Artkaspi.az Azərbaycan Yazıçılar
Birliyinin üzvi, Prezident təqaüdçüsü, bir neçə şeir kitabının müəllifi, çağdaş
ədəbiyyatımızın seçilən gənc qadın şairlərindən biri Xəyalə Sevilin müsahibəsini
təqdim edir:

– Oktavio Pasa görə
"Poeziya səhrada yalvarışdır, gözəgörünməzlə söhbətdir. O, nifrət, qüssə,
ümidsizliklə qidalanır”. Bu mənada, hazırki çağdaş poeziyamızda mövcud olan
"hava” sizi sıxmır?
–
Bizim bugünkü ədəbiyyatımız təəssüf ki, dost-tanış ədəbiyyatıdır. Yəni, indi
istedad yox, "təbliğat” ön plandadır. Kimin ki, geniş ətrafı var, dost-tanışı
var, onun yaradıcılığı yüksək səviyyədə qiymətləndirilir və təqdim olunur.
Kütləni inandırmaq çox asandır. Əgər, hansısa bir şeirə 5-10 nəfər müsbət fikir
söyləyirsə, ətraf mühit təsirə düşür, söylənilənləri təkrar edir. Amma,
müqayisə etsək, baxıb görərik ki, az oxunan, az tanınan o qədər gözəl müəlliflər
var ki... Kimin ki, bir növ "üzü”, təbliğatçılıq bacarığı var onlar qabağa
gedirlər. Bu baxımdan mövcud olan "ədəbi hava” məni çox sıxır. Əvvəllər
düşünürdüm ki, istənilən sahədə kim məşhurdursa, deməli, istedadlıdır. Lakin
illərin və gördüklərimin qənaəti belə olmadı.
– Şair olmaq qadınlar üçün "uyğun"
deyil. Çünki qadın sevilir, bəzən sıxışdırılır, geyiminə görə təcrid olunur,
"kürəyindən əsasını, qarnından dayçanı" əskik etməmək lazımdır. Bu
cür zehin dünyasında qadın kimi doğulmaq azmış kimi, "şair qadın” kimi yaşamaq
nə qədər dözüləndir?
–
Mən hardasa cəsarətliyəm. Kimliyindən, mövqeyindən, cinsiyyətindən, yaşından asılı
olmayaraq, zəif bildiyim, ağlına güvənmədiyim heç kimə tabe olmamışam. Yaxşı,
pis həmişə öz qərarım olub. Mənimçün idarəetmə mütləq şəkildə kişilərdə və ya
yaşca böyüklərdə olmamalıdır. Ağıllı olan idarə etməlidir. Düzdü, hərdən tabe
olan, qane olan qadınlara həsəd aparıram, onlar daha asan, daha sakit
yaşayırlar. Ancaq, bütün bunlara baxmayaraq, mən yenə də öz xarakterimə sadiq
qalıram.
– Bir şeirdə oxumuşdum: Bir
axşamüstü
Bir Şərq şəhərində
Yoruldum qadın olmaqdan...
–
Bəzən qadınlar deyir ki, kaş ki, kişi gələ biləydim dünyaya. Amma, bu fikrə
nədənsə həmişə qarşı olmuşam. Qadın olmaq, qadın doğulmaq mənim üçün bir
ayrıcalıqdır. Əgər yaxşı ailədə doğulmusansa, yaxşı mühitdə böyümüsənsə, qadın
olmağın avantajı çoxdur. Bir də davranış əsasdır. Hərdən insanlardan tələb
etməlisən ki, sənə hörmət eləsinlər. Mən, deyəsən, qadın olmağı bacarıram.
Ancaq, hərdən adam insan olmaqdan yorulur. Ruh adamlarının əskikliyini hiss
edəndə bu hal daha tez-tez baş verir. Mən, ümumiyyətlə, qapalı insanam. Gec
ünsiyyət qururam. Bir növ az tanıdıqlarımdan özümü qoruyuram. Bir şeyə inanıram
ki, danışdığın mövzunun 20 faizi qarşındakı insana anlaşıla bilər. Qalan 80
faizi həmin insanın öz analizidi, öz xarakteridi. İnsanlar səni necə görmək
istəyirlərsə, danışdığın sözdən asılı olmayaraq sən "o” olursan, həmin adama
çevrilirsən. Məhz buna görə də problem qadın olmaq deyil. İnsan olmaqdan
yorulur adam. Şair kimi yaşamağa qaldıqda isə, əgər səni başa düşən heç olmasa
bir nəfərin varsa, əgər sən tamamlanırsansa, nə gözəl... Əks halda gərək ya tək
yaşayasan, ya da tək yaşamış kimi bir şey olasan.
– Ötən 30 ildə cavan qalıb "neylədiniz?”
–
(Gülür). 30 yox, hətta 33 ildə. Neylədim? Mənim iki övladım var. Mən nə uğur
qazanmışamsa, qazanacağamsa, onların hamısından yuxarıda mənim övladlarım
dayanır. Bilirəm, dünyadakı bütün analar müqəddəsdir. – Cəmiyyətdə bu ada xilaf
çıxanlar istisna olmaqla təbii – Övladlarıma baxanda, qürur hissindən
gözlərimin dolmağı nəyə desən dəyər. Oğlumun 5, qızımın 8 yaşı olacaq. Deyim
ki, elə böyük uğurları belə yoxdu. Yaşları azdı hələ, ancaq, onların varlığı
belə qürurumdu. Əgər qocalanda geriyə boylanıb, özümü yaxşı ana kimi,
övladlarımı ağıllı, təhsilli, cəmiyyətdə nüfuz sahibi kimi görsəm, demək ki,
mən uğur qazanmışam, Vicdan rahatlığından böyük xoşbəxtlik yoxdur, məncə.

– Yaradıcılığınızda necə?
–
AYB-nin üzvü, Prezident təqaüdçüsüyəm, kitablarım var, çap olunuram. İstedadlı
yazıçı və şairlər, tənqidçilər tərəfindən qiymətləndirilib, xoş münasibət
görmüşəm. Bilirsiniz, mən heç vaxt üzdə olmağı sevməmişəm. Niyəsə, insanlar
üzdə olmağa çox can atırlar. Qapıları açıb birbaş keçirlər içəri. Mənsə, heç
vaxt heç qapı döyən tərəf olmamışam. Hər zaman qapı arxasındayam. Çağırırlarsa,
gəlirəm, çağırmırlarsa getmirəm.
– Şeirlərinizi ayrılıq,
(Ağlamadım sən gözümdən düşəndə, qorxdum yağışa düşəsən), Allaha üsyan (Tanrım,
sən də günahkarsan, Qaçıb gizlənmisən göyə. Əllərimi danlayıram, Dizlərimə
döyə-döyə), göz yaşları (Sonra səssizlik çökər gözlərinə. Kirpiyindən asdığın
yaş da quruyar ) və bu kimi ağır tonlarda ifadə etmisiniz... Daha bəşəri
mövzulara – məsələn, müharibə, insan amili, cəmiyyətin digər ümdə ağrısına
xitab sizi düşündürürmü? Bu mövzularda niyə sanballı ədəbi nümunələrimiz yox
dərəcəsindədir?
–
Mən deməzdim yoxdur. Müharibə mövzusunda yetəri qədər ədəbi nümunəyə rast
gəlmək mümkündür. Və əsasən kişi müəlliflərdə bu mövzular daha yaxşı alınır.
Yəqin ki, onlar daha yaxşı duyur müharibə mövzusunu. Məndə sevgi mövzusu
başlıcalıq təşkil edir. Ancaq, elə vaxtlarım olub ki, sevgi mövzusunda yazmaq
istəmişəm, alınmayıb. Bu həm də zaman-zaman keçirilən hisslərdir, ruh
məsələsidir. Bir də bir şey var ki, mənə görə yaxşı oxucu, yaxşı tənqidçi
şairin nə yazdığına yox, necə yazdığına fikir verməlidir.
– Qadınlar taleyi insafa
gətirməyi bacarmadıqda şeir olur, yoxsa "ürəyin sol tərəfindən sağ keçə
bilmədikdə?
–
Əslində, elə budur mövzu – Şeirimdə dediyim kimi, "ürəyimizin sol tərəfindən
sağ çıxa bilmədik”... Taledən insaflı olmağı gözləmək də lazım deyil. Mən
fikirləşirəm ki, qarşımızda bir çətinlik varsa, mütləq onu keçmək üçün də bir
yol var. Məğlubiyyəti
qəbul etmək ikinci məğlubiyyətdir. Yəni taleyə boyun əymirəm. Amma, bir
də ürək məsələsi var ki, bu çox incə məsələdir. Həqiqətən, ordan sağ çıxanlara
qibtə edirəm.
– Andre Jidə görə "Ən çətin
şey yazmağa başladıqda içdən olmaqdır”. "Asaram özümü göyün üzündən”,
"Qadınlardan tanıdım göz yaşını”, "Susdum”, "Əllərimin uzağı” və s. şeirlərinizdə
qəlbinizi mətnə verdiyiniz aydın görünür. Sizcədəmi şeir ovqat məsələsidir?
Yəni həmişə eyni qəlblə yazmaq mümkünsüzdür.
–
Bilirsiniz bu bir növ başqa-başqa pəncərələri olan bir evdir. Həmişə eyni
pəncərədən baxsan, eyni mənzərəni görüb, eyni mənzərəni yazacaqsan. Lazımdır
ki, başqa pəncərədən də baxasan. Qəlb eynidir, düşüncələr fərqli olur. Dolğun
desəm, situasiya. Yəni həmin vaxtın sənə təsir etdiyi ovqatı yazırsan.
– Sizdə şeir yazmaq prosesi
necədir?
–
Heç kəs danışdırmasın məni, pis adamam mən (gülür). Təxmini belə bir şeydir.
Çəkilərəm bir kənara, öz işimi görərəm. Bu əsasən evli və uşaqlı qadında daha
çətindir. Gündəlik qayğılardan uzaqlaşmağın ancaq gecə olur. Baxmayaraq ki,
gecənin qaranlığını sevmirəm, amma, gecənin səssizliyi möhtəşəmdir. Çünki o
səssizlikdə öz səsini daha aydın eşidirsən.
–
Məişət işləri yaradıcılıqla məşğul olmağı məhdudlaşdırır?
– Mən daha çox evimə, uşaqlarıma bağlıyam. Bir
dəfə Seyran Səxavət demişdi ki, əgər yaradıcılığını ikinci plana salsan, ailəni
daha üstün tutsan, yaradıcılığın ikiyə yox, lap axıra düşəcək. Düz demişdi.
Amma, neyləyim ki, məndə başqa cür alınmır.
–
Yaradıcılığını izlədiyim bir neçə qadın
şairlərin şeirlərində analıq duyğuları daha qabarıqdır. Ana olmağınıza
baxmayaraq, şeirlərinizdə nədənsə bu hala rast gələ bilmədim. Sətirlərdə daha
çox gənc, sentimental, həyatından gileylənən bir qadınla rastlaşırdım...
–
Görünən və görünməyən tərəf var. Rastlaşdığınız tərəf yəqin ki, mənim
görünməyəm tərəfimdir. Və şeirlərimdə özümü nə dərəcədə tanıdıramsa, real
həyatda heç onun yarısı qədər belə tanıtmıram. Həmişə susduqlarım danışdıqlarımdan çox olur.
Düşünürəm ki, dostum, doğmam dediyim insan özü məni tanımalıdı, əgər mən
tanıdıramsa, o sehr pozulur. Bir şeirimdə demişdim – "Və bir gün qarşıma bir
adam çıxa”. Məncə, bütün ruh adamlarının o adama ehtiyacı var. Övladlarıma
gəldikdə isə onlarla bağlı hər şey qaydasındadı, onlar mənim reallığımdır.

– Onda şeirləriniz narahat
duyğuların toplusudur...
–
Elə xoşbəxt vaxtlarım var idi ki, mən hətta şeir yaza bilmirdim. Və düşündüm
ki, daha heç vaxt yaza bilməyəcəm. İndi düşünürəm həmin dönəmlər demə, başım
xoşbəxtliyə çox qarışıbmış. Xoşbəxtlikdən nə yazasan? Nə qədər yazasan?
Xoşbəxtlik elə göründüyü qədərdir, ancaq, əksi açıldıqca açılır, yazıldıqca
yazılır və həmişə də yazmalı nəsə qalır. Nə yaxşı ki şeir var... Və nə yaxşı ki, övladlarım
var... Hərdən adam başını
öz çiyninə qoyub ağlamağa məcbur olur. Elə vaxtlarda başımı qaldıran
səbəblər, övladlarım və şeirlərimdır.
– Xəyalə Sevil daha çox
kimdir? Xəyalə Abbasovamı, qadınmı, anamı, yoxsa şairmi?
–
Hər şeydən birinci ana gəlir. Xəyalə Sevil nə yaxşı ki, anadır. Sonra qadını
deyərdim. Şair ən sonlardadır. Öz həyatım ikinci plandadır. Ən böyük problemin
içində belə qızımın tutalım dərsindən aldığı yaxşı qiymət hər şeyi unutdurur,
uşaq kimi sevinirəm. Bir də mütləq şəkildə mübariz ana olmalısan. Mən
övladlarıma nəyisə bacarmaran deyəndə təəccüblə baxırlar. Elə bilirlər ki,
analar hər şeyi bacarırlar. Onları mən inandırmışam. Qoy elə inansınlar.
Həqiqətən də, onlar üçün hər şeyi bacararam.
– Sevil təxəllüsü necə
yarandı?
–
Yoldaşımın anasının adıdır. Biz ailə quranda dünyasını dəyişmişdi. Yoldaşıma
olan hörmətimdən onun istəkli anasının adını özümə təxəllüs götürdüm. Həm də
içərimdə güclü bir hiss var idi ki, mənim qızım olacaq. Mən balıq bürcüyəm.
Hisslərim qüvvətlidir.
– "Nə getməklə getmək oldu,
Nə qalmaq xeyir eylədi.
Sənin sevgin,
Mənim sevgim
Üst-üstə şeir elədi” – sevginin şeirdən başqa
hansısa halı varıydımı?
–
Sevgi real bir şey deyil,
onun ən yaxşısı xəyallarda olur. Mən xəyallarımda çox gözəl şəkildə
sevib-sevilə bilərəm. Tamam başqa adam ola bilərəm. Real həyatda özümə kənardan
baxdıqda, soyuq bir qadınla qarşılaşıram. İçimdə bu deyiləm, təbii. Salam
Sarvanın bir şeiri var: "Məni sevməyin də yolu başqadır, Bununçün məhəbbət
filan şərt deyil”. Sevirəm bu misranı. Mənimçün sevgidən çox güvən önəmlidir.
Əgər sevdiyim adama güvənmirəmsə, onu sevdiyimi heç özümə də etiraf etmərəm və
mütləq unudaram. Güclü xarakter yoxdursa, nə sevgi, nə dostluq mövzu ola bilməz.
Bu baxımdan özümü bir növ güclü qadın hesab edirəm. Ancaq, bilirəm ki, bütün
güclü qadınlar bədbəxtdirlər, içindəki təkliyi heç kim görmür. Güclü olmaq,
əslində, bir növ qorxudur. Bir şeirimdə də yazmışdım, "insan qorxduğuna görə
güclü olur”. Özünü, doğmalarını qorumaq üçün güclü olur. Bir də fədakarlıq
hissi var. Fədakarlıq etməyi bacarmayandan, verdiyi sözün adamı ola bilməyəndən
nə dost olar, nə sevgili. Bu baxımdan mən şanslıyam. Yoldaşımı nəzərdə tuturam.
– Nə mütaliə edirsiz
hazırda, nə oxuyursunuz?
–
"Kerri bacı”nı oxuyuram hal-hazırda. Drayzeri sevirəm, Remarkı sevirəm. "Ovod”
isə məni günlərcə təsirində saxlamışdı. Cek Londonun "Bəyaz dişi” də həmçinin.
Əsas şeir oxumağı sevirəm. Şeir vaxtımı çox almır. Və bir növ təzələyir məni.
– Kitab dediniz bayaq.
–
Mən düşünürəm kitab çıxarmağa bir az tələsmişəm. İlk kitabım qohumların,
ətrafın təsiri ilə 15 yaşımda çıxdı. Sonrakı kitabım universitet illərində,
qızların həvəsləndirməyi ilə, 3-cü kitab AYB-yə üzvlük üçün şeirlərim
cəmlənməli idi deyə, kitab halında çap olundu. Ancaq bütün bunları kənara
qoyarsaq, sonuncu kitabımı "Saçlarıma ay qonub” sırf öz istəyimlə çap etdirdim.
Bu baxımdan elə bilirəm çap olunmuş bir kitabım var. İndi çıxarmaq istədiyim
kitab üstündə sanki daha çox əsirəm. Bu yəqin ki, yaşla əlaqədardır həm də.
Ciddi nəsə ərsəyə gətirmək istəyirəm.
– Çağdaş şairlərimizdən
kimi oxuyursunuz?
–Salam
Sarvanın, Sabir Yusifoğlunun, Əlizadə Nurinin və s. şairlərin şeirlərini
sevirəm. Cavanlardan Elvin Bakiroğlunu, Emin Pirini, Vasif Zöhraboğlunu, Vəfa
Mürsəlqızını, Arzu Hüseyni, Ceyhunə Mehmanqızını, Şəfa Vəlinin isə nəsrini
bəyənirəm.
Söhbətləşdi: Aysu Kərimova