Biz imzaları yox, əsərləri dərc edirik...

Hüseyn İbrahimovun 100 illiyinə həsr olunmuş konfrans
181
24 May 2019, 10:07
 Mayın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.
 AZƏRTAC xəbər verir ki, tədbir institutda praktika keçən Bakı Avrasiya Universitetinin Filologiya ixtisası üzrə IV kurs tələbələri ilə birlikdə hazırlanıb.
 
 

 Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq qeyd edib ki, Prezident İlham Əliyevin Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illiyinin qeyd edilmişi haqqında Sərəncamı Azərbaycan ədəbiyyatına, onun görkəmli yaradıcılarına dövlət səviyyəsində diqqətin mühüm nümunəsidir. İ.Həbibbəyli çıxışında Hüseyn İbrahimovun Azərbaycan tarixində mövqeyindən, onun zəngin bədii yaradıcılığından danışaraq deyib: "Hüseyn İbrahimov görkəmli yazıçılardan biridir. O şəxsiyyətli bir insan olub. Mən deyərdim ki, onun əsərlərində satirik məqamlar da var. O daima idealların, sədaqətin keşiyində dayanıb”.
 Yazıçının müxtəlif illərdə Azərbaycan Kommunist Partiyasının təbliğat orqanlarında çalışdığını deyən İ.Həbibbəyli vəzifəsindən asılı olmayaraq ədibin əsərlərinin ideologiyadan uzaq olduğunu və sadə insan həyatını əks etdirdiyini vurğulayıb. Bildirib ki, yazıçı "Sabahın sorağında” romanında kənd müəllimlərinin, yerli ziyalıların qayğılarına toxunub, "Bahar yağışı” əsərində isə həyata, insana, cəmiyyətə olan baxışlarına aydınlıq gətirib. Bundan əlavə, H.İbrahimovun tarixi keçmişimizdən bəhs edən əsərlərinin oxucular tərəfindən rəğbətlə qarşılandığını və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində önəmli rol oynadığını diqqətə çatdırıb.
 
 

 Akademik əsərləri dəfələrlə tamaşaya qoyulan yazıçının fəaliyyətinə ümummilli lider Heydər Əliyev tərəfindən yüksək qiymətin verildiyini, onun 1994-cü ildə "Şöhrət” ordeni ilə təltif edildiyini, 1998-ci ildə isə Xalq yazıçısı adına layiq görüldüyünü xatırladıb.
 Tədbirdə çıxış edən tənqidçi, filologiya elmləri doktoru Vaqif Yusifli bildirib ki, Naxçıvan elmi mühitinin formalaşmasında iki böyük insan varsa, onlardan biri də Hüseyn İbrahimovdur. O böyük vəzifələrdə işləsə də, yaradıcılığı daima ön planda olub. Onun tarixi romanlarında tarixilik və müasirlik problemi qaldırılır. Yazıçının "Qumralın məktubu”, "Nehrəm kəndinin əhvalatı”, "Göyərçinin məhəbbəti”, "Qu quşları oxuyanda ölürlər” əsərləri hamı tərəfindən sevilir, maraqla oxunur.
 Bildirilib ki, ötən əsrin 60-cı illərində yeni bir mərhələ yaranır, "Dəli kür”, "Qarlı aşırım”, "Ölüm hökmü” əsərləri yaranır, onların sırasında "Əsrin onda biri” romanı da var. Tənqidçi qeyd edib ki, "Əsrin onda biri” romanında Cahan Pəhləvan obrazı şairlərə, rəiyyətə olan münasibəti ortaya qoyur.
 Daha sonra Bakı Avrasiya Universitetinin kafedra müdiri, filologiya elmləri doktoru, dosent Elmira Məmmədova çıxış edərək təmsil etdiyi ali təhsil ocağı ilə Ədəbiyyat İnstitutu arasındakı qarşılıqlı əlaqələrdən danışıb və keçirilən konfransı yüksək qiymətləndirib.
 Sonda Bakı Avrasiya Universitetinin IV kurs tələbələri "Hüseyn İbrahimovun həyatı, yaradıcılıq yolu”, "Hüseyn İbrahimovun yaradıcılığında yeni insan konsepsiyası”, "Hüseyn İbrahimovun hekayələrində məişət problemi”, "Hüseyn İbrahimovun mənəvi-əxlaqi mövzularda yazılmış hekayələri”, "Bahar yağışı” romanında müasirlik”, "Əsrin onda biri” romanında tarixilik”, "Bahar hekayəsi povesti”, "Hüseyn İbrahimovun 100 illik yubileyi – mədəni irs kimi”, "Hüseyn İbrahimov və milli ədəbiyyatımız” mövzusunda məruzələrlə çıxış ediblər.