Biz imzaları yox, əsərləri dərc edirik...

Çinarlar yol gözləyir – Ziyadxan Əliyev yazır
745
12 İyul 2018, 12:58
 Artkaspi.az Ziyadxan Əliyevin "Cizgilərin alt qatının hikmətləri" adlı yazısını təqdim edir:

 Qrafika ustası Yaşar Səmədovun yaradıcılıq axtarışları haqqında...
 

 Rəssam təxəyyülünün nəticəsi olan hər bir əsər yalnız görünənlərin "quru”- real təsviri çərçivəsinə sığmayanda, tamaşaçısını cəlb etməklə yanaşı, alt qatında daşıdığı, məna-məzmun yükündə hifz etdiyi hikmətin çoxmənalı tutumu ilə, onu cavabı o qədər də asan olmayan suallar məcmusuna bələyəndə zamansızlığa və məkansızlığa qovuşur. Başqa sözlə desək, əsl düşündürücü və başqalarına da maraqlı görünəcək, sənət əsərlərinə çevrilir. Uzaq-yaxın sənət  ensiklopediyasını vərəqləsək, bu gün cəmiyyətin əvəzsiz mənəvi dəyərinə çevrilən neçə-neçə təsviri və tətbiqi sənət nümunəsinin məhz vurğuladığımız bədii-estetik məziyyətlərə zəngin olduğuna əmin ola bilərik. Yaxşı haldır ki, belə əsərlərin yaradıcıları arasında  Azərbaycan rəssamları da az deyil. Bu gün həmin ənənəni layiqincə davam etdirən fırça ustalarından biri də Yaşar Səmədovdur...
 İxtisas təhsilini əvvəlcə Bakıdakı məşhur "Əzimzadə məktəbi”ndə, sonra M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda alan Yaşar Səmədov, həmin təhsil ocaqlarında Mikayıl Abdullayev, Oqtay Şıxəliyev, Əli Verdiyev, Cabbar Qasımov, Sabir Şıxlı, Rüfət Əsədullayev və Kamal Səmədzadə kimi tanınmış rəssamlardan sənətin sirlərini öyrənmişdir. Onun ötən əsrin yetmişinci illərindən yerli və beynəlxalq miqyaslı sərgilərdə müxtəlif janrlı rəngkarlıq və qrafika əsərləri iştirak etməsini dəyərləndirməli olsaq, onda onun simasında milli sənət məkanımızda gerçəkliyə özünəməxsus bədii-fəlsəfi baxışı olan yaradıcının mövcud olduğunu deyə bilərik. 
 Yaşar Səmədovun rəng və cizgilərlə elə ilk özünüifadələrində nəhayətsiz rəssam duyğularını düşündürücülüyə bələmək istedadının işartıları duyulurdu. Qrafik işlərində bu məziyyət daha qabarıq görünürdü. Onun çəkdiyi süjetli kompozisiyalarda, portret və mənzərələrdə, karikatura və çoxsaylı ekslibrislərdə  ağ-qara cizgilərin alt qatından "boylanan” fikir paralayıcı məna-məzmun yükünün qrafik yozumu xüsusilə cəlbedici və düşündürücü idi.
Etiraf edək ki, hər bir yaradıcı üçün duyğularını qrafikadan fərqli olaraq rəngkarlıq əsərində ifadə etmək nisbətən asandır. Amma təsviri sənətin iki önəmli sahəsini qarşı-qarşıya qoymaqdan uzaq olduğumuzu dilə gətirməklə,  vurğulamaq istəyirik ki, rəsmetmədə "axsayan” hər hansı bir yaradıcının qrafika sahəsində başqaları üçün yeni və gözlənilməz, cəlbedici və düşündürücü bədii görüntünü ərsəyə gətirməsi sadəcə mümkünsüzdür. Belə ki, rəngkarlıqda çatışmayanları rənglə ört-basdır etmək nə qədər mümkünsə, qrafikada buna nail olmaq çox çətindir. Bunu qədim əlyazmalarını bəzəyən miniatür üslublu əsərlərdən başlayan  milli qrafik mədəniyyətimizin  sonrakı dövrlərdə bədii-texniki cəhətdən dəyişib zənginləşməklə ərsəyə gələn nümunələrində, ağla-qaranın yaratdığı cizgi oyununun indiki durumda kifayət qədər çoxqatlı və çoxmənalı olması da təsdiqləyir. Bu mənada Yaşar Səmədovun qrafikaya gəlişi də , əslində, onun qətiyyətli yaradıcı addımı idi. Başqa sözlə desək, onun qrafikada başladığı fəaliyyətlə hara gedəcəyinin mayasında  həm də haradan gəlməsinə dərindən bələdçiliyi dururdu. Bu isə əslində onun qarşısına ərsəyə gətirdiklərinə məna-məzmun dərinliyi verməklə  yanaşı, bədii görüntünün özünəməxsus obrazlı görkəm almasını əldə etmək kimi çox çətin yaradıcılıq vəzifəsi qoymuşdu. Bu gün artıq arxada qalan yaradıcılıq yoluna və yaradılan müxtəlif mövzulu əsərlərə nəzər saldıqda, onun çağdaş qrafika sənətinə yeni nəfəs və  forma-biçim özünəməxsusluğu gətirdiyi gün kimi aydın görünür. Bütün bu əsərlərdə forma-biçimlə məzmunun duyğulandırıcı vəhdət təşkil etməsi isə qənaətimizcə, Yaşar Səmədovun etiraf olunası uğurudur...
 İndiki məqamda "Hər bir sənətkar öz dövrünün aynası olmalıdır” deyimini xatırlamalı olsaq, onda deyə bilərik ki, milli mövzuların Yaşar Səmədovun yaradıcılığının leytmotivini təşkil etməsi, həm də onun vətəndaş-rəssam mövqeyini əks etdirir və onu əksər həmkarlarından fərqləndirir. Onun müxtəlif illərdə yaratdığı "Qarabağ simfoniyası”, "Bütöv Vətən”, "Çinarlar yol gözləyir...”. "Şuşa harayı”, "Qarabağın payızı”, "Xocalı faciəsi”, "El bilir ki, sən mənimsən...”, "Mirzə Ələkbər Sabirin yükü”,  "Əzim Əzimzadənin satirası”, "Xurşudbanu Natəvan”, "Oxu tar”, "Kövhər ağa məscidi”, "İçərişəhər” və s. əsərlərində ifadə olunan rəssam düşüncələrində görünənlərin mənalandırılması ilə yanaşı, təsvirin gözlənilməz obrazlı tutum alması da heyranedicidir...
 

 
 "Bütöv Vətən”də yurdun qədim durumunu görüntüyə gətirən rəssam, qala divarları ilə əhatələnən torpaqlarımızın hər birimizə qürur bəxş edən təbiətini, memarlıq abidələrini, maddi-mədəniyyət nümunələrini millətin qeyrət daşıyıcıları olan Şah İsmayıl Xətai və onun layiqli xələfləri ilə vəhdətdə görüntüyə gətirməklə, ümumi görüntüsü ürəyə bəzəyən kompozisiyanın cəlbedici və duyğulandırıcı tutum almasını şərtləndirmişdir...
 "Şuşa harayı” əsərində təbiətlə müxtəlif ovqatlı insanların vəhdətindən bədii vasitə kimi istifadə edən müəllifin, işğala məruz qalmış şəhərin və onun əhalisinin yaşantılarını dahi Üzeyir bəyin və onun obrazlarının musiqiyə bələnmiş harayı ilə qovuşdurması çox təsirli səhnənin yaranmasına səbəb olmuşdur. Körpüyə çevrilmiş piano dillərinin, ölçüyəgəlməz harayını qırılmış simləri ilə sərgiləyən tarın, dərd-qəminin nəhayətsizliyini səmaya yüksələn tüstündə əks etdirən qədim tikilinin Tanrıya ucalan iki əlin arasında təsviri çox yaddaqalandır... 
 "Çinarlar yol gözləyir...” əsərində Səttar Bəhlulzadə ənənələrini davam etdirən və təbiətdə gördüklərini "fəlsəfi mənəzərə”yə çevirən Yaşar Səmədov üç "boynu bükük” ağacların timsalında həsrətə bələnmiş ağrılarımıza obrazlı görkəm vermişdir. Miniatürlərdə olduğu kimi üst-üstə sıralanma bədii prinsipinə tapınan müəllif  və şaquli kompozisiyanı indiki halda qəm-qüssə rəmzinə çevrilən  çinarları aşağıdan şəhid, yuxarıdan isə Şuşanın giriş qapısının təsviri ilə tamamlamaqla, itirilmiş şəhərin qaytarılacağına ümidə bələnmiş düşündürücü əsər ərsəyə gətirə bilmişdir. Çinarların təsvirinin ifadəli görünməsində aşağı və yuxarı hissələrin tünd cizgilərlə ifadəsinin duyulası rolu olmuşdur, desək, yanılmarıq...
 

 
 Rəssamın dahi şairimiz Mirzə Ələkbər Sabirə və görkəmli fırça ustası Əzim Əzimzadəyə həsr etdiyi əsərlərdə bədii həll, forma-biçim yaxınlığının səbəbsiz olmadığı birmənalıdır. Belə ki, zamanında Azərbaycan gerçəkliyinə çox sərt "bədii güzgü” tutması ilə bənzərsizliyini təsdiqləyən şairin yazdıqlarına satirik münasibətində "bədii möcüzələr” ortaya qoyduğunu sərgiləyən Ə.Əzimzadənin "Rəssamlığımızın Sabiri” kmi dəyərləndirilməsi də dediklərimizi təsdiqləyir. Odur ki, həm şairin, həm də rəssamın çiyini yüklü təsvir edilməsi məntiqli görünür. Əgər M.Ə.Sabirin yükünü onu əhatələyən mənfiliklərin daşıyıcıları təşkil edirsə, Ə.Əzimzadənin daşıdıqları şairin qamçıladığı adamların bədiiləşdirilmiş görüntüləridir. Yığcam cizgilərlə ifadə olunmuş bu portret-kompozisiyalarda rəssamın yüksək qrafik mədəniyyəti çox qabarıq görünür. Bu yerdə deyək ki, hər bir qrafika ustası üçün önəmli olan bu professional keyfiyyəti rəssamın digər əsərlərində də görmək mümkündür. Kifayət qədər mürəkkəb bədii tutuma malik olan həmin lövhələrin kompozisiyalarında "işsiz” ayrıntı yoxdur, desək, həqiqəti söyləmiş olarıq. Vərəq boyu məntiqlə səpələnmiş bu təsvir-cizgilərin ritmində və xaotikliyində, təzadlarında və duyulası ekspressivliyində qrafik bədii həll üçün elə bir səciyyəvi məziyyət var ki, bu da bilavasitə "Yaşar Səmədov dəst-xəttin”in tanınma nişanı kimi çıxış edir...
 Yuxarıda qeyd etdiyimiz kimi, onun yaradıcılığını təşkil edən rəngkarlıq və qrafika  əsərlərində janr məhdudiyyəti yoxdur. Bədii irsindəki bu rəngarənglik də daha çox onun hiss və duyğularını müxtəlif plastik tutumda ifadə etmək ehtiyacından irəli gəlmişdir.  Bu mənada onun sonsuz ana sevgisini rənglərlə ("Mənim anam”), böyük Məhəmmədhüseyn Şəhriyarla Bəxtiyar Vahabzadənin ruhi birliyini ağ-qara cizgilərlə ("Ruhi birlik”), gül-çiçəyin rahiyyəsini boyalarla, yurd həsrətli insanları təzadlı cizgilərlə ifadə etməsi məntiqli olmaqla yanaşı, bunun arxasında incə müəllif duyğularının durduğuna tamaşaçısını inandırır... 
 

 Azərbaycan Rəssamlar İttifaqının və Dünya Karikaturaçılar Birliyinin  üzvü olan Yaşar Səmədovun əsərləri dünyanın müxtəlif ölkələrində sərgilənməklə yanaşı, həm də keçirilən yerli və beynəlxalq müsabiqələrin çoxsaylı mükafatlarına layiq görülmüşdür. Onun uzun illər ərzində Azərbaycan Memarlıq və İnşaat Universitetində rəssam-pedaqoq kimi fəaliyyətinin yaddaqalan nəticəsi isə onun respublikada tədris sahəsinin novator ruhlu mütəxəssisi kimi tanınmasıdır...