Artkaspi.az saytı Dino
Butsatinin hekayəsini təqdim edir:
Keşikçilər
çəlimsiz və saqqallı qocanı zülmətə qərq olan zindan qapısından içəri atdıqları
vaxt artıq axşam düşmüşdü.
Qocanın saqqalı
bəmbəyaz və iri idi, az qala özü boydaydı hətta. Qismən qaranlığa, qismən isə
zülmətə bürünən kamerada onun saqqalından ətrafa zəif işıq dalğalarının yayılması
digər məhbuslara müəyyən bir təəssürat bağışlayırdı.
Gözləri zülmətə
hələ alışmayan qoca bu "dəlik”də tək olub–olmadığını anlaya bilmədiyindən
səsləndi:
– Başqa kimsə var
burada?
Cavab olaraq
qulağına hırıltılar və deyinmələr dəydi. Sonra türmənin ədəb–ərkanına uyğun
şəkildə hər məhbus özünü ona təqdim elədi:
Xırıltılı səslə
biri dedi:
– Rikkardon
Marçello, zor tətbiqiylə soyğun.
Sonrakı adam isə
çəllək dibindən gələnə bənzəyən boğuq səslə dedi:
– Beççeda
Karmelo, fırıldaqçı–residivist.
Sonra təqdimatın
ardı gəldi:
– Marfi Luçano,
zorlama üstə.
– Lavataro Maks,
günahsız yerə.
Bu sözlərin
ardınca şux bir qəhqəhə qopdu.
Zarafat hamının
ürəyinə yağ kimi yayılmışdı: yoxsa əli onlarla qurbanın qanına bulaşan, quldur
kimi ad çıxaran Lavataronu kim tanımırdı ki?
– Espozito Enea,
qatil, – deyən şəxsin səsində özgüvəni sezilirdi.
Sonrakı adam
təntənə ilə dedi:
– Muttironi
Vinçenço, ata qatiliyəm. Bəs sən, qoca kaftar, kimsən və nəçisən?
Yeni məhbus
karıxdı:
– Mənmi?.. Əslinə
qalanda, bu, heç özümə də bəlli deyil. Yolda məni saxlayıb, sənəd istədilər,
mənim isə ömürbillah hər hansı sənədim olmayıb.
Kimsə kinayə ilə:
– Hə–ə! Deməli,
veyillənirmişsən də, – dedi. – Bəs adın nədir ey sənin?
– Mənim adım...
Morrodur. Ləqəbim isə... e–e... Böyükdür.
– Deməli, sən
Böyük Morrosan. Heç də fəna səslənmir, vallah! – deyə qaranlığı yaran səs bunu
təqdir elədi. – Bu cana–cəsədə görə adın hədsiz yekəxana səslənir, o ada sənin
kimisinin onu sığar!
Qoca üzüyola
halda razılaşdı:
– Haqlısınız,
amma bunda mənim bir günahım yoxdur. Bu ləqəbi mənə sırf məzələnmək üçün
qoymuşdular, sonra mən də buna alışmalı oldum. Hətta onu da deyim ki, bu ləqəbə
görə başım dəfələrlə cəncələ də düşüb. Məsələn, bir dəfə... Amma bu, uzun
əhvalatdır...
Məhbuslardan biri
kobud şəkildə qocanın üstünə çımxırdı:
– Danış, görək,
danış deyirəm! Onsuz da burada bizim boş vaxtdan başqa heç nəyimiz yoxdur.
Kamera yoldaşları
da onu dəstəklədilər. Axı, türmədə cansıxıcı keçən günlər üçün nəyləsə baş
qatmaq – əsl bayramdır.
Qoca razılaşdı:
– Yaxşı, siz
deyən olsun. Bir dəfə mən şəhərdə (adı vacib deyil) boş–bekar dolaşırdım. Bu
vaxt iri bir saray gördüm, həyətdəki nökərlər ləziz taamlarla dolu məcməyiləri
ora–bura daşıyırdılar. Düşündüm ki, yəqin burada böyük bir ziyafət veriləcək,
ona görə də sədəqə istəməkdən ötrü oraya yaxınlaşdım. Amma heç ağzımı açmağa
macal tapmamış boyu iki metrə çatan bir yekəpər yaxalığımdan yapışmaqla məni
qamarladı və bağırmağa başladı: "Bu, həmin oğrudur, nəhayət, ələ keçdi!
Ağamızın çulunu da dünən bu çırpışdırmışdı. Necə sırtılıbsa, təkrar bu qapıya
gəlib! İndicə biz sənin qol–qabırğanı sındırarıq, onda görərsən!” Soruşdum:
"Mənim qol–qabırğamı? Əgər mən dünən buralardan ən azı otuz mil uzaqlarda
idimsə, onda sizin malınızı necə oğurlaya bilərdim?!” O, çığır–bağırla: "Səni
mən öz gözlərimlə görmüşdüm. O çulu necə qamarlayıb qaçdığının canlı
şahidiyəm”, – deyə məni həyətin tən ortasına sürütlədi.
Qarşısında diz
çöküb, yalvardım: "Vallah, dünən mən buralardan otuz mil uzaqdaydım. Bu, sizin
şəhərə ilk gəlişimdir. Siz gəlin, Böyük Morronun səmimi and–amanına inanın”.
Qarşımdakı adam heyrətdən lap gözlərini bərəldərək, soruşdu: "Necə, necə?”
Təkrarlamalı oldum: "Böyük Morronun andına inanın”. Qəfildən onu gülmək tutdu:
"Deməli, sənmişsən Böyük Morro? Ay camaat, gəlin, bu cındıra bir baxın, sən
demə, bunun adı Böyük Morro imiş!”
Sonra üzünü mənə
tutub soruşdu:
– Sən heç
bilirsən Böyük Morro kimdir?
– Yox, – dedim. –
"Böyük Morro” ləqəbli başqa birisini tanımıram.
O yekəpər mənə
izah elədi: "Böyük Morro – bir başqası yox, məhz bizim möhtərəm ağamızdır.
Səfil bir dilənçi ikən, sən onun adını necə daşıya bilərsən?! Odur ki, işin
fırıqdır! Hə, odur, ağamız özü də buraya gəlir!”
Həqiqətən də, ağa
qopan səs–küyə sarayından çölə çıxmışdı. Görkəminə görə bu adam nəinki şəhərin,
bəlkə də elə yer üzünün ən zəngin adamına bənzəyirdi. Yanaşıb, məni başdan–ayağa
süzdü, bəzi suallar verdi və gülməyə başladı: hansısa lütün birinin onunla eyni
adı daşımasına gülürdü o. Sonra buraxılmamı əmr elədi, məni sarayına apardı,
qızıl, ləl–cavahirat saxladığı zirehli otağı mənə göstərdi, məni doyunca
yedirib–içirməyi tapşırdı nökərlərə. Təkrar yanına gələndə dedi: "Ey ahıl
dilənçi! Bu ad əhvalatında mənə qəribə gələn bir məqam var: vaxtilə Hindistana
səfər etdiyimdə buna bənzər bir hadisə mənim də başıma gəlmişdi. Bir gün oradakı
bazara satmaq üçün mal çıxartdım, satdığım malların əntiq və bahalı olduğunu
görən xeyli insan maraqla başıma toplaşdı və mənim kim olduğumla, haradan
gəldiyimlə maraqlanmağa başladı. Deyəndə ki: "Adım Böyük Morrodur”, onlar
təəccüblə soruşdular: "Böyük Morro? Sənin harandadır o böyüklük, o əzəmət, ay
tacir? İnsanın əzəməti – onun ağlındadır. "Böyük Morro” adında cəmi bir nəfər
var, o da bizim şəhərin sakinidir. O, bütöv bir ölkənin fəxridir, sən isə,
əlbət, fırıldaqçının birisən. İndicə gedib, o adın sahibi qarşısında üzrxahlıq
eləməlisən”. Beləcə məni süpürləyib, əl–ayağımı bağladılar və o əsl Morro
saydıqları və mənim varlığından bixəbər olduğum adamın yanına apardılar. O adam
tanınmış alim, filosof, riyaziyyatçı, astronom və astroloq idi: camaat ona az
qala bir Tanrı qədər sitayiş edirdi. Xoşbəxtlikdən o, məsələdə bir anlaşmazlıq
olduğunu ilk andan sezdi, qəhqəhə çəkdi, əl–ayağımın açılmasını buyurdu və məni
yanına salıb, iş otağını, rəsədxanasını, oradakı və özünün ixtirası olan əcaib
alətləri mənə göstərdi. Sonra dedi: "Ey nəcib və yadelli tacir! Başına gələn bu
əhvalatın ən maraqlı cəhəti odur ki, Levanta adasına səfərim əsnasında eynilə
belə bir sərgüzəşti mən də yaşamışam. Payi–piyada bir vulkanın zirvəsinə
yollanmışdım ki, onu tədqiq eləyim, amma bu vaxt zahiri görkəmindən yerli
əhalidən olmadığımı anlayan bir dəstə döyüşçü məndən şübhələndi və kimliyimi
öyrənmək istədi. Mən adımı dilimə gətirən kimi əl–qolumu qandallayıb, məni
birbaşa şəhərə apardılar. Yolboyu soruşurdular: "Deməli, sən özünü "Böyük
Morro” adlandırırsan, eləmi? Sənin kimi özündənrazı alim axı necə böyük və
əzəmətli ola bilər?! Bütün yer üzündə vur–tut bircə dənə Böyük Morro var – o da
bizim adanın sultanıdır, o, tarixdə öz qılıncıyla zəfərlər qazanan
cəngavərlərin ən böyüyüdür. Sənin bu yekəxanalığını görən kimi o, heç şübhəsiz,
başını üzməyi bizə əmr edəcək”.

Onlar məni öz
sultanlarının hüzuruna gətirdilər: bu adamın zəhmindən hər kəs tük salırdı.
Bəxtim onda gətirdi ki, nə baş verdiyini ona yerli–yataqlı başa sala bildim, bu
qəribə təsadüfü anlayan yenilməz cəngavər qəhqəhə çəkdi, qandallarımın
açılmasını əmr elədi. Bahalı xələtlər bağışlayandan sonra məni öz sarayı ilə
tanışlığa dəvət elədi ki, onun yaxın və uzaq adaların xalqları üzərindəki
qələbələrini isbatlayan misilsiz qənimətləri göstərib, öyünə bilsin. Ayrılanda
mənə bunları dedi: "Ey nüfuzlu alim, ey mənim adaşım! Bu hadisədə mənə
heyrətamiz gələn o məqamdır ki, Avropa adlandırılan o uzaq ərazilərdə
döyüşdüyüm vaxt başıma eynilə buna oxşar bir hadisə gəlib. Öz döyüşçülərimlə
meşədə irəliləyərkən qəfildən qarşıma kor–kobud dağlılar çıxdılar və məndən
soruşdular: "Sən kimsən ki, öz silahlarının cingiltisiylə bizim meşələrin şirin
yuxusuna haram qatırsan?” Mən də: "Böyük Morroyam” dedim və düşündüm ki, bəlkə
bu cavabla onların canına qorxu salım. Amma onlar istehza dolu təbəssümlə
soruşdular: "Böyük Morro? Yəqin sən bizimlə məzələnirsən? Sənin kimi sərgərdan
bir döyüşçü hansı böyüklükdən, əzəmətdən dəm vura bilər?! İnsanın əzəməti –
onun nəfsinə hakim olmasında, ruhunun isə yüksəkliyindədir. Bu dünyada cəmi bir
dənə Böyük Morro var və biz indi səni birbaşa onun yanına aparacağıq ki, əsl
əzəmətin nədə olduğunu bəlkə aşkar anlayasan”. Bunun ardınca onlar məni kiçik
bir dərəyə apardılar, oradakı amanabənd bir komada cır–cındırından cin ürkən,
bəyaz saqqallı bir qocanı mənə göstərdilər. Deyilənlərə görə, o, bütün ömrünü
təbiəti seyr edib, Tanrıya şükür eləməklə keçiribmiş. Düzü, o vaxta qədər mən
Ondan daha hüzurlu, hər şeydən razı və yəqin ki, həm də bəxtəvər bir insan
görməmişdim. Ancaq nə gizlədim, o yaşdan sonra həyat tərzimi dəyişməm mənə
tamamilə imkansız görünürdü.
Hansısa adanın
sultanı müdrik bir alimə, alim də zəngin tacirə, həmin tacir isə onun qapısına
dilənməyə gələn kasıb qocaya bax, bunları nağıl eləmişdi. Onların hamısının adı
Morro imiş, həm də hər birisi bu və ya digər səbəblər üzündən "Böyük” ləqəbini
qazanıblarmış.
Qoca öz
hekayətini tamamlayınca, qaranlıq kamerada digər məhbuslardan birinin səsi əks–səda
verdi:
– Əgər mənim
zərrə qədər ağlım varsa, belə başa düşdüm ki, o küləş komada yaşayan
lənətəgəlmiş ahıl və deməli, ən böyük Morro sən imişsən?
Qoca bunu nə
təsdiqlədi, nə də inkar elədi, eləcə mızıldanaraq dedi:
– İndi nə deyim
sizə, ay oğulbalalar? Özünüz də gördünüz ki, həyatda hər şey mümkün imiş!
Bunun ardınca
hamı bir ara susdu, çünki həyatdakı bəzi şeylər hətta ən islaholunmaz əclafları
da dərin düşüncələrə qərq edə bilir.
Dilimizə çevirdi: Azad Yaşar