Biz imzaları yox, əsərləri dərc edirik...

İçimdəki səma hər gün bir az da böyüyür – Ulucay Akifin müsahibəsi
1073
22 Oktyabr 2018, 09:29
 Artkaspi.az  gənc yazar, AYB-nin üzvü Ulucay Akifin müsahibəsini təqdim edir:
 
 
 – Salam, Ulucay, necəsən? 
 – Salam, yaxşıyam, amma hələ tam istədiyim qədər yox. Hiss edirəm ki, hər şey daha da yaxşı olacaq. Ümumiyyətlə, ən sevmədiyim sual "necəsən?" sualıdır, çünki bu sual keçmişlə bu günü və gələcəyi biri-birinə qatır.
       
 – Bəs hansı sualı sevirsən?
 – Bütün suallardan qaçıram.
 
 – Artıq bir neçə aydır Türkiyədəsən. Azərbaycan və Türkiyə mühiti arasında dəqiq təyin olunacaq fərqlər hiss etmisən? 
 – Arada fərqlər var. Məncə, türkiyəlilərin əksəriyyətinin intellektual bazası Azərbaycanlılardan bir az aşağıdır. Düzdür, mən yaşadığım şəhər, bölgə turistik zonadır və buradakıların əksəriyyəti bura işləməyə gələnlərdi deyə, məncə, bunun da təsiri var, amma mən Türkiyənin başqa şəhərlərində də olmuşam deyə bu qənaətimin düzgün olduğunu düşünürəm. Digər fərq isə xarakterlə bağlıdır ki, məncə, bizim ölkənin insanları daha istiqanlı və mehribandır. 

 – Səncə, bu fərqlərin ədəbiyyat faktları ilə əlaqəsi var? Qeyri-ixtiyari və ya bilərəkdən mətnlər öz "qurmacasını" həm də real, sosioloji detallardan götürür. Yoxsa, bu hadisəyə fərdi məsələ kimi baxırsan?
 – Ədəbiyyatla bir əlaqəsinin olduğunu düşünmürəm. Türkiyə ədəbiyyatının təsiri olsaydı, məncə, insanları ədəbiyyatlarına nəzərən daha fərqli olardı. Türkiyəlilər də ən az azərbaycanlılar qədər ədəbiyyata uzaqdırlar.  Türkiyə cəmiyyətinə ən böyük təsiri kapitalizm və siyasi proseslər göstərir. Hətta kənardan çox böyük təsir gücünə malik imiş kimi görünən din belə kapitalizm və siyasət qədər insanların  həyatına təsir etmir. 

 – Türkiyə ədəbiyyatından hansı şairləri özünə mənəvi olaraq yaxın hiss edirsən?
 – Düşüncələrimə ən çox təsir edən türkiyəli şair isə Nazim Hikmətdir. Orxan Vəli,  Cemal Sürəya, Atilla İlhan da sevdiklərim arasındadır, amma Nazim Hikmətin yeri başqadır. Nazim Hikmət mənə dünyanın çox kiçik, insanın isə çox böyük olduğunu hiss etdirə bilib.

 – Bəzən Nazim Hikmətlə Səməd Vurğun qarşı-qarşıya qoyulur. Hər ikisi də fövqəladə istedada malik şairdir. 
 – Səməd Vurğunla Nazım Hikməti eyni tərəziyə qoymaq düzgün deyil. Nazım Hikmət həyatı daha çılğın, daha cəsur, yəni əsl şair kimi yaşadı. Ədəbi prizmadan isə Vaqif Səmədoğlunu Nazim Hikmətlə müqayisə etmək daha doğru olardı. Səməd Vurğun və Nazim Hikmət tamam fərqli xarakterlərə, təbiətə sahib insanlar idi, müqayisə ediləcək tərəflərini tapa bilmirəm. 

 –  Nazim Hikmətin xarakterik xüsusiyyətlərini saydın, ancaq Səməd Vurğunu yox.
 –  Səməd Vurğun uşaq kimi qaldı həmişə. Dünyaya qarşı sərtləşmədi. Yumruğunu sıxıb dünyanın düz ortasına bərkdən çırpmadı. Nazim Hikmət isə bunu etdi. Düzdür, bəlkə Nazim Hikmətin o yumruğu dünyanı ikiyə ayırmadı, amma ən azından çatlatdı.

 – Nə vaxt hiss elədin ki, şeir yaza bilirsən?
 – Özüm yazdıqlarımdan zövq almağa başlayanda. Bu da son bir-iki ildə belədir. Əvvəl yazdığım şerlərin heç biri mənə zövq vermirdi, çünki bəzən süni, bəzən imitasiya olduğunu hiss edirdim. Amma indi də bilirəm ki, bir-iki ilə daha da gözəl yazacam. Çünki içimdəki səma hər gün bir az da böyüyür. Və mən o səmada uçmaq istəyirəm.

 – Nazimin dediyi kimi mən artıq şərqi dinləmək yox, şərqi oxumaq istəyirəm.
 – Mən isə artıq şərqi olmaq istəyirəm.

 – Bizim hiss etdiyimiz şeyləri, ifadə elədiyimiz fikirləri kimsə nə vaxtsa deyib, hiss edib. Belə bir zamanda yaradıcı adam üçün orijinal olmaq çətin deyil?
 – Bu dediyin o zaman çətin olar ki, indinin yazıçısı 100 il qabağın oxucusuna nə isə yazmağa çalışa. Bizim hiss etdiklərimizi, düşündüklərimizi bizdən öncəkilər hiss edib, düşünüb, bizdən sonrakılar da hiss edib düşünəcək və çevrə heç vaxt tam tamamlanmayacaq. Yazıçı öz zəmanəsini əks etdirərək yazmalıdır, yalnız bu halda eyni mövzuları, fikirləri təkrarlasa da orijinal görünəcək. Çünki min il əvvəlki yazıçılar da, min il sonrakı yazıçılar da bir kitabı yazmaqla məşğuldur. Mən belə düşünürəm.

 – Atalar sözləri ilə aran necədir?
 – Baxır atalar sözünə. 

 – Məsələn, dost başa baxar, düşmən ayağa. 
 – Burada "baş" sözünü ağıl mənasında deyiblərsə, səhv ediblər, çünki mən dostlarımı ağıllarına görə yox, ruhlarına görə seçirəm. 

 – "Bütün yaradıcı mətnlər ağrıdan doğulur". Bu, səncə də, dəhşətli deyil?
 – Razılaşmıram. Mətn gözəl hisslərdən doğulur. Ən çox da inam, ümid hissindən. İnsan ağrı çəkən varlıqdan daha çox ümid edən, inanan varlıqdır və bu hiss bizə güc verir. Yaradan hər bir insanın nəyəsə ümidi, inamı olur. Bu bütün sahələrə aiddir. İstər incəsənət olsun, istər elm.
 

 
 – Sənətkar bir yerdə "reallıq" hissini itirir. "Şərqi olur". Çünki sənət zatən alternativ həyatdır. Böyük sənətkarların çoxu həyata uduzub. Həyatda uduzub, ədəbiyyatda qazanıb. Ağrılarımızın başlanğıc nöqtəsi həyatdırsa finişi ədəbiyyatdır. Bu mənada ağrının özü də yazı materialıdır. 
 – Reallıq deyəndə ki, mən bu dünyada real heç nə görmürəm. Dərindən düşünəndə hər şey mənə mistik görünür. Real olan insanın yaratdıqlarıdır, çünki quramadır. Allahın yaratdıqları isə mənə görə mistikdir.

 – Borxeslə bağlı nə düşünürsən? Onun mistikasında Allahın izi varmı?
 – Borxeslə bağlı heç nə deyə bilməyəcən. Çünki yaradıcılığına bələd deyiləm. 

 – Gənc yazarlar arasında özünə mətn yaxınlığı hiss etdiyin hansı adlar var?
Gənclər arasında bəyəndiyim bir neçə şair var, amma mətn yaxınlığını təkcə Rəvan Cavidin şeirlərində hiss edirəm.
 – Atan şair Akif Səmədi şair kimi xatırlayırsan, yoxsa ata kimi ? Sənin içimdə o şəxsin hansı tərəfi daha ağır görünür? Şair, yoxsa ata?
 – Təbii ki, ata kimi. Akif Səmədi şair kimi kəşf etməyim üçün hələ çox zamanım, ən əsası çoxlu materialım  – əsərləri var, amma oğul kimi bu materiallar – xatirələr – daha az, amma daha əzizdir. Məsələn, hərdən yadıma düşür, pəncərədən küçəyə boylanıb atamın işdən gəlməsini gözləyirdim, küçənin yarısı görünürdü və küçənin o başından atamdan əvvəl ayaq səsləri və öskürməyini eşidib "papa gəldiiii" deyib tez qapıya qaçırdım. İşdən gələndə aldığı "Kinderin” içində dünyalar var idi. Paltosundan gələn siqaret qoxusu mənə çox doğma idi. Səsi yadımdadır.

 – Səslər unudulmur.
 – Bayaq mistikadan danışırdıq. Məsələn, bir insanın görünüşünü xatırlamaq bir yana, səsini, qoxusunu unutmamaq çox mistik və çox gözəldir. Çox gözəl gülüşü var idi. Saf idi. Atam uşaq kimi idi.
 
 Söhbətləşdi: Orxan Həsəni