Biz imzaları yox, əsərləri dərc edirik...

Hüseyn Cavidin “Seçilmiş əsərləri” özbək dilində
301
08 Noyabr 2018, 15:21
  Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və "Kaspi” qəzeti, təhsil şirkətinin layihəsi ilə Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, klassiklərimizin əsərləri Özbək dilinə tərcümə olunaraq Daşkənddə çap edilməkdədir. Mədəniyyət Mərkəzinin layihəsi ilə son 5 ildə bu istiqamətdə 50-dən çox kitab özbək dilində Daşkənddə çapdan çıxıb. 
 
 
 
 

  Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə Azərbaycan dramtaturgiyasının tanınmış nümayəndəsi Hüseyn Cavidin "Seçilmiş əsərləri – "Əmir Teymur”, "Peyğəmbər”, ”Şeyx Sənan” və "Səyavuş” əsərləri özbək dilinə tərcümə edilərək Daşkənddəki "Kamolak” nəşriyyatında çap edilib. 
  Layihənin rəhbəri Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov, kitabın tərtibçisi Qulu Kəngərli, elmi məsləhətçi filologiya fənləri doktoru Sona Vəliyevadır.  
  Kitabda 3 əsəri – "Əmir Teymur”, ”Şeyx Sənan”, "Səyavuş” mərhum Özbək tərcüməçi Usman Kuçkar, "Peyğəmbər” əsərini isə tərcüməçi Tahir Qahhar özbək dilinə tərcümə edib. 
  Kitabın ön sözünün müəllifi akademik, AMEA-nın vitse prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli Azərbaycan ədəbiyyatının Orta əsrlər dövründə keçdiyi inkişaf mərhələsi, ədəbi cərəyanlar haqqında fikirlərini bölüşərək, Hüseyn Cavid yaradıcılığına nəzər salır və qeyd edir ki, Hüseyn Cavid XX əsrin başlanğıcında Azərbaycan romantik şeirinin məşhur nümayəndəsidir. Ön sözdə Hüseyn Cavidin yaradıcılığı, yazdığı ölməz əsərlər təhlil olunur və onun şeir üslubunun fərqli, romantik-fəlsəfi mahiyətə malik olduğu vurğulanır. 
  Ön sözdə akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatı tarixində ilk dəfə dram janrında əsər yazan romantik sənətkarlardan olan Hüseyn Cavidin ölkəmizdə romantik dramaturgiya məktəbinin əsasını qoyduğunu yazır və öz yaradıcılığı ilə özündən sonra ədəbiyyatımıza ölməz əsərlər bəxş etdiyini qeyd edir. 
  Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun verdiyi məlumata görə, Hüseyn Cavid yaradıcılığına Özbəkistanda böyük maraq olduğununu nəzərə alaraq, dahi dramaturqun əsərləri Özbək dilində çapına qərar verilib və növbəti layihə olaraq Nizami adına Daşkənd Dövlət Pedaqoji  Universitetində "Hüseyn Cavid yaradıcılığı dünya dramaturgiyasının zirvəsidir” adlı elmi konfrans keçiriləcəkdir.