Biz imzaları yox, əsərləri dərc edirik...

“Hüseyn Cavidə qayıtmaqla özümüzə qayıdırıq” - Fotolar
752
03 Fevral 2018, 07:54
 "Hüseyn Cavid – 135” şeir müsabiqəsinin mükafatlandırma və müsabiqəyə göndərilən poetik nümunələrdən ibarət antologiyanın təqdimat mərasimi keçirilib 

 Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyi münasibətilə Kaspi Təhsil Şirkəti, "Kaspi” qəzeti və Artkaspi.az mədəniyyət və ədəbiyyat portalının birgə təşkil etdiyi "Hüseyn Cavid – 135” şeir müsabiqəsinin mükafatlandırma və müsabiqəyə göndərilən poetik nümunələrdən ibarət antologiyanın təqdimat mərasimi keçirilib.


 Tədbiri giriş sözü ilə Mətbuat Şurasnın sədri, millət vəkili Əflatun Amaşov açaraq, Azərbaycanın böyük şairi haqqında məlumat verib. O bildirib ki, Hüseyn Cavid Azərbaycan ədəbiyyatının mühüm simalarından biridir. Görkəmli şairin Naxçıvan Muxtar Respublikasının indiki Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olduğunu deyən Ə.Amaşov məlumat verib ki, böyük dramaturq bir müddət Məhəmməd Tağı Sidqinin təşkil etdiyi yeni tipli "Məktəbi tərbiyə”də, ardınca Təbrizdə mədrəsədə, 1909-cu ildə isə İstanbul Universitetində filologiya ixtisası üzrə təhsil alıb: "Təhsil aldıqdan sonra böyük şair Azərbaycana qayıdıb, öz Vətənində müəllimlik fəaliyyəti ilə məşğul olub. 1926-cı ildə müalicə üçün Almaniyaya yollanıb. 1937-ci ilin sərt, amansız "repressiya küləyi” ondan yan keçməyib, Sibirə sürgün olunub. Sürgün həyatı yaşayarkən 1941-ci ilin şaxtalı qış ayında İrkutskda həyatla vidalaşıb. Onun vəfatından uzun illər sonra ulu öndər Heydər Əliyevin səyi nəticəsində görkəmli şairin məzarı tapılaraq Azərbaycana gətirilib. Onun nəşinin Azərbaycana gətirilməsində o zaman Naxçıvan Vilayət Partiya Komitəsinin katibi vəzifəsini icra edən Həmid Cəfərovun rəhbərliyi ilə kiçik bir qrup iştirak edib. Buna görə Həmid müəllimə, bu ideyanın təşəbbüskarına, icraçılarına minnətdarlığımı ifadə edirəm”.
 
 

 Millət vəkili Ə.Amaşov bildirib ki, Hüseyn Cavid Azərbaycan ədəbiyyatında, fəsləfə tarixində əbədi iz qoyan sənətkarlardan biridir: "Hüseyn Cavid elə sənətkardır ki, onun əsərləri əbədi olaraq tariximzə həkk olunub. Fikrimcə, o, yalnız "Şeyx Sənan” əsərini yazsa idi, yenə də Azərbaycan ədəbiyyatı tarixində əbədi qalacaqdı. "Şeyx Sənan” ədəbiyyatımızda ilk mənzum dram idi. Bununla yanaşı, o, "Azər” poemasını, "Peyğəmbər”, "Topal Teymur”, "Siyavuş”, "Xəyyam” əsərlərini yazsaydı, yenə də ədəbiyyat tariximizdə əbədi qalacaqdı. Çünki bu əsərlər tarixi faktlar üzərində qurulan möhtəşəm əsərlərdir”.
 
 

 MŞ sədri Ə.Amaşov görkəmli şair H.Cavidin adı ilə bağlı müsabiqənin keçirilməsinə görə təşkilatçılara minnətdarlığını da ifadə edib. Xüsusilə, Kaspi Təhsil Şirkətinin və "Kaspi” qəzetinin təsisçisi Sona Vəliyevanın adını qeyd edən millət vəkili bildirib ki, bu cür tədbirlər tarixi şəxsiyyətin adının əbədi yaşamasına xidmət edir. Onun sözlərinə görə, həm müsabiqənin keçirilməsi, həm də ona həsr olunan şeirlərdən ibarət antologiyanın nəşr edilməsi H.Cavid irsinə sahiblik etməkdən, ona olan hörmət və ehtiramdan qaynaqlanır: "Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun dəstəyi ilə Hüseyn Cavidin şeirləri Türkiyədə kitab halında çap olundu. Bu hadisə də mühüm amil kimi qiymətləndirilməlidir. Buna qədər Hüseyn Cavidin şeirləri Türkiyədə çap olunmamışdı. Bütün bunlar Hüseyn Cavid irsini, onun yaradıcılığını, ruhunu uca tutmaqdan irəli gəlir”.

 MŞ sədrinin çıxışından sonra tədbirdə Hüseyn Cavidin həyat və fəaliyyətini əks etdirən video-çarx nümayiş olunub.
 
 

 Kaspi Təhsil Şirkətinin və "Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva tədbir iştirakçılarına və müsabiqəyə qatılanlara öz minnətdarlığını bildirib. Qeyd edib ki, H.Cavid çox xoşbəxt sənətkardır, böyük ədəbiyyat adamıdır. Onun sözlərinə görə, əgər 50 milyonluq Azərbaycan xalqı, həmçinin türk dünyası H.Cavidə qiymət verir, onun əsərlərini dəyərləndirirsə, bu, yazıçı üçün böyük xoşbəxtlikdir: "Hüseyn Cavid hər zaman bəşəri ideyalarla yaşayıb. Şəxsiyyətləri mühit yetişdirir. Bu baxımdan Hüseyn Cavidin formalaşmasında onun yaşadığı mühitin böyük təsiri var. Cavidin taleyi elə yazılmışdı ki, onun atası mütləq Şahtaxtı kəndindən köçməli idi. Cavid o dövrdə hürufi ocağı, hər qarış torpağında övliya məzarı olan Naxçıvanda dünyaya gəlməli, buranın insanları ilə ünsiyyətdə olmalı idi. Atasının min bir əziyyətlə dilə tutub yazdırdığı molla məktəbindən də qaçmalı, Məhəmməd Tağı Sidqinin məktəbinə gəlməli, dünyəvi elmlərlə tanış olmalı idi. O, öz yaradıcılığını iki böyük məfkurənin qovşağının bünövrəsində qurmalı idi. Çünki dahi şairimizin taleyi əvvəldən görəvli idi. Buna görə də o, Azərbaycan, ardınca Təbriz, daha sonra isə Türkiyə mühitini görüb təhsil almalıydı. Hüseyn Cavidin taleyinə türk dünyasının ən böyük filosoflarından, insanlarından dərs almaq yazılmışdı. O, məfkurənin nədən başlandığını və digər prinsipləri öyrənməli, bunları öz əsərlərində təcəssüm etdirməli idi. Bax, bu zaman Cavidin böyüklüyü görünəcəkdi”.
 
 

 S.Vəliyeva bildirib ki, H.Cavidin istər bədii, istər publisistik, istərsə də nəsrlə yazdığı əsərlərdə məfkurə hakimliyi var. Natiqin sözlərinə görə, o, nə yazıbsa, orada iki xətt olub. Bunlardan biri Tanrıya, digəri də milli məfkurəyə bağlılıqdır. "Kaspi” qəzetinin təsisçisi qeyd edib ki, H.Cavidin əsərlərində Allaha müraciətlər insanların diqqətini cəlb edir: "Bu çox vacibdir. Hüseyn Cavid yazılarında öz ideyalarına sadiq qalıb. O, nə yazıbsa, xalq onunla qürür duyub. Ümumiyyətlə, Caviddən danışanda, onun acı taleyinə yanmamaq mümkün deyil. Böyük dramaturq Allahına, Tanrısına bağlı idi. Onun böyüklüyü də onda idi. O, sonuna qədər öz əqidəsinə, məsləkinə, arxalandığı məfkurəyə sadiq qaldı. Bu gün biz Hüseyn Cavidə qayıtmaqla özümüzə qayıdırıq”.
 
 

 Ümummilli lider Heydər Əliyevin görkəmli şairin məzarının Azərbaycana gətirilməsi istiqamətində fəaliyyətindən söz açan S.Vəliyeva qeyd edib ki, ulu öndər H.Cavidin ailəsini böyük məqbərə altına toplayıb: "Ümummilli lider Heydər Əliyev Hüseyn Cavid ideologiyasını dəstəkləməklə, bu ailədən olduğunu sübut etdi. Bu, böyük şairə verilən böyük qiymət, tarixi xidmətdir”.

 Müsabiqə haqqında məlumat verən S.Vəliyeva vurğulayıb ki, müsabiqəyə çoxsaylı şeirlər göndərilib. Onun sözlərinə görə, qaliblərin müəyyənləşdirilməsi üçün görkəmli söz adamlarından ibarət münsiflər heyəti təşkil olunub. S.Vəliyeva görkəmli şairimizin əsas prinsipinin ədalət olduğunu diqqətə çatdıraraq, qaliblərin seçilməsində də məhz bu prinsipə əməl olunduğunu söyləyib. O, bütün qalibləri təbrik edərək, bu səpkidə tədbirlərin davamlı olacağını dilə gətirib.
 
 

 Bakı Dövlət Universitetinin (BDU) professoru Cahangir Məmmədli S.Vəliyevanın "Hüseyn Cavid - 135” kitabına yazdığı ön sözdə "Şeir vəhydir, əlaqədir. Tanrı ilə insanın əlaqəsidir”, fikirlərini xatırlatmaqla, öz çıxışına başlayıb. Bildirib ki, Tanrı ilə əlaqə H.Cavidin əsərlərində özünü bariz şəkildə göstərir. Professor C.Məmmədli H.Cavidin nəşinin qalıqlarının uzaq Sibirdən doğma Vətəninə gətirilməsi barədə ümummilli lider H.Əliyevin verdiyi qərarı da müqəddəs hesab edib. Onun sözlərinə görə, bu qərar da müqəddəs məfhumlar sırasına daxil oluna bilər: "Bu kimi hadisələri hər dəfə xatırlayarkən, görkəmli siyasətçi Heydər Əliyevin nə üçün ümummilli lider statusuna malik olduğunun mahiyyətini yenidən dərk edirsən. Ulu öndərin zamanında nümayiş etdirdiyi cəsarət, milli qeyrət, təəssübkeşlik onun qərarının müqəddəsliyini bir daha təsdiqləyir. Klassikləri sevmək, onlara böyük hörmət nümayiş etdirmək ulu öndər Heydər Əliyevin təbiətində var idi. Hazırda da bu, bir məktəb kimi Azərbaycan hakimiyyətində onun davamçıları tərəfindən yaşadılmaqdadır. Bu istiqamətdə "Kaspi” qəzetinin və şəxsən Sona Vəliyevanın da çox böyük əməyi var. Bunun üçün ona milli mənada öz təşəkkürümü bildirirəm”.
 
 

 Xalq şairi Sabir Rüstəmxanlı tədbiri Azərbaycanın mədəni həyatında əhəmiyyətli hadisə kimi qiymətləndirib. Bildirib ki, H.Cavidin xatirəsinə həsr olunmuş müsabiqənin elan edilməsi, ora 100-dən artıq əsərin təqdim olunması mühüm göstəricidir. Xalq şairi buna görə Kaspi Təhsil Şirkəti və "Kaspi” qəzetinin birgə işini bəyəndiyini dilə gətirib: "Kaspi Təhsil Şirkəti və "Kaspi” qəzetinin təşkilatçılığı ilə klassiklərimizin, xüsusən də milli varlığımızı, milli kimliyimizi dərk etməyimizdə bizə kömək etmiş, bugünkü dövlətimizin mənəvi, siyasi və mədəni təməlini qoymuş Həsən bəy Zərdabinin, Əli bəy Hüseynzadənin və onların davamçılarının, o cümlədən Hüseyn Cavidin xatirəsini əbədiləşdirmək, əsərlərini çap etmək istiqamətində böyük işlər görülüb. Buna görə adıçəkilən qurumların kollektivinə, xüsusən də Sona xanıma təşəkkürümü bildirirəm”.

 S.Rüstəmxanlı görkəmli şair H.Cavidin nəşinin qalıqlarının Azərbaycana gətirilməsi tarixini yaxşı xatırladığını, həmin gün Bakının çalxalandığını dilə gətirib. Qeyd edib ki, həmin günün qəhrəmanı hazırda tədbirin və müsabiqənin iştirakçılarından biri olan Həmid Cəfərov idi: "Hüseyn Cavidin Azərbaycana qaytarılması tarixi bir gün idi. Hesab edirəm ki, bu barədə danışmağa hər kəsdən çox Cavidin nəşini Azərbaycana gətirən Həmid Cəfərovun haqqı var. Həmin zamanla müqayisədə yaşadığımız bu günu də tarixi bir gün kimi qələmə vermək olar. Çünki hər hansı şair və yazıçının yubileyinə müsabiqə təşkil edilməsi və bu qədər çox müraciətin olmasını xatırlamıram. Hesab edirəm ki, Hüseyn Cavid Azərbaycan tarixində iz qoymuş və əbədi yaşayacaq sənətkardır”.

 Çıxışlardan sonra təkrar söz alan millət vəkili Ə.Amaşov müsabiqəyə təqdim olunan yaradıcılıq nümunələri barədə məlumat verib. Bildirib ki, Azərbaycanın müxtəlif bölgələri ilə bərabər, İrandan, Türkiyədən də şeirlər müsabiqəyə göndərilib. Millət vəkilinin sözlərinə görə, ümumilikdə 108 əsər araşdırılıb və onlardan iyirmisi münsiflərə təqdim olunub. O bildirib ki, münsiflər heyətinin rəhbəri Sona Vəliyeva, üzvlər isə akademik İsa Həbibbəyli, AMEA-nın müxbir üzvü Kamran Əliyev, xalq şairi Sabir Rüstəmxanlı, şair Rüstəm Behrudi, H.Cavidin Ev Muzeyinin direktoru Gülbəniz Babaxanlı, "Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan, professor Rüstəm Kamal və tənqidçi Əsəd Cahangir olublar. Qeyd edilib ki, qaliblər üçün diplom və pul mükafatı ayrılıb.

 Bu qısa məlumatın ardınca müsabiqə qalibləri mükafatlandırılıblar. Müsabiqənin münsiflər heyətinin qərarına görə, Nuri Əlizadə I, Dilsuz Mustafayev II, Bəhruz Niftəliyev III yerləri tutublar. Fərqanə Mehdiyeva xüsusi mükafata layiq görülüb. Digər 9 nəfər isə diplomlarla təltif ediliblər. 
 
 

 Müsabiqədə I yer tutmuş Nuri Əlizadə çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçı olan hər bir kəsə səmimi minnətdarlığını çatdırıb. O, keçirilən tədbirin sadəcə müsabiqənin nəticələrinin elan olunması mərasimi deyil, eyni zamanda söz, poeziya, sənət bayramı olduğunu vurğulayıb. Bildirib ki, bu qalibiyyət poeziyanın, sözün qələbəsidir: "Bu söz bayramını daha mötəbər edən onun bəşəri ideyalarla yaşayıb yaradan Hüseyn Cavidin adı ilə bağlı olmasıdır. Əgər Hüseyn Cavid romantikası olmasaydı, yəqin ki, bu məclisin əgər-əksiyi olardı. Hüseyn Cavid romantikası, onun şeirlərinin gözəlliyi sadəcə bizlərin deyil, bütün türk dünyasının ürəyini riqqətə gətirir. Hüseyn Cavid yaradıcılığının ağuşunda biz də özümüzü rahat, qürurlu hiss edirik. Mənə verilən fürsətdən yararlanaraq bu qüruru, sevinci və fərəhi bizlərə yaşadanlara minnətdarlığımı bildirirəm”.

 Sonda bütün mükafatçılarla birlikdə xatirə şəkli çəkdirilib.
 
Rufik İSMAYILOV