Biz imzaları yox, əsərləri dərc edirik...

İlan ulduz görməsə ölməz – Niyə belə deyirik?
444
14 İyun 2018, 09:58
  Artkaspi.az ədəbi dilimizdə işlədilən, ancaq mənasının dərinliyini, kökünü bilmədiyimiz ifadələri, məcazlaşan fikirləri, "qanadlı sözləri” anlamaq baxımından olduqca böyük əhəmiyyət kəsb edən Musa Adilovun "Niyə belə deyirik” kitabından bəzi parçaları təqdim edir:
 
 

  Müasir dilimizdə bu ifadə həm həqiqi, həm də məcazi mənada işlədilir.
  İlanın ölməsinin ulduzla nə əlaqəsi vardır? Əlbəttə, həqiqi mənada ulduzsuz da ilan ölür. Hər iki sözün kökü "yıl” sözüdür. Yıl-an, yıl-dız.
  Ən qədim insanların təfəkküründə bir-birinə zidd olan məfhumlar eyni sözlə ifadə edilir. Qədim "yıldız” işığın, "yılan” isə qaranlığın rəmzi idi. Pis qüvvələrin, şərin rəmzi olan "Yılan”, "Yel baba” şəklində bizim dilimizdə, "yıl”, "jıl” şəklində bir sıra digər türk dillərində ifadə olunurdu. Həmin canlı təsəvvür edlilən "yıl” ("Yel baba”) ulduz görünəndə çəkilib gedir, "ölür”. Səbəblə nəticəni dolaşıq salan qədim insan yıl/yel (və nəhayət yıldız) ilə ilanın əlaqəsinit belə başa düşürdü. Əslində isə məhz yel, çovğun kəsəndə ulduz görünür. "Ölən” ilan yox, ilanın rəmzi olan yeldir. (Maraqlıdır ki, "yel tutmaq” anlayışı saxur dilində "bulut tutmaq” məzmununda işlədilir).
  Şərqdə çiyinlərində iki ilan olan hökmdar Zöhhak ilanın rəmzi olub. "Avesta”dakı "Aji Dahhaq” – "Əjdaha” sözündəndir. Qədim əfsanələrdə isə əjdaha göydən bəla yağdıran qara bulud – əjdər hesab olunurdu. 
  Bu qara bulud (əjdaha, əjdər, yəni ilan) son nəticədə işıq (günəş, ulduz) tərəfindən məhv edilir.
  İlan ilə ulduzun qarşılaşdırılmasına bir sıra novun "Pərvanə” romanında deyilir: "Müəllimi görən kimi molla Nisə ulduz görən ilan kimi büzüşüb açıldı”. Qədimdə bir-birinə zidd mənaların eyni bir sözlə ifadə edilməsi təsadüf və ya yalnız bizim dilimizə məxsus bir hadisə deyildir. Hələ 1884-cü ildə "Əks mənalı sözlər haqqında” adlı əsər nəşr etmiş V.İ.Şertel sübut edirdi ki, qədim dillərdə çoxlu əks mənalı çoxlu sözlər olmuşdur. Məsələn, qədim misir dilində bir-birinə əks olan işıq və qaranlıq, güclü və zəif, götürmək və qoymaq anlayışları bir vahidlə ifadə edilirdi. Habelə qədim hind dilində işıqlı rəng (işıq, şəfəq, şüa) və qara rəng (qaranlıq, gecə, zülmət), yaxşılıq və pislik (ilahəsi), dindarlıq və dinsizlik, oturmaq və gəzmək anlayışları və s. bir sözdə ifadə edilirdi. Latınca Sacer həm müqəddəs, həm də lənətlənmiş deməkdir.