Biz imzaları yox, əsərləri dərc edirik...

İçdə barış, çöldə barış
971
11 Sentyabr 2017, 13:13
   artkaspi.az Fəxrəddin Salimin "İçdə barış, çöldə barış" adlı məqaləsini təqdim edir:

  İnsan yaranmışların xətmidir. Yəni, həm sonuncusudur, həm də möhürüdür. 

  Məhəmməd Füzuli deyir ki;

  Mənə manənd bir divanə surət bağlamaz, guya,
  Qələm sındırdı təsvirim çəkəndən sonra nəqqaşım.

  Çağdaş türkcəmizdə bu beytin gəldiyi anlam budur ki, o rəssam, yəni Allah Sübhanu Təala məni, yəni insanı yaratdıqdan, onu surətini nəqş etdikdən sonra öz qələmini sındırdı. Ona görə ki, bundan daha gözəlini, daha üstününü bir daha yaratmayacaq. Yəqin elə buna görədir ki, insanın bir kunyəsi də "əşrəfül-məxluqat"dır. Yəni, yaranmışların ən şərəflisi. İnsan dediyimiz məxluqun bir özəlliyi isə heç bir zaman sirri tam çözülməyəcək olan xilqətindəki gizlilikdir. Biz bu cümlədə "məxluq" və "xilqət" sözlərini işlətdik. Bu sözlər eyni tərkibdən gəlir. Ərəbcədəki "xələqə" felindən törəyib. Bu sıraya "Xaliq" kəlməsi də daxildir. Bunlar təkcə sюz bənzərlikləri və yaxud da qrammatik qanunauyğunluqlar deyil. Məsələnin kökündə mənaların sözdən öncəki və söz yaratmaq xüsusiyyəti dayanır. Yəni, insan bir məxluq olaraq, Xaliqin xəlq etdiyidir. Əlbəttə, bütün yaranmışlar məxluqdur və "Xaliq" sözü ilə eyni tərkibdəndir. Lakin bir az əvvəl insanın xatəmliyİndən və özündən əvvəl xəlq olunmuşların bütün üstün və gözəl cəhətlərini xilqətində cəm edən bir məxluq olduğundan bəhs etmişdik. Bu mənada sirrin məxzəni yaradan və yarananın bənzərliyi və əslində nəticə etibarilə vəhdətindən üzə çıxır. Biz onu da vurğuladıq ki, bu sir heç bir zaman tam anlamıyla çözümə qovuşmayacaq. Lakin məsələ sirrin çözülməsi deyil, bu sirrin var oluşu və bu var oluşun qəbul olunmasıdır. Bu qəbullanma isə fəhmin və idrakın payına düşür. 
 


  Dolaşıq mətləblər çox zaman həqiqəti pərdələyir. Eynilə qədim yunan sofistikası kimi, burada da məntiq itir. Lakin bu mətləblərin itiridiyi şey təkcə məntiq deyil, eyni zamanda hal və ruhdur. Halın və ruhun görüntüsü isə mənadır. Məntiq isə özü bir görüntüdür. Əvvəl məntiq yoxa çıxır, sonra məna. "Məntiq" kəlməsi "nitq" və "natiq" sözləri ilə eyni kökdəndir. Deməli, məntiqin özü də bir mənada sözə, yəni zahirə, görüntüyə əsaslanır. Məna isə dərində, görünməyən qatlarda olur. Bu nəticəyə gəlmək olar ki, xilqətin sirri fəlsəfənin, kəlamın və bu iki elmi birləşdirən məntiqin tam aça bilməyəcəyi bir məsələdir. Elə buna görə də varlığın içərisinə hal və məna daxil olur.

  Necə sübut edəsən, hansı məntiqə və isbata söykənərək, söz halında ifafə edəsən ki, insan Allahla vəhdətdədir. Allah insanda təcəlla etmişdir. Əvvəlcə gərək Allahın özünü, özünün var olduğunu məntiqlə və kəlamla bəyan edə biləsən. Halbuki bu mümkün deyil və heç vaxt da mümkün olmayıb. Dində buna sadəcə iman deyirlər. Yəni, sübut istəmədən, məntiqə və elmə istinad etmədən qəbul edəsən ki, Allah həqiqətən də vardır. 

  Lakin gerçəkıik budur ki, varlığın isbatı nə elmlə nə də dinlə mümkündür. Elmin imanı, dinin isə elmi yoxdur. Bunları birləşdirib bir araya gətirmək istəyən metafiziklərin isə gücü yoxdur. Məsələ burasındadır ki, yanlış yerdə axtarılan şey heç bir zaman tapılmayacaq. 

  Dildən məhaldır ki, edəm intiqali-eşq,
  Seyyid, bu bir ərəzdi ki, öz cövhərimdədir.

  Ulu Seyyid Əzim Şirvani deyir ki, eşqi dillə intiqal etmək, yəni məntiqli şəkildə nitqə gətirmək mümkün deyil. Bu elə bir ərəzdir ki, öz cövhərimdədir. Ərəz maddiyyatdır, yəni görünən, ifadə oluna bilən, müəyyyən izahlara sahib olandır. Əslində ərəz hər şeydir. Lakin bir də cövhər var. Cövhər ərəzin içində gizlidir. Lakin bir mənada da ərəz cövhərin daxilindədir. Seyyid Əzim deyir ki, eşqin məntiqi ruhun, halın içindədir. Ruhu və halı isə görmək, təsvir etmək, inandırmaq absurddur. O, ancaq yaşanır. Məsələn, Həzrəti Mövlanadan soruşmuşlar ki, sən Allahı bizə sözlə təsvir edə bilərsən? Həzrəti Pir də suala sualla cavab vermiş, soruşmuşdur ki, sən heç gül qoxladınmı? Əgər qoxladınsa, onun qoxusunu mənə dillə izah edə bilərsənmi? Bax Allah da bu cürdür. Hal da məna da bu cürdür. Onlar söylənməz, yalnız və yalnız yaşanır.
 


  Bu deyilənlər onu göstərir ki, xilqətin sirri nə elmlə sübut edilə, nə də kor imanla dərk oluna bilməz. Xilqət candadır, ruhdadır. İnsan özünə döndükcə, əslinə, zati-Xudavəndin öz ruhunu üfürdüyü varlığa qayıdarsa, məhz o zaman xilqətin sirrinə vaqif olar. Həzrət Əli bu mənada bəyan etmişdir ki, özünü tanıyan Allahı tanıyar. Deməli, insanda Allah var ki, insan özünə yaxınlaşdıqca, Allahı görmüş olur. Bəli, məhz görmək. Yenə də Həzrət Əlidən soruşmuşlar ki, Allahı görürsənmi? Buyurmuş ki, mən görmədiyim Allaha ibadət etmərəm. Allah ona görə görünmür ki, biz Onu görə bilmirik. Daha doğrusu, biz özümüzü görə bilmirik. 

Behəmdullah, derim Allah,
Alıb əqlimi fikrullah,
Dilimdə zatın əsması,
Mənə üns oldu zikrullah.
Könül aynasını sufi,
Edər isən əgər safi,
Açılar sənə bir qapı,
Əyan olar cəmalullah.
Bu tövhiddən murad olan
Kəmali-zatə erməkdir.
Görünən kəndi zatındır,
Deyildir sanma qeyrullah.
Şəmsi-Təbriz bunu bilir,
Əhəd qalmaz, fəna bulur.
Bu aləm külli məhv olur,
Həmən baqi qalır Allah!

  Diqqət yetirsək, görərik ki, bu ilahidə "görünən kəndi zatındır, deyildir sanma qeyrullah" misraları, haqqında söz açdığımız mətləbi tam şəkildə ifadə edir. Deyilir ki, əgər Allahı kəşf etmək, hətta Onun camalını seyr etmək istəyiriksə, özümüzü kəşf efək, özümüzü tanıyaq. Əks təqdirdə, kor-koranə imandan, hərəkətsiz və ölü dindarlıqdan qurtulmanın başqa yolu mövcud deyildir. Diqqəti çəkən bir şey də var ki, bu da şerin müəllifi ilə şeirdə işlədilən məxləsin fərqli olmasıdır. Məlumat üçün deyək ki, çox gözəl tərcümə olunmuş bu mənzum parça böyük Mövlana Cəlaləddin Rumiyə məxsusdur. Lakin, göründüyü kimi, şeirin sonunda təxəllüs olaraq Şəms Təbrizinin adı çəkilir. Bu, çox möhtəşəm bir mənzərədir. Belə ki, on minə yaxın qəzəli özündə ehtiva edən və bir adı da "Divani-Kəbir" olan möhtəşəm bir abidə vardır ki, onun müəllifi Mövlana Rumidir. Bu divanın əzəli adı isə "Divani-Şəms"dir. Yəni, Rumi öz qəzəllərini Şəms təxəllüsü ilə yazırdı. Bu faktın özü də həmin vəhdətə ibratamiz bir nümunədir.
Deyilənlərin hədəfi, vardığı ünvan odur ki, insan Allahın feli, sifati və zati təcəllasından ibarətdir. Hər üç təcəlla bir insan simasına, bir insan şəxsiyyətinə və bir insan ömrünə sığa biləcək anlayışlardır. 

  Feli təcəlla: Bu təcəlla Allahın insanda və təbiətdə olan işlərinin, əsərlərinin görüntüsüdür. İnsanın hər bir davranışı, yaxşı, pis, haq, nahaq deyə kateqoriyalara böldüyü hər bir hərəkəti əslində lillahdır. Yəni təkcə Allahın istəyi deyil, eyni zaman Allahın iştirakı və özüdür. Bu mənanı qəbul və dərk etdikdən sonra olmuşların, olanların və olacaqların birər haqq olduğu anlaşılır. Bunu anladıqdan sonra görünən odur ki, insan Allahın ilk növbədə feli təcəllasıdır. Allahın əməllərinin daşıyıcısıdır.



  Sifati təcəlla: Onun qüdrət və gözəllik sifətləri yaratdıqlarında əks olunur. Sonsuz sayda hüsnə və müxtəlifliyə sahib olan sifatullah məhz insanda təcəlla edir. Hürufilər deyirdi ki, insanın üzü böyük kitabədir. Bu kitabı oxusan, Xaliqin sirrindən agah olarsan. Allahın sifətlərinin görüntüsü olan insanın bir tərifi də ariflər tərəfindən belə verilmişdir; "İnsan görünən Allahdır". Əlbəttə, şəriət ehkamından başqa əlində bir şeyi olmayan din və dini baxışlar bu tip nəzəriyyələri şiddətlə inkar edirlər. Lakin bütün inkarlara baxmayaraq, insanı və Allahın varlığını idrak etmənin başqa alternativləri hələ ki, mövcud deyildir. Yəni ürfani, həm də tərkibində heç bir yalançı barışıq və uyğunluq əldə etmək cəhdləri olmayan ürfani nəzəriyyələrdən başqa elmin və dinin ayrılığından hasil olmuş uçurumun üzərindən keçib həqiqətə vasil olmaq mümkün deyildir.

  Zati-təcəlla: Haq Sübhanü Təala görünməz və idrak olunmaz bir zatdır. O, düşüncələrdən uzaqdır. Onu dərk etmək istəyən Onu təhrif edər. Onu düşünmək istəyən onu inkar edər. Ağllar qəbullanmaq yerinə müvazinətini itirər. Məşhur və çağdaş pirlərdən olan rəhmətlik Şeyx Müzəffət Özak əfəndi deyərdi ki, Allah insan ağlıyla dərk olunmaz. Allah Allahla dərk olunar!

  Onun zatı ancaq Onun özünə qayıdır. Bəs Onun zatı necə olur ki, yaratdığında təcəlli edir? Məsələ burasındadır ki, zati təcəlla insanı yox edir. İnsanı Allahın nurunda əridir. Həllac Mənsur belə bir bəyanda bulunmuşdu: "Firon da "mən Allaham" deyirdi. Mən də "mən Allaham" deyirəm. Ancaq onunla mənim aramdakı fərq budur ki, Firon "mən Allaham"deyərkən, özünü təsdiq edib, Onu inkar edirdi. Mən isə "Allah mənəm - "Ənəlhəq" deyərkən, özümü də inkar edirəm, Onu da".

  Zatın təcəllası vəhdətin hələ ki, bilinən son nöqtəsidir. Yəni həqiqət mərhələsidir. 
İnsan, məhz bu deyilənlərə görə "əşrəfül-məxluqat" adlandırılmışdır. İnsanın üstünlüyü vücudunda Haqqın tam və zərrələrini daşımasındadır. Bu zaman haqlı bir sual çıxır ortaya; insan öz vücudunda haqqın məhz zərrələrini daşıyır, yoxsa tamını? Cavab isə birdir; insan rüşd etmək, dəyişmək, ucalmaq imkanına sahib olan yeganə məxluqdur. Əgər o, haqqı idrak yolunda Ona vasil olmaq istəmirsə, o zaman o, Allahın zərrələrini daşıyan və xilqətindən gələn təcəllaya sahibdir. Əgər insan vəhdət məqamına yetişir və onun vücudunda Allahdan başqa heç kim və heç qaımırsa, o zaman insan Allahın tamını, yəni zatını özündə daşıyır. Bu halda, bu məqamda və bu hal məqamında "Ənəlhəq" - "Mən Allaham" deyənlər yanılmamışlar. Bir də təkrar edək ki, məhz bu hal məqamında. Ona görə ki, biz zatın idrakına ağılın yetişməçəyini bir az əvvəl bir şərt kimi ortaya qoymuşduq. Deməli, ağılın görüntüsü qal olduğu üçün, ondan imtina etmək məntiqıidir. Hal isə qəlbin görüntüsüdür. Görən göz də qəlbin gözüdür. Lakin bütün bunlar qətiyyən simvolika və bədii təxəyyül-filan deyil. Bunlar gerçəkdir. Necə ola bilər ki, insan yuxuda gördükılərinə məhz "gördüm" deyir, xəyallarına görüntü libası geyindirir, ancaq möhtəşəm zikr, sükr, cəm və inziva hallarında əyan olan, üstəlik qalaq-qalaq kitablara, divanlara, dünyanın ən gözəl musiqi əsərlərinə çevrilən, insan həyatını, onun əxlaqından tutmuş estetikasını, məişətini, hətta fiziki görüntüsünü belə dəyişdirən şeylərə məhz "gördüm" deyə bilmir? Qəlb gözü bir əfsanə və ya rəmzi qeyri-mövcudluq deyil. Qəlb gözü "göz” deyilən bir cüt bədən üzvündən daha aydın və daha dərin şeyləri görür.

Mənim yolumda qovğalar gərəkdir,
Dini, imanı yağmalər gərəkdir.
Məni görə bilməz hər başı gözlü,
Könül gözündə binalar gərəkdir...

 Ulu Şah Xətainin bu misraları bir daha təsdiqləyir ki, görmək və dərk etmək məhdud çərçivədə, yəni gözün və ağılın hüdudunda deyildir. Hətta böyük şairimiz Hüseyn Cavid daha da irəli gedərək, belə yazır:

Göz, qulaq, görmək, eşitmək adəti,
Hər zaman aldatmış insaniyyəti.

 Buradakı aldanış adətdən yaranır. Ümumiyyətlə vərdiş həyəcanı öldürdüyü kimi, həqiqətləri görməyə də mane olur. Məsələn, Şəms Təbrizidən soruşmuşlar ki, ustad, ən böyük günah nədir? Buyurmuş ki, gözəl işlər görməyə adət eləmək.

  Əslində bir az əvvəl təsdiqdən danışdıq ki, bizcə bu məsələ də əhəmiyyətli dərəcədə vacib deyil. Nəyi, niyə və kimin üçün təsdiq edəsən. Bəhs açdığımız mətləblər onsuz da ağıla və bəsit məntiqə söykənənlər üçün subyektiv görünür. Onsuz da biz şərtləşdik ki, bu nəsnələr sözlə ifadə olunacaq qədər sadə deyil. Bunlar sadəcə yaşantıdır.

  Yaşamaq... ancaq budur idrakı genişləndirməyin yolu. Düşüncədən, fəlsəfədən qopub, deyilənləri yaşamaq lazımdır ki, insan özünü, öz içindəki Haqqı kəşf etsin. 

  Bu yaşamın ən bariz və uğurlu ünsürü sevməkdir. Əslində böyük mənada eşq özünüdərk yolunun tək ünsürüdür. Çünki insan özünü dərk etmək üçün öz cazibəsindən çıxmalı və özünü kənardan idarə etməlidir. Bunun tək yolu isə başqasını sevmək və onun casibəsinə düşməkdir. İnsan qalaktikanın bir parçasıdır. Cəzb etmə qanunlarına o da tabedir. Lakin insandan başqa hansı bir varlıq yalnızca öz cazibəsinə qapılıb qalmışdır? Əlbəttə ki, heç kim. Hər kəs sevir, hər şey sevir. Eşq gerçəkdən də göylərin uca mehrabıdır. Ancaq insanın bu mehraba səcdə etməkdən başqa qurtuluşu yoxdur. Sevgi təslimiyyətdir, sevgi ədəbdir, sevgi yoxluqdur, sevgi göz yaşıdır. İnsan eşqə, həqiqi və əbədi eşqə düçar olmayınca varlığın sirrinə vaqif olmayacaq. 

  Bir pəri silsileyi-eşqinə düşdüm nagəh,
  İndi bildim səbəbi-xilqəti-aləm nə imiş

  Böyük Füzuli də eyni fikri dolayısıyla və birbaşa təsdiqləyir. Yenə də deyirik ki, bu mətləblərin nə sübuta, nə də təsdiqə ehtiyacı var. Lakin düşünəndə ki, ariflik silsiləsi öz diriliyini və həyat suyunu əbədiyyən qoruyub saxlayır, bu duyğu insana dərinlik və səadət gətirir.

  Müşküllər çöldə deyil, insanın öz içindədir. Savaş da oradadır, barış da. İnsan insanı dərk etməz, insan özünü dərk edər. Özünü dərk edən özü ilə barışar. Özü ilə barışan hər kəslə, bütün aləmlə barışar. Əslində insan heç kimlə savaşmır, özü ilə savaşır. Niyə savaşır? Kimə qalib gəlmək istəyir? İnsanın içindəki savaşın bir tək səbəbi içindəki ikilikdir. İki can bir bədəndə bəslənməz. Vəhdət dediyimiz şey ilk əvvəl vücudda gerçəkləşir. Öz vücudunda vəhdətə yetişən insan bütün aləmlə vəhdətdə olur. Öncə vəhdəti-vücud, sonra vəhdəti-mövcud. Özünü öz içindəki ilə birləşdirməyi bacaran hər kəsi vahid bir nurun ətrarında görər. Heç kim bu nurdan xali deyil. Təkəbbür, özünə qarşı məhəbbət, bir şeyləri itirmək qorxusu,... nəhayət insandakı böyük məhəbbəti öldürür. Bu zaman isə, kəsrət yaranır. Olub bitənlərin haqmı, batilmi olması fikri insanın içini məhv edir. Nə üçün? Ona görə ki, insan haqqı da Tanrını da başqa bir yerdə axtarır. Hansı ki, heç bir şeyi rədd etmir, hamıya, hər şeyə gəl deyil. Bax bizim Onun gözlərinə, onun baxışlarına ehtiyacımız var. Böyük Mövlana belə buyurur ki, sən öz göslərini çıxart, yerinə Allahın gözlərini qoy. Bax gör, onda nələr görəcəksən, dünya, aləm sənin yeni gözlərinə necə görünəcək! 

  Zühur dediyimiz, qiyamət dediyimiz gerçək də elə budur ki, sən özün öz içində zühur edəsən, özün özünə qiyam edəsən. Heç kimi yox, özünü oyandırasan. Necə ki, böyük Nəsimi deyir:

Sən sana gər yar isən, var ey könül, yar istəmə,
Yarü dildar ol sana, sən yarü dildar istəmə.

  Yəni kənarda, küncdə, görünməzlərdə bir Allah yoxdur. Axtarmayın Onu, tapılmayacaq. Haq da ədalət də gözəllik də ədəb də sülh də bərəkət də hamısı Ondadır. Onu görə bilmiriksə, onu dərk edə bilmiriksə bizim imanımızdan nə çıxar, dinimizdən nə çıxar?

  Sonda Həzrəti Pir Mövlana Cəlaləddin Ruminin dediklərini sizinlə paylaşmaq istərdim:
  "Sizi hərəkət keçirməyən imanın sizi Siratdan keçirməsinə imkan yox!"

Xəbər lenti