Biz imzaları yox, əsərləri dərc edirik...

İki göz yetmir səni görməyə – Kənan Hacının şeirləri
996
18 Oktyabr 2018, 08:59
  Artkaspi.az Kənan Hacının şeirlərini təqdim edir: 
 
 
 

 
  Bu şeirləri arxivimə göz gəzdirərkən təsadüfən səfər qeydlərimin arasından tapdım. Nədənsə yazıldığı zamanda çap etdirməmişəm. Cib dəftərçəsinə yazıb sonradan unutduğum, it-bata düşmüş onlarla şeirlərdən bir neçəsidir bunlar... Təxminən 15 il bundan öncə "Bakı-Tbilisi” qatarında unutduğum şeir dəftərçəmi xatırladım – o dəftərin içində "Tiflis adajiosu” neo-poeması da vardı... Sonralar heç cür o poemanı yaddaşımda bərpa edə bilmədim. 
  "İstanbuldan üç yarpaq şeir”i sizin ixtiyarınıza buraxıram. Yarpaqların saralan vədəsi olsa da, istəmədim bu "yarpaqlar” da xəzələ dönsün...                             
 
 
  MƏNİ SEVMƏSƏN DƏ OLAR
 
Səni necə sevməməyi öyrəndim
İstanbulda,
unutmağı öyrəndim,
nifrət etməyi də...
özümü imtahan etdim
Topqapı sarayının önündə,
mən bu gözəlim İstanbula
alış-veriş üçün gəlmədim əsla,
Orxan Vəlini dinləməyə gəldim.
Sev bu şəhəri bütün ruhunla,
əgər sevə bilsən 
məni sevməsən də olar!...
 
           17 avqust, 2011
               İstanbul
    
 
   İKİ GÖZ YETMİR
 
Hər iskələdə
bir siqaret sümürdüm,
sinəmə çəkdim dənizdən əsən mehini,
yollar boyu uzanan marağımı
cilovlaya bilmədim,
görə bilmədiyim yerlər
cibimdən çəkilmiş pul kimi
yandırdı məni...
zaman çox qısa, sən isə böyük,
gözlərim dördnala çapır 
şəhərin küçələrini,
axşamçağı
sonsuz üfüqlərdə dincəlir
yorğun gözlərim,
iki göz yetmir səni görməyə,
İstanbul!
 
 
 

  
                Üsküdar, 20 avqust, 2011
 
                                 ***
 
       yanaşı üzürük mavi sularda,
       sənə toxunmaq yasaq,
       o zaman
       nəyi gözəlmiş ki,
       bu dənizin?!..
 
                            Böyükçəkməçi, Mərmərənin sahili,
                                     14 avqust, 2011