Artkaspi.az saytı Ramiz Qasımovun "İnsana açılan qapı” yazısını təqdim edir:
Məlum olduğu kimi,
Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu il Azərbaycanda "Nəsimi ili”
elan olunmuş, böyük mütəfəkkir şairin anadan olmasının 650 illik yubileyinin
keçirilməsi qarşıya vəzifə qoyulmuşdur. Artıq TÜRKSOY da bu misilsiz söz
ustadının adını əbədiləşdirmək istiqamətində 2019-cu ili türk dünyasında
"Nəsimi ili” elan etmişdir .Ümumiyyətlə, çoxəsrlik Azərbaycan ədəbiyyatı
tarixində böyük mütəfəkkir şair İmadəddin Nəsiminin (1369-1417) ədəbi mövqeyi
özünəməxsusluğu ilə seçilir. Ədəbi və əbədi problemi insan olan ədəbiyyatda
daha çox humanist mövqenin işıqlanması, insanın zahiri gözəlliyi ilə bərabər,
onun ağlı və kamalına göstərilən bədii münasibət baxımından Nəsiminin əsərləri
xüsusi əhəmiyyət qazanır. Onun yaradıcılığında insan təkcə "hüsnü-camal”ı ilə vəsf
və tərənnüm olunmur, bütün cəsarəti və ictimai dərki ilə insan "kamal”ı ilə də kamili-mütləq
olaraq Tanrıya bərabər təqdim edilir, onun şəninə nəğmələr qoşulur.
XIII əsrdən XV əsrə qədər olan bir dövr
Azərbaycan üçün olduqca mühüm, mədəni cəhətdən əlamətdar bir dönəmdir. Bu
dövrün əlamətdarlığının bir xüsusiyyəti istilaçı, yadelli yürüşlər, zülmün və
sitəmin baş alıb getməsidirsə, digər bir əlamətdar xüsusiyyəti zülmə boyun
əyməyən qadir və qabil insanların mənəvi gücünün oyanışına təkan verən
fikirlərin səslənməsi, mənəvi intibahın təzahür etməsi ilə əlamətdardır. Şifahi
və yazılı qolla birləşərək xalqın bədii düşüncəsi yaşananlara qarşı əqli etiraz
və üsyana çevrilir. İnsan məhz bu dönəmdə açıqdan-açığa bütün gücü və qüdrətilə
vəsf, tərənnüm və təqdim vasitəsinə çevrilir. Bədii-tənqidi gülüş, ümumiyyətlə,
milli tənqidi düşüncə sistemi ən çox mənəvi, ictimai-siyasi və s. böhranın
yaşandığı dönəmlərdə özünə yer aldığı üçün XIII-XVI əsrlər də bu cəhətdən daha
səciyyəvi və xarakterikdir. Məhz bu dönəmlər ortodoksal-sxolastik dinin, o
cümlədən düşüncənin geniş yayıldığı, işğalçılıq yürüşlərinin həyata keçirildiyi,
insanların kütləvi olaraq məhv edildiyi, mədəniyyətlərin toqquşduğu və
dağıdıldığı bir dönəmdir. Məhz belə bir mürəkkəb və fəlakətlərin yaşandığı dönəmdə
xalq bir tərəfdən Molla Nəsrəddin lətifələri ilə bu əzazil düzənə qarşı
çevrilir, digər tərəfdən Molla Nəsrəddinin xalq müdrikliyi ilə birləşən Fəzlullah
Nəimi və İmadəddin Nəsiminin (söz yox, Yunus Əmrə, Mövlana Rumi, Füzuli və
başqaları da bu dairənin zəruri həlqələridirlər – R.Q.) insanları mənəvi oyaqlığa
səsləyən fəlsəfi şeirləri ilə köləliyə, cahilliyə və zülmə qarşı mübarizə
aparırdılar. Mənbələr də təsdiq edir ki, hürufilik Əmir Teymur zülmünə qarşı
yaranan bir ideoloji təlim olduğu kimi, siyasi mahiyyət də daşıyırdı. Hətta
bizə elə gəlir ki, xalq bədii təfəkkürünün mifik qəhrəmanına çevrilmiş Molla
Nəsrəddinin özü də antroponomik mənşəcə Nəsimiyə aid olan "Nəsiməddin”in
dəyişilmiş formasıdır. Belə ki, şəxsiyyət və yaradıcılıq məzmunu etibarilə
Molla Nəsrəddin Nəsimiyə çox yaxındır, nəinki Nəsirəddin Tusiyə (Molla
Nəsrəddinin tarixi şəxsiyyət olması və Ağşəhərli olması barədə də fikirlər
vardır). Nəsimidə oyanış, intibah pafosu var idi. Molla Nəsrəddin və ya Nəsiməddin
də onun xalq arasında əks olunmuş forması ola bilərdi. Lətifələrdəki milli
tənqidi düşüncə, inkar, ifşa və oyanış pafosu, ictimai zülmə, ortodoksal,
sxolastik düşüncəyə, ehkam və doqmalara, eləcə də Teymurilər zülmünə qarşı qətiyyətli
mübarizə, təftiş və tənqidedici baxış və s. məşhur xalq bədii fikir qəhrəmanı
Molla Nəsrəddini mütəfəkkir şair Nəsiməddinlə, yəni Nəsimi ilə əlaqələndirməyə
əsas verir. Mənəvi intibahın yaşandığı və ən uğurla təzahür etdiyi dönəm məhz
bu dönəmdir. Avropada da dini-sxolastik düşüncənin ağırlığına qarşı insan
zəkasının etiraz və çabası intibahı təzahür etdirdiyi kimi, orta əsrlər
Şərqində də sanki düşüncə sahibləri xristianlığa, yaxud islama və b. "yalnızca
inanılmalımı, yoxsa onun doğrularına ağıl yolu ilə nüfuz edilə bilər?” – deyə
konkret cızıqdan çıxmanın cəhdlərini ortaya qoymuşdular. Bu dönəmdə sanki bütün
dünya eyni əqli mühakimə tərzi ortaya qoyur və fikir bataqlığını aşmağa cəhd
edən ağlın çırpıntıları ilə yeni dünya yaradılırdı: İnsanla Allahın təbiətdə və
demək, dünyada birləşdiyi, təzahür tapması fikri ilə. Akvinalı Tomasın "Tanrıya
ya iman yolu ilə, ya da ağıl və hislərimizlə qovuşa bilirik” fəsəfi
düşüncəsinin təzahürü kimi, orta çağ Şərqinin nəhəng mütəfəkkirləri də
sxolastik islam qaranlığını məhz insan ağlının dərki ilə Allaha qovuşa bilməsi
və bütünləşməsi fikrinin ziyası ilə yarır. İnsanları güldürə-güldürə düşündürən,
düşündürə-düşündürə güldürən Molla Nəsrəddin lətifələri geniş yayılır. Bu da
təsadüfi deyil ki, ictimai varlığı realist və tənqidi dərk etmə səciyyədən
yanaşan Molla Nəsrəddin lətifələrində daha çoxluqla adı keçən və zülmü, sitəmi
ilə ifşa edilən başlıca hökmdar surəti Teymurdur. Görünür ki, xalq Teymur kimi
əzazil hökmdarla ümumiləşdirilmiş zülmə qarşı əqli və şüuri mübarizəni
lətifələrlə də həyata keçirmişdir. Bu mənada bu kimi ədəbi-bədii fəaliyyət həm
işğalçılığa qarşı çevrilmiş, həm hərbi-siyasi missiyalara qarşı yönəlmiş, həm
də insan azadlığının düşməninə, köləliyin səbəbinə çevrilmiş mövhumat, avamlıq
və müxtəlif nöqsanlar əleyhinə yönəlmişdir.
Ümumiyyətlə, Yaxın Şərq və
Azərbaycan ədəbiyyatında humanizm, insan ləyaqətinin təqdiri, insan sədatinin
tərənnümü mühüm yerə malik olduğu kimi "İnsanı dünyanın yaradıcısı, əzəli və
əbədi bir varlıq adlandıran böyük Şirvan şairi İmadəddin Nəsimi insan zəkasını
köləlikdən azad olub öz qüdrətini dərk etməyə çağırırdı” (Akademik H.Araslı).
Bu baxımdan, hürufilik təlimi insan amilinə xüsusi əhəmiyyət verirdi və buna görə
də bu təlim humanist səciyyə kəsb edirdi. Humanist fəlsəfi təlim olan hürufiliyin
banisi Fəzlullah Nəimi Qurani-Kərimə, hədislərə və müxtəlif fəlsəfi təlimlərə istinadən
insanı öz dəyəri, xilqəti və səciyyəsi etibarilə "Yaradan”la eyni cərgəyə (şərik
mənasında deyil – R.Q.) qoyurdu.
İmadəddin Nəsiminin bütün
yaradıcılığı bu fəlsəfi təlimin ən parlaq, dolğun himnləri, onun hikmət və
fəzilətini aydınladan risaləsi, "şərhü-bəyanı”dır. Onun "Məndə sığar iki
cahan”, "Gənci-nihan mənəm mən uş”, "Mən mülki cahan” kimi məşhur fəlsəfi
şeirlərində və bütün yaradıcılığı boyunca insana alilik nəğməsi deyən bir
qüdrətli humanist sənətkar, insan aşiqi və mücahidi kimi özünü təsdiq edir.

Bu baxımdan Nəsimi insanın
ruhunda gizli-saxlı qalmış ağlı, dərki, mübarizəni silkələyib üzə çıxarmaq
missiyası həyata keçirir desək yanılmarıq. Onun təlimi öz müraciətləri ilə insanı
daxilən silkələyir, haqq-hesab soruşur, öz-özünü nəzərdən keçirməyə istiqamət
verir, bütün yaxşı-pisin ortaya çıxarılmasına vəsilə olurdu. Pisə, çatışmazlığa
görə insan tənbeh və tənqid edilir, daha kamil bir şəxsiyyət-insan olması üçün
stimul edilirdi. İnsandan isə dövrün, zamanın tələbinə görə mənəvi ayıqlıq,
biliklilik və fəal mübarizə tələb edilirdi.
Nəsiminin həmçinin "İtirdin cami-Cəmşidi,
oyan uyxudan, ey qafil” başlıqlı qəzəlini də oyanışa, özünüdərkə, dünya və aləmdən
xəbərdar olmağa səsləniş kimi qəbul etmək lazımdır. Bu nümunələrdə aydın görünən
və açıqca izah edilə biləcək mətləb budur ki, insanı kamil qılmağın yolunu Nəsimi
elmdə, maarifdə, idrakda görür. Əgər elmi, mərifəti varsa, dünya-aləm insan üçün
bir əhəmiyyət kəsb edir, elmi-mərifəti yoxsa, dünyanın, yaradılışın insan üçün
heç bir faydası yoxdur.
Əslində hürufilər düşünürdülər
ki, kamil, gözəl, hər şeyi bilən, alim, adil, qadir olan heç bir nöqsanı
olmayan Allahı tanımaq, ona iman gətirmək və ibadət etmək, səcdə qılmaq yeganə
olaraq insana verilən xüsusiyyətdirsə, demək, gözəl olan Allahı dərk etmək şərəfi
və ləyaqətini daşıdığı üçün insan özü də şərəfli və ləyaqətlidir. Bundan başqa,
Həllac Mənsurdan başlayaraq hürufilərin də işlətdiyi "Ənəl-Həq” kəlməsi haqda deyilir:
"Qəlbin masivadan təmizlənərək Haqqın əsma, sifət və zılal
nurlarına ayna olması nəticəsində meydana gələn şiddətli sevgi və eşq səbəbilə
salik, akis və kölgələri Haqqın özü zənn edər. Həllacın "Ənəl-Həq” dediyi məqam
burasıdır. Əlinə oda soxan adamın yandığında can yanğısı ilə: "Yandım, od
oldum” deməsi necə məcazi bir həqiqəti ifadə edirsə və bu söz deyənin həqiqətən
od olduğunu göstərmirsə, "Ənəl-Həq” sözü də belə bir məcazi idrakdır. Qulun öz
əməl və davranışlarını görməz olub, özündə olan əməllərin Allaha aid olduğunu
idrak etməsidir”.
Hürufiliyin qüdrətli təbliğatçısı və ikinci rəhbəri
olmuş Nəsimi ortodoksal, sxolastik islami düşüncənin hakim olduğu bir dönəmdə
qadına da haqq tanıyan, onu kişilərlə bərabərləşdirən fikirlərlə də çıxış
edirdi. "Ey müsəlmanlar, bilin kim, yar ilə xoşdur cahan, Çünki yardan ayrı
düşdüm, bu cahanı neylərəm?” beytini məhz bu mənada izah etmək mümkündür ki,
insan öz yarı ilə bütövlük kəsb edə, əsl mahiyyətini ifadə, təcəssüm və təcəlla
etdirə bilər. Burada qadını sadəcə vəsf, tərənnüm yoxdur, burada qadının qüdrətinin
zərurəti, varlığına duyulan ehtiyac öz təcəssümünü tapıb. Aşiqanə lirikada
qadın sadəcə "gözəllik məbədi” kimi təsvir tapdığı halda, Nəsimidə qadın "qiblədir,
Kəbədir, səcdədir, zikri-Qurandır, fikri-tovhiddir, namazdır, kitabdır” və belə
demək olarsa, bütün "sirrin, sehrin açarı”, uca və gözəl Allahın qüdrətinin təcəssüm
etdiyi bir varlıqdır:
Kəbə üzündür, ey sənəm,
üzündədir sücudumuz!
Və yaxud:
Kəlamım,
zikri-Quranım, kitabım, fikri- tövhidim,
Namazım, razımü-səcdəm,
bəkülli cümlə ərkanım...
Bu da tam aydınlığı ilə
görünür ki, Nəsimidə qadının üzünün "səcdəgah, qibləgah” kimi göstərilmiş fikri
ana abidəmiz olan "Kitabi-Dədə Qorqud” dastanındakı "Ana haqqı Tanrı haqqıdır”
müdrik fikri ilə birləşərək ümumi türk-oğuz düşüncəsini ehtiva edir və onun
intibah dövrü ictimai fikirdəki davamı olaraq görünür.

Hürufilik təlimində insanın
mühitə, varlığa şüurlu münasibəti, onu dəyişdirmək və yaxşılaşdırmaq cəhdinin
də yer aldığını aydın müşahidə etmək mümkündür. Belə ki, hürufilər hər şeyə,
hər cür varlığa, hətta Tanrıya – Yaradana şüurlu münasibət və dərki insanın
xisləti, əsl mahiyyəti olaraq bilirdirlər. Bu cəhətdən köhnəni yeniləşdirmək
cəhdi onların da təlimində yer aldığını deyə bilərik. Fikrimizcə, bu həm maddi
aləmi, həm də mənəvi aləmi əhatə edirdi. Çünki idrakı oyanan insan
mənəviyyatını dəyişir və əlbəttə, özünə bab şərait yaratmaq məqsədilə mühiti və
şəraiti dəyişir. İdrakın işığı mənəviyyatı və mühiti işıqlandırır, nura
boyayır. Bu təlimə görə, kamil insan mütləq kainatın sirrini çözəcək və ona
hakim olacaq. Təsadüfi deyilmir ki: "Nəsiminin insan konsepsiyasının zirvəsində
və yekununda kamil şəxsiyyət problemi dayanır. Bu, özünü və ilahi həqiqətləri
dərk edən, hərflərin elmini bilən, "nüsxeyi-səğir”də "nüsxeyi-kəbir”i görməyi
bacaran, şeytan adlanan nəfsin əsarətinə düşməyən, div (münkir) xislətindən
uzaq olub hüsrufi görüşlərini dərk və qəbul edən, insanı və Haqqı sevən həqiqət
yolçusudur” (Prof. Y.Babayev). Bu baxımdan Nəsiminin "Tələb eylə” adlı qəzəlini
də məhz bu yöndə şərh etməklə ona məna vermək mümkündür.
Ey
xəstə könül, dərdinə dərman tələb eylə,
Gər can dilər isən, yeri, canan tələb eylə.
Ey
bülbüli-qüdsi, nə giriftari qəfəssən,
Sındır qəfəsi, tazə gülüstan tələb eylə və s.
Konkret olaraq qəzəlin – "Ey
bülbüli-qüdsi, nə giriftari qəfəssən, Sındır qəfəsi, tazə gülüstan tələb eylə”
beytində tam mənası ilə köhnə yaşayışı, insana mane olan əngəlləri, onun azadlığını, azad düşüncəsini
məhdudlaşdıran sərhədləri dəf etməyi tələb bütün çılpaqlığı ilə ortadadır. Xalq
yazıçısı Anarın İmadəddin Nəsimi haqqında olduqca da ibrətamiz bu fikri yerinə
düşür ki: "İmadəddin Nəsimi zalım bir dövranda yaşayıb-yaradıb, amma onun
poeziyasında Renessans əlvanlığı ilə, azadlıq ideyaları ilə, nikbinlik
motivləri ilə dopdoludur. Böyük sənətkarların verdiyi ibrət dərsi, bir daha
sübut edir ki, heç bir fikir zülməti, mənəviyyat qaranlığı insanın Xeyrə,
İşığa, Səadətə qovuşmaq istəyini boğa bilmir. Heç bir dini cəhalət, heç bir
insana qənim ideologiya insan düşüncəsini buxovlaya, mütiləşdirə bilməyib.
İnsan yalnız o zaman kölə olur ki, güclə ona aşılanan özgə fikrinə, yad
ideologiyaya boyun əyir, o yalnız düşünməkdən əl çəkən gün qula çevrilir, o gün
ki ürəyində "yox, yox” tutub, dilində
"bəli, bəli” deyir. ...Nəsimi poeziyasının humanistik pafosu – insanın insan
yerinə qoyulmadığı bir dövrdə insan ləyaqəti uğrunda mübarizə pafosu idi”.
Beləliklə, böyük
mütəfəkkir şair İmadəddin Nəsimi intibah epoxasının qüdrətli nümayəndəsi kimi
özünə möhtəşəm bir yer tutur. Onun yaradıcılığı milliliyi və bəşəriliyi ilə
səciyyələnərək humanist konsepsiya ortaya qoymuşdur. İnsan bu "ədəbi vəhylərin”
səcdəgahı ünvanını qazanmışdır. ""Müəzzəb” -
əzabçəkən deməkdir. Deməli, əzab çəkmək qabiliyyətinə malik olmaq üçün insanda
ağıl lazımdır. Bunun başqa bir adı da "anlamaq dərdi”dir”, – deyə yazan akademik
Teymur Kərimlinin fikirlərinə istinad edərək, demək olar ki, əsrlər öncə Nəsiminin
taleyində "anlamaq dərdi”, "insanı insan bilmək” başlıcalıq təşkil etmişdir.