Biz imzaları yox, əsərləri dərc edirik...

İnsanı ucalığa aparan hiss şöhrət hissidir – “Sevdiyim əsər” layihəsi – Azər Abdulla
3218
24 Oktyabr 2019, 09:30
  "Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət adamlarının ən çox sevdikləri əsər haqqında söhbət açırıq. Bu dəfəki həmsöhbətimiz Azər Abdulladır. Onun sevdiyi əsər Lev Tolstoyun "İvan İliçin ölümü” povestidir.
 
 

  – Lev Tolstoyun "İvan İliçin ölümü” povesti hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə sizin sevdiyiniz əsərdir?
  – Müsahibələrimin birində "İvan İliçin ölümü” hekayəsinə heyran olduğumu demişdim. Ancaq hekayələrdən söz düşmüşkən Heminqueyin "Qoca və dəniz”, Xolldor Laksnessin "Qızardılmış göyərçin qonaqlığı”, Patrik Zuskindin "Kontrabas”, Yusif Səmədoğlunun "Bayatı-Şiraz”, İvan Buninin "Sanfransiskolu cənab”, Mirzə Cəlilin "Qurbanəli bəy” əsərləri çox bəyəndiyim hekayələrdəndir. Ancaq sıralama məsələsinə gəlsə, sözsüz, çəkinmədən Tolstoyun hekayəsini birinci yerə qoyardım. Mənə görə adlarını çəkdiyim hekayələr bir müstəvi, ekvatora ən yaxın paralel üstündə yazılıbsa, "İvan İliçin ölümü” genişlik, ağırlıq, sanballılıq baxımından məhz ekvator üstündə yaradılmış sadə, mükəmməl, həm də son dərəcə qəliz əsərdir. Əgər bu hekayədən xəbərim olmasaydı, yəqin ki, "San Fransiskolu cənab”ı – yeri gəlmişkən, bu əsəri oxuyanda da "İvan İliçin ölümü”nü xatırlayırsan – yaxud "Qoca və dəniz” hekayəsi arasında qalacaqdım.
  Milliyyətindən, dinindən, mənsəbindən asılı olmayaraq hər bir oxucu – xüsusilə yaşlı, ölümün hənirtisini tez-tez duyanlar – hekayəni izlədikcə dönüb İvan İliç olur. Hekayədə insanın görünən və görünməyən duyğuları, münasibətləri, tanışlarını, doğmaların təbii və saxta, maskalı görkəmləri virtuozcasına qələmə alınıb. Bir vaxt müstəntiq İvan İliçin müttəhimlərə göstərdiyi saxta, yalançı, maskalı mimika, jestlər və davranışlar ölüm ayağında onun özünə göstərilir.

  – Əsər İliçin ölümü ilə başlayır və İliçin ölümü ilə də sona çatır. Tolstoy bunu çox ustalıqla edir, bir dəfə başqalarının dili ilə İliçin ölümünü fakt kimi göstərir. Digər təsvirdə isə İliçin bütün həyatı danışılır. Bir ölüm iki dəfə təsvir edilir. İstərdim bu qəribə ədəbi texnika barədə danışasınız.
  – Hekayənin texniki quruluşundan, strukturundan öncə filosof yazıçının ölümə münasibəti barədə bir neçə söz demək istərdim. Tolstoyun həyat və yaradıcılığına azacıq bələd olanların yadına yazıçının ölümlə bağlı yazdığı bir neçə əsəri salmaq istərdim. Levin vur-tut iki yaşı olanda anası dünyadan köçür. Anasının cənazəsini, yas mərasimini həyəcanla izləyən iki yaşlı uşağın iyirmi üç yaşına çatanda ölüm mövzusu ilə bağlı "Dərd” adlı ilk yazısı çap olunur. Ananın cənazəsi vidalaşanda qışqırıq qopur. Tolstoy sonralar yazırdı ki, yüz il yaşasam da tükürpədici o çığırtılar yadımdan çıxmaz. İnsanın iki yaşını xatırlaması. Təəccübümü bildirəndə "İki yaş nədir ki, hardasa oxumuşdum ki, Tolstoy səkkiz aylığını xatırlayırmış” –, bunu mənə oğlum, yazıçı Alpay Azər dedi.
  Ölümlə bağlı ilk yazısından yeddi il ötəndən sonra "Üç ölüm” adlı hekayə yazır. Bir il sonra Tolstoyun qardaşı Nikolay vərəmdən ölür. Onu da deyim ki, Tolstoy ana, ata, bacı-qardaş, sonralarsa öz oğlu, qızının ölümünü görmüş, sarsıntı keçirmiş insandır. Daha bir il ötür, "Xolstomer” – "Atların tarixi” əsərində "İki həyat, iki ölüm”dən, yəni, qocalıb gücdən düşmüş, tənhalaşmış, gərəksiz hala düşmüş atla (həm də onun yiyəsi ilə) cavan, güclü, yaraşıqlı atı (həm də onun yiyəsini) paralel təsvir edir. Sonra "Hərb və sülh” romanında qoca qraf Bezuxovun, sonra "balaca knyaginanın” ölümü gəlir. Yəhudi əsilli rus nasiri, publisist, kimyaçı, filosof Mark Aldanov "Tolstoyun qürub çağı” kitabında böyük yazıçının yaradıcılığındakı ölümlərin sayından, anlaşılmazlığından, onun fəlsəfəsindən geniş danışır. Fərid bəy, sizə "Hərb və sülh” romanından bir məqamı –Knyaz Andreyin xanımı məsum uşaqsifətli knyaginyanın ölümü xatırlamaq istəyirəm. Sonra buludlu dərin göylərin altında knyaz Andreyin can vermə səhnəsini, Napaleon Andreyin yanından ötəndə "Nə gözəl ölüm!” deyir. Andrey göylərin uzaqlığından, genişliyindən, sonsuzluğundan gözünü çəkib Napaleona baxanda onun – Napaleonun və həyatın möhtəşəmliyi ona mənasız, bomboş görünür, ölümün mənasız olduğu, adamların bunu anlamadığı barədə düşünürdü. Povestin texnikası və strukturu barədə onu deyə bilərəm ki, Tolstoy öz yazıçı gücünə və peşəkarlığına arxayın olduğundan povestin sonunu əvvəldə verməklə əsərə heç bir xələl gəlməyəcəyinə əmin imiş.

  – Sizcə, Tolstoy niyə əksər qəhrəmanlarını daha çox şöhrətlə imtahana çəkir və çox vaxt da bu imtahan məğlubiyyətlə başa çatır?
  – Şöhrət insana məxsus hissdir, Tolstoy bu duyğunu yetərincə, gen-bol yaşamışdı. İnsanı ucalığa dartan başqa amillərlə müqayisədə bəlkə birinci yerdə şöhrət hissi dayanır. Yenə "Hərb və sülh” romanında Andrey obrazı yada düşür. Austerlits savaşı öncəsi knyazın ağlından təxminən bu fikir keçir: "Aman Allahım, axı neyniyim ki, mən hər şeydən çox şöhrəti sevirəm? Ata, bacı, qadın, hamısı mənim üçün əzizdir, amma bunların hamısını bir dəqiqəlik şöhrətə qurban verərdim – insanların mənə olan sevgisinə, insanlar üzərindəki təntənəyə”. Belə demək suç deyilsə, qraf Andreyin üzündə qraf Tolstoyun kölgəsi görünür. Məğlubiyyət məsələsinə gəldikdə isə, müdrik filosof yazıçının sonuncu qənaətdir. Əgər həyat və hər şey bu dünya ilə – ölümlə bitirsə, deməli, hər şey məğlubiyyətə məhkumdur. 

  – Əsərdə Gerasim – xidmətçi obrazı var, İliçin ən çətin vaxtlarında ona kömək edir. Tolstoy bir neçə povestində sırf kəndli və ya yoxsul obrazlarını xilaskar kimi göstərir. Bu məsələyə münasibətiniz necədir?
  – İvan Bunin "Çexov haqqında” məqaləsində Çexovun sadə, zəhmətkeş insanlara olan hörmət və sevgisindən yazırdı. Yüksək cəmiyyətdən olmasına baxmayaraq qraf Tolstoy sadə, yoxsul, zəhmətkeş insanları çox sevirdi. Bəlkə Tolstoyun yoxsul insanlara hörmət və sevgisi həm də onlardakı təbiilik, sadəlik, saflıqdan irəli gəlirdi. Elə buna görəydi qraf sadə geyinərək kəndçilərə qoşulub onlarla birgə dəryazla ot çalır, yer şumlayır, sapoq-çəkmə tikir, odun doğrayır, özü özünə qulluq edirdi. Sadə xalq dilində danışır, yeri gələndə işçilərlə zarafatlaşır, kobud, sərt sözlər də işlədirdi. Maksim Qorki Tolstoyla ilk dəfə tanış olanda qrafın "mujik” ləhcəsində danışmasını onun proletarlığına sataşması kimi güman elədiyindən inciyibmiş.
  İvan İliç də onu əhatə edən doğmaların arasında ən etibarlı, ən saf qəlbli, vəfalı nökəri Gerasimin səmimiyyətinə inandığından ona ərk edə bilir. Hekayədə oxucu qulluqçu Gerasimi İvan İliçin sızıltılarından, son günlərsə dəhşətli çığırtı və qışqırıqlardan bezib-usanmayan, ağasının ağrılarını duyan, dərdinə şərik olan bir simsar, ona ürəkdən acıyan, yanan sədaqətli insan kimi görür.
 
 

  – Qəribədir, sonda İvan İliç hissi ilə birgə ağrılarını da "itirir”, amma sonra ağrıdığı yeri tapır, ağrıdığı yeri-ağrını tapan kimi ölümü axtarır. Sanki ağrısını tapmamış ölməyəcəyini düşünür. Ümumiyyətlə, Tolstoy ölümün dərki ilə həyatın mənasızlığını göstərirdi, öz həyatı barədə "Etiraflar” əsərində də təxminən eyni şeyləri yazır. Sizcə, İliç Tolstoyun özü deyilmi?
  – Sualın birinci "qəribədir” sözü azman sənətçinin xarakterindəki qəribəliyi yadıma saldı. Guya Tolstoy deyirmiş ki, Sofya Andreyevnaya və bütün qadınlara nifrət edirəm! Deyirmiş ölsəm, məni tabuta qoyub qapısını örtsələr, mən də qəfil birdən ayılsam, açıb bir də qışqıraram: "Sofya Andreyevna, sənə nifrət edirəm!”
  Bəlkə də ovqatının hansı halındasa yazıçı bunları deyib. Ancaq burası da var, Tolstoy evdən qaçır, ölüm ayağında övladları Tanya və Seryojaya göndərdiyi məktubunda "...Əlvida, ananıza təskinlik verin, ona ən səmimi duyğu və sevgimi bildirirəm” yazırdı. Bu da yazıçının başqa bir halıdır.
  Bəs bu güclü, fövqəladə hissiyyatlı nəhəng, müdrik qoca evindən niyə və hara qaçırdı? Lap ölümünü duyub öz ailəsindən, doğmalarından ayrılıb ölməyə gedən filtək. Doğmalarındanmı, yüksək cəmiyyətdənmi bezmişdi, öz tənhalığındanmı, ölümdənmi qaçırdı, yoxsa ölümünü qarşılamağamı gedirdi? Bu sualların onlarla yozumu ola bilər.
  Fərid bəy, "Etiraflar” dedin, bu sözün də məni uzaqlara, çox uzaqlara apardı. Gəncliyimdə Jan-Jak Russonun "Etiraflar”ını oxumağa başlamışdım. Hardasa qırx, qırx beş vərəq oxuyandan sonra yarımçıq saxlayıb öz etiraflarımı yazmaq eşqinə düşdüm. İyirmi yeddi vərəqəcən ilhamla, sevinə-sevinə yazdım. Birdən elə yerə gəlib dirəndim ki, qorxu məni bürüdü, sanki ağır bir kütlənin altında qaldım, tərpənə bilmədim. Daha yazmadım. Sonralar müxtəlif yaşlarımda yüksək bu rekord normanı qaldırmağa hazırlaşan ştanqçı kimi bir neçə yol həyəcan içində çaba göstərsəm də yenə yaza bilmədim. Bəlkə də, şüur altında mentalitet deyilən əxlaq normaları yolumu kəsdi. Bir sözlə, bu məsələdə gücsüzlüyümü boynuma alıram.
  Sualdan uzaqlaşdıq. Qayıdaq Tolstoyun İvan İliçə oxşaması məsələsinə. Görünür, "Deyilənlər gəldi başa!” fikri təsadüfən yaranmayıb. İvan İliçin ölümündən bir saat qabaq gimnaziyada oxuyan oğlu, huşunu itirmiş atasının əlini öpüb ağlayır. Oxşarlığa bir bax, evdən qaçmış Tolstoy Astopov dəmiryol stansiyasında ağır durumda, inildəyib, zarıyanda, atasını axtarıb tapan oğlu Sergey də onun əlindən öpür. Yazıçı inilti içində "O, əlimdən öpdü” deyir. Bu məqamda mərhum yazıçımız Rafiq Tağı və onun sanki öz ölümünə yazdığı "Qatilə didaktika dərsləri” əsəri yada düşür.
  Tolstoy, nəinki ölməkdə olan İvan İliç, o həm də "Xolstomer”dəki knyaz Serpuxovski, "Hərb və sülh” romanındakı knyaz Andrey, özünə qəsd etmək istəyən Levin, "Anna Karenina”dakı Anna idi. Hətta deyərdim o, ölən atlarda da vardı. "Xolstomer”i oxuyandan sonra Turgenyevin Tolstoya "Lev Nikolayeviç, indi mən tamamilə əmin oldum ki, Siz atsınız!” söyləməyi də təsadüf deyildi.

  – Sonda bir məqamı da deyim ki, Tolstoy əksər əsərlərinin əvvəlində mətnin sonuna işarə edir. Haqqında danışdığımız əsərin əvvəlində İliçinin uşaqlığını təsvir edərkən belə yazır: "İvan İliç məktəbin sonuncu sinfində oxuyanda tikdirdiyi paltarın üstünə "respice finem” (son gününü unutma) yazılmış medalcıq taxmışdı”. 
 

  Söhbətləşdi: Fərid Hüseyn