Biz imzaları yox, əsərləri dərc edirik...

Çingiz Abdullayevin kitabı Fransada
327
20 May 2019, 09:55
 Fransanın Strasburq şəhərində Xalq yazıçısı Çingiz Abdullayevin "Şübhəsiz metamorfoz” kitabının təqdimat mərasimi olub.
 
 

 AZƏRTAC xəbər verir ki, təqdimat çərçivəsində Xalq yazıçısının Fransadakı oxucuları ilə görüşü də keçirilib. Mərasimdə Strasburq Universitetinin professor heyəti, Avropa institutlarının əməkdaşları, yerli ictimaiyyətin təmsilçiləri və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
 Moderator, vəkil və professor Tyeri Edmond tədbir haqqında məlumat verdikdən sonra Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyinin rəhbəri, səfir Fəxrəddin İsmayılov çıxış edib.
 F.İsmayılov "Kapaz” nəşriyyat evinin Azərbaycan ədəbiyyatının fransızdilli oxuculara tanıdılması sahəsində fəaliyyətini yüksək qiymətləndirərək təqdir edib. O, Xalq yazıçısı Çingiz Abdullayevin növbəti kitabının Fransada nəşrinin qürur və sevinc doğurduğunu bildirib. Yazıçının ölkəmizin dünya miqyasında tanıdılmasına verdiyi önəmli dəstək və töhfədən bəhs edib.
 
 

 Ç.Abdullayevin zəngin tərcümeyi-halı barədə ətraflı daşan moderator Tyeri Edmond yazıçıya yaradıcılığının müxtəlif aspektləri barədə suallar verib. İnteraktiv müsahibə formatında keçirilmiş təqdimat mərasimi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
 "Kapaz” nəşriyyat evinin əməkdaşı Asiya Məmmədova tərəfindən tərcümə olunmuş kitabın müəllif tərəfindən imzalanma mərasimindən sonra yazıçı tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.
Sonda "Balkan 7/8 Trio” qrupu Azərbaycan və Balkan musiqilərindən ibarət konsert proqramı ilə çıxış edib.