuton, Eynşteyn və Nils Borun nəzəriyyələrini yenilədi və bəzi məqamlarda gücdən saldı. Ancaq ona "kafir” deyən sağlam bədən sahibləri iki nəcib heyvanın yemini bölüşdürə bilmədilər, tarix boyu cəhalətdən başqa heç nə icad və istehsal edə bilmədilər.
  Yeri gəlmişkən, kuantum fizikasını fizik olmayanlar anlaya bilməz. Ancaq əsrin dahiləri bu elmi elə sadə dildə, elə asan şəkildə təqdim edirlər ki, mən kuantum fizikasını sıradan ədəbiyyat nəzəriyyəçisinin kolxoz aşıqları haqqında yazdığı "elmi” məqalədən daha yaxşı anlayıram. Niyə? Çünki, sadəlik Tanrının sifətidir. Tanrı isə təbiətdir. Heç təbiətdə bir dənə də olsun, çətin anlaşılan hər hansı  nəsnəyə rast gəlmək mümkündürmü? Təbiətin özü olan insan özünü təbiətdən niyə ayırır? Axı "təbiət” həm də söz olaraq, "təbii”likdir. Beləliklə, asanlıq təbiilik, çətinlik sünilikdir. Tanrının yaratdığı bütün elementlərin kimyəvi tərkibinin hamısı bir yerdə insanın yaratdığı bir kimyəvi materialın tərkibi qədər qəliz deyil. Material da iki cürdür: təbii elementdən yaranan və süni elementdən yaranan. Əslində, süni element yoxdur və ola da bilməz. İnsan təbiəti süniləşdirmək yolunda addım ata bilən yeganə canlıdır, təbiətin bir parçası olduğu üçün, təbiətə düşməndir. Çünki o, parçadır, bütöv deyil. Bütün düşmənlər isə görünməyənlərdir. Elə buna görə də Tanrı insanın dostu, insan Tanrının düşmənidir. İnsan Tanrıya, yəni təbiətə dönüşmədiyi müddətcə, onun yaratdıqları qəliz, süni, zərərli və anlaşılmaz olacaq. Tanrı olmaq, cüzvü tərk edib, küllə qovuşmaq deməkdir. Küll heç zaman cüzvün gözünə görünməz. Ona görə yox ki, o belə istəyir. Ona görə ki, cüzvün onu görəcək gözü yoxdur. Məntiq isə çox sadədir: sən sən olunca, O yoxdur. Sən O olunca, sən yoxsan! O isə ümumiyyətlə yoxluq olduğu üçün, sən O olduğun zaman, heç O da yoxdur. Yoxdan var olmaq o deməkdir ki, Tanrı hər şeyi özündən var etdi. Yoxluq Onun varlığıdır. Yoxluq Onun özüdür. Varlıq isə Onun yoxluğudur. O var etdi ki, var olanlar bir gün yox olsunlar, yəni ona qovuşsunlar. O partlatdı, daha doğrusu, partladı. Nöqtə kainata, kainat nöqtələrə dönüşdü. Hər nöqtə vahidin görüntüsüdür. Hər nöqtə özündə bir kainat, hər kainat isə, özündə bir nöqtə gəzdirir. Hər nöqtə bir kainat, hər kainat bir nöqtədir. Nöqtələr çoxluqdur, ancaq vəhdətdədir. Çoxluğun vəhdəti isə vəhdətin çoxluğunun ziddinədir. Çünki, çoxluq vəhdətə dönüşə bilər, ancaq vəhdət çoxluğa dönüşə bilməz. Səbəbi isə odur ki, çoxluq vəhdətdən yaranıb, vəhdət çoxluqdan yaranmayıb. Böyük və sonsuz kainatlar nöqtələrin içindədir. Böyüklük və sonsuzluq isə nisbi və təxminidir. Daha dəqiq ifadə etsək, böyüklük nisbi, sonsuzluq təxminidir. Sonlu heç nə ola bilməyəcəyi kimi, sonsuz heç nə yoxdur. Hər zaman həqiqət qarşı tərəflərin ziddiyyətindən doğan üçüncü cəbhədə olduğu kimi, burada da həqiqət, yəni varlığın necəliyi nöqtələrin vəhdətindədir. Bu vəhdətin mayası hərəkət olduğu üçün sonlu və sonsuz kateqoriyaları sual altına gedir. Çünki, hərəkət edən cism öz çevrəsini başladığı yerdə bitirmir. Belə olan surətdə onun künclərini, musiqi dili ilə desək, kadensiyasını təyin etmək mümkün deyil. Sonlu və ya sonsuzluq labirintindən çıxmaq üçün onların hər ikisini unutmaq və düşüncə metodunu dəyişmək lazımdır. Çünki, biz çox da əmin olmayaq ki, düşündüklərimiz bizə verilən ən son, ən yüksək və ən qüsursuz keyfiyyətdir. Ən azından ona görə ki, biz də həmin dairəvi, ancaq yerində durmayan hərəkətin bir hissəsiyik. Düşüncələrimiz də bizimlədir. Onlar bizdən ayrı hərəkət etmir. Tanrı nə verdi, niyə verdi, bunları düşünmək lazımdır. Yaradılış və veriliş nə üçündür? Düşüncəyə məhdudiyyət qoymaq nə dərəcədə doğru və nə dərəcədə mümkündür? Bəlkə, kimlər üçünsə bu doğrudur. Ancaq düşüncəyə kənardan məhdudiyyət qoymaq sadəcə mümkün deyil. Məgər məni Tanrı yaradıb, ancaq düşüncəmi bir başqası? Mövcud olanı necə inkar etmək və ya qadağan etmək olar? Tanrı rədd ediləcək və ya təsdiq ediləcək qədər kiçikdirmi? Ona inanmaq və ya inanmamaq nəyi dəyişir? 
  Kainatı bir nöqtədən yaradan Tanrı həmin nöqtəni insan beyninə yerləşdirdi. Ətrafa dağılan kainat insanın içində cəm oldu. İnsan sadəcə bir nöqtə ilə gördü, bir nöqtə ilə eşitdi, bir nöqtə ilə düşündü, bir nöqtədən çıxış etdi, bir nöqtə ilə yazmağa başladı... Hər şey nöqtələrdir və bu nöqtələr kainatı xatırlatmaq üçündür. Çünki kainat da bir zaman kiçik bir nöqtə idi. İndi də belədir – əgər insan özünü dərk edərsə! 
  Hər şey çox sadədir, çox asandır. Qəliz ola bilməz, anlaşılmaz ola bilməz. Bu, Tanrının xasiyyətinə ziddir. Tanrı yaxınlaşmaq üçündür, uzaqlaşmaq üçün deyil. Əgər Tanrı insanı cənnətdən qovmuşsa, o zaman insan da bunun intiqamını alaraq, Tanrını bu dünyadan qovdu! Cənnətdən qovulan insan, dünyadan qovulan Tanrı! İnsansız qalan cənnət, Tanrısız qalan dünya! Hər şey həqiqətən də çox sadə imiş... 
  Gözümüzün giləsindəki bir nöqtə ilə görünən kainat və qəlbimizdəki bir nöqtəyə sığan Tanrı! Əgər kainata sığmayan Tanrı bir insan qəlbinə sığırsa, deməli insan kainatdan daha böyükdür. Bu sözü elə-belə obrazlı şəkildə deməyiblər ki, kainata sığmayan Tanrı bir insanın qəlbinə sığdı. Bu, hərfiyyən də belədir. İnsan Tanrının Vətənidir! Tanrını qərib etməyəlim! 
  Həyat əbədidir – əgər insan əbədiyyətin nə olduğunu dərk edərsə. Əbədiyyət fiziki ölümsüzlük deyil. Heç bir dahi dirilik suyu içməyib. Ancaq onların həyatı əbədidir. Həyat cismani olarsa fani, ruhani olarsa, əbədidir. Cismə olan ehtiyac, maddəyə olan düşkünlük fiziki ölümə şərəf gətirir, onu böyük və qorxunc bir şeyə çevirir. Lakin, ruhani məqamın ən üst qatlarında heç fiziki ölüm də yoxdur. Bunu anlamaq fiziki həyat yaşayıb, fiziki ölüm gözləyənlər üçün mümkün deyil. Ümumiyyətlə, anlamaq yalnız və yalnız yaşamaq deməkdir. Bu yaşamaq bədənsəl yaşamaq demək deyil. Buna görə də hər yaşayan anlamaz, ancaq hər anlayan yaşayar! 
  Hər şey bu qədər sadə, bu qədər asan dərk olunandır. Yaratdıqlarının içərisində ən safı olan suyun tərkibini bu qədər sadə yaradan Tanrının özü o sudan da sadədir. Sadəni mürəkkəbə çevirən isə ayrılıqdır. Vüsalın, yəni vəhdətin mənası isə mürəkkəbdən sadəyə gedən yolun sonudur. Tanrının görünməzliyinin tək səbəbi sadə və təktərkibli olmasıdır. İnsan da öz mürəkkəbliyindən imtina edib, tərkibini artıq qazanclardan təmizlərsə, Tanrı kimi olar, yəni Tanrının özü olar. Başqa cür nə insan var, nə də Tanrı!