artkaspi.az Türkiyəli aktrisa Fatma Girikin müsahibəsini təqdim edir:

– Çoxdandır sizi görmürük, haralardasınız?
– Bodrumla İstanbul arasındakı yollarda qalmışam.
Günlərim çox gözəl keçir. Daha doğrusu, maraqlı keçməsi üçün əlimdən gələni
edirəm. Bodrumda yaşamaq mənim üçün daha rahatdır. Burada dəniz, təmiz hava,
səssizlik var. Mənim üçün ən önəmlisi həm də odur ki, Bodrumda avtomobil
tıxacları yaranmır.
– Fatma xanım, istərdik ki, bizimlə köhnə illərinizdən
danışasınız. Uşaqlığınız necə keçib?
– Heyf o günlərdən. Mədrəsədə bir neçə ailə ilə birlikdə
yaşayırdıq və oradakı ailələrin hamısı kasıb idi. Uşaqlığım yoxluq içərisində
keçib. Nənəm mədrəsədə qalırdı. Biz də Kocamustafapaşada Vərəmlə Savaş dərnəyi
ilə üz-üzə olan komalarda yaşayırdıq. Nənəmin yanına tez-tez getdiyim üçün
uşaqlığım mədrəsədə keçib. Birotaqlı evdə 6-7 nəfər qalırdıq. Hələ də inana
bilmirəm ki, bu kiçik evə necə sıxışırdıq. O günlərimi xatırlayanda dəli
oluram. Təsəvvür edin ki, ümumi məhəllənin cəmi bir tualeti var idi. Özü də
tualet dedikdə üstü açıq, kənarları ağac və qamışla örtülmüş kiçik bir komanı
nəzərdə tuturduq. Qışda üstümüzə qar yağırdı. Təsəvvür edin ki, tualetə girəndə
üzərimizə qar və yağış tökürdü. Yayda gecələr isə hər kəs qapısının önündə
yorğan-döşək sərib yerdə yatırdı.
– Həmin yoxsulluq illərinizdə ən çox nəyə sahib olmaq
istəyirdiniz?
– Çox istəyirdim ki, göy rəngdə paltarım olsun. Bir də
uşaq yaşlarımda ən böyük arzum banan yemək idi. Bu arzuma isə 14 yaşımda
çatmışam. Bizim dövrümüzdə bananı hər adam alıb yeyə bilmirdi. Banan çox çətin
tapılan meyvələrdən idi. Aldığım ilk maaşımla banan və xəyalını qurduğum göy
paltarı aldım. Növbəti maaşlarımı isə anama verdim. Uşaq vaxtı mən çox dəcəl
idim. Hər şeyə maraq göstərirdim. Həddindən artıq nadinc idim. Mədrəsənin hər
bir küçəsini əlimin içi kimi tanıyırdım. İndi oralar turist mərkəzinə çevrilib.
Bizim dövrümüzdə orada at arabaları var idi. Bir gün yolu keçən zaman dörd atın
birlikdə getdiyi bir arabanın altında qaldım. Məhəllənin qəssabı ilə dükançısı
məni təkərlərin altından çıxardı. Çox şanslı insan olmuşam ki, o təkərlərin
altından sağ-salamat çıxmışam. Hətta 9 yaşımda siqaret çəkmişəm (gülür). Mənim
nənəm siqaretdən istifadə edirdi. Mən də ona baxdım və həvəsləndim. Nənəm də
siqaretə böyük həvəsimin olduğunu görüb, dadına baxmaq üçün mənə bir dəfə
siqaret təklif etdi.
– Bəs uşaqlıq eşqiniz necə, var idimi?
– Mən oğlan kimi böyümüşəm. Elə böyük macəralarım
olmayıb. Məktəbə tramvayla gedirdim. Tramvaya mənimlə eyni vaxtda minən bir
gənc oğlanla qarşılaşırdım. Yol boyu bir-birimizə baxırdıq. Həmin oğlan həmişə
mənim yol pulumu ödəyirdi. Zaman keçdikcə onunla danışmağa başladıq. Amma
söhbət edərkən heç zaman sevgidən danışmamışıq. O hər zaman mənim dərslərimi
soruşurdu. Sonradan anladım ki, həmin oğlan məndən 6 yaş böyük xalamla da
danışırmış. Sən demə, vurulduğum oğlan ikimizi də yola verirmiş (gülür).
– "Məktəb illəri” dedikdə ilk ağlınıza nə gəlir?
– Nə gələcək ki? Yarımçıq qalan həyatım ağlıma gəlir.
Elə bir vəziyyətdə yaşayırdıq ki, hər gün məktəbə gedib-gələ bilmirdim. Ona
görə də məktəb illərimlə bağlı ağlımda o qədər də çox xatirələr qalmayıb.
Xatırladığım qədəri ilə müəllimlərim ilə münasibətim çox yaxşı idi. Amma məktəb
illərimin üstündən 60 il keçir. Yaddaşımda bəzi pozğunluqlar yaranıb.
– Bəs film çəkilişlərinə başladığınız günləri xatırlayırsınızmı?
– Əlbəttə. O zamanlar "Sabah” qəzetində işləyən bir
qonşumuz var idi. O, film çəkilişlərinə tez-tez gedirdi. Filmlərə o qədər böyük
marağımız var idi ki, anamla məni də özü ilə aparırdı. Anam filmlərə böyük
marağımın olduğunu görüb, mənə çəkilişlərə getməyə qadağa qoydu. Bildirdi ki,
başımı boş-boş işlərlə qarışdırıram və bunun üçün də dərs oxuya bilmirəm. Anam
israrla deyirdi ki, çəkilişlərə sərf etdiyim vaxtımı dərslərimə həsr etməliyəm.
Beləliklə, anam ayağımı film çəkilişlərindən kəsdi. Halbuki birotaqlı evdə
oturmaqdansa çəkilişə getmək mənim üçün daha maraqlı idi. Qadağalara
baxmayaraq, gizlin-gizlin çəkilişlərə gedirdim. Bir gün Ahmet Tarık yeni
qurulan bir şirkətlə müqavilə imzaladı və məni də özü ilə apardı. Mənim filmə
olan həvəsimi görüb, onların birgə müqaviləsi əsasında çəkilən "Ləkə” filmində
mənə kəndçi qız obrazı verdilər.
– Həmin illərə yenidən dönmək istəyərsinizmi?
– Nə üçün dönmək istəyim ki? Bizim dövrümüzdə yalnız
yoxsulluq vardı. Film çəkmək üçün yaxşı texnikamız da yox idi. Əl vuranda
qırılan kameralarla işləmək çox çətin idi. Kostyumlarımızı özümüz gətirər,
makiyajımızı, saçımızı özümüz hazırlayardıq. İndi hər şey çox asanlaşıb. İndiki
aktyorlarda əvvəlki enerji və filmlərə olan sənət eşqi qalmayıb. O günlərin
ruhunu, eşqini və səmimiyyətini bu günlərə gətirib çıxara bilsəydik, hər şey
daha yaxşı olardı.
– Sənət eşqi demişkən, Memduh bəylə uzun illərdir ki, bir
yerdəsiniz. Yenə də onu əvvəlki həyəcanla sevirsinizmi?
– Artıq o həyəcanlı duyğuların yerini başqa hisslər alıb. 55 ildir ki, biz onunla
birlikdəyik. Artıq bir hərəkəti ilə nə demək istədiyini anlayıram. Misal üçün,
qaşını qaldıranda bilirəm ki, nədənsə əsəbiləşib. Yəni 55 il az deyil. Onun hər
bir mimikasından nə demək istədiyini anlayıram. Hazırda onun sağlamlığı ilə
bağlı problemlərimiz var.
– Canlandırmaq istədiyiniz və yaxud da ağlınızda qalan hər hansı
bir obraz varmı?
– 57 ildir filmlərə çəkilməyimə baxmayaraq, hələ də
oynamaq istədiyim rollar var. İndi deyəcəklər ki, 57 ildir efirdədir,
çəkilmədiyi film qalmayıb, ancaq yenə də "obrazlardan doymamışam” deyir, bu
yaşlı aktrisa (gülür). Film sahəsində demək olar ki, hər bir rolu
canlandırmışam. Girə bildiyim hər bir rola girmişəm. Hazırda fərqli, məni
təəccübləndirə biləcək bir obraz olarsa, ona "yox” demərəm.

– İndi bir filmdə oynasanız, ilk gündəki kimi həyəcanlanarsınızmı?
– Mən yaşlandıqda, içimdəki sənət eşqi də böyüdü. Əgər
həyəcan olmasa, işin zövqü qalmaz. Zaman keçdikcə, filmlərdən aldığım zövq də
başqalaşır. Aktrisalığa başladığım ilk illər deyirdim ki, kaş gözəl bir filmə
çəkilərdim, orada saçlarımı belə edərdim, şəkillərə belə pozalar verərdim. İndi
o günlər yadıma düşdükcə, gülməyim gəlir.
– Yeni serialları izləyirsinizmi?
– Seriallara nəzər yetirirəm. Ancaq davamlı olaraq
izlədiyim hər hansı bir serial yoxdur. Əgər hər hansı bir serial marağımı
çəkirsə, onu izləməyə çalışıram. Filmin ssenarisi mənə maraqlı gəlməyəndə onu
sona kimi izləmirəm. Məndən hər hansı bir isim və yaxud serial adı istəməyin.
Serial aktyorlarının bir çoxunu uğurlu hesab edirəm və alqışlayıram. Onu deyə
bilərəm ki, serialda gənclərin yaratdığı obrazları çox bəyənirəm. Film sahəsinə
yeni simaların gəldiyini görəndə xoşbəxt oluram. O pisdir və yaxud da filankəs
yaxşı aktrisadır deyə fikirləşmirəm. Mən gənc olarkən bir sıra məkanlardan
qovulmuşam. Hətta bəzi filmlərdən məni yarımçıq çıxarıblar. Ancaq buna
baxmayaraq, ruhdan düşmədim və öz işimdən ikiəlli yapışdım. Həyat yoldaşım
Memduha "Bu qız çox qabiliyyətsiz və tənbəldir. Niyə bununla vaxt keçirirsiniz”
deyirdilər. Memduh da "Fatmada bir işıq görürəm” deyirdi. Aktrisanın həyatında
elə bir an gələr ki, o tez bir zamanda parlayar.
– İndiyə kimi heç "Bugünkü ağlım olsaydı” deyə düşündünüzmü?
– Mən heç bir zaman "kaş ki” sözündən istifadə
etməmişəm. Hər zaman demişəm və yenə də deyirəm – bir daha dünyaya gəlsəm, yenə
də aktrisa olaram və yenə də Memduh Üne aşiq olaram. Bir daha dünyaya gəlsəm,
ikinci dəfə də bələdiyyə sədri olaram. İndiyə kimi heç bir hərəkətimdən
peşmançılıq hissi duymamışam.
– Qadınlara nəyi məsləhət edərdiniz?
– Dürüst olun, özünüzə hörmət edin, özünüzü və sizinlə
birlikdə olan insanları sevin, onlara hörmət edin. Gözəllik insanın sadəcə
simasında deyil, içindədir. Siz gözəl baxın ki, insanlar da sizə gözəl
baxsınlar. Dünyanı sevməkdən, qucaqlamaqdan qorxmayın. Özünüzü olduğunuz kimi
qəbul edin.
– Ən çox hansı tərəf müqabilinizlə eyni səhnəni paylaşmaqdan həzz
almısınız?
– Tərəf müqabilini seçmək deyə bir şansımız yoxdur.
İndiki filmlərdən fərqli olaraq, əvvəllər filmlərə çəkilərkən biz qarşı tərəfə
qardaş gözü ilə baxırdıq. Film sahəsində məni ən çox Yılmaz Güneylə müzakirə etdilər.
Sözün düzünə qalsa, mən bu müzakirələrdən çox həzz aldım (gülür).
Hazırladı: Xəyalə Rəis