Biz imzaları yox, əsərləri dərc edirik...

İlahi şeirlər yazılan qadınVəfa Mürsəlqızının şeirləri
937
07 İyul 2017, 16:18

 artkaspi.az Vəfa Mürsəlqızının şeirlərini təqdim edir:

 


 

Bu mənəm

 

Bu mənəm özünü eşqin oduna,
Yadırıb kül edən, bitirən qadın,
Sevgisiz ömrünə haçansa bir vaxt,
Özü boyda sevgi gətirən qadın.

 

Sözünün üstündə durdu ər kimi,
Nazını, sözünü, qınaq ərkini,
Sənin dərdlərinin ağır yükünü,
Çiyninə dinməzcə götürən qadın.

 

Bəlkə də qiyməti yoxdu gözündə,
Özgəsi baş qoyub yatır dizində,
Sənin ləpirində, sənin izində,
Salıb qürurunu itirən qadın.

 

Ürəyi doludur baş daşlarıyla,
gözündən süzülən daş-qaşlarıyla,
Yoluna su səpib göz yaşlarıyla,
Səni yad qoynuna ötürən qadın

 

Hamı

 

Məni hamı dəyişdi,
Lazım olan birinə,
Tutmağa əl tapdılar,
Əllərimin yerinə.


Sevdiyim də bir səhər,
Gördü yadam, dəyişdi,
Ondan necə inciyim,
Anam, atam dəyişdi.


Saçlarımın ətrini,
Qoxusunu dəyişib,
Başqa qadını gördü,
Yuxusunu dəyişib.


Dəyişdi axşam məni,
Dəyişdi sabah məni,
Cənnətdəki yerimi
Dəyişdi Allah mənim.


Daşa döndüm astaca,
Kövrək olduğum qədər,
Mən hamıya gərəkdim.
Gərək olduğum qədər.

 

***

Şəriət bayrağıdır saçlarım.
Dərdlərim cəhənnəmin tən ortasıdır.
Gözlərimdə cənnətin əksi var.
Dodaqlarımdan oxudu bəşəriyyət ona olan sevgimi
Bəs sən, Tanrım, görmədinmi?
Ancaq sən bir qadının gəlinlik donunu
başqa qadına kəfən edə bilərdin.
Tanrım, sən bilmirdinmi biz sevirik?
Cismimiz bizim deyil ki...
Ruhumuz isə sənin deyil.
Mən ruhumu ona satdım.
Yığışsın dünyanın bütün insanları.
Məni daş-qalaq etsin, bütün günahsızlar.
O, mənim qılmanım, iblisim, şeytanım,
ey Tanrım...
Axı sən bilirdin.
Saçlarım, dağılır hər axşam günahlarımın qucağına.
Gözlərim qaçır ümidsizliyimin qürubuna.
Dodaqlarım adını pıçıldayır dua kimi.
"Mən onsuz öləcəm" deyə
Tanrım, axı sən bilirdin.

     

Tanrı

 

Bu bahar payızın əkizi idi,
Göylərdən göz yaşı yağırdı, Tanrı!
Çoxdan unutmuşdun mənim səmtimi,
Yaxşı adamlara baxırdın, Tanrı!

 

İsti nəfəsimi külək eyləyib,
Bir az şeytan, bir az mələk eyləyib,
Dərdi göz yaşına bələk eyləyib,
Mən adda bir qadın yoğurdun, Tanrı!

 

Haqq dərgahınacan yandırmaq üçün,
Bütün vücudunu dondurmaq üçün,
Bu dikbaş qadını sındırmaq üçün,
Köməyə bir şair çağırdın, Tanrı!

 

Bilmə mənim balam

 

Qızım sevmə, bu dünyanın,
Sevdaları yelləncəkdir,
Ürəyinə qulaq asma,
Ağlı dinlə, ağbirçəkdir.

 

Həmişə yayda gün çıxmır,
Ya payızda yağış yağmır,
Gedənlər elə gedir ki,
Dönüb arxasına baxmır.

 

Analar da zəif imiş,
Ağladığı zaman olur,
Doğmaların bir gün sənə,
Yadlaşmağı yaman olur.

 

Toyunda ağlayan anan,
Bir gün dəli kimi gülər,
O çox sevdiyin atanı,
Anan sevməyə də bilər.

 

Ya da o qürurlu qadın,
Sınar quş qanadı kimi,
Həyat şirin deyil, quzum,
Dondurmanın dadı kimi.

 

Qoy ağlasın, gözlərini,
Silmə mənim balam, silmə.
Səninçün nələrdən keçib,
Bilmə, mənim balam, bilmə!

 

 

Elə bil...

 

Dünya fırlandıqca ləngər vururmuş,
Yeri dəyişirmiş duyğuların da,
Mən itdim dərdində-sərində sənin,
Sən niyə itmədin qayğılarımda?

 

Allah yuxusunda gördümü səni?
Deyirlər adamlar elə yuxuymuş,
Mən elə çəkirəm dərdini sənin,
Elə bil çəkməli dərdim yoxuymuş.

 

Elə bil otuzu keçməyib yaşım,
Elə bil başımı fələk qatmayıb,
Ölüm görməmişəm, qan görməmişəm,
Elə bil məni heç anam satmayıb.

 

Qapandı pərdələr, gözlərim kimi,
Hamı tamaşanın sonunda getdi,
Mənim ilk öpüşüm haqq dünyasına,
Ölmüş əzizimin alnında getdi.

 

Hələ arsız-arsız sevə bilirəm,
Yaşaya bilirəm tutub dünyadan,
Neçə şillə dəydi mənə, İlahi,
Ayılda bilmədi məni xülyadan.

 

İntihar havası vurur üzümə,
Ruhumu tapmıram asım içimdən,
Mənim ölməyə də cəsarətim yox,
Elə ən yaxşısı susum içimdə.

 

Bir vaxt

Bir vaxt məni dərdimdən,
Ölə-ölə sevmisən.
Məni anamdan sonra 
tək sən elə sevmisən.

 

Səhər saat altıdır,
Xatirəndir hər yanım.
Çox tezdən oyanmışam,
Yatmışam ki, oyanım?

 

Bu gecənin üstündən,
Sənsiz keçə bilmirəm.
Mən ağıllı qadınam,
Şərab içə bilmərəm.

 

Tək başıma çəkdiyim,
Həsrətindir, qəmindir.
Görən indi, gözlərin,
Dodaqların kimindir?

 

Saçlarımın tağında,
Əlinin yeri qalıb.
Sənli xatirələrim,
Cismimdən diri qalıb.

 

Səni qoparmaq olmur,
Canımın canındasan,
Şükür ki, səni sevən,
Qadının yanındasan.

 

***

 

Bu mənəm İlahi, otur dərdləşək,
Qisməti şeirlə yazılan qadın.
Bu mənəm adına şirin nəğmələr,
İlahi şeirlər yazılan qadın.

 

Sənə and olsun ki, asi deyiləm,
Elə bir az küskün, dönük yaşadım,
Mən uşaq olmadım özün bilirsən,
Mən nə yaşadımsa böyük yaşadım.

 

Mən elə o vaxtdan çox üşüyürdüm,
Qələmlə ovcuma günəş çəkmişdim,
Deyirlər analar fədakar olur.
Mənimki ömrümü peşkəş çəkmişdi.

 

Məni atmaq çətin, götürmək çətin,
Mən nə oyanlıq, nə bu yanlıq qadın.
Mən əvvəl həmişə əziz olanam,
Mən sonda həmişə qurbanlıq qadın.

 

Elə o vaxtdan da günahkar oldum,
Sən də günahıma gözünü yumma,
Məndən ağıl umma, məhəbbət umma,
Məndən bundan artıq analıq umma.

 

Bu mənəm İlahi, otur dərdləşək,
Qisməti şeirlə yazılan qadın.
Bu mənəm adına şirin nəğmələr,
İlahi şeirlər yazılan qadın.

 

Bağışla

 

Bağışla havalar yağışlı keçir,
Tənhalıq üşüdür səni bağışl.
Hardasa balaca soyuqlamısan,
Bir az öskürürsən, məni bağışla.

 

Bu sərsəm dünyada nə bəla varsa,
Başına bəlkə də mən gətirmişəm.
Mənə rast gələndə saçın qaraydı,
Bağışla telinə dən gətirmişəm.

 

Həmişə gileyli oldum bilirəm,
Heç "Sağ ol" demədim aldığım üçün.
Sən məni qürurlu uca sevmişdin,
Bağışla qürursuz olduğum üçün.

 

Həmişə şövq ilə günə başlayır,
Axşamlar mən səni yorub gedirəm.
Dəcəl uşaq kimi ən çox sevdiyim,
Nəyisə axırda qırıb gedirəm.

 

Tanrı da bacarmır xasiyyətimlə,
Bilmir incitsin, ya yolamı versin.
Deyirəm etdiyim xətalarımçün,
Allah sən adında bəlamı versin.

 

***

 

"Sağ ol" – deyib getmə, adam,
Qoyub getdiyin sağ olmaz.
Beş-on damla göz yaşı tök,
Boğulmaz kimsə, boğulmaz.

 

Göz yaşlarım dürdanədən,
Çıxma "qəlb” adlı xanədən.
Sən getsən bu viranədən,
Bir də gülüstan, bağ olmaz.

 

Mən can verdim bu sevdaya,
Yağmur yağdırdım səhraya.
Nə məndən gələr dünyaya,
Nə səndən daha doğulmaz.

 

Endir o qatdan dünyanı,
Al toy-büsatdan dünyanı.
Ayağım altdan dünyanı,
Çək, qorxma, dünya dağılmaz.

 

 

 

Xəbər lenti