Biz imzaları yox, əsərləri dərc edirik...

İlahi, öləmmirəm mən - İlham Çərkəzin şeirləri
432
22 Fevral 2017, 12:16

 

 

 

Artkaspi.az şair İlham Çərkəzin şeirlərini təqdim edir:

 



 

***

 


 

 

Yaxınları görəmmirəm,

Yuxuma uzaqlar girir.

Qoca qarı sifətində,

Qəribə uşaqlar girir.


 

O uşaqlar arasında,

Görürəm birdən özümü.

İllərin cırmaqladığı,

Qırışmış qoca üzümü.


 

Qışqırıram hanı Tanrı,

Hanı o uşaq sifətim?

Günahlardan çirklənməmiş,

O məsum, yumşaq sifətim.


 

Hanı yaşanmamış ömrüm,

Nə vaxt gəlib çatdım sona.

Mən ki sadə uşaq idim,

Kim saldı məni oyuna.


 

Görürəm hamı qışqırır,

Heç kim heç kimi eşitmir.

Bircə addım yol qalıbdı,

Kimsə irəliyə getmir.


 

Mənim də burdan oyana,

Bircə addım yolum qalıb.

Dalda yaşanmayan ömür,

Qarşıda tək ölüm qalıb.


 

Boğazımdan kimsə çəkir,

İçimdəki son nəfəsi.

İndi-indi gəlir, Allah,

Mənə yaşamaq həvəsi.


 

Son nəfəs səsimlə gedir,

Qışqırdıqca boğuluram.

İlahi, öləmmirəm mən,

Ya təzədən doğuluram?


 

Boğuluram, nə Tanrıya,

Nə özümə səsim çatmır.

Niyə bir Tanrı bəndəsi,

Məni yuxudan oyatmır


***

 

 

Özünə qapanan adam –

Keçdi çox şeyi görmədin.

Ayağın altında yeri,

Başında göyü görmədin.


 

Özünə qarışdı başın,

Ömür keçdi oldu yarı.

Vaqon-vaqon yola saldın,

Qatar-qatar arzuları.


 

Nə arxanca baxan oldu,

Nə də yolunu gözləyən.

Nə yoluna çıxan oldu,

Nə də öpüb əzizləyən.


 

Nə birinə ürək verdin,

Nə birindən ürək aldın.

Baxışlarda qarşılayıb,

Baxışlarda yola saldın.


 

Axı kimçün yaşayırsan,

Özündə yaşayan adam?

Bu dünyada ağır yüktək

Özünü daşıyan adam.