Biz imzaları yox, əsərləri dərc edirik...

İki il mübarizə aparmalı oldum – Mirsənan Kazımlının müsahibəsi
461
16 Yanvar 2019, 09:00
 Teatr böyük bir məbəddir. Burada çalışmaq hər nə qədər əyləncəli və asan görünsə də, işə gələndə heç də elə deyil. Bu gün teatra üz tutan gənclər isə onun çətinliklərini duyar-duymaz, daha asan yolla tanınmağa və filmlərə, seriallara çəkilməyə can atırlar.
 Bugünkü "Debüt” rubrikamızın qonağı Mirsənan Kazımlı isə teatrda böyüyüb. Özünü dərk edəndən səhnənin onun üçün əvəzedilməz bir yer olduğunu deyir. 
 Uşaq yaşlarından Gənc Tamaşaçılar və Akademik Milli Dram teatrlarında çalışıb. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Teatr və kino aktyorluğu” ixtisası üzrə təhsil alır. Əməkdar artist Nicat Kazımovun oğludur. 
 O, teatrda Cənnət Səlimovanın quruluşunda "Məkkəyə gedən yol” tamaşasında Əhməd, "Şeyx Sənan”da çocuk, Natalya Başevanın quruluşunda hazırlanan "Şelkunçik”də üç obraz, Bəhram Osmanovun "Gəncə qapıları”nda Səlim, Nicat Kazımovun "Xeyir və şər” tamaşasında vəzir, Fikrət Məlikovun "Dəli yığıncağı”nda Fazil Məhəmməd ibn Yaqub Küleyni və bir çox başqa rolları canlandırıb.   
 
 
 
 
 
 

 
 – Aktyor ailəsində doğulmaq və uşaqlıqdan teatrda olmaq necə bir hissdir?
 – Çox gözəl. Atam həm aktyor, həm də rejissor, xalam Sevinc Mehrəliyeva və onun həyat yoldaşı Vüsal Mehrəliyev aktyordurlar. Məndən əvvəl ailəmizdə artıq 3 nəfər aktyor var idi. Uşaq yaşlarımdan, hətta qırxım çıxmamışdan teatrda böyümüşəm. Atam məni işi ilə əlaqədar olaraq Akademik Milli Dram Teatrına aparırdı. 9 yaşımdan Gənc Tamaşaçılar Teatrında işləmişəm. Mən uşaq olanda valideynlərim çalışırdılar. Elə günlər olub ki, atamın məni qoymağa yeri olmayıb, özü ilə teatra aparıb. Tamaşanın məşqinə başlayanda, kənarda olan aktrisalar məni oynadırdılar. İndiki xalq artistlərinin qucağında böyümüşəm, onlar məni böyüdüblər desəm, yəqin ki, yanılmaram. 
 
 – İlk rolunuzu xatırlayırsınız? 
 – İlk rolum Cənnət Səlimovanın rejissorluğu altında "Məkkəyə gedən yol” tamaşasında əsas qəhrəman olub. Daha sonra "Şelkunçik”, "Şeyx Sənan” və "Müsyö Jordan Dərviş Məstəli şah” kimi tamaşalarda obrazlar canlandırmışam. 4 il Akademik Milli Dram Teatrında çalışmışam. Gənc Tamaşaçılar Teatrı ilə paralel iki il "Azdrama”da işlədim və daha sonra oradan da ayrıldım.  
 
 – Səbəb nə idi?
 – O zaman sənədlərimi Türkiyə üçün hazırlayırdım. Daha çox zamana ehtiyacım var idi.
 
 – Atanıza aktyor olmaq istəyinizi dedikdə, necə qarşıladı? Adətən sənət adamları övladlarının onların sənəti ilə məşğul olmasını istəmirlər. 
 – Çox pis qarşıladı. Onun bu günə qədər çəkdiyi əziyyətlərin şahidi olmuşam və bütün bunların müqabilində mənim də aktyor olmaq istəyimi eşidəndə, qəti şəkildə etiraz etdi. Dedi ki, istəmirəm mənim çəkdiyim bu əziyyətləri sən də çəkəsən. Bu sənəti seçəndə bilirdim ki, gələcəkdə məni həmin məşəqqətli günlər gözləyir. 
 
 – Bəs könlünü, razılığını necə aldınız?
 – İki il atamla mübarizə apardım. O deyirdi ki, sənə icazə verməyəcəm aktyor olasan. Mən isə inad edirdim. İki il mübarizədən sonra atam mənə dedi ki, aktyor olmağına bir şərtlə razılıq verərəm: Türkiyədə təhsil alsan və orda qalıb işləsən. 
 
 – Bəs niyə Azərbaycanda təhsil aldınız?
 – Türkiyəyə imtahan verdikdə, paralel olaraq Azərbaycanda da verdim. Burda artıq qəbul olmuşdum. 3 gün idi ki, dərsə gedirdim. Türkiyəyə getdim, sənədlərimi verdim və oradan 5 universitetdən təklif aldım. Ancaq onlardan imtina etdim. 
 
 – İncəsənət ailəsində doğulan uşaqlar rejissorluğa daha çox can atırlar və iştirakçısı olduğu səhnədə idarəçiliyin onlarda olmasını istəyirlər. Belə olan halda, siz nə üçün rejissor deyil, məhz aktyor olmaq istədiniz?
 – Heç zaman düşünməmişəm ki, gələcəkdə tamaşa hazırlayaram və yaxud da kimisə idarə edərəm. Uşaq vaxtı tamaşalara gəlib baxırdım, həvəslənirdim, oynayırdım. Aktyorluğa həvəs məndə məhz uşaq yaşlarımdan yarandı. Əgər mən rejissor olmaq istəsəydim, Türkiyədə qazandığım 5 universitetin birində oxuyardım. Türkiyənin ən yaxşı və prestijli universitetlərindən ikisinə – İstanbul və İzmir universitetlərinin rejissorluq ixtisasına qəbul olmuşdum və mənim orada işləmə imkanlarım da olacaqdı. 
Onu da əlavə edim ki, rejissor idarəedici deyil. Rejissor aktyora nizam verir, ona necə oynayacağını göstərir. Obrazın içini isə aktyor özü doldurmalıdır. Aktyor özü bir müəllif olmalıdır. 
 
 – Aktyorluq sənətində sizi nə cəzb etdi – alqışlar, sevgi, məşhurluq?..
 – Sən aylarla əziyyət çəkirsən, saat yarım səhnəyə çıxırsan və sonda gələn alqış nəyə desən dəyər. Mən bu sənəti pərəstişkarlara və tanınmağa, məşhurluğa görə seçmədim. Bu sənətə "qurdumu öldürmək” üçün gəldim. Həyatda deyə və edə bilmədiklərimi etmək üçün aktyorluq sənətini seçdim. 
 
 – "Deyə və edə bilmədiklərim” deyəndə, nəyi nəzərdə tutursunuz? 
 – Misal üçün, bir qız olur və ona sevgini etiraf edə bilmirsən, yaxud da onunla bir yerdə ola bilmirsən. Ancaq səhnədə hansısa bir tamaşada sən artıq qarşı tərəfi onun simasında görürsən. Əslində, mənə görə aktyor sənəti bir xəstəlikdir. Sən bu sənətə xəstəliyə tutulub gəlirsən. Normal düşüncəli bir insan gəlib aktyor olmaz. Çünki normal düşüncəli insan anlayır ki, onu qarşıda hansı çətinliklər gözləyir. 
 
 – Siz bu çətinlikləri ailədə görərək gəlmisiniz. Ancaq bu sənəti yenicə seçən digər gənclər efirdən, şou proqramlarından aktyorların həyatına baxır və hesab edirlər ki, onlar cəh-cəlal içində yaşayırlar.
 – Teatra gedən yolda İncəsənət Universitetini oxumaq mütləqdir. O, artıq universitetdən başa düşməlidir ki, qarşıda hansı problemlər var. Bəziləri universitetə böyük həvəslə gəlib, birinci kursdan anlayır ki, bu sənət onluq deyil. 
 
 – Siz İncəsənət Universitetinə daxil olanda artıq aktyor kimi çalışırdınız. Universitet sizə nə öyrətdi?
 – Universitet mənə çox şey öyrətdi. Bəli, universitetə daxil olana kimi teatrda çalışırdım, amma kor-koranə şəkildə işləyirdim. Universitetə girəndə bilirdim ki, səhnə ilə necə davranmaq lazımdır. Ancaq bunun xırdalıqlarını, aktyor texnikasını bilmirdim. Bunları mənə universitet öyrətdi.
 
 – Aktyorluq sənətinin sirlərini atanızdan öyrənirsiniz, yoxsa müəllimlərinizdən?
 – Hər ikisindən. Atam tamaşa hazırlayanda mən orada obraz canlandırıramsa, orda öyrənirəm. Ancaq atamla ayrıca oturub söhbət etmirəm, məni xüsusi hazırlaşdırmır. Atamla evdə də məşq etmirik. O şəraiti mən yaratmıram. Özüm çalışaraq, praktikada hər şeyi öyrənirəm. Universitet də mənə çox şey qazandırıb. Mən orada qrup halında işləməyi öyrəndim. 
 
 – Səsiniz eyni ilə atanızın səsinə oxşayır. Hətta sizinlə telefonda danışanda zənn etdim ki, Nicat müəllimlə danışırıq.
 – Əslində, səsimizi çox oxşadırlar. Bir-iki dəfə tanıdığım adamlara zarafat edərək, atamın telefonunu mən götürüb cavab vermişəm, fərqinə belə varmayıblar (gülürük).
 
 
 
 
 
 

 – Nicat Kazımovun oğlu olmağınız hansısa bir işdə köməyinizə çatıbmı?  
 – Çalışıram ki, heç bir işimdə atamın adı hallanmasın. İstəmirəm kənardan desinlər ki, atasının hesabına qabağa gedir. İstəyirəm ki, öz gücümü toplayım, sözümü deyim, əgər inkişaf edəcəyəmsə, öz hesabıma edim. Aktyorluq sənətinə gələndə ən böyük məqsədlərimdən biri o idi ki, deməsinlər o, Nicat Kazımovun oğludur. Əksinə, desinlər ki, o, Mirsənan Kazımovun atasıdır. Birinci növbədə atama özümü sübut etmək istəyirəm, daha sonra insanlara. 
 
 – Gənclər aktyorluğa teatrdan deyil, serialdan gəlməyə can atırlar. Deyirlər ki, teatr pullu sənət deyil, burda əziyyət çəkməyə dəyməz.
– Əslidə bu, bədbəxtlikdir. Universitetdə oxuyan tələbələrin 80 faizi məşhur olmaq məqsədi ilə gəlirlər ki, seriala çəkilsinlər, simaları tanınsın. Teatr onları bir o qədər də maraqlandırmır. Serial elədir ki, bir-iki il çəkilir, sonra dayanır. Serial bitdi və sən heç kimə lazım deyilsən. Ancaq teatrda daim yeni tamaşalarda oynayırsan, dayanmadan inkişaf edirsən. Seriala, filmə çəkilirsənsə, ordan topladığın təcrübəni filmdə xərcləyirsən. Serialda üstünlüklər tapıb, onu teatra gətirə bilən bir insan görməmişəm. 
 
 – Atanızdan da yaxşı aktyor olacağınızı hesab edirsinizmi? 
 – Niyə də yox... 
 
 – İddialısınız?
 – İddiam olmasa, bu sənətdə heç vaxt qabağa gedə bilmərəm. İddialı olmalısan ki, öz üzərində işləyəsən. Əgər daxilində bu hikkə yoxdursa, heç bir inkişaf olmaz. 
 
 – Nicat Kazımov sizdə öz gəncliyini görübmü? 
 – Bəlkə də görüb, ancaq görsə də deməz. Çox adam deyir ki, sənin indiki görünüşün Nicatın gəncliyinə oxşayır. 
 
 Söhbətləşdi: Xəyalə Rəis