Biz imzaları yox, əsərləri dərc edirik...

İmadəddin Nəsimi “Auditoriya+”da – REPORTAJ
2478
25 Aprel 2019, 11:26
 24 aprel tarixində Bakı Slavyan Universiteti, "Məktəbəqədər təlim-tərbiyə” və "İbtidai təhsil” fakültəsi, "İbtidai təhsil” kafedrasının "Auditoriya+” layihəsinin İmadəddin Nəsimiyə həsr edilmiş tədbiri keçirildi.
 
 

 Elə yolda Fərid Hüseynlə söhbətimiz mənə ucsuz-bucaqsız səhraları xatırladırdı. Özbəkistan, Asiya çölləri, yollar. Nəsimi həmişə mənə isti havaları və kimsəsiz çölləri xatırladacaq, bu, bəlkə də, filmin doğurduğu təəssüratdır. Və Bakı Slavyan Universitetinin girişində bir də günəşə baxıb içəri girdim. Beş-on addım uzaqda Nəsiminin portreti vurulmuş məlumat lövhəsini görüb bundan öncəki tədbirləri yadıma saldım. Nəsimi haqqında fərqli bir şey eşitmək istəyirdim. Zala girib hamısı xanım olan auditoriyanın boş qalmış iki stulunda oturduq. Redaktorumla Məmməd Qocayevin rus ədəbiyyatı mühazirələrindən danışıb ətrafa kəşfiyyat xarakterli göz gəzdirdim, amma hələ ki mətnə gələn bir "qurban” yox idi. 
 
 

 Bir azdan adını yanımdakı xanımdan öyrəndiyim Zərifə müəllimə gəldi və onun gəlişi ilə zal elə bil yuxudan oyandı. Tədbirin təşkilatçılarından biri də o idi. Redaktorumu yanımdan alıb apardı dəyirmi masaya. Qeyd dəftərimə ilk bunu qeyd elədim və tədbirimiz başladı. 
 Sözü Şahin Fazil alıb Nəsiminin poetik dili və qəzəllərindəki məna xüsusiyyətlərinə qədər apardı. Qurana istinad etdiyi qəzəlləri bir-bir deyir, gözlərini mənim də axtardığım bir boşluğa kilidləyib tərcümə etdiyi mətnləri danışırdı. Nəsiminin azərbaycanca və farsca qələmə aldığı klassik məna yüklü misraları bəyaz saqqallı bu ziyalının özünü də heyrətləndirir və daha həvəslə danışmasına səbəb olurdu. Əyilib yanımdakı adını bilmədiyim və tədbir boyu soruşmağa utandığım xanımdan dəyirmi masadakı müəllim heyətinin adını soruşdum, sağ olsun, hamısını bir-bir təqdim elədi. Yenidən məruzəçiyə diqqət elədim. Şahin Fazil bu dəfə Nəimi divanında hürufiliyi izah edirdi. Həm bildiyimiz, həm də bilmədiyimiz mövzular idi. Sonra konfransların birində səsləndirilmiş hələblilərin adından Nəsiminin edamı ilə bağlı üzrxahlıq məktubunu auditoriyada təkrar edir. Bu vaxt tədbirimizə fakültənin dekanı Flora xanım  gəlir. Şahin Fazil davam edir:
 
 

 –  Nəsimi sovetlərə qədər unudulmuşdu, yaddan çıxmışdı. Sovet vaxtı qəzəlləri dərc olunmağa başladı. Bunun səbəbi o idi ki, Nəsimini düzgün anlamamışdılar. Sovet elə bilirdi, Nəsimi ateist ideologiyaya qulluq edir, ona görə, onu həvəslə tərcümə etdilər. Populyarlaşdırdılar. 
 Çıxışının sonunda professor Nəsiminin qəzəlinə yazdığı nəzirəni səsləndirir və alqış payını alır.
 Zala adamlar hələ də gəlməkdə, mən belimi pəncərənin küncünə söykəyib şəkillər çəkməkdə, aparıcı isə Arif Buzovnalını tələbələrə təqdim etməkdədir. Yazar "Nəsimi – İnsan” adlı məruzəsini öz həmkarlarının bir neçə seçmə fikrini təkrarlamaqla başlayır. Və nəhayət, mənim ən çox sevdiyim hürufilikdə rəqəmlərin yozumu haqqında danışır. Arif Buzovnalı öz söhbətini Nəsiminin məşhur dördlüyü üzərində edir. Bura yazım siz də oxuyun:
  Yeddidir, dörd yeddidən bir yeddidir,
  Yüz iyirmi dörd yenə üç yeddidir,
  Evi bir, bacası yeddi, babı üç,
  Əhli-beyt ilə özü on yeddidir.
 Bir-bir bu misralardakı anlamları açır və auditoriyada kimin onu diqqətlə dinlədiyini yoxlamaq üçün gözlərini üzərimizdə gəzdirir. Arif Buzovnalı danışır:
 –  Nəsimi buyurur ki, bir 7 var 4 yeddidəndir. Əgər 4 yeddini toplasaq, 28 edər. Məlum olur ki, söhbət ərəb əlifbasından gedir. Qurana baxsaq, görərik ki, 114 surədən cəmi biri 7 ayədir və bu "Fatihə” surəsidir. 2-ci misrada deyir ki, 124 yenə üç yeddidir. Əgər "əlhamdu lillah”dan "və lazzallin”ə qədər olan hərfləri saysaq, düz 124 hərf olduğunu görərik. 
 Gülümsəyirəm və qeyd edirəm. 7 rəqəmi ilə bağlı fikirlərini davam etdirən yazar daha sonra hürufiliyin ictimai tərəflərini araşdırır, o dönəm dövlət modelinə toxunur və Nəsiminin müridlərinin bu dövlət modelinin hansı yanında olduğundan danışır.
 
 

 Tədbir bədii hissə ilə davam edir. "İbtidai təhsil” kafedrasının tələbələri Nəsiminin qəzəllərini söyləyir, filmdəki məşhur Şəms-Nəsimi səhnəciyini qururlar. Ən məşhur qəzəllər səs olub zalın divarlarına hopur. Bu qapı açılır, amma heç kim yoxdu. Deyəsən, bunu bircə mən gördüm. Çevrilib pəncərədən yola baxıram və Nəsiminin "İnsan dedilər” qəzəli mənimlə birgə küçədəki adamların üzərinə xəfifcə toxunur.
Sonda fakültənin dekanı qonaqlara və auditoriyaya təşəkkür edib tələbələri ilə bir fotonun yaddaşında "gizlənmək” istəyir.
 Bakı Slavyan Universitetinin təşkil etdiyi tədbir olduqca maraqlı şəkildə də başa çatır. Tədbirin təşkilindəki ciddiyyət və zəhmət nəzərdən yayınmır. Hər kəs məmnun qalır. 
Nəsiminin "Ayrılır” qəzəlini pıçıldaya-pıçıldaya zaldan çıxıram. Girişdəki portretə göz vurub bu reportajı yazmaq üçün ağlımda yer adlarını sayıram.
 
 Rəvan Cavid