Biz imzaları yox, əsərləri dərc edirik...

İnsanlar ümidlərini öldürüblər – Leo Butnarunun şeirləri
766
15 Yanvar 2018, 08:12
  artkaspi.az Leo Butnarunun şeirlərini təqdim edir: 
 


 Şair, nasir, esseist, ədəbiyyat tarixçisi, tərçüməçi. 1949-cu ildə Moldovanın Orxey qəzasında doğulub. Jurnalistika və filoloq ixtisası üzrə universiteti bitirib (1972). İlk şeirlər kitabı "İşıqda qanadlar” 1976-cı ildə nəşr edilib. Moldova və Rumıniyada müxtəlif janrlarda 80-ə yaxın kitabı nəşr edilib. Ayrıca kitabları Moskva, Paris, Sofiya, Kazanda rus, fransız, bolqar və tatar dillərində çıxıb.
 Bir sıra antologiyaların, o cümlədən, rus avanqardı (poeziya, nəsr, dramaturgiya, manifestlər), Ukrayna avanqardı antologiyalarının tərtibçisi və naşiridir, onun tərcüməsində Velimir Xlebnikov, Aleksey Kruçyonıx, Vladimir Mayakovski, Marina Svetayeva, Osip Mandelştam, Anna Axmatova, Leonid Dobıçin, Nina Xabias, Tatyana Veçerki, Boris Poplavski, Yan Satunovski, Gennadi Ayqi, Vyaçeslav Kupriyanov, Aleksandr Tkaçenko, Vera Pavlova, Yevgeniya Stepanova, Leons Briedis (Latviya), Liliya Azizova (Tatarıstan) və başqalarının əsərləri kitab halında nəşr edilib (50 kitab). Moldova və Rumıniya Yazıçılar Birliyinin, Rumıniya Yazıçılar Birliyi Konsiliumunun, Moldova Mədəniyyət nazirliyinin  ədəbi mükafatlarının, Moldova Respublikası dövlət mükafatının laureatıdır. Ümumrumıniya şairlər müsabiqəsinin qalibidir (2016).
 Moldova və Rumıniyanın bir sıra yüksək dövlət mükafatlarını alıb.
 Rumıniya Yazıçılar Birliyi Konsiliumunun üzvü, Rumıniya Yazıçılar Birliyi Kişinyov filialının sədridir.
 
 
 Qış, cənub sahili
 
Gecə
Dəniz fənərinin ayın işığıyla çarpışdığı
Sahilə doğru
Külək qanqalı qabağına salıb qovur
Cənub çölündə. 
Dobruca Bucaqda fırlandıqca fırlanan mürəkkəbböcəyi
Sonsuza qədər bir-biriylə tutaşmada qarmağa keçmiş 
Daşların tələləri üstündən tullanır;
Qanqallar – yer yapalaqları üstündə gicitkən
 və çaqqal gavalısının yelləndiyi köpüklənən dalğaların
Belinə minib tullanır
Fosfor kimi işıldayan şaxtada.
 
Necə bir tənhalıq!
 
İndicə yağmış ilk qardan
Hansısa dosta bənzəyən
Həqiqi heykəlin gözlərini qamaşdırmaq lazım...
 
 

 
 
 TƏHLÜKƏ HALINDA
 
Bu
Söz
Girdabı
Bu
Onun
Təhlükə
Halında
Çıxış yolu kimi
düşünülmüş 
arxitekturasıdır,
şübhəsiz ki, mən
dar qüllə 
formasında
qəlbdə qəza
baş verəndə
ümidləri
köçürmək üçün
düşündüm.
 

 NAZİM HİKMƏTƏ AĞI
 
Hardasa
İnsanlar öz ümidlərini öldürüblər
Mənə gəlib çatansa göyərmiş cəsədlərin qanıdır.
Duman-sis gəlir.
 
Havanın rəngdən-rəngə çalan ağısı
Şərq melodiyalarının tozudu
Tənbəlcə üfürülən klarnetdən səpilmiş...
 
Ürəyimi çıxarıb gözlərim önündə tuturam
Və oxuyuram
Oxuyuram ki, vətənlə ayrılığı görməyim
Yenidən dodaqda söz puçurlayır
Və oxuyuram
Yalanın səsini batırmaq üçün
 
... oxuyuram
Kiçicik sevinc içində
Az qala hansısa qadağan edilmiş bayramın kölgəsi kimi...
 
 
  Tərcümə edən: Cavanşir Yusifli