Biz imzaları yox, əsərləri dərc edirik...

"Təriqətnamə" - Məsiağa Məhəmmədi yazır
2212
14 İyun 2019, 18:02
  Artkaspi.az Məsiağa Məhəmmədinin "Tədqiqlər və tərcümələr" kitabından İMAD FƏQİH KİRMANİNİN "TƏRİQƏTNAMƏ" POEMASI haqqında tədqiq məqaləsini təqdim edir: 
 
 
 

  İmad Fəqih Kirmani (vəf.1372) X1V əsrdə İranda yaşayıb-yaratmış gözəl sənətkarlar dəstəsinə mənsub istedadlı şairlərdən biridir. Onun bədii irsi, təəssüf ki, lazımınca tədqiq olunmamış­dır. Əksər tədqiqatlarda və fars ədəbiyyatı tarixinə dair ümu­miləş­dirici əsərlərdə İmad əsasən dahi Hafizin müasiri kimi xatırlanır və onunla Hafiz arasında baş vermiş münaqişədən bəhs olunur. Yalnız son illərdə İranda onun bədii əsərləri ayrıca kitablar şəklində nəşr olunmağa başlamışdır ki, bunlar da bir tərəfdən İmadın yaradıcılığının çoxşaxəliliyini, digər tərəfdən isə onun barəsindəki təsəvvürlərin ədalətsizliyini və yanlışlığını nümayiş etdirməkdədir.
  Lirik əsərlərlə (qəzəl,qəsidə,qitə və rübai) yanaşı İmadın qələmindən beş məsnəvi də çıxmışdır ki, bunlar içərisində 1355-ci ildə yazılmış "Təriqətnamə" poeması xüsusilə diqqəti cəlb edir. Təqribən 2800 beytdən ibarət olan və həzəc bəhrində yazılmış bu əsər Müzəffərilər sülaləsindən Əmir Mübarizəddin Məhəmmədə – o zamankı Yəzd və Kirman hakiminə ithaf  edilmişdir.
  Əsərin yazılma səbəbi barədə müəllif  bu məsələyə həsr olunmuş xüsusi fəsildə məlumat verir. Məlum olur ki, şair uzun müddət "təsəvvüfə dair qısa və aydın bir kitab" yaratmaq üzərində düşünmüş və nəhayət, bu ideyasını həyata keçirməyə qərar vermişdir. Bu da təsadüfi deyil, çünki İmad məşhur sufi təriqətlərindən birinin – sührəvərdiyyənin davamçılarından idi və Kirmanda onun xanəgahı vardı. Təbii ki, poemanı yazarkən o, ilk növbədə mənsub olduğu təriqətin banisi Şəhabəddin Əbu Həfs Ömər Sührəvərdinin (1145-1235) "Əvarif əl-məarif" əsərinə və bu əsərin İzzəddin Mahmud Kaşani (vəf.1335) tərəfindən həyata keçirilmiş "Misbah əl-hidayə" adlı farsca tərcüməsinə müraciət etmişdir. "Təriqətnamə"nin digər mənbələri sırasında Əbubəkr əl-Kəlabadinin (vəf.995) "ət-Təərrüf li məzhəb ət-təsəvvüf" əsərini və dahi müsəlman mütəfəkkiri Əbu Hamid Məhəmməd əl-Qəzzalinin (1058-1111) "İhya ülum əd-din" kitabını göstər­mək lazımdır.
 
 
 

  Sonuncunun təsiri, fikrimizcə,xüsusən etika məsələlərində özünü açıq-aşkar büruzə verir. Bununla belə İmad daha çox "Əvarif əl-məarif"in fars versiyasına diqqət yetirmişdir ki, bu da hər şeydən öncə, hər iki əsərin struktur eyniyyəti ilə sübut olunur – "Təriqətnamə" də "Misbah əl-hidayə" kimi on babdan ibarətdir və hər bab öz növbəsində on fəslə bölünür ("Əvarif əl-məarif"in ərəb mətni isə 63 babdan ibarətdir). Lakin "Təriqət­namə" heç də "Misbah əl-hidayə"nin mənzum variantı olmayıb kifayət qədər orijinal bir əsərdir. İmad təriqət məsələlərinin şərhində ardıcıllığı dəyişdirmiş, nəzəri müddəaların izahı üçün əsərə kiçik hekayələr və təmsillər daxil etmişdir. İmadın yazı tərzi son dərəcə aydın və sadədir, bu da "Misbah əl-hidayə"nin mürəkkəb üslubu ilə müqayisədə onun əsərinin məziyyəti kimi qiymətləndirilməlidir. Müəllif özü də vurğulayır ki, o, mənanın aydınlığını saxlamaq naminə poetik bəzəklərdən qaçmağa çalışmışdır.
 
 
 
 

  "Təriqətnamə"nin məzmunu barədə təsəvvür hasil etmək üçün on babın başlığına nəzər salmaq kifayətdir: I. Davranış qaydaları haqqında. II.İdrak haqqında. III.Bəzi sufi istilahları haqqında. IV.Sufi ritualları haqqında. V.Biliyin növləri haqqında. VI.Etiqad haqqında. VII.Yaxşı xasiyyətlər haqqında. VIII.Yaxşı əməllər haqqında. IX.Məqamlar haqqında. X.Hallar haqqında.
  Göründüyü kimi, poemada sufizmin nəzəriyyəsi, praktikası və etikasına dair bütün məsələlər kompleksindən bəhs olunur, özü də bunlar geniş dini-fəlsəfi kontekstdə nəzərdən keçirilir. Üstəlik İmad əsas sufi anlayışlarının şərhində maksimal aydınlıq və anlaşıqlığa can atır,onlara dəqiq və birmənalı izahlar verməyə cəhd göstərir. Bu baxımdan üçüncü, dördüncü, doqquzuncu və onuncu bablar xüsusilə maraq doğurur.
  Deyilənlərdən bu qənaətə gəlmək olar ki, İmad Fəqih Kirmaninin "Təriqətnamə" poeması bir tərəfdən sufizmin dok­trinasını öyrənmək baxımından qiymətli mənbə, digər tərəfdən isə farsdilli sufi poeziyasının parlaq nümunəsi kimi dəyər­lən­dirilə bilər.