Artkaspi. az professor Aida Qasımovanın "İbn Ərəbi" adlı məqaləsini təqdim edir:

Muhyiddin
ibn Ərəbi (1165-1240) bəşəriyyətin fikir dünyasına, mədəniyyət və ədəbiyyatına
böyük təsir göstərmiş nadir şəxsiyyətlərdəndir.
Tarix
boyu haqqında ən fərqli mülahizələr söylənib; bəzən mömin, müqəddəs insan kimi
göylərə qaldırılıb, bəzən də bidətçi kimi lənətlənib. Buna səbəb, onun
dünyagörüşünün çoxcəhətli xarakteri, təlimində ortodoks İslama zidd məsəllərin
əks olunması idi.
İbn Ərəbi
müxtəlif mədəniyyətlərin qovuşduğu bir yerdə – ərəblərin Əndəlus
adlandırdığı Pireney yarımadasında dünyaya göz açıb. O dövrdə İspaniyada
müsəlman, xristian və yəhudi dinlərinin və mədəniyyətlərinin daşıyıcıları birgə
yaşayırdılar. Digər tərəfdən, İspaniyada qədim yunan filosoflarının
yaradıcılığına, ərəb-müsəlman imperiyasının şərq əyalətlərində yaranmış dini-fəlsəfi
və ədəbi əsərlərə hədsiz maraq var idi. Belə bir zəmindən qaynaqlanan İbn Ərəbi
öz təlimində müxtəlif dinləri, fəlsəfi cərəyanları sintez etmiş, amma əsas
üstünlüyü təsəvvüfə verərək bu sahədə öz təlimini yaratmışdır.
Görkəmli
sufi filosofu və şairi ibn Ərəbinin əsl adı Əbu Abdullah Muhamməd ibn Əli ibn
Muhamməd əl-Hatimi ət-Tai əl-Ərəbidir. Dilçi Əbu Bəkr ibn əl-Ərəbidən (v. 1148)
fərqləndirmək üçün adını çox zaman ibn Ərəbi kimi göstərirlər. Ərəb sufi
fəlsəfəsində və dini-fəlsəfi düşüncə sistemində tutduğu yerə görə onu "əş-Şeyx
əl-Əkbər” (Ən böyük şeyx) və "Muhyiddin” (Dini dirildən) adlandırıblar. "İbn
Ərəbi” nisbəsini çox güman ki, özü götürüb və soy kökünün bədəvi ərəblərə
bağlılığını vurğulamaq istəyib.
İbn Ərəbi
1165-ci ildə Əndəlusda, (indiki İspaniya) Mursiya şəhərində dünyaya gəlib.
Atası hörmətli din xadimi, Əndəlusun zadəgan dairələrində sayılan bir şəxs idi.
İki əmisi sufi olub. Hələ gənc yaşlarında atası onu o dövrün elm və mədəniyyət
mərkəzlərindən olan Sevilyaya aparır. O dövrdə Əndəlusda Şimali Afrikadan
gəlmiş bərbər sülaləsi olan əl-Muvahhidunlar ağalıq edirdi. Həm
əl-Muvahhidunların, həm də onlardan əvvəl ağalıq etmiş əl-Murabitunların
sufizmə meylli olması qeyd edilir. Bu iki bərbər sülaləsinin İspaniyaya gəlişi
ilə buradakı müsəlman ağalığı zəifləməyə başlamış, rekonqista deyilən bir
hərəkat xristianların öz ərazilərini qaytarmaq uğrunda mübarizəsi güclənmişdi.
İbn
Ərəbinin gənclik illərində Əndəlusda müvəqqəti də olsa sabitlik var idi. Məsafə
uzaqlığı imperiyanın şərq əyalətində cücərib pöhrələnmiş fikir və düşüncə
sistemlərinin Əndəlusa gəlişinə mane olmurdu. Yunan fəlsəfi əsərlərinin tərcümə
və şərhləri, xüsusilə neoplatonizm fəlsəfəsi, mötəzili, batini, ismaili və
qərməti ideyaları, Şihabəddin Suhraverdi əl-Məqtul (v.1191) kimi azərbaycanlı
fikir nəhənginin əsərləri, İmam əl-Ğəzali (v.1111) fəlsəfəsi Əndəlus
ziyalılarına məlum idi. Gənc yaşından mükəmməl təhsil alan İbn Ərəbi, xüsusilə
Şihabəddin Suhraverdi və İmam əl-Ğəzali fəlsəfəsini dərindən mənimsəmişdi.
Dərin zəkasına, yüksək intellektinə baxmayaraq, əqli mühakimələr və rasionalizm
yolu tutduğu bu illəri ibn Ərəbi "cahillik dövrü” adlandırır.
İbn
Ərəbinin xüsusi missiyası özünü erkən büruzə verir. Yeniyetməlik dövründə
Sevilyada dostları ilə şənlik etdiyi gecələrin birində onun qulağına belə bir
səs gəlir: "Ya Muhamməd, biz səni bunun üçün yaratmadıq!” O, qorxu içərisində
məclisi tərk edib qəbiristanlığa qaçır və üç gün burada tənhalığa çəkilir. Məhz
burada o, üç monoteist dinin peyğəmbərləri ilə – Musa, İsa və Məhəmmədlə bağlı
mistik nurlanma halları yaşayıb onlardan bilgi və təlimatlar alır. Gizli
elmlərə sahib olması isə yeniyetmə dövründə məruz qaldığı ağır xəstəlikdən
sonra başlayır. İbn Ərəbinin özü bu hadisəni təsvir edərək bildirir ki, ağır
xəstəlik keçirib can vermə halına gələrkən, gözünə cavan və gözəl bir oğlan
görsənir. O, "Sən kimsən?” - deyə soruşur. Oğlan, "Mən Yasin surəsiyəm, sənə
şəfa verməyə gəlmişəm,” – deyir. Bu mistik
görüntüdən sonra ibn Ərəbi özünə gəlir və gözlərini açarkən oğlunun öldüyünü
zənn edən atasının başı üzərində Yasin surəsi oxuduğunu görür.
Bu parçada
maraqlı olan İlahi kəlamın – Quran surəsinin cisim
kəsb etməsi, materiallaşması, insan surətində təzahür etməsidir. İdeyanın,
fikrin, sözün maddiləşməsi çox güman ki, ibn Ərəbi ontologiyasının əsasında
dayanan "sabit mahiyyətlər” konsepsiyasının yaranmasına təsir göstərib. Bu
konsepsiyaya görə, məxluqat xəlq olunmazdan əvvəl xaliqin öz varlığında sabit
ideyalar şəklində mövcud olub. Yaradılış prosesi ilahi manifestasiyanın bu
ideyalardakı əksi kimidir. Əgər mövcud aləm Allahın ad və atributlarının əksi,
güzgüdəki şəklidirsə, sabit ideyalar həmin güzgünün özüdür. Sonradan
hürufilikdə bu konsepsiyanın daha da inkişaf etdirilməsinin, varlığın məhz
materiallaşmış hərflərdən yaranması kimi bir nəzəriyyənin yaranmasının şahidi
oluruq.
İbn
Ərəbinin hələ gənclik illərində bəzi sufi şeyxlərinin yanında müridlik etməsi
məlumdur. O, əsərlərində Əbu Cəfər Uryani, Əbu Yaqub əl-Qeysi, Saleh əl Ədəvi
kimi sufi şeyxlərindən təlim aldığını bildirir. Bu sonuncu gələcəkdən xəbər
vermə kəraməti ilə məşhur olub. İbn Ərəbinin bir sufi kimi yetişməsində
qadınların böyük rolu olub. Fatimə bint əl-Musənnə və Şəms Umm əl-Fuqara adlı
iki övliya qadının və zövcəsi Məryəmin onu mistik həyatında böyük rolu olduğu
göstərilir. Görünür, bu təsirin nəticəsində ibn Ərəbi fəlsəfəsində qadın həmişə
xüsusi məqamda olub. İbn Ərəbi xüsusilə şeyx Fatimədən həvəslə danışıb onu belə
təsvir etmişdir: "Mən onu ilk dəfə görəndə 90 yaşı olardı. Yaşının çoxluğuna
baxmayaraq, yanaşı oturduqda mən onun üzünə baxmağa utanırdım. Olduqca
təravətli, çəhrayı üzü var idi”.
İbn
Ərəbinin həyatının maraqlı epizodlarından biri onun məşhur filosof ibn Ruşdla
görüşüdür. Bu görüşdə iki arifin bir-birini sözsüz duyması, lakin varlığın
dərkinə fərqli yanaşması əks olunub. Sevilyada ibn Ərəbi təhsilini davam
etdirməklə yanaşı, həm də müxtəlif əyanların yanında katib kimi çalışır.1194-cü
ilədək o, ara-sıra İspaniyanın başqa şəhərlərinə səyahət etsə də, əsasən
Sevilyada qalır. Ümumiyyətlə, ibn Ərəbi səyahətlərə çox meylli olub. O, otuz
yaşında Tunisə səfər edir, bir il buradakı Sufi ribatlarına gedir, sonra
Mərakeşə, Fesə səfər edir. 1998-ci ildə o Fesdə "Kitab əl-İsra” əsərini yazır.

1199-cu
ildə o, İbn Ruşdun dəfnində iştirak üçün Kordovaya yollanır. Bunun ardınca Almeriyada
"Məvaqi ən-nucum” əsərini yazır. 1202-ci ildə ibn Ərəbi Əndəlusu tərk edir və
tale elə gətirir ki, o, daim axtardığı ruhi yüksəlişi Şərqdə, Məkkədə tapır və
bir daha Əndəlusa qayıtmır. Bəlkə də, onun qayıtmamasının səbəbi İspaniyada
rekonqista hərəkatının güclənməsi, xristianların müsəlmanları sıxışdıraraq öz
hakimiyyətlərini bərpa etməsi olmuşdur. İbn Ərəbi Şərqə yolunu Misirdən salır.
Amma onun təlimini bəyənməyən Misir mühafizəkar üləmasının təzyiqi ilə burada
çox qalmayıb ölkəni tərk edəsi olur. ( Misir İslam dünyasında ibn Ərəbi irsinə
qərəzli, düşmən mövqedə olan ölkə kimi tanınıb. Hətta yaxın keçmişdə, 1970-ci
ildə "Müsəlman qardaşları” cəmiyyətinin təzyiqi ilə ölkədə ibn Ərəbi əsərləri
qadağan edilib.)
İbn Ərəbi
Qahirəni tərk edib Məkkəyə, həcc ziyarətinə yollanır (1202) və buradakı
müqəddəslik, ilahi durum onun ruhi-mənəvi dünyasına dərin təsir göstərir. İbn
Ərəbi iki il Məkkədə qalır. Burada o, özünün haqqında bir az sonra geniş
danışacağımız "Tərcüman əl-əşvaq” (İstəklərin izahı) divanını qələmə alır,
eləcə də, ən fundamental əsəri olan "əl-Futuhat əl-Məkkiyə” əsərini yazmağa
başlayır. Bu əsəri o, 30 il sonra Suriyada tamamlayır. Məkkə ziyarəti ibn
Ərəbinin ruhi-mənəvi aləminə dərin təsir göstərir. İbn Ərəbi Məkkədə
meditasiyalara qapılır, ruhi təkamülündə mühüm inkişaf keçir, tez-tez trans
halı yaşayır, mistik görüntülər duyur. Burada o, bir çox sufi şeyxləri ilə
görüşür və demək olar ki, həyatının ən mühüm hadisələrindən birini yaşayır; O,
fars gözəli Nizama aşiq olur və ona məhəbbət şeirləri həsr edir. Bu onun
haqqında danışdığımız "Tərcüman əl-əşvaq” divanında topladığı şeirlər idi.
Adamlar yaşı qırxa çatmış şeyxin qəzəl yazmasını birmənalı qarşılamır. Belə
olduqda, ibn Ərəbi öz əsərinə şərh yazıb divanda ancaq ilahi eşqi tərənnüm
etdiyini bildirir.
Məkkədə ibn
Ərəbinin ən mühüm görüşlərindən biri – şeyx Məcdəddin İshaqla görüşü baş verir.
Əslən Konyadan olan Məcdəddin Suriyada yaşayır, buranın hörmətli şeyxlərindən
sayılırdı. Sonrakı illərdə ibn Ərəbi yenidən səyahətlərini davam etdirir, Qahirəyə,
Yerusəlimə gedir və Məkkəni yenidən ziyarət edir. Növbəti illərdə biz onu
Konyada, Hələbdə, Aksaray və Sivasda görürük. 1216-cı ildən o, əsasən Malatyada
yaşayır. Rəvayət edilir ki, o, Məcdəddinin dul arvadı, Sədrəddin Konəvinin
anası ilə evlənir. Məcdəddinin oğlu Sədrəddin Konəvi onun oğulluğu olmaqla
yanaşı, həm də ən sadiq tələbələrindən və davamçılarından sayılır.
İbn Ərəbi
1230-cu ildə Dəməşqə gəlir və həyatının sonunadək burada yaşayır. Əyyubi
hökmdarları ilə isti münasibətləri olan ibn Ərəbi burada sakit bir həyat
keçirir, vaxtını meditasiyalara və yaradıcılığa sərf edir. Burada o özünün şah
əsərlərindən sayılan "Fusus əl-hikəm”i yazıb tamamlayır. Daim onun yanında olan
Sədrəddin şeyxin yazılarını oxuyub redaktə edir, qaydaya salırdı.
İbn Ərəbi,
1240-cı ildə Dəməşqdə vəfat edib və məqbərəsi burada yerləşir. Osmanlı sultanı
Birinci Səlim 1518-ci ildə Misirə hərbi yürüşdən qayıdarkən yolunu Dəməşqdən
salır, burada ibn Ərəbinin türbəsini ziyarət edir, həm türbəni, həm də onunla
yanaşı məscidi təmir etdirir.
İbn Ərəbi
yaradıcılığı inanılmaz dərəcədə məhsuldar olub. Bəzən 700, bəzən 400 əsəri
olduğu göstərilir. Əsərlərinin çoxu itmiş, təxminən 200 əsəri zəmanəmizədək
gəlib çatmışdır. Bu əsərlərin qorunub saxlanmasında türk sufi orderlərinin,
xüsusilə mövləviyyə dərvişlərinin böyük rolu olub. Əksəriyyəti hələ də əlyazma
halında olan bu əsərlərin ən məşhur olanları bunlardır.
Əl-Futuhat
əl-Məkkiyyə (Məkkə açıqlamaları) İbn Ərəbinin ən mühüm əsəridir. Iri həcmli, 6
fəsil, 560 altmış babdan ibarət bu əsər ibn Ərəbinin sufi doktrinasını əks
etdirir. Hər bir bab şeirlə başlayır, sonra şeirdə irəli sürülən fikirlərə
müvafiq nəsr hissəsi gəlir. Əsərdə bir çox Quran ayələri və hədislər İbn Ərəbi
tərəfindən özünəməxsus bir şəkildə şərh edilir. Əsərə Abd əl-Kərim əl-Cini
tərəfindən şərh yazılıb.
Fusus
əl-hikəm (Hikmət inciləri) nisbətən kiçik olsa da (200 səh) ibn Ərəbinin fikir
dünyasını öyrənmək baxımından böyük önəm daşıyır. İbn Ərəbi bu əsərin ona
yuxuda, Peyğəmbər tərəfindən agah olduğunu bildirib. Əsərin zəmanəmizədək gəlib
çatan və Türk-İslam əsərləri muzeyində (İstanbul) saxlanılan əlyazma nüsxəsinin
üzü 1232-ci ildə Sədrəddin Konəvi tərəfindən köçürülüb. Həmin əlyazmanı ibn
Ərəbi özü redaktə edib. "Fusus əl-hikəm” Quranda adı gedən 28 peyğəmbərin – Adəmlə başlayıb Xatəmlə bitən ilahi hökm və
bilgi daşıyıcılarının bəşəriyyətin mənəvi təkamülündə rolunu izah edir. Əsərə
onlarla şərh yazılıb. Onlar arasında ibn Ərəbinin öz şərhi və Sədrəddin
Konəvinin şərhi də var.
Kitab
əl-İsra adından da göründüyü kimi İsra və merac rəvayətlərinə bənzər bir
əsərdir. Əsər 1198-ci ildə Fesdə yazılmışdır. Ədib burada ruhun meracından bəhs
edir. Əsər səc üslubunda yazılıb.
Tac
əl-rəsail (Məktubların tacı) əsərində müəllif Kəbə ilə olan ruhi mükaliməsini
qələmə alıb.
Məvaqi əl-nucum
(Ulduz yerləri) çox güman ki, Sufi astrologiyasına dair bir əsərdir.
Ruh əl-Quds
(Müqəddəs ruh) ədibin tunisli dostu Abd əl-Əziz Məhdəviyə ünvanlanıb. Bu əsərdə
bəzi sufilərin dünyagirliyindən, xüsusilə Əndəlus sufilərinin həyat tərzi və
əxlaq normalarından bəhs edilir. Əsərin ibn Ərəbinin bioqrafiyasını öyrənmək
baxımından böyük əhəmiyyəti var.
İbn Ərəbi
öz əsərlərini qarşıya müəyyən məqsəd qoymadan, ilahi bir ilhamla yazdığını
iddia edirdi. Maraqlı fakt odur ki, hər bir yazarın, alimin əsərlərində kamilliyə
doğru bir inkişaf hiss olunur. İlk əsərlər sadə, sonrakılar zaman-zaman daha
mükəmməl olur. İbn Ərəbi əsərləri isə sanki bir nəfəsə yazılmış, sonsuz bir
ilhamın məhsulu kimi meydana çıxmışdır. Görünür, Ən Böyük Şeyx həqiqətən də bu
əsərləri yazarkən qeyri-adi psixoloji durumlar yaşayıb.
İbn Ərəbi
epistomologiyasına görə, bilgilər (elm) üç qismə bölünür. Ağıllla
qazanılan, duyğu üzvləri ilə qazanılan bilgilər, bir də vəhy yolu ilə agah olan
mistik bilgilər. Bilginin bu üçüncü növü qəlbə verilir. Mistik biliklərin ən
yüksək mərtəbəsi mərifət – irfandır ki, buna ariflər nail olur. Qəlbin oyanıb
ilahi bilgi qazanması, Allaha qovuşması üçün susma (samt), təkliyə qapanma
(uzlət), pəriz saxlama (cu) və yuxusuz qalma (səhr) kimi dörd şərtə əməl
olunmalıdır. Peyğəmbərlər bu bilgiyə ya vəhy mələyi, ya da birbaşa nurlanma ilə
nail olur. İbn Ərəbiyə yönəldilən ittihamlardan biri onun ilahi bilgi sahibi
olan övliyanı peyğəmbərlərlə yanaşı, hətta bəzən peyğəmbərlərdən üstün
bilməsidir. Vaxtilə Bəyazid Bistamı, "Biz elə bir dənizə baş vurmuşuq ki
peyğəmbərlər ancaq onun sahilində dayanıb,”– deyirdi. İbn Ərəbi peyğəmbərlik
iddiasında olmasa da, övliyanı peyğəmbərlərin varisi sayırdı və özünü xatəm
əl-övliya hesab edirdi.
İbn
Ərəbinin vəhdət-i vücud təliminə görə Zat etibarı ilə transsendent (dərk
edilməz) olan Allah ad və atributları ilə immanentdir (duyğularla dərk ediləndir)
və Allah ad və atributları ilə aləmdə təcəlli edir. Göydəki əlçatmaz
ulduzlardan tutmuş ən bəsit məxluqata qədər hər bir şeydə Allahın əksi, məzhəri
vardır. Buna görə də, Quranda deyilir ki, "Məğrib də, Məşriq də Allahındır.
Üzünü hara döndərsən Allahı görərsən”. (əl-Baqara, 115)
A.Knış İbn
Ərəbi nəzəriyyəsinin bəzən panteizm kimi dərk edilməsini şeyxin metafizik
doktrinasını düzgün anlamamaqdan doğan yanlış stereotip adlandırır. Çünki Ibn
Ərəbinin vəhdəti vücud nəzəriyyəsində xaliqlə məxluqat arasında substansiya,
zat vəhdəti yoxdur. Allah Zat olaraq dərkedilməzdir. Ona kimsə qovuşa bilməz.
İbn Ərəbi təlimində kainat Mütləq Varlığın solğun əksi, kölgəsi, bənzəri kimi
təqdim edilir. İnsan kiçik dünya və kainatın müxtəsər bir forması olmaqla ilahi
ad və atributları öz varlığında əks etdirir. Allahın ad və atributların çoxluğu
varlığın çoxcəhətliliyini (kəsrəti) ifadə edir.
Beləliklə,
ibn Ərəbiyə görə, mövcud dünya Allahın ad və sifətlərinin güzgüdəki əksi
kimidir. Yaranışdan əvvəl məxluqat İlahi Zatda "sabit mahiyyətlər” şəklində
mövcud olub. Varlığın yaranmasına səbəb Allahın özünü tanıtmaq istəyi olub.
Bütün məxluqlar içərisində Allaha ən yaxını insandır. İnsan Allahın ən mükəmməl
məzhəridir. Allah insanı özünə bənzər yaradıb və ona öz ruhundan üfürüb. İnsan
Allahın məxluqata baxdığı göz didəsidir, Allah hər kəsin qəlbindədir və arifin
həyat amalı "ona şah damarından da yaxın olan” (Qaf surəsi, 16) Allahı duymaq,
dərk etmək, ona qovuşmaqdır. Allaha aparan yol qəlbin saflaşmasından keçir. Bu
yolda özünü tanıyan rəbbini tanıyar. Hədisdə deyilir ki, "Mən yerlərə, göylərə
sığmaram, amma mömin bir bəndəmin qəlbinə sığaram”.
İbn Ərəbi
fəlsəfəsi ətraf aləmə, bəşəriyyətə məhəbbət fəlsəfəsidir. Əgər mövcudatda
Allahın təcəllisi varsa, onu necə sevməmək olar? Eləcə də insan övladına necə
biganə qalmaq olar? Allah Adəmi öz surətində yaradıb ona öz ruhunu üfürdüyündən
Onu Adəmə əbədi bir sevgi bağlayır. Bu küllün cüzə, bütövün hissəyə olan
sevgisidir. Həvva isə Adəmin qabırğasından yarandığından Adəm Həvvaya bağlıdır
və onu özünün bir parçası olaraq sevir. İlk baxışda bu təlimdə patriarxal ruh
duyula bilər. Yəni, Allah Adəmi, kişini özü xəlq edib, öz surətində yaradıb,
Həvvanı isə Adəmdən xəlq edib. Amma ibn Ərəbi fəlsəfəsi qadına xüsusi önəm
verir. Bu yolda o, hətta ərəb qrammatikasının cins kateqoriyası və söz kökləri
kimi qaydalarından bəhrələnir. Ərəb dilində "Zat” sözü qadın cinsində –
müənnəsdədir. Deməli Allah (Zat olaraq) Adəmi yaradıb, Adəmin də qabırğasından
Həvva törənibsə, onda Adəm iki müənnəsin (Zat və Həvva) arasındadır. İbn
Ərəbinin fikrincə, Allahın ilahi mərhəmət ifadə edən ən mühüm iki adı - Rəhman
və Rəhim "rəhm” (ana bətni ərəb dilində "rəhm” adlanır ) sözü ilə bağlıdır.
Deməli, bu iki ad qadın başlanğıcını əks etdirir. Hədisdə peyğəmbərin üç şeydən
xoşlandığı bildirilir: Qadın, ətir və namaz (salat). Yenə də müzəkkər (kişi
cinsində olan) sözün (ətir) iki müənnəs söz (qadın, namaz) arasında dayanması
qadın elementinin varlıqdakı mühüm roluna işarə edir.
İbn Ərəbi
təlimində varlığın yaranması prosesi Eşqlə izah edilir. Allah dünyanı bir
istəklə – tanınmaq istəyi ilə yaratdı. Dünya bu istəklə deyilən "kun”la yarandı
və İlahi Zatın varlığındakı mahiyyətlər (əyan) bu sözdən göz açdı. Bu İlahi
eşqdir. Bəndənin Allaha olan eşqi, yuxarıda izah etdiyimiz kimi, Adəmə olan
məhəbbət və Adəmin öz xaliqinə olan sevgisi ruhların vəhdətindən doğan ruhanı
eşqdir. Özü Gözəl olan Allah Gözəlliyi sevir və onun bu sevgisi ən çox öz
surətində yaratdığı İnsanda əyan olur. Beləliklə, Allah İnsanda Özünü sevmiş
olur. İnsan da Gözəllik mənbəyi olan Allahı sevir. İnsan övladlarının
bir-birinə olan məhəbbəti isə sevginin üçüncü, təbii növüdür. Əslində məxluqatı
sevən insan bu məxluqatda təcəlli etmiş Allahı sevir. Beləliklə, Eşqin hər üç
növü sonda Allaha bağlanır. Digər tərəfdən, ibn Ərəbi aşiqlə məşuq arasındakı
təbii münasibətlərə də ilahi don geydirmiş olur.
İbn
Ərəbinin dini baxışları tam tolerantlıq nəzəriyyəsidir. Bir halda ki, mövcudat
büsbütün Allahın manifestasiyasıdır və hər şeyin mahiyyəti İlahi Zata bağlıdır,
onda bir kəsi dininə görə tənqid etmək cahillik deyilmi? Bütün dinlər Bir olan
Allaha aparan yollardır. Yollar fərqli olsa da, son məram eynidir. İbn Ərəbi
dinlər arasında yaxınlaşmanın tərəfdarı idi. Onun fikrincə, Xristian üçlüyü
(Ata, Oğul və Müqəddəs Ruh) İslamda "Bəsmələ” ifadəsində əks olunmuş üç mühüm
Adın – Allah, Rəhman və Rəhimin paralelidir. Quranda
da özündən əvvəlki səmavi kitabların vəhdətinə işarələr var. Məsələn, məşhur
"Nur” ayəsindəki (Nur surəsi, 35-ci ayə) işıqla, mistik nurlanma ilə bağlı
"mısbəh” (çıraq), "mişkat” (taxca), "zucəcə” (şüçə qab) və zeyt (zeytun)
sözləri Zəbur, Tövrat, İncil və Qurana işarədir. "Tövrat” sözünün də
"qığılcım”, "od” mənası var.
Görünür,
İspan cəmiyyəti, müxtəlif dinlərin yanaşı mövcudluğu və bəzən dinlərarası
dialoqda islamın mühüm rolu bu cür düşüncələrə yol açırdı. Məsələn, İspaniyada
xristian və yəhudi dinləri 8-ci əsrədək bir-birinə qarşı barışmaz bir
düşmənçilik mövqeyində olub. Əndəlusun fəthindən öncə burada xristianlıq
tərəfindən təqiblərə məruz qalan yəhudi icması acı durumda idi. Məhz İslamın
gəlişindən sonra buranın yəhudi icması çiçəklənib özlərinin yüksək
mədəniyyətlərini yaratdı və dinlərin sülh içində yanaşı mövcudluğu İspaniyaya
məhz İslamın gəlişi ilə reallaşdı.
İbn Ərəbi
ontologiyasında Allah ilk öncə Məhəmmədin Nurunu yaratmış, sonra bütün
məxluqatı bu nurun cilvələnməsindən xəlq etmişdir. Beləliklə də, kosmopolitan ruhuna
baxmayaraq ibn Ərəbi təlimi İslama, onun peyğəmbərinə çox bağlıdır.
İbn Ərəbi
təliminin əsas qaynağı Qurani Kərim və hədislərdir. O, özünün, demək olar ki,
bütün müddəalarının isbatını Quranda axtarır. Onun ayrı-ayrı Quran ayələrinə
verdiyi şərhlər ənənəvi şərhlərdən fərqli xarakter daşıyır. Məsələn "Nun.
Qələmə və onların yazdıqlarına and olsun ki,” (əl-Qələm, 1) ayəsindəki nun və
qələm ibn Ərəbi təlimində bəzən İlahi Ruhu və İlkin Əqli bildirən iki mələk
kimi təqdim olunur. Bəzən də, ibn Ərəbi bu ayə ilə varlığın bütün sirlərinin
mürəkkəbqabı olan nunda cəmləşdiyinə işarə edildiyini bildirir. Yazı prosesində
qələm mürəkkəbə baş vurması ilə bu sirləri yaza-yaza bölüşür, yəni küll halında
olan biliklər differensasiya edilir.
İbn Ərəbi
yuxuya böyük önəm verirdi. Onun fikrincə, dünya düzəni üçmərtəbəlidir. Ən uca
mərtəbə ruhlar dünyası, ən aşağı isə maddi cisimlər dünyasıdır. Bu iki dünya
arasında bərzəx – xəyallar, şəkillər dünyası yerləşir. Bu ruhların
maddiləşdiyi, maddələrin isə lətifləşdiyi bir səltənətdir. İnsan oyaq
vəziyyətdə bu dünyadan xəbərsiz olub maddi dünyaya qapılır. Xəyal dünyasının
varlığını o ancaq yuxuda və mistik nurlanma halında dərk edir. Bu səbəbdən, ibn
Ərəbi "yaxşı ki, yuxu var, yuxu görməsəydik, başqa bir aləmin – ruhlar
dünyasının varlığından xəbərsiz qalardıq,” – deyirdi.
İbn Ərəbi
həm də bir şair idi. Onun divanının əlyazması müəllifin sağlığında tərtib
edilib və Türkiyədə saxlanılır. Divan ilk dəfə Bulakda, h. 1271-ci ildə nəşr
edilib. Bundan əlavə ibn Ərəbinin nəsr əsərlərində də onun bir çox şeirləri
toplanıb. Məs. əl-Futuhat əl-Məkkiyyənin 560 babının hamısı şeirlə başlayır.
İbn
Ərəbinin nəzm əsrləri içərisində ən maraqlısı onun "Tərcüman əl-əşvaq”
divanıdır. Əbn Ərəbi əsəri Kəbə ziyarəti zamanı qələmə alıb. Kəbədə olarkən o,
bir sıra şeyxlərlə tanış olur. Onlar arasında İrandan gəlmiş Məkinuddin Əbu
Şüca və onun bacısı, mömin qadın Fəxrun-Nisə bint Rüstəm də var idi. İbn Ərəbi
Məkinuddinin Nizam adlı qızının gözəlliyinə, ağıl və imanına heyran qalır. Onun
bu heyranlığı "Tərcüman əl-əşvaq” adlı şeir divanının yaranması ilə
nəticələnir. Əsərin ön sözündə ibn Ərəbi Nizamın fiziki və əqli kamilliyini
tərif edəcəyini və əsərdəki qəzəllərdə ondan danışacağını bildirir. Lakin bu
qəzəllərin zahiri tərəfidir. Əslində isə o bu əsərdəki məhəbbət şeirlərinin
Həcc ziyarəti zamanı keçirdiyi yüksək ruhani yaşantıları, ilahi əhval-ruhiyyəni
əks etdirmək üçün qələmə alındığını bildirir. O, mistik hisslərini sevgi
şeirləri formasında təqdim etməyi münasib bildiyini söyləyir.
Suriyada
ibn Ərəbinin yaxın dostlarından biri onun hörmətli bir sufi şeyxi olaraq gənc
bir qıza sevgi şeirləri yazmasının Hələbdə dedi-qodu doğurduğunu bildirir və
göstərir ki, adamlar onun əsərə yazdığı önsözün səmimiliyinə şübhə ilə
yanaşırlar. Guya ibn Ərəbi özünü tənədən qorumaq üçün önsöz yazaraq şeirlərin
ilahi eşqi tərənnüm etdiyini bildirib. Adamlar ibn Ərəbidən bədgüman qalıb onun
Allah yolçusu olmasına inamlarını itiriblər. Belə olduqda, ibn Ərəbi əsərə şərh
və ikinci önsöz yazır və bu əsərdəki qəzəllərin yalnız ilahi eşqi tərənnüm
etdiyini bildirir. Əsərə yazdığı şərhlərdə bir çox obrazların rəmzi məna
daşıdığını izah edir.
"Tərcüman”
əsərində diqqəti cəlb edən Nizam obrazıdır. İbn Ərəbi üçün Nizam İlahi bir
kamilliyin, İlahi sevgi və gözəlliyin mücəssəməsidir. Çünki ibn Ərəbiyə görə,
varlıqlarda təcəlli edən Allahın ən mükəmməl məzhəri məhz qadındır. Allahın
Camal və Cəlal, Rəhmət və Qəhr sifətləri kimi Nizam da özlüyündə əkslikləri
ifadə edir. İbn Ərəbi hətta Nizamın adını belə məcazi mənada işlədir. Onun
"nəsr və nəzm sahibi” olduğunu deyir. Diqqətlə nəzər saldıqda, ədəbiyyatla
bağlı nəzm, nizam sözlərində "tənzimləmək”, "bir yerə yığılb düzən vermək”,
nəsr sözündə isə "səpələmək”, "yaymaq” mənalarını görərik. Burada İlahi
Varlığın öz Zatı, Mahiyyətti ilə küll halında transsendent olub ad və
atributları ilə varlıqlara yayılmasına işarə var.
İbn
Ərəbinin "Tərcüman” əsərinin ilahi və dünyəvi qəzəl arasındakı sərhədləri
müəyyənləşdirmək, onun fikir dünyasından təsirlənmiş sufi poeziyasının
mənalarını açmaq baxımından böyük əhəmiyyəti var. Bu əsərdə ibn Ərəbi yazdığı
qəzəllərə şərh verərək bir sıra məna və obrazların irfani mənasını açır.
Onların bəziləri ilə tanış olaq:
Məsələn,
ibn Ərəbi dönə-dönə göyərçin obrazına müraciət edir. O, göyərçinin İncildəki
mənasına əsaslanaraq bu rəmzlə İlahi Ruha işarə etdiyini bildirir. Göyərçinin
səsinə səs vermək, ona cavab vermək yaradılışın ilkin mərhələsinə, ilk insanın
dil açıb danışmasına işarədir. İbn Ərəbiyə görə, Allah insanı yaradarkən, ondan
"mən kiməm” deyə soruşmuş, ümidsizlik və çaşqınlıq içərisində olan insanın
cavab verməyi dörd min il çəkmişdir. Bundan sonra o, dil açıb, "Sən mənim
Rəbbimsən” – demişdir.
Gözəl
qadınlar, gənc yaraşıqlı qızlar, ibn Ərəbi poeziyasında İlahi Hikməti ifadə
edir. Ümumiyyətlə, əsərdəki qız, qadın ifadələri ilə İlahi varlıqlar, ən əsası
isə Mütləq Gözəl nəzərdə tutulur. Gözəli olan yerdə onun seyri də vacib olur.
Şair şeirlərində gözlərinin xəstə olmasını deyərkən, İlahi Camalı seyr edə
bilməməsindən şikayətlənir.
Ərəb
şeirində intensiv işlənən tərk edilmiş oba vəsfinə ibn Ərəbi də dönə-dönə
müraciət edir. Onun izahına görə, oba qalıqları insan bədənini bildirir. Tərk
edilmiş evlər xaraba qaldığı kimi, ruhun tərk etdiyi bədənlər də xaraba qalır.
Onun
şeirindəki xeymə-alaçıqlar maddi aləmlə ruhlar dünyası arasındakı bərzəxə
işarədir. Minbər isə, Allahın Gözəl Adlarına aparan yoldur.
İbn Ərəbi
hətta yer adlarına da mistik məna verir. İraq başlanğıcı, kökü bildirir. "irq”
ərəb dilində "kök” deməkdir. Yəmən isə "iman” sözü ilə eyni kökdəndir.
Peyğəmbər "Rəhmanın nəfəsi Yəməndən gəlir” deyib. Bu iki diyar arasındakı təzad
aşiqlə məşuq arasındakı ziddiyyəti ifadə edir. Yəmənlə İraq həmçinin Allahın
Mərhəmət və Qəhr sifətlərini ifadə edir.
Yeddi
Sürəyya ulduzu Allahın yeddi atributuna (sifət), Suheyl isə Onun Zatına
işarədir. Şimal dedikdə mövcud aləm, məxluqat nəzərdə tutulur. Bu aləm
atributları əhatə edir, Zat isə onun fövqündədir.
Məlumdur
ki, ərəb şeirində ikili müraciət bədii ifadə vasitəsi kimi geniş yayılıb. Ərəb
şairi "Ey iki dostum!”, "Ey iki sevgilim!”, "Ey iki saqi” kimi ifadələri bir
poetik üsul kimi işlədir. Bu İmruu l-Qeysdən, onun müəlləqəsindəki "Siz ikiniz
dayanın ağlayaq!” ifadəsindən gələn poetik bir ənənədir. İbn Ərəbi də
şeirlərində bu cür ifadələr işlədir. O, "iki dost”, "iki sevgili” sözləri ilə
bağlı şərhidə insana xas iki cəhəti – ağıl və imanı nəzərdə tutduğunu bildirir
və dünyanın dərkində rasionalizmi qəlblə bağlı duyğu, imanla müqayisə edir.
İbn Ərəbi
poeziyası onun müxtəlif dinləri birləşdirmək cəhdini, eşqi kosmopolitan bir din
səviyyəsinə qaldırmaq ideyasını əks etdirir. İbn Ərəbi əsərdə "Mənim qəlbim hər
bir surəti qəbul etməyə qadirdir” ifadəsində qəlbin dəyişkənliyini bildirilir.
(Bu mənada olan "taqallub” ərəb dilində "qəlb”lə eyni kökdəndir.) Qəlb müxtəlif
təsirlərə məruz qalır, müxtəlif hallara düşür. Eynilə İlahi manifestasiya da
müxtəlif şəkillərdə zühur edir. Onun fikrincə, bütxana belə ilahi həqiqətləri
əks etdirməyə qadirdir. Əgər sevgili rahibdirsə, ürək onda monastırdır. Musaya
verilən elmləri birləşdirən "Tövrat lövhələri” arifin qəlbində bir lövhədə
yazılmış kimi həkk olunub. Ürək həm də Quran müshəfidir, çünki Quran da arifin
qəlbinə həkk olunmuşdur.
İbn Ərəbi
"Tərcüman” divanında "mənim dinim sevgidir” ifadəsini işlədir, əsərə yazdığı
şərhdə bildirir ki, bu ifadə ilə Qurandakı "Ardımca gəl, onda Allah səni sevər”
ayəsinə işarə edib (Al İmran, 31). Heç bir din sevgi dini kimi uca ola bilməz.
Bu müsəlmanların dinidir və bu səbəbdən Allah Təala Məhəmməd peyğəmbərə
"sevgilim” (habibi) deyərək müraciət edib. İbn Ərəbi bildirir ki, mən İlahi
Zatı sevirəm və bu yolda bütün aşiqlərin eşqi mənim üçün bir nümunədir.
Beləliklə,
"Tərcüman əl-əşvaq”da ibn Ərəbi İlahi və dünyəvi eşqlərin misilsiz bir
vəhdətini yaradır. O, qəzəlləri sufiyana şərh edəndə belə, dünyəvi hisslərin,
insana olan məhəbbətin əhəmiyyətini azaltmır, əksinə insana qüdsiyyət verib onu
ucaldır. Əsər boyu nəzərə çarpan Tanrı – İnsan vəhdəti
humanist ideyaların ən mükəmməl ifadəsidir. İbn Ərəbi ideyaları məhz bu
səbəbdən insanlığa və Allaha düşmən olan ekstremist qruplaşmalar tərəfindən
bəyənilmir.
P.
S. İbn Ərəbi və ərəb ədəbiyyatının digər nümayəndələri barədə bax:
525.az