Artkaspi.az Fəxrəddin Salimin "İnsan nədən və nə üçün qurtulmalıdır?" adlı məqaləsini təqdim edir:
İnsanın içi də çölü də
əslində mövcud deyildir. Yəni, insanın içi və çölü deyə bir ayrılıq yoxdur.
Sadəcə, insan var. Bəlkə heç o da yoxdur. Elə bu "bəlkə" deyilən
nəsnədir dəqiqliyin ən doğru təyinatı. Çünki dəqiqlik adı verilən iddianın özü
ən böyük şübhədir. Diqqət etsək, görərik ki, şübhədən kənar, əminliklə, dəqiq
danışanların hamısı nə qədər həyəcanlı, pafoslu və hay-küyçüdürlər. Çünki, öz
dediklərinə ilk növbədə özləri əmin deyillər. Bilirlər ki, yalan danışırlar.
İlk olaraq, məhz özlərini əmin etmək üçün qışqırırlar. Bəli, hər hansı bir
şeydən tam olaraq əmin olmaq iddiadan başqa bir şey deyil.

İnsanın zahiri də, batini də
sadəcə, bir nəzəriyyədir. Bütün nəzəriyyələr kimi, bunu da şübhəçi və iddiaçı
varlıq olan insan yaratmışdır. Əgər tarix boyu sayları dəniz qumlarından daha
artıq olan nəzəriyyə, cərəyan və iddiaların heç olmasa biri
həqiqətə tam olaraq cavab versəydi, bircə insan qurtulardı. Nədən? Nədir
bu qurtuluş dediyimiz? Ümumiyyətlə, nədən və nə üçün qurtulmalıdır insan?
Təəssüf ki, yüzlərlə belə sualların bir cavabı yoxdur. Çünki hər cavabın özü
bir sual doğurur. Ona görə ki, hər kəs iddia edir. Hər iddiaçı bir insandır və
qarşısına aldığı da yenə özü kimi insandır. Yanlış anlaşılmasın, elə son səmavi
kitabda Haqq-Təala öz Rəsuluna, "de ki, mən də sizin kimi insanam"
deyə buyurmuşdur. Söhbət qarşı tərəfin də iddiasından getmir. Doğulan hər sual
iddia deyil axı. Məsələn, Adəm xəlq olunduğu zaman mələklər də Allaha sual
verdilər. Bu sual iddia deyildi. Ancaq Allahın onlara cavabı susqunluq kimi bir
şey oldu. Maraqlıdır, əgər xilqət özü cavabsız sualla başlayıbsa, bu dünyada
hansı suala cavab vermək mümkündür? Bu səbəbdən də peyğəmbərlər məsum və səssiz
idilər. Onlar bilirdilər ki, müəmma ilə başlayan şeyin sonu aydınlıqla bitməz.
Xilqət tapmaca deyil ki... Lakin onlardan sonra gələnlər, bir əlinə kitab,
birinə qılınc alanlar, xoş qoxulu, bəzəkli əlbisələr geyinənlər, "mülk
Allahındır" deyərək, büllur saraylarda əmirəl-möminin olanlar iddia etməyə
başladılar. Allahın belə susduğu yerlərdə onlar uca səslə bağırmağa başladılar.
Peyğəmbər ümmətini yaşadanların hansı peyğəmbər kimi yaşadı? Əli aşiqlərinin
hansı Əlinin bir gününü yaşaya bildi? Və ya buddistlərin hansı Budda oldu? Kim
Musa oldu, kim İsa oldu? Bəlkə heç onlar da yox imiş? Bəlkə elə onlar özləri də
belə yaşayıblar? Axı bu qədər uçurum olmaz, bu qədər ziddiyyət mümkün deyil!
Ancaq yox, hər şey mümkün imiş bu müəmmalı, bu fani dünyada.
Biz yuxarıda, insan niyə qurtulmur sualını verdik. Ancaq həm də bilmədik
ki, bu qurtuluş özü nə olan şeydir. Çünki, iddiaçıların hamısı yalan danışır.
Onlar heç kimi qurtara bilmədilər. Heç kim bu zindandan xilas olmadı!
Bəs bu zindan özü nə olan şeydir? Nədən ibarətdir onun zəncirləri,
divarları, qaranlığı, əzabı? Məhkumlar özləri öz məhkumluqlarını bilirlərmi?
Axı dünyanın ən böyük düşüncə sahibləri ömürlərinin sonunda etiraf etdilər ki,
bu dünya bir zindandır. Bəs niyə heç olmasa özləri bu zindandan qurtula
bilmədilər?

İnsanın zahiri də, batini də bu mənada eyniyyət təşkil edir. Əgər,
məsələn, insan batində mənəvi qurtuluşa yetişirsə, onun zahiri dünyası yenə də
əsir olaraq qalır. Yox əgər, insan çalışıb öz dünyasını qəmdən, sıxıntıdan
xilas edirsə, bu zaman o mənəviyyatdan, dolayısı ilə batindən məhrum qalır. "Hansı
daha üstündür” seçimi qarşısında qalarsa, insan bunların hansını tərcih
etməlidir. Əlbəttə ki, alışılmış çoxluq söz xətrinə olsa da birincini, yəni
mənəvi zənginliyi seçər. Lakin heç kimə sirr deyil ki, çox nadir insanlar
praktikada "dəli" adını qazanaraq, zahiri dünyadan imtina edirlər. Əslində
bu mümkün deyil. Təbiri caizsə, onlar doğrudan da dəlilərdir. Maddi bədəndən
qurtuluş yaradılışın qanununa ziddir. Lakin bunun əksi də yaradılışın mənasına
ziddir. Fani, keçici həyatın rahatlığı üçün heç durmadan çalışıb, çabalamaq və
heç bir zaman rahat olmamaq özü bir divanəlik deyilmi? Elə bu cavabsız
sualların qarşısında tarixin ən böyük məfkurə sahibləri "sonda biz bu
dünyadan heç nə anlamadıq" dedilər. Bəlkə elə böyük Füzuli buna görə deyib:
Hikmətü dünyavü ma fi ha bilən arif deyil,
Arif oldur bilməyə dünyavü ma fi ha nədir...
Bəlkə elə Sokrat da bunun üçün "bircə onu bilirəm ki, heç nə
bilmirəm" deyib? Yəqin elə Allah (c.c) Həzrəti Musaya "Ma
ərəfna" - "Sən məni bilməzsən" deyəndə özünü deyil, bu dünyanı
nəzərdə tuturdu. Çünki Musanın bildiyi bir tək şey vardı, o da Allah idi. Musa
Fironu bilmədi, öz qövmünü anlamadı, axırda da bütün seçilmişlər kimi o da
"bu dünya fanidir" dedi.
Bu dünya fanidir, fani,
Bu dünyada qalan hanı?
Davud oğlu Süleymanı
Qızıl təxtdən salan dünya.
Bu misralar da Tikmədaşlı Xəstə Qasımındır. Bəli, məhz Süleymandan bəhs
edir ulu ozan. O Süleyman ki, hər iki aləmə, həm mənəvi, həm maddi aləmə sahib
idi. Dədələrimiz "Süleymana qalmayan dünya" deyəndə onun ölümünü
nəzərdə tutmurdular. Ölüm labüddür. Kim olursan ol, bir gün mütləq öləcəksən.
Bu sözün altında başqa hikmət yatır. Başqa sirr var burda. Mənəviyyatın, yəni
batiniliyin son həddinə varmış, təbiətin, quşların, cinlərin idarəçiliyinə
layiq görülmüş, lakin eyni zamanda dünyəvi taxta oturmuş, bu gün belə ağıldan
kəm ravinlərin axtardığı əmsalsız xəzinəyə sahib olan Həzrəti Süleyman daxilən
rahat ola bilmədi. Getdikcə içi daha çox boşaldı. Bir qarışqaya möhtac qaldı.
Həll edə bilmədi cahanın müşkülünü. Özü bu labirintin içində itib batdı. Sözə
diqqət edin: Süleymana qalmayan dünya. Yəni Süleymanın çözə bilmədiyi dünya,
yoluna qoya bilmədiyi dünya, kamilləşdirə bilmədiyi aləm və sonunda bir ağ
qarışqanın yardımı ilə "üç gündür ölmüşəm, gəlin, alın cəsədimi"
deyən bir Süleyman! Diqqət etsək, görərik ki, dünyanın və tarixin ən böyük
gücləri bir gün mütləq özündən daha güclü olanla qarşı-qarşıya gəliblər. Hətta
həyatı boyu heç kimə yenilməyən fatehlər ən sonda ölümə, yəni Allaha
yeniliblər. Nəinki əbədi, heç müvəqqəti qalibiyyət belə mövcud deyil. Dinlər
hamısı iddiaçıdır. Özlərini də, milyonları da qurtarıcı olduqlarına
inandırmışlar. Maraqlıdır ki, heç kim qurtulmur, ancaq hər kəs özünü qurtulmuş
zənn edir. "Bu sondur, biz ən kamil olana inanırıq, biz xilas
olmuşlardanıq" deyirlər. Lakin
ən böyük rəzalətin içində məhz özlərinin olduqlarını görmürlər.
Qarşı tərəfdə isə artıq
əsrlərdir ki, gizli güclərin köləsi olan elm dayanır. Bir nobelçinin kəşf
etdiyini başqa bir nobelçi qüvvədən salır. Milyonlar ağır xəstəlikdən ölüb
gedir, ancaq təbabət nəhəng ticari maqnatların çubuğu ilə oturur, qalxır. Elm
Allahı faktiki olaraq inkar edir, kainatın xaosdan yox, kosmosdan ibarət
olduğunu etiraf edir. Lakin heç bir alim nədənsə Allahı dilinə gətirmir. Hətta
orta əsr müsəlman Şərqinin elm dahiləri belə öz traktatlarında
"Allah" kəlməsini ya əvvəldə işlədirlər, ya axırda. Elmi mətnlərin,
həll edilən düsturların içərisinə necə deyərlər, Allahı qarışdırmırlar.
Metafiziklər buna cəhd etdilər, onlarda da alınmadı. Elm ilə din arasındakı
uçurum dolmur ki, dolmur. Əksinə, günü-gündən daha da dərinləşir. Çünki,
insanlıq hələ də kamil insan formulunu tapa bilməyib. Çoxlu sayda nəzəriyyələr
yaradılıb, konkret təlimlər ortaya qoyulub, ancaq heç birisi həyata keçməyib.
Oxucular anlamır ki, Nitsşenin xəstəliyi anadangəlmə deyildi, qazanılma idi.
Dalaylamalar dəli olmamaq üçün ya dağlara çəkildilər, ya da Oşo kimi dünyanı
yaxşı mənada ələ saldılar.
Kamil insan Allahın vücudunu daşımalıdır. Fəzl qiyamı bu nəticə ilə
bitməli idi. Lakin o kamilləşmiş bədənlər, o kiçik "allahlar" Miranşahın
əsgərlərinə qurban getdilər. Halbuki, nəzəriyyəyə əsasən, o bədənlərə qılınc
batmamalı idi. Vallahi, mən Teymurun səltənətindən bir şey anlasaydım, ona haqq
verərdim. Ancaq onun səltənəti daha bərbad idi. Çünki Teymur özü Fəzlullaha
məğlub oldu.
Yaranan sualları cavabsız buraxmaq acizlikdən başqa bir şey deyil. Əgər
din belə sualları verən hər kəsə kafir damğası vurursa, bu, dinin acizliyidir. Sual hər zaman olacaq.
Ahu nalən ey Füzuli, incidibdir aləmi,
Gər bəlayi-eşq ilə xoşnud isən, qovğa nədir?
Bax, bu da ünvanladığım ünvansız suallardan biridir. Dinlərin
içərisindən sıyrılaraq, aşiqlər zümrəsini yaradan, zaman-zaman adları sufi,
ərbabi-təsəvvüf deyilən dərvişlərin dərdi nə idi? Onlar nədən şikayət
edirdilər? Onların ki, dünyadan bir umacağı yox idi. Elə Məhəmməd Füzuli də
bunu soruşur ki, əgər sən özün bəlayi-eşqi seçmisən və bununla xoşhalsansa,
nəyin qovğasını edirsən? Qovğa dünyəvi anlayışdır. Sən dünyada deyilsənsə,
dünyadan sənə nə?!
Bütün bu sualların ən insaflı cavabı ölüm olardı... Əgər din olmasaydı.
Məsələ burasındadır ki, ariflər ölməklə qurtulmaq istəyərkən, din ölümün də
yaxasını buraxmır. Yenə də Füzuli:
Eşq dərdinin əlacı qabili-dərman deyil,
Tərki-can derlər bu dərdin mötəbər dərmanına -
deyir, ölümü "mötəbər
dərman" adlandırır. Fəqət inanc sistemi əsas qovğanın hələ ölümdən sonra
başlayacağını deyir. Ölüm gecəsini qəbir əzabına çevirir, həqiqətin zühurunu
qiyamət, məhşər adlandırır. Niyə? Çünki onlara belə sərf edir. İndi mənə də
sual verən tapılacaq ki, axı bu hökmləri din və dindarlar vermir. Bunlar Quran
ayələridir. Bəli, məsələ də elə burada düyünə düşür. Kim, necə anlayır və
təfsir edir bu mücərrəd kitabı?! Əgər mənə bu sualı verənlər ayətullahların,
müftilərin, hüccətülislamların təfsirlərini oxuyublarsa, mənim də onlara
tövsiyəm budur ki, həmin ayələrin təsvirini, batini mənalarını bir də gedib
Mövlana Rumidən, Molla Sədradan oxusunlar. Mən onların oxuduqlarını oxudum,
kafir oldum, görüm onlar mənim oxuduqlarımı oxuyub mömin ola biləcəklər, yoxsa
yox?
Hər halda mən batini seçərdim. Ən azından ona görə ki, mənəviyyat
torpağa qarışmır. Bədənimə, maddi dünyama, material məmnunluğuma xidmət
etməkdənsə, əqlimi, ruhumu və könlümü zənginləşdirərək, beş-on nəfər özüm kimi
divanəyə bir faydam toxunar. Əks təqdirdə, dinin və dindarların anladığı tərzdə
bir həşr olarsa, qulluq etdiyim bədənin, artırdığım sərvətin, məmnuniyyətini
təmin etdiyim maddiyyatın hesabını necə verərəm?! Halbuki, mənim məhşərə olan
şəriətsayağı inancım şikəstdir, özüm də dünyada heç nəyi olmayan bir məlamiyəm,
onların isə o məhşərə imanları şəksiz və tamdır, özləri də sərvət və qüdrət
sahibləridir.
Əgər hesablama belə gedərsə, bir gün ədalət deyilən bu tərəzi sınacaq. Bax, türklər demişkən, sonra deməyin ki
demədi...