Biz imzaları yox, əsərləri dərc edirik...

İnsan dünyada yalnız olmadığını bilmək üçün yazır – Vandela Vidanın müsahibəsi
190
13 Dekabr 2018, 09:21
 Yazıçı, redaktor və müəllim olan Vida, romanlarının ilham mənbəyi və üç müxtəlif sahədəki karyerasını necə tənzimlədiyi haqda danışır. Vandela Vida "Şimal işıqları sənin adını silsin” ("Let the northern lights erase your name”) və  son romanı "Dalğıcın paltarları boş qalıb” ("The diver’s clothers lie empty”) da daxil olmaqla beş kitabın müəllifidir. O həmçinin "Believer” jurnalının qurucu redaktoru, 826-cı Valensiya məktəbinin müəllimidir. Vandelanın həyat yoldaşı yazıçı Deyv Eqqers isə qeyri-kommersiya məqsədli yazıçılar təşkilatının qurucusudur. Müəllifin "The Guardian” qəzetinə verdiyi müsahibəsini ixtisarla təqdim edirik.
 
 

 
 – "Dalğıcın paltarları boş qalıb” əsəri səyahətsevərlərin qorxulu yuxularının ənənəvi əhvalatı ilə başlayır: Səyyah tanımadığı bir yerə  gedir, gözlənilmədən içərisində lazımı sənədləri və pulu olan əl çantası oğurlanır. Bu ideya ağlınıza haradan gəldi?
 –  Həyat yoldaşım və mən bir neçə il bundan əvvəl Morokko krallığına səyahət etdik və gəlib Kasablankaya çıxdıq. Oteldə yerləşmək üçün qəbul bölməsinə yaxınlaşdıq. Bizim üçün ayrılmış otaqla bağlı anlaşılmazlıq baş verdi. Problem həll olunduqda çantamı götürmək üçün əyildim: səyahət çantam oğurlanmışdı.
 
 –  İşiniz bəd gətirib. Bəs sonra nə baş verdi?
 – Ətrafa nəzər salanda təhlükəsizlik kamerasının olduğunu gördüm. Otel işçisinə təhlükəsizlik kamerasına baxmaq istədiyimi bildirdim. Aşağı mərtəbədə yerləşən kiçik otağa getdik və öz çantamın oğurlanma səhnələrini izlədim. Heç kimə arzulamıram ki, çantası oğurlansın. Amma əgər səyahət çantanız oğurlanıbsa, məsləhət görərdim ki, bunu təhlükəsizlik kameralarından izləyəsiniz. Əvvəlcə hər şey insana olduqca sadə – ağ və qara rənglərdə görünür, elə deyilmi? Lakin ikinci dəfə Təhlükəsizlik kamerasına baxanda sən dünyadan xəbərsiz olanda dünyanın sənin başına nə kələk gətirdiyini və hadisələrin ətrafında necə sistemli şəkildə cərəyan etdiyini görürsən. Həyat da belədir. Hər zaman ikinci dəfə baxmaq və dərindən müşahidə etmək lazımdır.
 
 – Bu hadisə sizin romanınızın yazılmasına əsas verdi...
 – Səyahətimizin ilk günü polis şöbəsində bitdi. Özümü tamamilə "Kasablanka” filmində hiss edirdim: polis şöbəsinə gəldik, şöbə rəisi ilə tanış oldum.  Xoşagəlməz hadisə baş verməsinə baxmayaraq, o çox şən idi.  Prokurorlar mənə hər cür sual ünvanladılar. Sorğu-sual bir az da davam etsə, babamın babasının nə işlə məşğul olduğunu da soruşacaqdılar. Mən o sorğu-sual mərhələsi haqqında sonralar çox düşündüm. Məncə, onların məqsədi çantamı tapmaq yox, dünyada tutduğum yeri müəyyənləşdirmək, varlığımın nə kimi rol oynadığını aydınlaşdırmaq idi. Maraq dolu baxışlar mənə zillənərkən beynimdə yalnız təkrar olunan problemlər var idi – çantam oğurlanıb, kompüterimin yaddaşı artıq təmizlənib, zaman keçir və heç nə baş vermir. Amma arada oturduğum müddətdə bir şeyin fərqinə vardım. Elə oradaca başa düşdüm ki, yaşadığım bu təcrübə, başıma gələn bu hadisə, bu yer, burada olanlar bəlkə də bir neçə il sonra üzərində işləyəcəyim kitabın girişi ola bilər. Bütün bunların hamısı beynimdə cərəyan edirdi. Həmin kitabın mövzusu elə oxşar hadisələr olmalıydı. Qəfildən ağlıma başqa bir ideya da gəlmişdi – Morokkoya kimsə bizim kimi səyahət edib və burada pasportu da daxil olmaqla bütün sənədlərini oğurladıb. Amma bu hadisə bizdən fərqli olaraq onun üçün sözün əsl mənasında qurtuluşdur, yenidən başlamaq imkanıdır. Xəyalımda onun necə bir insan ola biləcəyini canlandırdım. Bunun düşüncəsi belə məni həyəcanlandırdı. Sanki stulda yox, havada idim.
 
 – Amma hekayənin geri qalanı tamamilə uydurmadır. 
 – Bəli, bu oğurluq hadisəsi mənim başıma gəldi, amma bundan sonrası yazıçının işidir. Bir hadisənin əvvəlini və sonrasını yaratmaq yazıçının ixtiyarındadır. 
 
 – San-Fransiskoda Bay Areya adlanan yerdə yaşayırsınız. Burada dörd bir tərəfinizdə yazıçılar  yaşayır. Siz də yazdıqlarınızı həyat yoldaşınıza göstərirsinizmi? Ona əsər bəyəndirmək çətin olur, yoxsa asan?
 – Biz hər ikimiz artıq neçə illərdir ki, redaktor işləyirik. Deyv "McSweeney’s”-i, mən isə "Believer”-i redaktə edirəm. Bu isə o deməkdir ki, bizim heç birimizin digərimizə olan  yaradıcı köməyi eyni dərəcədədir. Məsələnin ən yaxşı tərəfi isə ondan ibarətdir ki, təqdim etdiyin ədəbi mətni bağlı olduqca qısa müddətdə və konkret düzəlişlərlə geri alıram. 
 

 
 – Vendela yazır, Vendela redaktə edir, Vendela dərs deyir – bir-birindən tamamilə fərqli bu üç şəxsiyyəti necə idarə edirsiniz?
 – Mənim nəzərimdə onlar bir-birlərinin tamamlayırlar. İnsan dünyada yalnız olmadığını bilmək üçün yazır. Əgər tələbələrlə işləyirsənsə tamamilə əmin ola bilərsən ki, sən bu dünyada yalnız deyilsən. Sənin də varlığın onlara dünyada yalnız olmadıqlarını göstərir.
 
 – Sosial mediadan istifadə etmirsiniz...
 – Nə "Facebook”da varam, nə də digər internet şəbəkələrində. Ümumiyyətlə, internetdən istifadə etmirik. Evimizə gələn tanışları ən çox təəccübləndirən şey internetin və vayfayın olmamasıdır...
 
 – Bir dəqiqə, bir dəqiqə – sizin evinizdə indi internet yoxdur? Yəni, istədiyiniz zaman e-mail göndərməkdən məhrumsunuz?
 – Bəli.
 
 – Bəs sadə işləri necə icra edirsiniz? Məsələn, kommunal ödənişləri və s.
 – Poçtdan və nəğd puldan istifadə edirəm.
  
 – Bütün bunlar yaradıcılığa daha çox zaman ayırmaq üçündür? 
 – Bəli, bu şüurlu verilmiş qərardır. 
 
 Tərcümə etdi: Elcan Salmanqızı