Biz imzaları yox, əsərləri dərc edirik...

İçərişəhərdə Bakı Fotoqrafiya Evi
229
15 Fevral 2019, 13:31
 Fevralın 14-də İçərişəhərdəki "Zəncirli bina”da Bakı Fotoqrafiya Evinin açılışı olub.
 AZƏRTAC xəbər verir ki, açılış mərasimində, həmçinin fotoqraf Sənan Ələsgərovun əsərləri və tədqiqatçı Bəhruz Hüseynzadənin şəxsi kolleksiyasından ibarət "İçərişəhər” adlı fotosərgi də nümayiş olunub.
 
 

 Tədbirdə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov son illər İçərişəhərdə görülən işlər və reallaşan layihələr barədə məlumat verib. Bildirib ki, İçərişəhərdə Xalq rəssamı Tahir Salahovun ev-muzeyi, görkəmli kinodramaturq və rejissor Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəzi yaradılıb, Marionet teatrının binasının açılışı olub və bir sıra layihələr həyata keçirilib. Ə.Ələkbərov layihənin reallaşdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əvəzsiz rolunu vurğulayaraq, göstərilən dəstəyə görə minnətdarlığını bildirib.
 
 

İdarə rəisi diqqətə çatdırıb ki, bu gün Bakı Fotoqrafiya Evində təşkil edilən ilk sərgidə iştirakçılar İçərişəhərin maraqlı fotoları ilə tanış olacaqlar. Bu fotolar ötüb keçən zamanın şəhərin mühitinin yalnız landşaftını, işıq və havasını deyil, həm də baxışını da dəyişdirdiyinə sənədli şahidlik edir.
 Tədbirdə fotoqraf Sənan Ələsgərov sərgi barədə məlumat verərək belə bir mədəniyyət mərkəzinin yaradılmasına görə əməyi keçənlərə təşəkkürünü bildirib.
 Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
 
 

 Qeyd edək ki, rəssam və tədqiqatçı Bəhruz Hüseynzadə artıq 15 ildir foto kolleksiya toplayır. Onun kolleksiyasına XIX əsrin sonu – XX əsrin əvvəlinə aid yüzlərlə orijinal fotoşəkil daxildir. İyirmi mindən çox təsviri özündə birləşdirən bu arxivdə materiallar estamp, çap və ya rəqəmsal nüsxə formasında saxlanılır.
 Fotoqraf-rəssam Sənan Ələsgərov İçərişəhərdə doğulub boya-başa çatıb. O, 40 ildir İçərişəhərin fotoxronikasını lentə alır. Qala divarları əhatəsində olan memarlıq, bir-birini əvəz edən və mədəni təbəqələrdəki dəyişiklikləri qeydə alır.