artkaspi.az gənc yazar Sərdar Aminin müsahibəsini təqdim edir:

– Sərdar, ilk kitabın çıxana qədərki dövr haqqında
danışmağını istərdim. Sən ədəbiyyata belə deyək, romanla gəldin. Romana qədər nələrsə
yazmışdınmı?
– Doğrusu, ədəbiyyata gəldiyimi
sizdən eşidirəm. Əgər bu olubsa, nə zaman baş verdiyini hiss eləməmişəm.
Yazmağa başladığım tarixə gəlincə, ədəbi informasiyaların da qədəmlərini hiss
etməmişəm. Bu proses bir növ, Vaqif Bayatlının təbirincə desək, "bahar
budaqlardan çəkilən kimi” baş verir. Məncə, ədəbiyyat adamı olmaq nəyinsə gəlməsilə
baş vermir, nələrinsə getməsi ilə üzə çıxır. Məsələn, insanın arınması sayəsində
yerdə qalanlardan biri də ədəbiyyat olur. Bircə onu bilirəm ki, 2009-cu ildən
sonra yazdığım yazıları qorumağa başlamışam. Bu həm də televiziyaya gəldiyim
tarixlə eyni vaxta düşür. Ətrafımda yazılarımı görüb bəyənənlər mətnlərimə
ciddi yanaşırdı. Özüm cızmaqaralarımı təbəssümlə, gülə-gülə edirdim. Sizə
deyim, düz 2 il yazılarımı müxəlif iş yoldaşlarım saytlara, qəzetlərə göndərib,
belə dərc edilmişəm. Heç birindən də xəbərim olmayıb.
– "Qaratoyuq nəğməsi” romanı müəllif kimi özünü qane etdimi?
– Məncə, bu sualdan sonra
müəllifin səmimi olması oxuculara hörmətsizlikdir. Öncə onu qeyd edim ki, məncə
müəllifin öz mətnini illərlə bəyənməsi, onun o yazını yazdığı zaman olduğu yerdə
qalması deməkdir. Hə, burda bir sual da ortaya çıxa bilər ki, o zaman yazmamaq,
daha yaxşısını yazacağın günə qədər pozmaq daha düzgün deyilmi? Bunu inkar
etmirəm, amma düşünürəm ki, yazıçı öz kitablarını ayağının altına qoyaraq yüksələ
bilər. Yazıçı yazmalıdır, onu oxuculara təslim etməlidir, rejissor da həmçinin
çəkməlidir. İllər sonra müəllifin öz əsərindən razı qalıb- qalmamağını etiraf
etməsi məsələsi bir az məhrəm söhbətdir. Bu söhbətin oxucuya xeyir gətirəcəyinə
də inanmıram. "Qaratoyuq nəğməsi” diridir, kütləvi oxucunun belə sevə biləcəyi
romandır. İndi isə insanın, insanlığın halına yandığımdan, sadəlövhcəsinə, ənənəvi
tərzdə roman yaza biləcək halda olmadığımı bilirəm.
– Bu romanın ideyası necə yarandı?
– O zamanlar yalnız şeir
yazırdım. Romanın mövzusu isə elə o vaxtlardan məni düşündürürdü. "Qaratoyuq nəğməsi”ni hekayə kimi görürdüm. Məni
gənc olduğuma görə ciddiyə almasalar, bunu kiməsə hədiyyə edəcəkdim. Çünki nəsr
müstəvisinə çıxmağa cəsarətim və inamım yox idi.
2010-cu ildən yazmağa başlamışdım. Yazdıqca yazırdım, gördüm işlər hekayə əndazəsindən
çıxır. Elə bu zaman romanın ilkin variantı silindi, bəsit bir şeyə görə –
texniki səbəbdən. Bu situasiyanı heç kəsə arzulamıram, başına gələnlər yaxşı
anlayar. 10 gün əlim işə yatmadı, heç nə bacarmırdım...
Sonra Tarkovski "köməyimə gəldi”, "Stalker” filminə baxdım. Film haqqında məlumatları
oxuyarkən gözümə bir informasiya sataşdı.
Tarkovskinin bu ilahi filmi montaj prosesində ikən bir dəfə silinibmiş.
Rejissor bu əcaib, şeir kimi filmi usanmadan ikinci dəfə lentə alıbmış. Bir az
yekə müqayisə olsa da, Əmir Teymur qarışqadan ibrət aldığı kimi, mən də
Tarkovskidən örnək götürdüm, yenidən yazmağa başladım. Demək olar ki, heç bir mənzərəyə,
təsvirə təkrar qayıda bilmədim. Alınmadı. Eyni mövzunu başqa motivlərlə yazmağa
başladım, iki il sonra "Qaratoyuq nəğməsi” ərsəyə gəldi. Bu roman daim müharibəyə,
insan ölümünə nifrət edən bir gəncin savaşa atılmaq məcburiyyətində qalması və
orada qəhrəmana çevrilməsini ön və arxa cəbhələr üzərində təsvir etmək istəyimin
bəhrəsidir.
– Sənin ssenarilərin əsasında bir neçə film çəkilib. Gələcəkdə
yaradıcılığını bu istiqamətdə davam etdirmək fikrin varmı?
– Kənan, doğrusu, məncə
yazıçılıq, rejissorluq bir-birlərinə yad sahələr deyil. Ola bilər ki, yazıçılıq
böyük dağa doğru, məqsədə doğru gedən çığırdırsa, kino o məqsədə gedən asfalt
yoldur. Yuxarıdan baxdıqda ikisi də naxışdır, aşağıdan baxanda birində atlılar,
insanlar, digərində avtomobillər şütüyür. Yolla, cığırla yaxşıca gedənlər də
var, bu yolları, cığırları salanlar da. Ola bilsin ki, müqayisəm yetərincə
qüsurludur, amma fikrimi izah etməkdə əlimdən tutdu.
Əslində çox yaxşı roman heç zaman çox gözəl film ola bilmir. Əla fikirlər var
ki, onlar yalnız yazılanda ürəyə qədər gedib çıxa bilir. Elə düşüncələr
tapıntılar da var ki, onlar yalnız görüntü ola bilər. Məsələn, ürəkdən ağlayan
bir ananın gözlərini sən ağ-qara hərflərlə nə qədər orijinal təsvir etməyə
çalışsan da, bu təsvir Allahın işarələri olan o nəmli gözləri göstərən ekranın
yanında sönük görünəcək.
Amma elə misralar da var ki, onu görüntüyə çevirməyə nə qədər cəhd etsən də,
şair sənin fövqündə qalacaq. Yenə Bayatlıdan misal çəkəcəm: "Gedirəm, gözümdə
bir dəvə kini,
"Gedirəm, qolumda küçə davası...” Ay rejissorum, gəl, bu misranı görüntüyə çevir, Bayatlıyla yarış görüm...
Məncə, nəsrdə, şeirdə sənətkarlıq odur ki, yazdığın nəsnə yalnız mətndə
effektiv olsun, görüntüyə, şəklə çevrilə bilməsin. Şəklə çevrilirsə, o fotodur,
mətn deyil. Kinoda da "danışma, göstər!” prinsipi diridir.
Müqayisəsi məndən uzaq, Abbas Kiarüstəmi, Terrens Malik və başqa onlarla
rejissor var ki, onlar həm də şairdir, həm də yazıçı.
Məndə bu proses paralel gedib. Bir-birinə mane olduğunu da düşünmürəm. Romanı
yazdığım zaman şeirlərim də olub, eyni zamanda bir neçə film də çəkmişik.
Düşünürəm ki, bu proses belə də davam edəcək. Məhsuldar biri deyiləm. Yazacağım
nəsnənin çox orijinal, kreativ olması şərtdir. Ənənəvi yolla getmək istəmədiyim
üçün az-az gözə dəyirəm.
Hazırda da əlimdə və beynimdə bir sıra ssenarilər var. Sadəcə, stimul və şərait
uyğun olmadığından bəzi həmkarlarım kimi bu ideyaları içimə gömüb, üstündə
ağlayıram.

– Uğurlu telelayihələrin müəllifi olmusan. RTV-nin "Yeni səhifə”
verilişini hamımız xatırlayırıq. Hansısa telekanalda yenidən veriliş aparmaq
istərdinmi?
– 7 illik televiziya fəaliyyətimdən
sonra qəribə bir yorğunluq hiss edirəm. Televiziya əsərlərini kütləvi oxucuya
hesablayan yazıçılar üçün bəlkə də uğurlu bir yerdir. Amma mən nədənsə,
televiziyanın yazıçı üçün səfadan çox cəfa olduğunu düşünürəm.
Düzdür, çalışdığım televiziya yetərincə uğurlu bir məkan idi. Ona görə də,
fikirlərimi ümumi "yazıçı-televiziya” kontekstində qəbul etməyinizi istərdim.
Bu gün televiziyalar kommersiya və digər zəruri şərtlər ucbatından reytinq
naminə çalışırlar. Bu proses bir yerə qədər başa düşüləndir. Çünki özəl kütləvi
informasiya vasitələri özünümaliyyələşdirən qurumlar olmalı, onlar qazanc gətirməlidir.
Amma onların daha əfzəl bir borcları var, uyğun mühiti yaratmaq. Tamaşaçı yönələn
bir varlıqdır. Əslində peşəkar televiziyaçılar istənilən bir proqramı reytinqli
hala gətirə bilmədir. Bu, onların bacarıqları çərçivəsində olmalıdır. Bu gün
ailə-məişət zəmnində baş verən xırda problemlərin hər saniyəsi qızıl olan
televiziyalara daşınması çox acınacaqlıdır. Daha acınacaqlı bir durum isə bu
tip proqramların bir kulta çevrilməsi, öz auditoriyasını möhkəmlətməsidir. Bu
acınacaqlı durumu aradan qaldırmaq get-gedə çətinləşir. Analoji vəziyyətdə sənət
layihəsi ilə efirdə olmaq televiziyalara sərf etmir. Bu üzdən bizim
sadaladığınız tipli verilişlərə yenidən qayıtmağımız da yersiz görünür.
Yaşar Kamal demişkən: "O iyi insanlar o güzel atlara minib çekib gittiler...”
Bayaqdan xeyli qeyri-təvazökarlıq etdim, amma bu təkcə mənim "Yeni səhifə”
verilişimə aid deyil, bütün sənət layihələri eyni aqibətə uğradı. Amma uyğun şərait olarsa, mən öz ampluamda qollarımı çırmalamağa hazıram.
– Səni necə təqdim edəndə xoşuna gəlir? Şair yoxsa yazıçı?
– Sizə necə xoşdursa, elə
müraciət edin. Əslində bu iki ad da mənim üçün çox müqəddəsdir. Hələ ki, heç
birinə özümü layiq bilmirəm, inanın, yersiz təvazökarlıq kimi qəbul etməyin, həqiqəti
deyirəm, mən hələ ki, nəsə demək istəyən bir gəncəm, demək istədiyimin mində
birini ifadə edə bilməmişəm. O üzdən, bu adların heç birini səmimi qəbul edə
bilmirəm. Sizdə təbəssüm yarada bilər, amma mənə kimsə "şair” deyə müraciət edəndə,
elə bilirəm xoş bir zarafat edir.
– Sənin esselərində kinematoqrafik elementlər qabarıqdır. Belə deyək,
süjetli esselər yazırsan. Əslində onları elə hekayə kimi də oxumaq olar. Bu barədə
nə düşünürsən? Hekayə ilə essenin sərhədində yazılan bu mətnlərin yazılmasına
bir müddət televiziyada çalışmağının bir təsiri olubmu?
– Çalışdığım televiziyanın,
xüsusilə televiziyadakı ziyalı kollektivin mənə müsbət təsiri danılmazdır. Amma
kinonun mətnimə təsiri varsa, bunun səbəbinin televiziya olduğunu düşünmürəm.
Çünki kitablarla yanaşı yüzlərlə filmə baxmışam. Xüsusi kateqoriyaya aid bu
filmlərin mənə təsirini daha çox hiss edirəm. Çağdaş dünya kinosu ilə daha çox
tanışam, nəinki çağdaş ədəbiyyatla. Bunun əsas səbəbi müasir dünya ədəbiyyatına
Azərbaycanda adekvat reaksiyanın olmamağıdır. Əslində çağdaş kino müstəvisində
də vəziyyət eynidir. Sadəcə, yaxınlıqda inkişaf etməkdə olan Türkiyə kino
bazarı olduğundan və bu bazara internet üzərindən daha rahat əlimiz
çatdığından, az öncə dediyim kateqoriyaya aid filmlərlə bu müstəvidə tanış ola
bilirik. Türkiyə kitab bazarının yetərincə əlçatan olmamağı bu işdə bir az bizi
ləngidir. Ümid edək ki, nəşriyyatlarımız işini bir az da gücləndirəcək və biz
dünya ədəbiyyatı ilə öz dilimizdə tanış olmaqda çətinlik çəkməyəcəyik.
Esselərimdə kinematoqrafik elementlər diqqət çəkirsə, bu qeyd etdiyim səbəbdən
və filmlərə olan sevgimdən doğur.
Son bir neçə ayı nəzərə almasaq, gündə azından bir film seyr etmişəm. Və bu
filmlərin verdiyi ipucları da esselərimdə görünüb. Həm də son dönəmlər
çalışdığım "Ədəbiyyat qəzeti”ndə bu tip yazılara, alt qatı olan mətnlərə
marağın yetərincə olması məni bu işə daha da həvəsləndirib.
– Müsahibələrindən birində demişdin ki, hansısa yazımın mənə uğur gətirməyəcəyi
ilə artıq barışmışam. Niyə bu qədər ümidsizsən? Axı sənin maraqlı mətnlərin var
və üstəlik, gəncsən. Ömür hələ irəlidədir.
– Yəqin ki, konteksdən
çıxarış etmisiz, ya da bu cavabımın sualı sırf kütləvi uğurdan bəhs edib. Bəli,
etiraf edirəm ki, nə zamansa kütləvi tamaşaçı, kütləvi oxucu qarşısında səmimi
uğur qazanacağıma inanmıram.
Çünki mənim sevdiyim, izldəyim rejissorlar, yazıçılar da xüsusi tamaşaçı,
xüsusi oxucu kütləsinə malik insanlardır. Mən də yazılarıma eyni reaksiyanı
görürəm. Əslində burda kədərli heç nə yoxdur. Bu durumla sevərək barışmışam.
Kütləvi uğurun resepti bəllidir. Sənətdə uğur qazanmağın yollarını sosial şəbəkə
üzərindən də test etmək mümkündür.

– "Şeiraltı” kitabın necə qarşılandı? Deyəsən kitabının təqdimatını
keçirmədin.
– "Şeiraltı” kitabım çox
pis qarşılandı. Səmimi demək lazımdır, kimdən pərdələnirik, yaxud özümüzü kimə
göstəririk ki? Sosial şəbəkədə şeirlərimizə xoş sözlər deyən, bəyənən oxucular
heç kitablarımızın yanında olmadı. Bu acı reallıqdır. "Şeiraltı” şeirlər
kitabımda vəziyyət eynidir.
Məhdud çevrədə kitabın təqdimatı olub, təxminən 100 nəfər dost-tanış, yarısəmimi,
yarı "xətrin qalmasın” prinsipi ilə kitabı alıb. Yaxın zamanlarda "Şeiraltı”
kitabı üçün bir də imza günü keçirəcəyik. Oxucular gəlsə, təbii ki, sevinərik.
– "Bir şair yıxılıb qalıb içimdə”. Şeirlərindən birində bu misra diqqətimi
çəkdi. O şairin ayağa qalxması üçün nəsə etmisənmi?
– Mənim görəvim o şairi
yıxmaqdır, qaldırmaq yox. Yıxılı vəziyyətdə yazdıqları da bərbad deyil. Mütəkkəyə
dirsəklənib, yazır. Qalxıb nə edəcək ki?
– Təzə nə yazırsan? Növbəti ildə yeni kitab düşünürsənmi?
– Yəqin ki, olacaq. Artıq
ilk romanımdan 5 il ötdü. Əslində düşünürdüm ki, ikinci roman çox vaxt aparmaz.
Amma əksinə oldu. İndi
yazmaq yox, daha çox pozmaq mərhələsindəyəm. Qeydlər toplandıqca roman
olmur.
Gərək material gələn kimi yazmağa başlayasan. Çünki yazıçı bədii informasiya ilə
paralel onun havasını da qəbul edir. Qeydlərə ümid olub, münbit zaman gözləmək
uğursuzluğa gətirib çıxarır. Havası qaçandan sonra o qeydlər o qədər quruyur
ki, cümlələrinin çox solğun olduğunu hiss edirsən. Belə quru informasiyanı heç
kimlə bölüşmək istəmirəm.
Amma növbəti ilə qədər əlimdəki romanı bitirəcəyimi düşünürəm.
Söhbətləşdi: Kənan Hacı