Biz imzaları yox, əsərləri dərc edirik...

İçimdən göyərçinlər uçdu – Seyid Aynurun şeirləri
185
06 Aprel 2021, 12:46
Artkaspi.az saytı Seyid Aynurun şeirlərini təqdim edir:
  
Vətən
 
Şuşaya yollanan
əsgər ayaqlarının
üşüyən izləridir
                Vətən!
Şəhidlərdir bayrağa bələnən,
anaların cod həsrətinə
ütü çəkən
göz yaşları,
Nəmli gözlərdə
vərəqlənən xatirə dəftəridir
                 Vətən!
Oyanarsanmı, su çiləsəm gözlərinə?
Sənsiz gün doğmaz,
axşam düşməz, desəm
inanarsanmı?
               Vətən!
Qalx ayağa, gedək!
Cıdır düzündə
mərmilər də çiçəkləyib
İzin vermə arzularım
əynimdə köhnələ,
               VƏTƏN!
 
 
  Yaşıl
 
Görən dəniz bilirmi,
balıqların yosun dərdini?
 İnsanların ayrılığı
yarpaqlardan öyrəndiyini?
Həsrətə əsir düşər təbəssümlər,
Ürəyində külək bayraq olar
 dalğalanar ,
 ağarar saçlarında dan yeri,   
Çırpınar yanaqlarında
gülümsəyən arzuların qanadları,
Comolunqmaya çatar
 tərk edənlərin payız statistikası.
 Düşər gözlərə şeh, 
ləpələnər çəmən-çəmən
Eşidilər uzaqlardan
həzin bir səs:
"Evinə get,
balıqçı, daha gecdir
dəniz yatır".
 
 
 
 Xaç atası
 
Küçələr ətəyinə daş yığıb,
 dalaşmağa adam axtarır
Qurudu dənizlərim,
Aralı gəzdim.
Qaranlığı dəlib keçən
xəfif işıqla aydınlanar,
Hər səhər
doğular Kəlbəcər.
Əsgər, çağır Arazı
dalınca su atsın
Xudafərində
itirmişəm qollarımı.
Körpülər qovuşdurar,
Körpülər ayırılıq salar.
Döyünər sol tərəfi Tərtər çayın,
Xudavəng...
Baxıb gülümsəyərək yelləyər
Əlini həvari Dadinin ruhu,
Dualar oxuyar udilər
Şəhidlərin ruhuna
Xətasız birini göstər,
Ey saleh, bəndə,
günahlarımı çarmıxa çəksin.
Tanrıya məktublar aparan, mələklər,
"Əhdi-ətiq"ə and olsun!
Dünən yuxumda
Yol ayrıcında dayanmışdım
Sağımda
 qırmızı yumaq kimi saçlarımı
asmışdılar
həyat ağacından.
Solumda
"Hinnon vadisi"-
Qulaq batıran
ağlaşma, iztirab,
diş qıcırtısı səsləri.
Tanrım, səhərdi daha
başım qarışdı söhbətə
Getməliyəm,
pəncərədə
 bir cüt körpə gözü
məni axtarır.
 
 

 Reportaj                  
 
Arzularımı dəmə qoymuşam:
ürəyimdə bir qağayı
 durmadan çırpınır,
Dəniz –
günəşin şəklini çəkir.
 
Göyün gözünü tökür
göydələnlər,
Minarələrə tərəf boy atır
məmləkətin çiçəkləri
ləçəklər -
Allaha çatmayan məktublardır.
 
Yorur gözlərimi
bu ağ-qara peyzaj
Pəncərəmi bağlayıb
günün günorta çağı
əlimdə çıraq
Ümidi gəzirəm.
 
 
 Azadlıq
 
Ağappaq
 yelkən açıb ağaclar,
Gölün üzündə neçə-neçə
Çiçəkləyən qayıq üzür
Buludlar sevinir:
Köçkün uşaqların
azad olunmuş gülüşünə.
Bir rəssam dayanıb
köçürür gördüklərini
kətana
Bircə körpə qığıldamasını
çəkə bilmir.
İsinir günəşdə
Tanrıma oxuduğum dua
bu həyət,
bu ağac,
bu da hüzur-
İçimdən göyərçinlər uçdu.