Biz imzaları yox, əsərləri dərc edirik...

Çində mənim adımı “Google”da axtarmağa qadağa qoyulub – Nobel mükafatı laureatı
698
14 Avqust 2018, 11:20
  Qao Xinqjianın evi başdan-ayağa fərdi yaradıcılıq laboratoriyasına bənzəyən və bir ədib evi olduğunu hər addımda hiss etdirən əsrarəngiz malikanədir. Amma siz nə zamansa onun evini gəzsəniz, buranı tam əminliklə "sərgi salonu” da adlandıra bilərsiniz. 80-ci illərdən bəri Fransada yaşayan və bütün ideallarını, həyat tərzini bu ölkəyə uyğunlaşdırmış çinli yazıçının yönəldiyi istiqamətlərin bir-birindən nə qədər fərqli olduğunu bilənlər onun Nobel Ədəbiyyat mükafatı almasını təəccüblə qarşılayırlar. Xinqjianın həyat yolu insana elə təsir bağışlayır ki, sanki müəllif haraya, kimə, nəyə aid olduğunu tapmağa çalışır, bir yerdən başqa yerə sovrulur. Onun çəlimsiz, zəif görkəmində onlarla ayrı obraz birləşmiş kimidir. Ayrı-ayrılıqda məşğul olduğu sahələr üzrə dəyərləndirdikdə isə insana elə gəlir ki, Qao elə məhz bu sənət üçün yaradılıb, əsla başqa bir işdə uğur sərgiləyə bilməz. Halbuki, əl atdığı hər sferada biri digərini unutduracaq uğurlar qazanıb – teatr, opera, filmoqrafiya, rəsm, rəqs, şeir, roman... 
 
 
 


  Təbiətən nə qədər "yalquzaq tipli” adam təsiri bağışlasa da, zamanla əsərləri arasındakı dərin mövzu fərqliliyindən irəli gələn "Renessans sənətçisi” damğasından uzaqlaşsa da, Qaonun maraq dairəsinə daxil olmayan incəsənət sahəsi demək olar ki, yoxdur. 
  Qao Xinqjian 2002-ci ildən bəri Luvr və Pompidou arasında yerləşən "Les Halles” məhəlləsindəki canlı, hər zaman həyat işartıları olan bir Paris prospektində ağ divarlı, beton evdə yaşayır. Bura içində demək olar ki, dekorativ əşya olmayan, meditasiya və musiqi müalicələri üçün ideal məkan hesab ediləcək bir yerdir. Minimalist tərzdə inşa edilmiş salonda yazara gənc xanımı qulluq edir. "Oprah” dərgisi yazarın müxtəlif dərgi və kanallara verdiyi müsahibələrdə yazı rejiminə, ədəbiyyata, həyata dair söhbətləri əsasında geniş məqalə hazırlayıb. Dərginin mart sayında işıq üzü görmüş məqaləni ixtisarla təqdim edirik.
  · Yaradıcı tilsimlənmə çox qəribə duyğudur. Yaratdıqlarından tilsimlənmirsənsə, ədəbiyyatda mövqe qaanmağın çətin məsələdir. Əvvəllər oyanan kimi yazmağa başlayır və saatlarla durmadan, ara vermədən işləyirdim. Yuxu da yadıma düşmürdü. Hər şeyi yazdığıma fəda etməyə hazır idim. Amma sonradan səhhətimdə ciddi problemlər yaranmağa başladı. Ard-arda iki dəfə əməliyyat masasına uzandım və ikincidən sonra gecələri yazmağa sərf etməkdən əl çəkmək məcburiyyətində qaldım. İndi əvvəlkindən bir xeyli gec oyanır, səhər yeməyi yeyir və saat 10-a kimi əsla yazmıram. Bəzən elə burada yazıram, bəzən isə iş otağım daha cəlbedici görünür. Günortalar nahar fasiləsinə çıxır, sonra isə saat altıya kimi işləyirəm. Saat altıdan sonra isə əgər hava yağışlıdırsa, "Kral Sarayı”na kimi, günəşlidirsə, "Jardin de las Tullerias”a kimi yeriyirəm. Gündəlik ən azı 10 saat yatıram. Bəli, bütün bu rejim məcburiyyəti əvvəlki yaradıcı tempimlə arama dərin uçurum salıb. Əvvəlki kimi produktiv deyiləm, çünki ovsuna qapılıb, yaza bilmirəm. Amma ki, nə içində yazmaq olmayan bir tətilə çıxıram, nə də həftəsonları istirahət edirəm. Nə olursa olsun, çox yazmağa çalışıram, çünki deyiləcək çox söz var içimdə.
  · Hansı əsərin üzərində işləməyimdən asılı olmayaraq, musiqi müşayiəti ilə yazıram. Əvvəlcədən işin ruhuna uyğun musiqilər seçirəm. Bu, diqqətimi toplamağıma kömək edir. Gərgin atmosfer yaradır, daxili ritm formalaşdırır. Musiqinin gördüyüm işin təbiətinə uyğun olması çox əhəmiyyətlidir. Bəstəkar, mahnı seçimi məsələsində çox xırdaçılığa gedirəm. Hansısa vacib, məsuliyyətli işin öhdəsindən gəlməyə hazırlanmaq mənim nəzərimdə müqəddəs prosesdir. Uyğun atmosfer yaradılmalıdır. Əgər ədəbiyyatla məşğul oluramsa, əvvəl yazılı bir sistem hazırlayıram. Sonra onu oxuyur və səsimi lentə alıram. Sonra səsimi dinləyib, qulağa xoş gələnləri seçirəm. Rəsm çəkərkən isə ifadənin, rəngin mənbəyi bədən olur. Onun daxilində oyanmış ritmi izləyirəm.
  · Yazdıqlarını mənəvi dinclik içində kiminsə əllərinə, kamerasına əmanət edən yazarlara həsəd aparıram. Çünki rejissor, ssenarist mətnə, ondakı ideyaya, duyğuya yazarla eyni bucaqdan baxa bilmir. Mənim o qədər film proyektlərim olub ki. Amma hamısı yarımçıq qalıb, çünki mən yazarkən başqa şey göstərmişəm, rejissorlar onlara təqdim etdiyimdən fərqli şeylər çəkmək istəyiblər.  İlk rejissorluq təcrübəm "La silhouette sinon l’ombre” filmində olub, üzərində 3 il işləmişəm. Sənət adamının yaradıcılıq mərhələsi haqqında çəkilib, filmdən daha çox içində həyatın, ümidin, ölümün olduğu abstrakt bir sərgidir.
  · Ev insanın daxili dünyasını əks etdirməlidir. Qapı açılanda qonaq kimin evinə gəldiyini bilməlidir. Mənim evimdə çox adam bu ağır, ləng Zen havasından sıxıla, darıxa bilər. Amma bura mənim yaradıcı qaynağımdır. Burada meditasiya ilə məşğul oluram. Meditasiya mənim üçün əvəzolunmaz ehtiyacdır. Ateistəm, amma məchul olana hörmətlə yanaşır və hər bir nəsnənin təbiətinin beynimdə aydın təsəvvürünü canlandırmaq üçün dərindən müşahidə edirəm. Müşahidə isə çətin prosesdir, sükunəti qorumaq hər zaman mümkün olmur.
  · Çox zaman jurnalistləri, yeni dostları rəsm studiyamda qarşılayıram. Onların studiyanın qıraq-bucağına qəribə yanaşmaları olur. Rəsm studiyasında Nobelli yazarı axtarırlar. Orada isə axtardıqları yazar yoxdur, orada işləyən bir rəssamdır.
  · Yazıçı işini dolanışıq vasitəsi, həyatının maddi təminatı yolu kimi görürsə, kitab bazarınnın tələblərinə cavab verməyə məcburdur. Dolanışığını təmin etmək üçün başqa işlərlə də məşğul ola bilər – jurnalistika, müəllimlik, tərcüməçilik... Əgər paralel olaraq, bunlarla məşğul olarsa, həmin sahələrdə sərbəstlik imtiyazını təmin edə bilər. Sənət adamı hər zaman iki güclü təzyiqlə üz-üzədir. Biri kriteriyalarını zor gücünə yeritməkdə israrlı, təlimatlarını izləməyinizdən başqa yol seçimi verməyən hansısa siyasi gücün mənfəətlərinə xidmət etməyə sürükləyən siyasi təzyiqdir. Bu təzyiq intellektualları hansısa "xüsusi” bir yolla yeni şeylər düşünməyə məcbur edir. Bu tip intellektuallar isə hansısa bir gücə boyun əydikləri halda, bunu "nəyinsə uğrunda mübarizə” kimi təqdim edəndə gülməli görünür. Avtoritar qarşısında özünəxas duruşu və baxışı qorumaq, müdafiə edə bilmək üçün mənən çox sağlam olmaq lazım gəlir. Bu təzyiqə başqa bir müasir təzyiq də qoşulur. Qloballaşma bumu ilə hər şeyi istila edən və hər şeyi istehlak məhsuluna çevirən bazar təzyiqi. Amma ədəbiyyat və incəsənət bəşər övladının öz əhəmiyyətini və mahiyyətini dərindən kəşf etməsində ən yaxın silahdaşıdır. Bu iki mexanizm ticarət obyekti olan və ya market məhsuluna çevrilən şeyləri ayırmağımıza kömək edən dəyərləri qoruyur. Ədəbiyyat başqa bir şeyi əldə etmək üçün istifadə edilən alət olmamalıdır. Hamı bir şeyi unudur, heç bir sənət adamı dünyanı xilas edə bilməyib. O, yalnız öz daxili dünyasının sərhədlərini aşaraq, özünü xilas edə bilər.
  · 1966-1976-cı illərdə mənə yazmaq qadağası qoyulmuşdu, "mədəniyyət inqilabı”nın qurbanı olmuşdum. Döşəmənin şkafın, yatağın altında qalan yerlərini qazır, yazdıqlarımı ya orada, ya da dibçəklərdə gizlədirdim. Dibçəklər çoxalmağa başlayanda hekayələri də, gülləri də yandırıb, hər şeyi yenidən yazıb, ya da üzünü köçürüb, başqa yerdə gizlətməli olurdum. Bir dəfə böyük bir romanı yandırmalı oldum. O qədər əziyyətin bəhrələri saniyələr içində külə döndü, çünki başqa yolum yox idi. Bu qədər şeyin üstünə "Avtobus dayanacağı” ("Arret d’autobus”) kimi sadə məzmunlu bir roman Çin Cümhuriyyətinin gələcəyi üçün "ən təhlükəli əsər” elan edildi. Qapılar bağlandı, çıxış qalmadı. Əlimi hər şeydən üzüb, bununla barışmışdım – sərt senzuraya məruz qalmışdım. 1987-ci ildə ölkədən çıxdım. Sonralar kapitalizmin bərqərar olması, iqtisadi dirçəliş, aldığım Nobel mükafatı – heç biri hökumətin mənə qarşı mövqeyini dəyişdirmədi. Çində mənim adımı "Google”da belə axtarmaq olmur.
  · Nobel özü ilə şöhrət gətirdi, sevdiyim o sakit həyat sona çatdı. Nobeldən sonra hər şey birmənalı şəkildə dəyişdi – ömrüm boyu olmadığım qədər məşğulam. Dünyanın dörd bir yanından təkliflər, dəvətlər gəlir. Mənimlə, ədəbiyyatla əlaqəsi olmayan tədbirlər üçün dəvət göndərir, əlçalanlar arasında olmağımı xahiş edirlər. Bəzən telefonum durmadan çalır, götürsəm, vaxtım gedəcək, sonra harasa çağıracaqlar. Bunların da sonu yoxdur. Götürmürəm. Katibəm olmadığı üçün kimin niyə zəng vurduğunu da bilmirəm.
  · Mən çətin xarakterli adamam, istənilən cür təzyiq məni əzə bilər. Yazmağa davam edə bilməyimin yeganə yolu qaçmaq idi. Mənim qəhrəman olacaq gücüm yox idi, hamamböcəyi kimi əzərdilər məni. Müxalif duruş sərgiləmək asandır, amma bunu həqiqətən reallaşdırmaq çətindir. Mən də boş yerə belə bir mövqe tutmadım, çünki bilirdim ki, təzyiqə qarşı durası adam deyiləm. Sadəcə qaçmaq, yazmaq və azad olmaq istəyirdim. Bu adam insanın bütövlüyü üçün lazım olan təməl şərtləri, hüquqları inkar edən və bunda israr sərgilənən totalitar gücün hökmranlıq etdiyi yerlərdən uzaq durmalı olduğunu anlayan və qaçmağı seçən yazaram. Bu dünyadakı ilk qaçış hekayəsi deyil.
 
  İngilis dilindən tərcümə edən: Elcan Salmanqızı