Biz imzaları yox, əsərləri dərc edirik...

İnsanlar qəddardır, insansa yox – Taqorun aforizmləri
1681
27 Avqust 2019, 10:34
  Artkaspi.az Rabindranat Taqorun aforizmlərini təqdim edir:


 
  Ölüm  günəşin sönməsi deyil, sübh şəfəqlərində lampa işığının alınmasıdır.
  İnsan özü ilə arasında barrikada qurur.
  Biz səs-küylü kütlənin basırığına ona görə giririk ki, vicdanımızın qışqırığını batıraq.
 Yatdım, yuxuda gördüm ki, həyat - bəxtəvərlikmiş. Oyandım, gördüm ki, çalışmaqmış. Çalışdım və anladım ki, çalışmaq - bəxtəvərlikmiş.
  Biz qapını bağlamışdıq ki, yanılma girə bilməsin, bəs onda həqiqət haradan gələcək?
  Tumurcuq sevəndə, çiçək olur, çiçək sevəndə – bar.
  Hörümçək min hiylə qurur ki, şeh dənəciyini toruna salsın, ancaq tutduğu – milçək.
  Həqiqətin çayı yanılma arxlarından keçir.
  Hər sonsuzun bir sonu var.
  Sevgi – şərabla ləbaləb doldurulmuş həyatdır.
  Anın küyü əbədiyyət nəğməsi üzərində qəhqəhə çəkir.
  Tüstü Göyə dirənir, kül Yerə çəkilir, axı, onlar Odun bacı-qardaşlarıdır. 
  Ölü sözlərin külü bürüdü səni. Qəlbini sükutla yu.
  Həqiqət onun toxumlarını daha geniş səpələyən tufanları özü-özünə qarşı qaldırır.
  O kəs xoşbəxtdir ki, şöhrəti həqiqətindən daha az parlayır.
  Otun kövrək zoğu da böyüdüyü böyük dünyaya layiqdir.
  İnsan vəhşiliyində vəhşini də ötür.
 

  Tonqala işığına görə təşəkkür et, ancaq qaranlıqda əzəli səbri ilə sakitcə dayanan Çırağı da unutma.
  Fərdilik özünü nə qədər parlaq göstərirsə, o, bir o qədər də bütün varlıqla vəhdətə doğru can atır. 
  Mənə elə gəlir ki, sanki canlı bir planetəm və ideyalar çevrəsinə qoşulmuşam. Amma təsəvvür edə bilmirəm ki, nə istəyirəm, nəyi düşünürəm, hansı qərara gəlirəm. Nəyi sevmədiyimi, nəyi istəmədiyimi də bilmirəm. Mən öz doğuluşumdan əvvəl yaranmışam. Mən özümü seçə bilməzdim. Mən – seçilmişəm. Ona görə də əlimə düşmüş "Mən”dən istifadə etməliyəm.
  Haçan ki, hər hansı bir dində bütün bəşəriyyəti öz doktrinasını qəbul etməyə zorlamaq iddiası baş qaldırır, tirana çevrilir.
  Göylərdə süzən eşq var. O, qəlbə od qoyur. Amma elə eşq var ki, gündəlik işlərin mayasına qatılır. Bu eşq ailəyə hərarət gətirir.
  Şehcik Gölə dedi: "Sən – şehin şanagüllə yarpağı altındakı böyük damcısısan, mən – üstündəki balaca damcısı”.
  Könüllər sevgi ilə aşıb-daşanda və yalnız görüşlə ayrılıq arasında döyünəndə, onlara bir-birini anlamaq üçün bir işarə də bəs edər. 
  Həyat öz bütövlüyündə ölümü heç vaxt ciddi qəbul etmir. O, ölümün qarşısında gülür, oynayır, rəqs edir, qurur, tikir, sevir.   Nə zaman ki biz ölümün ayrıca bir faktını seçirik, onda biz onun boşluğuna düşür və çaşırıq.  
  Gözəllik – kamillik güzgüsünü üzünə tuturkən gördüyün həqiqətin təbəssümüdür.
  Mövhumat həqiqəti əlində elə bərk-bərk sıxıb saxlayır ki, axırda öldürür.
  Gülün ləçəklərini yolmaqla, siz onun gözəlliyini dərə bilməzsiniz.
  Buludlar mənim həyatıma axın-axın gəlir, fəqət günbatar səmama leysan-tufan gətirincə yox, rəng qatınca.
  Dostluğun dərinliyi tanışlığın uzunluğundan asılı deyil.
  "Səhərdir” deyibən, günü dünən adına ötürmə. Ona təzəcə doğulmuş adsız çağanı ilk dəfə görürmüş kimi bax. 
  Öz bildiklərinlə övladını çəpərləmə, çünki onlar ayrı zamanlar üçün doğulub. 
  Torpağın əsarətindən qurtuluş ağac üçün azadlıq deyil.
  Hər uşaq o müjdə ilə doğulur ki, Allah insana hələ ümidini itirməyib. 
  Faktlar çoxdur, həqiqət bir. 
  İnam – toranlığı çəkilməmiş dan yerinin işığını duyan quşun oxuması kimidir.
  Məbədin müqəddəs kədərinin bir addımlığında toz içərisində oturmaq üçün uşaqlar qaçışırlar, Allah onların oynamasına baxır və ruhaniləri unudur... 
  İncəsənətdə insan məqsədlərini deyil, özünü aşkar edir.
  Təhlükədən qorunmaq üçün deyil, təhlükə ilə üzləşərkən qorxmaz olaq deyə dua edək.
  Qoy sizin həyatınız zaman sıldırımlarının lap qırağında şən-şən rəqs etsin – yarpağın ucundakı şeh damlası kimi.
  Həyat bizə verilir, bizsə onu fəda edəndə qazanırıq.
  Həyat əmlaka deyil, azadlığa iddialıdır.
 

  Musiqi iki qəlb arasındakı qeyri-müəyyənliyi doldurur.
  Sevgi sadəcə, impuls deyil, qanunu yaşadan həqiqət olmalıdır.
  Sevgi yalnız gerçəklik və sadə bir sentimentallıq deyil. O, yaradılışın ürəyindəki həqiqət nüvəsidir.
  Bizə sadəcə informasiya verən yox, həyatımızı bütün varlıqla harmoniyaya gətirən təhsil – ən yüksək təhsildir.
  Ağaclar  – Yer kürəsinin eşidən göylərlə danışmaq üçün sonsuz canatımı.
  Biz sadəliyimizdə böyük ikən, Böyüklüyə daha yaxın oluruq.
  Nədir incəsənət? – Gerçək Yaradıcının çağırışına insanın yaradıcı qəlbinin hay verməsi.
  Siz dayanmışkən və suya baxarkən dənizi keçə bilməzsiniz.
  Sənətkar – Təbiətin aşiqidir: yəni onun həm köləsi, həm ağası.
  Ölülərə  şöhrətin, dirilərə  sevginin ölməzliyini verin.
  Ulduzlar üşənmir ki, onları işıldaquş sayırlar.
  Şər – məğlubiyyətin təntənəsini özünə rəva görməz, Xeyirsə – görər.
  İnsanlar  qəddardır, insansa  yox.
  Torpağa zərbələr endirməklə biz ondan yalnız toz qaldıra bilərik, amma məhsul yığa bilmərik.
  Pessimizm – alkoqolizmin bir iç şəkli.
  Evlilik o sənətdir ki, gərək hər gün onu cilalayasan.  
  Toxunarkən – öldürə, kənara çəkilərkən – sahib ola bilərik.
  Əmin olanda ki, Allahın tozu-torpağı Sizin bütlərinizdən daha əzəmətlidir, onlar xıncım-xıncım olub toza-torpağa çevrilir. 
 
  Tərcümə edən: Rahid Ulusel