Biz imzaları yox, əsərləri dərc edirik...

İnsan həmişə seçim qarşısında qalır – Mirbala Səlimlinin müsahibəsi
879
06 İyun 2018, 14:11
 Artkaspi.az Şəki Dövlət Dram Teatrının baş rejissoru Əməkdar incəsənət xadimi Mirbala Səlimlinin müsahibəsini təqdim edir: 
 


  "Sərhədsiz teatr” III Beynəlxalq Şəki Teatr Festivalının ilk günündən sonra Şəki Dövlət Dram Teatrının baş rejissoru Əməkdar incəsənət xadimi Mirbala Səlimli ilə həm festival barədə, həm də ümumi yaradıcı söhbət etdik. 

 – Mirbala müəllim, artıq üçüncü dəfədir ki, Şəkidə Beynəlxalq Teatr festivalı keçirilir.
 – Şəkidə keçirilən bu ilki festival, bildiyiniz kimi, "Sərhədsiz teatr” adlanır. Sərhədsiz - yəni ki, proqram heç bir janra, mövzuya baxmadan, ancaq tamaşaların keyfiyyətinə, tamaşaçıda yaradacaq təəssürata görə seçilib. Bu festival bir neçə əlamətdar hadisəni özündə ehtiva edir - Cümhuriyyətimizin yaranmasının 100 illiyini, teatrımızın yaranmasının 145 illiyini və Heydər Əliyevin 95 illiyini. Əgər xalq teatrı 145 ildir yaşadırsa, demək o, lazımdır. Bu dəfə festivala 7 xarici ölkədən müxtəlif teatr kollektivləri qatılıb. Bu teatrlar arasında həm Şərq, həm də Qərb ölkələrinin teatrları var. Yanaşma müxtəlifdir, sevinirəm ki, bu festival yaşayır. Çoxdan bunun arzusunda idik. Şəki üçün böyük bir fəxrdir ki, bizim beynəlxalq festivalımız var. 12 may tarixində festivalın birinci günü baş tutdu. Proqrama əsasən, fetivalın birinci günündə İran İslam Respublikasının "Titovak” teatrı çıxış etdi. Tamaşada müxtəlif teatr istiqamətlərinin - Şərq və Qərb teatrlarının sintezi vardı. İranın cənubundan gələn qonaqlarımız ilk dəfə idi ki, bura gəlmişdilər. Təbiətimizə, tariximizə vurulublar. Heç bir gün deyil bir-birimizlə tanış olmuşuq, ancaq elə təəssürat var ki, sanki doğmalarımızdır, illərdir tanışıq. Teatr insanları birləşdirir, teatr insanları ruh adamlarıdır, sənət adamlarıdır.

 – Proqrama baxdıqda bu il fərqli ölkələri görürük. Hətta keçən dəfə gələn qonaqlardan çoxu yoxdur.
 – Bu Mədəniyyət Nazirliyinin və festivalın direktoru Şaiq Səfərovun seçimidir. Düşündük ki, du dəfə fərqlilik olsun. Məsələn, elə götürək Cənubi Amerikadan gələn teatr kollektivini. Bizə maraqlıdır, onlarda teatr necədir? Bu, teatr düşüncəsini genişləndirir. Mən özüm dünyanın bir çox ölkələrinin teatrlarında olmuşam, lakin indiyə qədər Kolumbiya teatrını izləməmişəm və teatral bir insan kimi bunun özü, şəxsən, mənə çox maraqlıdır.

 – Şəki Teatrı bu dəfə festivala "Davul səsi” tamaşası ilə qatılıb. Bu seçimin xüsusi bir səbəbi var? 
 – Sadəcə, biz videonu göndərdik və Nazirlik bəyənib seçdi. Xoş olan odur ki, bu tamaşada studiyamızın debüt edən gənc aktyorları da çıxış edir. Bir halda ki, bu tamaşa seçilir, bəyənilir, niyə də olmasın. Zənnimcə, əsər həm maraqlı, həm də çox aktualdır. Tamaşa oynanıldığı gündən çox sevilib. Hətta, Bakıdan teatr adamlarından ibarət böyük bir heyət tamaşamızı izləməyə gəlmişdi. Çox bəyəndilər. Bəzən mənə zəng edib obrazların kimliyi barədə soruşurlar. Festivalın bir yaxşı tərəfi də var ki, tamaşalar formaca rəngarəngdir.
 
 


 – Teatrın nəzdindəki studiyanın qarşısına hansı hədəflər qoyulub? 
Studiya, birinci növbədə, Şəki teatrı üçün aktyorlar yetişdirir. Bütün bunları təşkil etmək, yetişdirmək, gəncləri səhnəyə çıxarmaq, teatrı yeni nəfəslə təmin etmək lazımdır. Bu məsələlər ancaq arzulamaqla olmur, ciddi təşkilatçılıq, gündəlik zəhmət və alın təri bahasına başa gəlir. Tələbələri müxtəlif fənlərdən hazırlayırıq. Onları tam professional aktyor kimi yetişdirmək istəyirik. 

 – Dediniz ki, Festivalın ilk tamaşası İran Respublikasının ifasında "Maqbet-Zar” idi. Tamaşa necə təəssürat bağışladı sizə? Maqbeti görə bildinizmi?
 – Tamaşanı çox bəyəndim. Şərq və Qərb teatrının elementlərindən istifadə edərək sintez yaratmışdılar. Tamaşada U.Şekspirin "Maqbet” pyesinin süjetindən istifadə olunmuş,e yni zamanda, İranın cənub bölgəsinə aid mifik düşüncə və meydan teatrının elementlərindən istifadə olunmuşdu. Eyni zamanda da yaxın və uzaq şərq mədəniyyətinə xas elementlər də müşahidə edilirdi. Fikrimcə, tamaşa alındı və hər kəs tərəfindən bəyənildi. Düzdür, istərdim ki, Maqbet obrazı daha parlaq olsun, ancaq aktyor rolun öhdəsindən gələ bilmişdi. Tamaşada Şekspirdən bir az uzaqlaşmalar olunmuş, şərq rituallarına daha çox üstünlük verilmişdir. Hər tamaşanın çatışmayan tərəfi olur. Fəqət, bədii bütövlük deyilən bir məhfum var və həmin bütövlü bu tamaşada vardı.

 – Adətən rejissorlar tamaşa qoyanda çalışırlar ki, dövrlə səsləşsin, aktual olsun. Bu tamaşada belə bir meyl var idimi?
 – Əgər süjeti götürsək, Şekspirin əsərləri hansı dövr olur-olsun aktualdır. Ona görə də baş klassik sayılır. Tamaşada ədəbi mövzu - insanın ağ və qara tərəfi, içində olan iblis, onunla olan mübarizə qabardılmış və mifoloji təfəkkürdən doğan elementlərdən istifadə olunmuşdur. Hətta sual doğa bilər ki, niyə məhz Maqbet? Məncə İbrahim bəy (rejissor İbrahim Poştkuhi – red.) İranın cənub bölgəsinin mifik düşüncəsi ilə Maqbet arasında bir yaxınlıq tapıb, uyğunlaşdırıb. İnsan həmişə seçim qarşısında qalır. Bu əbədi mübarizə hər günümüzdə var.
 
 
 


 – Teatrdan əlavə kino fəaliyyətiniz də kifayət qədər uğurludur. Yaxın zamanlarda nə kimi yeniliklər gözlənilir?
 – Üç film gözlənilir, onlardan ikisinin ssenarisi hazırdır və biri üzərində artıq işə başlamışam. Bu bir qədər ağır və çətin işdir. Çünki söhbət bizim tariximizə aid bir filmdən gedir. Ümid edirəm ki, filmlərin hər üçü bəyəniləcək.

 – Namiq Qafarov Şəki Teatrına direktor təyin olunandan sonra hansı dəyişikliklər baş verdi?
 – Yeni direktor gələndə kollektivə arxalanır. Biz də çalışırıq ki, Namiq müəllimə yaxından kömək edək. Adicə, festivalın hazırlanması, həyata keçirilməsi və ərsəyə gəlməsi özü göstərdi ki, ən ağır, ən məsuliyyətli açılışı biz çox müvəffəqiyyətlə başa vurduq. Teatrda əsas olan yaradıcı heyətin rəhbərliklə birgə işləməsidir. Bu zaman həmrəylik, birlik olur. Teatrın bəzi texniki problemləri var.  Ümid edirəm, onlar da tezliklə həll olunar.

 – Planda qastrollar varmı?
 – Bir neçə xarici ölkədən dəvət olunmuşuq. Çox güman ki, dekabr ayında Türkiyəyə qastrolumuz baş tutacaq. 

 – Maraqlıdır teatrlarımız bu qədər qastrollara gedir, ancaq hələ də dünya teatrından hiss olunacaq qədər geri qalır, sizcə, bu geriliyin səbəbi nədir?
 – Əslində, dünyada ən öndə gedən teatrların da bütün tamaşaları bəyənilmir. Sizə deyim ki, dəfələrlə olub, getdiyim xarici ölkələrdə tamaşalar izləmişəm və zaldan çox məyus halda çıxmışam. Yəni, hər ölkənin kinosunda, teatrında yaxşı və pis cəhətlər var. Bizə maraqlı tamaşalar gəlib çıxır və deyirik, necə gözəl tamaşalardır. Eynilə də bizim maraqlı tamaşalarımız hansısa ölkəyə gedəndə bu cür qarşılanır. Bizim gözəl teatr, kino xadimlərimiz var.  

  Söhbətləşdi: teatrşünas Nigar Pirimova